Məhkəmə qərarları › İş №1(067)-100/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-100/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-100/2023 12.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 05 avqust 1992-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz rayonunun Tikanoba kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Tikanoba kəndində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 03 fevral 2023-cü il tarixdə saat 18:15-18:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı mücrü formalı metal qutunun içərisində 20,339 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş narkotik vasitəni heyvanları otararkən yerdən sellofan paketin içərisindən tapmışdır. O, həmin narkotik vasitəni özü ilə yaşadığı evə gətirərək evdə olan bir qabın içərisinə qoymuş, növbəti gün yenidən heyvanları otarmaq üçün onun yaşadığı kənddə “ferma” deyilən əraziyə gəlmiş və orada polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə axtrış keçirilmiş və onun içərisinə narkotik vasitəni qoyduğu həmin qab üzərindən aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, əvvəllər də narkotik vasitədən istifadə etmiş, lakin sonradan istifadə etməmiş, tapdığı marixuanadan sonra istifadə edəcəkdi. Hazırkı iş üzrə tapdığı marixuanadan isə polis əməkdaşları onu saxladığından istifadə etməyə imkan tapmamışdır. O, yalnız marixuanadan istifadə etmiş, digərlərindən istifadə etməmişdir. O, həmin narkotik vasitəni, yəni marixuananı heyvanları otararkən zibilliyin yanından, yerdən sellofan torbanın içərisindən tapmış, lakin hansı tarixdə tapdığını xatırlamır. Ona həmin narkotik vasitəni həmin yerə qoyacağı barədə heç kim bildirməmiş, narkotik vasitəni əldə etməsi ilə bağlı kiminləsə əvvəlcədən razılaşmamışdır. Həmin narkotik vasitəni tapdıqdan sonra heç kimə verməmişdir. O, tapdığı həmin marixuananı özünün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Tikanoba kəndində yaşayır. Bir il oİar ki, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. 01 fevral 2023-cü il tarixdə, günorta saatlarında özünə məxsus qoyunları yaşadığı kəndin yaxınlığında olan otlaq sahəsində otararkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuna var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün sellofan bükümdə tapdığı qurudulmuş marixuananı atmayaraq əynində olan gödəkçənin cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün axşam evə gəlmiş və sellofan bükümdə tapdığı qurudulmuş marixuananı evdən götürdüyü mücrü formalı metal qutunun içərisinə, qutunu isə gödəkçəsinin sağ yan cibinə qoyub saxlamışdır ki, görən olmasın. 03 fevral 2023-cü il tarixdə, təxminən saat 17 radələrində yaşadığı Tikanoba kəndində küçə ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sağ yan cibində saxladığı mücrü formalı metal qutunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq mücrü formalı metal qutunu onun və müdafiəçinin iştirakı ilə açıb içərisində olan bitki kütləsinin nə olduğunu, haradan aldığını soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, mücrü formalı metal qutuda olan bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, yaşadığı Xaçmaz rayonu, Tikanoba kəndi yaxınlığında olan otlaq sahəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra onun üzərində aşkar olunmuş mücrü formalı metal qutuda olan qurudulmuş marixuana müstəntiq tərəfindən bir ədəd kağız paketə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı kağız paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş qurudulmuş marixuananı isə 01 fevral 2023-cü il tarixdə yaşadığı Xaçmaz rayonu, Tikanoba kəndi yaxınlığında olan otlaq sahəsində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəlidir. Bununla əlaqədar onlar Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Tikanoba kəndində gedərək sonuncunu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təqsirləndirilən şəxsin üzərindən mücrü formalı qab və həmin qabın içərisindən qurudulmuş marixuana aşkar edilmiş, təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində olan əməliyyat məlumatı narkotik vasitələrin yalnız istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu onlara qarşı heç bir müqavimət göstərməmiş, əməlini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz rayonu, Tikanoba kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 03 fevral 2023-cü il tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün, təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Tikanoba kəndində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz Rayon Polis Şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz Rayon Polis Şöbəsində X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X6 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. Müstəntiqin təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd mücrü formalı metal qutunu çıxarıb masanın üstünə qoymuşdur. X6 mücrü formalı metal qutunu açanda görmüşlər ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşılımtıl rəngli bitki kütləsi var. X6 mücrü formalı metal qutuda olan bitki kütləsinin nə olduğunu, haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, yaşadığı Xaçmaz rayonu, Tikanoba kəndi yaxınlığında olan otlaq sahəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X5, Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid1, həmin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Xaçmaz rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilmiş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili X4 ona təqdim olunduqdan sonra təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd mücrü formasında olan qutunu çıxarıb masanın üstünə qoymuş, bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi atarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi mücrü formasında olan qutu açıldıqda içərisində yaşılımtıl rəngli qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu, haradan aldığı soruşulduqda o, bildirmişdir ki, təqdim etdiyi mücrü formasındakı qutuda olan yaşılımtıl rəngli bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Təqsirləndirilən şəxs təqdim etdiyi mücrü formasında olan qutu içərisindəki yaşılımtıl rəngli bitki kütləsi ilə birlikdə özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2023-cü il tarixli, 7/166 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazılar və imzalar olan kağız paketdə mücrü formalı metal qutuda təmiz çəkisi 20,339 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuanadan təqdqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 20,319 qram təşkil etmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 20,339 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 20,319 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 fevral 2023-cü il tarixli, 1067 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun hər hansı bir şəxsə narkotik vasitə satması ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 5(067)- 26/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 03 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 13 aprel 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 20,339 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, həmçinin iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən, EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Uzunoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı var. Yaşadığı kənddə sakinlər ilə, xüsusən də qonşularla yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 fevral 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunmasına dair 05 fevral 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 20,339 qram olmuş qurudulmuş marixuana narkotik vasitəsindən təqdqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 20,319 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 20,339 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 20,319 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,319 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,319 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar