Məhkəmə qərarları › İş №1(066)-94/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-94/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-94/2023 03.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Göygöl rayonu Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göygöl rayonu Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə saat 17 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus “Vaz 2107” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Toğanalı kəndi ərazisində komendant postunun yaxınlığında yolun hərəkət hissəsində dayandığı üçün ona səs siqanlı ilə yolun mərkəzindən çəkilərək yol verməsini işarə edən “Niva” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs öz cinsiyyət orqanını göstərib təhqiramiz hərəkət edərək heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradaraq kənd sakini Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan çoxsaylı şəxslərin ətrafa toplaşmasına səbəb və şərait yaradaraq ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ətrafa toplaşan çoxsaylı insanların gözləri qarşısında avtomobilinin yük yerindən götürdüyü dəmir parçasını silah qismində istifadə edərək həmin dəmir parçası və əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin yarası, burun nahiyəsinin qançırı ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Göygöl rayonu Aşıqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, fərdi əmək kimi özünə məxsus olan “Vaz 2107 minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Hər gün Göygöl şəhərindən Toğanalı kəndinə müştəri aparır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Toğanalı kəndində olan nəzarət buraxılış postundan təxminən 500 metr kəndin mərkəzinə doğru yolda dayanıb müştəri gözləmiş, yolda isə sıxlıq olmuşdur, lakin onun avtomobilinin yanından keçmək üçün yer olmuşdur. Həmin vaxt postdan keçən yük avtomobilləri yolda dayanıb sıxlıq yaratmış, o, da avtomobili saxlamışdır. Həmin vaxt Toğanalı kənd sakini əvvəlcədən tanıdığı Seymur özünə məxsus olan “Niva” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə siqnal verərək onun üzərinə tərəf gəlmişdir. O, əli ilə ona işarə edib “nədi nəyə siqnal verirsən” demişdir. Həmin vaxt Seymur avtomobilin pəncərəsindən ona qışqıraraq söyüş söymüşdür. O, onun maşınına yaxınlaşmış və Seymur yenidən ona “var-yox” söyüşü söymüşdür. Həmin vaxt yanında bir nəfər də türk vətəndaşı olmuşdur. O, təkrar ona söyüş söyməməsini dedikdə Seymur avtomobildən düşmüş və aralarında mübahisə yaranmışdır. Seymur ona yumruq atmış, o, da yumruqla Seymurun sifətinə vurmuşdur.Onları aralaşdırmışlar. O, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, həmin vaxt ərazidə xidmət edən polis əməkdaşları onlara yaxınlaşıb Seymurla onu Sarısu PB-nə gətirmişlər.Mübahisənin baş verməsinə səbəb Seymur olmuşdur. Seymur idarə etdiyi “Niva” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona siqnal vermiş, daha sonra isə ona söyüş söymüşdür. Mübahisə Göygöl rayonu Toğanalı kəndində nəzarət buraxılış postunun yaxınlığında baş vermiş, təxminən 2 dəqiqə davam etmiş, həmin vaxt orada Toğanalı kənd sakinləri olmuşdur. O, dava-dalaş zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı onları araladıqdan sonra özünü müdafiə etmək üçün avtomobilin yanında yerdə toz soranın hissəsi olan dəmir parçası götürmüşdür, lakin dəmir parçası ilə heç kəsi vurmamışdır. Seymuru bir dəfə əli ilə vurmuşdur və daha sonra onları aralamışlar. Seymuru dəmirlə vurmamışdır. Zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanı tamamı ilə ödəməsini və tutduğu əməldən peşiman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Göygöl rayonu Toğanalı kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Göygöl Milli Parkında sürücü vəzifəsində çalışır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, o Aşıqlı kənd sakinidir və özünə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, Toğanalı kəndindən Göygöl şəhərinə müştəri aparıb gətirir. Lakin onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində özünə məxsus olan Niva markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Toğanalı kənd ərazisində quraşdırılmış komendant nəzarət buraxılış postu istiqamətindən kəndin mərkəzi istiqamətinə hərəkət etmiş, həmin vaxt Elməddin özünə məxsus olan “Vaz 2107” markalı avtomobil ilə yolun hərəkət hissəsində dayanmışdır. O, maşından keçə bilmədiyi üçün idarə etdiyi avtomobilin səs sinqalından istifadə edib Elməddinə yol verməsini bildirmişdir. Həmin vaxt Elməddin maşından düşüb əli ilə ona tərəf cinsiyyət orqanını göstərib əxlaqsız hərəkətlər etmişdir. O, əli ilə ona yoldan çıxmasını bildirdikdə Elməddin onun idarə etdiyi maşına tərəf gəlmiş, o, da avtomobildən düşmüşdür. Onların arasında əlbəyaxa dava olmuş, Elməddin əli ilə vurduğu zərbə nəticəsində qaşı yaralanmış, qaşından və burnundan qan axmışdır. O, Elməddini vurmamış sadəcə özünü müdafiə etmişdir. Daha sonra ətrafda olan şəxslər onları aralamışlar. Həmin vaxt ətrafda olan həmkəndlisi Sərxan və orada olan tanımadığı hərbiçilər dava-dalaşı sakitləşdirmişlər. Onları ayırdıqdan sonra Elməddinin əlində toz soranın hissəsi olan dəmir parçasını görmüşdür. Lakin Elməddin həmin dəmir parçası ilə ona heç bir xəsarət yetirməmişdir. Dava zamanı Elməddinin əlində dəmir parçası olmamışdır, həmin dəmir parçasını davadan sonra tapmışdır. Həmin vaxt ərazidə xidmət edən polis əməkdaşları yaxınlaşıb Elməddinin əlində olan dəmiri almış və onları Sarısu PB-nə gətirmişlər. Dava-dalaş 5 dəqiqə davam etmiş və bunu orada olan həmkəndlisi Sərxan, həmçinin tanımadığı hərbiçilər görmüşdür. Bundan başqa stasionar postda olan polis əməkdaşları da oraya gəlmişlər. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Lakin buna baxmayaraq artıq barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonu Toğanalı kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əmək kimi özünə məxsus olan Vaz 2107 markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Seymur adlı şəxs həmkəndlisidir, o, da özünə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Elməddini tanıyır, əvvəllər onun da Elməddinlə mübahisəsi olmuş onların barəsində Göygöl RPŞ-də araşdırma aparılmışdır. Müəyyən vaxtlarda müştəri gözləmək üçün Göygöl rayonu Toğanalı kənd ərazisində yerləşən nəzarət buraxılış postunun yaxınlığında dayanıb işğaldan azad olunmuş ərazilərdə işləyən şəxsləri müştəri olaraq Göygöl şəhərinə və başqa ünvanlara aparırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Toğanalı kəndində yerləşən postun yaxınlığında dayanıb müştəri gözləyən zaman Aşıqlı kənd sakini Elməddin adlı şəxs də özünə məxsus avtomobili yolun hərəkət hissəsində saxlayıb müştəri gözləmişdir. Həmin vaxt Seymur özünə məxsus olan avtomobil ilə kəndin mərkəzi istiqamətinə hərəkət edən zaman yolun dar olması səbəbindən keçə bilməyib maşının siqnalından istifadə edərək Elməddinə maşını yoldan kənara çıxarmasını bildirmişdir. Elməddin isə əli ilə tərbiyəsiz hərəkətlər edərək Seymurun ünvanına nəlayiq ifadələr işlətmişdir. Seymur idarə etdiyi avtomobildən düşüb Elməddinə yol verməsini dedikdə Elməddin Seymura yaxınlaşmış və onların arasında mübahisə baş vermiş, yaxınlıqda olan tanımadığı şəxslər mübahisəni sakitləşdirmişdir. Həmin vaxt Elməddin idarə etdiyi avtomobilə tərəf gedib maşının yük yerindən dəmir materialdan olan toz soran aparatın tutacağını götürüb Seymurun baş nahiyəsində zərbələr vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt ərazidə xidmət edən polis əməkldaşları hadisə yerinə yaxınlaşıb mübahisəni sakitləşdirmiş və mübahisə edən şəxlsəri Sarısu PB-nə gətirmişlər.Mübahisə postun yaxınlığında baş vermiş, 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada bir neçə nəfər kənd sakinləri və tanımadığı şəxslər olmuşdur. Elməddinlə Seymurun arasında narazılıq olub olmadığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl RPŞnin Sarısu PB-nin Növbətçi hissəsinin növbətçisi vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə isə Göygöl RPŞ-nin Sarısu PB-nin polis sahə rəisi vəzifəsində çalışmışdır. Həmin tarixdə saat 17 radələrində Göygöl rayon Toğanalı kənd Komendant postunda xidmətdə olan zaman ondan təxminən 40-50 metr məsafədə iki nəfər arasında dava-dalaş olmasını görmüşdür. Onlara yaxınlaşdıqda Niva markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə Vaz 2107 markalı, ** GT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs arasında dava olmasını, kənarda olan şəxslərin isə onları aralaşdırmasını görmüşdür. Onların yanına çatdıqda Elməddinin əlində dəmir parçası olmuş, Seymurun sifəti isə qan olmuş. O, Elməddinin Seymuru döyməsini başa düşmüş və onları dəvət edərək Göygöl RPŞ-nin Sarısı PB-nə gətirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dava-dalaş olmasını görüb onlara yaxınlaşan zaman onların arasında dava-dalaş olmasını görmüşdür. Lakin konkret olaraq Elməddinin Seymuru vurma anını görməmişdir. Onların yanına çatdıqda Elməddinin əlində dəmir parçası olmasını, Seymurun isə sifəti qan olmasını görmüşdür. Tərəflər arasında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt orada təxminən 7-8 nəfər şəxs dava-dalaşı sakitləşdirmişdir. Lakin həmin şəxsləri tanımır. İş üzrə məhkəmə dindirilən məhkəmə-tibbi eksperti X9 ifadəsində göstərmişdir ki, Göygöl rayon polis şöbəsindən verilmiş qərar əsasında Zərərçəkmiş şəxs tibbi müayinədən keçirmiş müayinə zamanı sol qaş nahiyəsinin yarası və burun nahiyəsinin qançırı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs müayinə zamanı həmin xəsarətin dava zamanı əl ilə yetirildiyini bildirmişdir və rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə əl ilə yetirilib. Zərərçəkmiş şəxs müayinə zamanı ona dəmir parçası ilə xəsarət yetirməsini bildirməyib. Həmin xəsarətlər dəmir parçası ilə yetirməyə xarakterik deyil, çünkü dəmir parçası ilə yetirilən xəsarətlərdə silindrik şəklində olur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli, 135 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol qaş nahiyəsinin yarası, burun nahiyəsinin qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - Protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. - Bir ədəd dəmir parçası iş üzrə maddi sübut hesab edilərək Göygöl RPŞ-nin saxlanc yerində saxlanılır. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli təlabnaməyə əsasən Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 03 il, 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilmişdir. - Göygöl rayon İHB-nın Aşıqlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Aşıqlı kəndində yaşayır, himayəsidə 2006-cı il təvəllüdlü X2, 2008-ci il təvəllüdlü X3 və 2013-cü il təvəllüdlü X4 adlı üç uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğu məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Lakin buna baxmayaraq artıq barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Ərizəsinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə aydınlıq gətirilməsini də zəruri hesab edir. Silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir.“Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verən zaman Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci və 146-cı maddələrinin tələblərinə əsasən belə qənaətə gəlir ki, həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxsin, şahidlərin, tibbi ekspertin rəyi və ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı silah və silah qismində istifadə olunan əşya ilə Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf etməkdə düzgün nəticəyə gəlməmişdir. Təqsirləndirilən şəxs nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək qərəzli xuliqanlıq etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Şahid1 ifadəsində göstərdiyi dəmir parçası ilə xəsarət yetirməsi ilə bağlı göstərdiyi xüsusatlar iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş tibbi ekspert tərəfindən və iş üzrə digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməlllərin əlamətləri ilə CM-nin 221.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə vurulmuş ziyanı ödəməsi və barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin saxlanc yerində saxlanılan bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsüf edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci madddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Göygöl rayonunun Aşıqlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin saxlanc yerində saxlanılan bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar