Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-101/2023 08.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Qaracəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabir-oba kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində qaranlıq və quru hava şəraitində «Kia Picanto minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Xaçmaz şəhəri, H.Z.Tağıyev prospekti ilə Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaldıb yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmaqla və piyadaya yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib H.Z.Tağıyev prospektində yerləşən «Sevimli Soba» restoranının qarşısında olan piyada keçidi ilə yolu soldan sağa doğru keçməyə cəhd edən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs aqonal vəziyyət və baş beyin silkələnməsi ilə müşayiət olunmuş sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, 3-4-cü bel fəqərələrinin, oma və sağ qasıq sümüklərinin sınıqları, sol iç və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vurulmasına səbəb olmuş, bununla da o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi olmamışdır. 06 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində o, öz tanışı Sərxanla birlikdə Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən kafelərin birinə getmişdir. Həmin vaxt o, Sərxana bildirmişdir ki, öz avtomobilini ona versin və o da dükana gedib siqaret alıb gəlsin. Sərxan da avtomobilin açarını ona vermiş və o, oradan çıxıb Sərxanın “Kia Picanto” markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilinə minmiş və Xaçmaz şəhəri, H.Z.Tağıyev prospekti istiqamətində sürmüşdür. Həmin vaxt o, avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev prospektindəki “Eko mart” adlı dükana gedib siqaret alıb yenə idarə etdiyi Sərxana məxsus avtomobillə kafeyə geri qayıtmışdır. Saat 21 radələrində o, idarə etdiyi avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində yerləşən işıqfora çatmış və qırmızı işıqda dayanmışdır. Yaşıl işıq yananda avtomobili hərəkətə gətirmiş və 45 km/saat sürətlə hərəkət etməyə başlamışdır. İşıqfordan təxminən 35 metr H.Əliyev prospekti istiqamətində hərəkət edib piyada keçidinə çatan zaman qarşı hərəkət zolağından bir nəfər qadın piyadanın onun avtomobilinin hərəkət zolağında olduğunu görmüşdür. O, həmin vaxt əyləci bassa da, həmin qadını avomobili ilə vurmaqdan yayına bilməmiş və idarə etdiyi avtomobilin sağ tərəfi ilə həmin qadın piyadanı vurmuşdur. Həmin qadın zərbənin təsirindən yerə yıxılmış və o da dərhal avtomobili saxlamışdır. Avtomobildən düşüb həmin qadının yanına getmiş və dərhal həmin qadını öz avtomobilinə mindirib avtomobili də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına sürmüşdür. Orada olan zaman qadına ilkin tibbi yardım göstərmişdirlər, onun alkoqol sərxoşluğunu yoxlamışlar və ayıq olduğu müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun avtomobillə vurduğu şəxs Zərərçəkmiş şəxsdır. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına bildirmişdir ki, yol-nəqliyyat hadisəsini törədən odur. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerini, hadisədən əvvəl gəldiyi istiqaməti və idarə etdiyi avtomobilə məxsus tormoz izini göstərmişdir. Hadisə yerində müstəntiq tərəfindən ölçmələr aparılmış, hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Daha sonra o, Xaçmaz Rayon Polis Şöbəsinə gedib orada hadisə ilə bağlı izahat verdikdən sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Həmin gecə Zərərçəkmiş şəxs Xaçmaz Rayon Xəstəxanasında qalmışdır. Zərərçəkmiş şəxs xəstəxana xərclərini atası ödəmiş, dərmanları da atası almışdır. Səhəri gün o özü də Xaçmaz rayon Xəstəxanasına gedib Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmış, həkimin yazdığı dərmanları da almışdır. Daha sonra Zərərçəkmiş şəxs kompyuter-tomoqrafiyası müayinəsinə aparmaq qərarına gəlmişdirlər ki, hər hansı bir ciddi xəsarətinin olub olmadığını müəyyən etsinlər. 20 dekabr 2022-ci il tarixdə o və ailə üzvləri Zərərçəkmiş şəxs kompyuter-tomoqrafiya müayinəsi üçün Qusar rayonunda yerləşən “Oki” özəl tibb müəssəsinə aparmışlar. Həmin tibb müəssəsində kompyutertomoqrafiya müayinəsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində bel fəqərələrindən xəsarət almışdır. Həmin vaxt onlar “Oki” özəl tibb müəssəsində müayinə üçün 180 manat pul ödəmişdirlər. Bundan başqa, həkimin yazdığı dərmanları da almış və Zərərçəkmiş şəxs yenidən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirmişdirlər. Həkimlər Zərərçəkmiş şəxs müayinə etdikdən sonra bildirmişdirlər ki, Zərərçəkmiş şəxs nevroloji müalicəyə ehtiyacı vardır. 30 dekabr 2022-ci il tarixdə o və ailə üzvləri şəxsi pul vəsaitləri hesabına avtomobil tutub Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən “Nevroloji klinika” adlı tibb müəssisəsinə aparmışlar. Orada Zərərçəkmiş şəxs müayinəsi üçün 30 manat pul vermişlər. Daha sonra Zərərçəkmiş şəxs özünün özəl tibb müəssisəsində müayinə olunmasını tələb etdiyindən onlar Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Rezonans klinikası”na aparmışlar, həmin vaxt Zərərçəkmiş şəxs Bakı şəhərinə müayinə olunması üçün taksi avtomobili ilə gedib qayıtmasına 150 manat pul xərcləmişlər. Bakı şəhərində yerləşən “Rezonans klinikası”na isə kompyuter-tomoqrafiyası müayinəsi üçün 135 manat pul ödəmişlər. Onun sürücülük vəsiqəsinin olmadığından tanışı Sərxanın xəbəri olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, o, mülki iddianı qəbul etmir. Belə ki, o, zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı, yəni müalicəsinə lazımi qədər xərc çəkmişdir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, mülki iddianının təmin edilməməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə, axşam saat 21 radələrində o öz yaşadığı evə piyada getmişdir. Xaçmaz şəhəri, H.Z.Tağıyev prospektində, “Sevimli Soba” restoranının qarşısındakı piyada keçidinin kənarında dayanıb avtomobil axınının yekunlaşmasını gözləmişdir. Daha sonra isə piyada keçidi ilə hərəkət edib yolun qarşı tərəfinə keçməyə başlamışdır. Piyada keçidindən keçən zaman ağ rəngli avtomobil sağ tərəfdən onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılıb huşunu itirmişdir. Bundan sonra nə baş verməsi barədə onun məlumatı olmamışdır. Səhəri gün o, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ayıldıqda bədənində güclü ağrıların olmasını hiss etmişdir. Həmin vaxt onun yanında olan valideynləri ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vurmuş, daha sonra isə özü həmin avtomobillə onu Xaçmaz Rayon Mərkəzi Xəsatəxanasına gətirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs valideynləri də onun qaldığı xəstəxana palatasında olmuşdurlar. Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilk dövrdə, təxminən 2022-ci ilin dekabr ayında ona xəstəxana xərcləri ilə bəzi maddi yardımlar etsələr də, daha sonra kənara çəkilmişlər və heç bir yardım etməmişlər. Halbuki, müayinə nəticəsində müəyyən edilmişdir ki, onun oma sümüyündə və sağ qasıq sümüyündə sınıqlar vardır. O, dəfələrlə Təqsirləndirilən şəxs ailə üzvləri ilə əlaqə yaradıb tam sağalmadığını, müalicə olunmağının vacib olduğunu bildirmişdir, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs ailə üzvləri onun sağlam olduğunu, ağrılarının olmadığını, istəsə durub gəzə biləcəyini əsassız olaraq bildirib, onun müalicə xərclərini ödəməkdən imtina etməyə başlamışdırlar. Bundan sonra o öz müalicə xərcələrini özü ödəmiş, baxmayaraq ki, onu avtomobillə vuran şəxs Təqsirləndirilən şəxs günahı və cinayət törətməsi ucbatından onun sağlamlığına zərər vurulmuşdur. Təqsirləndirilən şəxs onu avtomobillə vurduğu gündən hal-hazıradək o, yataq rejimində müalicə almış, sərbəst hərəkət edə bilməmiş, ayağa qalxa və yeriyə bilməmişdir. Ailə üzvlərinin köməyi ilə ayağa qalxa bilmişdir. Lakin Təqsirləndirilən şəxs ailə üzvləri onun sağaldığını əsassız olaraq bildirib, onu özünü xəstə kimi göstərməkdə günahlandırmışdır. Lakin dəfələrlə o, bədənində olan ağrılarla bağlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəng etmiş, yaşadığı evə təcili tibbi yardım briqadası gəlib ona tibbi yardım göstərmişdirlər. Yaşadığı evə mütəmadi olaraq təcili tibbi yardım briqadası gəlib ona tibbi yardım göstərməsi barədə arayışların surətlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri onun müalicə xərclərini ödəməkdən imtina etdiyi üçün onun ailə üzvləri müalicə xərclərini ödəməyə başlamışdır. Belə ki, 17 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kəpəz” klinikasına öz şəxsi vəsaiti hesabına taksi avtomobili ilə gedib orada travmatoloqun müayinəsinə və rentgen müayinəsinə cəmi 110 manat pul ödəmiş, 19 yanvar 2023-cü il tarixdə həmin klinikada o, həkim müayinəsinə 40 manat, ortopedik reabilitasiya kursuna görə 40 manat, yazılan dərmanlara isə 57 manat 36 qəpik pul ödəmişdir. Onun ailəsi maddi cəhətdən imkansızdır, atası Şahsevən Mirzəbəyov günəmuzd avtomobil təmiri işi ilə məşğul olmuş, daimi gəlir mənbəyi yoxdur, anası Mədinə Mirzəbəyova isə heç bir yerdə işləmir. Ona görə onun müalicə xərcələrini ailəsi çox çətinliklə ödəyə bilmişdir. 06 mart 2023-cü il tarixdə o, yenə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından göndəriş alıb Bakı şəhərinə müalicə üçün getmişdir. Onun hazırda da səhhəti tam düzəlməmişdir, yataq rejimində müalicə olunur, dəfələrlə Bakı şəhərində olan klinikalarda müalicələr almışdır. Aldığı xəsarətlərlə bağlı həkimlər fizioterapiya və cərrahiyə əməliyyatı tövsiyə etmişdir. O, müalicə və yol xərcləri üçün ümumilikdə 7000 manat pul xərcləmişdir. Hələ də müalicələri davam edir. Bundan başqa, həmin hadisə nəticəsində ona məxsus olan 70 manat dəyərində qulaqcıqlar, 205 manat nağd pulu itmiş, bununla yanaşı istifadəsində olan “Redmi Note A5” markalı mobil telefonuna 100 manat maddi ziyan dəymişdir. O, mülki iddianın təmin edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs tərəfindən ona maddi dəstək göstəriləcəyi halda, ondan şikayətçi olmayacağını bildirmiş, əks halda isə Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, o, 24 oktyabr 2022-ci il tarixdə özünə “KİA PİCANTO” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili almışdır. Həmin avtomobili özünə məxsus olan “BC” kateqoriyalı AE seriyalı 611625 nömrəli, xx.xx.2025-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi ilə və adına verilmiş xx.xx.2022-ci il tarixli İN-VİN 304025 nömrəli etibarnamə əsasında idarə etmişdir. Təqsirləndirilən şəxs onun dostudur. Əksər hallarda o, Elnurla görüşüb yemək yeyib, çay içmişdir. 06 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində onlar Elnurla görüşmüş və Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən kafelərin birinə getmişdirlər. Həmin vaxt Elnur ondan xahiş etmişdir ki, öz avtomobilini Elnura versin və Elnur da dükana gedib siqaret alıb gəlsin. O da avtomobilin açarını Elnura vermiş və Elnur da oradan çıxıb onun “Kia Picanto” markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilinə minmiş və Xaçmaz şəhəri, H.Z.Tağıyev prospekti istiqamətində sürüb getmişdir. Təxminn bir neçə dəqiqədən sonra Elnur ona zəng edib bildirmişdir ki, onun avtomobili ilə yolnəqliyyat hadisəsi törədib, piyadanı vurmuşdur. Daha sonra isə piyadanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparmış, hazırda da həmin xəstəxanadadır. Bundan sonra o, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getmiş, həmin vaxt Elnur da orada olmuşdur. Sonra ona məlum olmuşdur ki, Elnur onun avtomobili ilə Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs vurmuşdur. Onun Təqsirləndirilən şəxs qeyd olunan yol-nəqliyyat hadisəsini törədən zaman sürücülük vəsiqəsinin olub-olmadığından xəbəri olmamışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli raportdan müəyyən edilir ki, Xaçmaz RMX-nın tibb bacısı Ağacanova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, aqonal vəziyyət” diaqnozu ilə xəstəxanaya daxil olması barədə və xəstəni gətirən sürücünün deməsinə görə zərərçəkmişi Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində, “Sevimli Soba” restoranının qarşısında avtomobil ilə vurulmasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə, axşam saat 21 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev prospektində piyada keçidindən keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu vuraraq sağlamlığına xəsarət yetirmiş, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, baxış sutkanın qaranlıq vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Hadisə yeri - Xaçmaz şəhəri, H.Z.Tağıyev prospektidir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, yaş, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 12 metrdir. Yolun sağ və sol tərəflərində olan səkinin eni 06 metrdir. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsidir. Hadisə ərəfəsində «Kia Picanto» markalı, ** CO *** qeydiyyat nişanlı avtomobil Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində, piyada isə yolun sol kənarından sağ kənarına doğru hərəkətdə olmuşdur. Avtomobil texniki cəhətdən saz olmuşdur. Təqsirləndirilən şəxs «Kia Picanto» markalı, ** CO *** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Xaçmaz şəhəri, H.Z.Tağıyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən «Sevimli Soba» restoranının qarşısında görünüş dairəsini məhdudlaşdıran hər hansı bir maneənin olmamasına və qarşıdan başqa nəqliyyat vasitəsinin gəlməməsinə baxmayaraq, piyada keçidi ilə yolun sol kənarından sağ kənarına doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobil Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində yolun sağ tərəfindən 02 metr, sol tərəfindən isə 10 metr aralı məsafədə vurmuşdur. Nəqliyyat vasitəsinin sağ tərəfdən ön farası və sağ yan güzgüsü sınmışdır. Hadisə yerində «Kia Picanto» markalı, ** CO *** qeydiyyat nişanlı avtomobilə aid tormoz izinin uzunluğu 11 metr olmuşdur. İş materiallarında olan hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin 01 ədəd DVD diskə köçürülmüş videogörüntüsünə baxış keçirilərək müəyyən edildi ki, ağ rəngli minik avtomobili Xaçmaz şəhəri, H.Z.Tağıyev prospektində Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyadanı vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin videogörüntüdəki avtomobili hadisə zamanı onun idarə etdiyini və həmin avtomobil ilə zərərçəkmişi vurduğunu təsdiqləmiş, zərərçəkmiş şəxs də avtomobil ilə vurulan həmin piyadanın onun özü olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 8/374 nömrəli ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Picanto” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etmək hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 16 dekabr 2022-ci il tarixli, 684 nömrəli ekspert rəyinə 04 aprel 2023-cü il tarixli əlavə rəyindən müəyyən edilir ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - aqonal vəziyyət və baş beyin silkələnməsi ilə müşayiət olunmuş sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, 3-4-cü bel fəqərələrinin, oma və sağ qasıq sümüklərinin sınıqları, sol iç və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, BDYPİ tərəfindən Təqsirləndirilən şəxs hər hansı kateqoriyalı sürücülük vəsiqəsi verilməmişdir. Həmçinin onun barəsində nəqliyyat vasitələrinin idarəetmə hüququ olmadan idarə edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət əməlini törətdiyi zaman idarə etdiyi “KİA PİCANTO” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət əməlini törətdiyi zaman idarə etdiyi “KİA PİCANTO” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən Şahid xx.xx.2022-xx.xx.2023-cü il müddətədək etibarnamə əsasında verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Həmin Qanunun 33-cü maddəsinin İV hissəsinə əsasən, velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Onun barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olması və təqsirləndirilənin zərərçəkmişlə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində onun sağlamlığına yetirilmiş xəsarətlərlə bağlı müalicəsinə 7000 (yeddi min) manat vəsait xərcləmişdir. Həmin məbləğdə vəsaitin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçının ifadələrindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində aldığı xəsarətlərlə bağlı müalicələr almış və almaqda davam edir, həmin xəsarətlərlə əlaqədar ağrıları olur, dəfələrlə təcili-tibbi yardıma müraciət etmiş, tibb müəssisələrində müayinələrdə olur və müalicəsi üçün dərman vasitələri alır. Təqsirləndirilən şəxs-mülki cavabdeh hadisə baş verən ilk vaxtlarda onun müalicəsinə köməklik etsə də, sonradan etməmiş, sonrakı müalicəni o, öz atasının maddi köməkliyi ilə davam etdirmiş, onun valideynlərinin də maddi vəziyyəti yaxşı deyildir, atası həmin vəsaiti çətinliklə əldə edərək onun müalicəsinə xərcləyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh isə zərərçəkmiş şəxsə müalicə ilə bağlı lazım olan xərcləri ödədiyini, buna görə də mülki iddianı qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzlərdən (tibbi sənədlərdən) müalicə ilə bağlı təxminən 300-400 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir (yalnız 2022-ci ilin dekabr ayında olmaqla) İş materiallarında olan zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən və tibbi sənədlərdən müəyyən edilir ki, zərərçəkmiş şəxs 2023-cü ilin yanvarmart ayları ərzində də hazırkı cinayət hadisəsi ilə əlaqədar aldığı xəsarətlərlə bağlı müalicə və müayinələrdə olmuş, müalicəsi ilə əlaqədar dərman vasitələri almışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi əməl nəticəsində Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri alması, onun xəstəxanada müalicə olunması və bununla bağlı 7000 manat pul xərcləməsinə dair mülki iddia tələbi, obyektiv və ağlabatan miqdarda, yəni 3000 manat məbləğində olmaqla qismən təmin edilməli, həmçinin mülki iddia ilə bağlı ödənilmiş 90 manat dövlət rüsumunun 50 manatı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Elektron məhkəmə portalında yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru”nun vasitəsi ilə müəyyən edilir ki, iddianın predmeti 3000 manat olduqda, 50 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iddia üçün ödənilmiş 90 manat dövlət rüsumunun təmin olunmuş hissəyə mütənasib olaraq, 50 manatı mülki cavabdehə, qalan hissəsi ilə mülki iddiaçıya aid edilməlidir. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan, həmin tarixli qəbzdən və 10 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, “Kia Picanto” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobil saxlanılması üçün sahibi (mülkiyyətçisi) X4 təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut “Kia Picanto” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçisi) X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin videogörüntüsünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin - Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Dövlət rüsumunun qalan hissəsi mülki iddiaçıya aid edilsin. İş üzrə maddi sübut “Kia Picanto” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçisi) X4 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin videogörüntüsünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-101/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-101/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver