Məhkəmə qərarları › İş №1(067)-102/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-102/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-102/2022 20.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxx 1970-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkumluğu olmayan, Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Xaçmaz rayonunun Çarxı kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs sağ çiyin nahiyyəsindən qəsdən bir dəfə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən ony döymüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 06 iyun 2022-ci il tarixdə saat 19 radələrində o, yaşadığı Xaçmaz rayonunun Çarxı kəndinin ərazisində yerləşən həmkəndlisi Firuz Baxışova məxsus kafenin həyətindəki stolda oturub pivə içərkən həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs və onun qaynı Şahid1 kafeyə gəlmişdir. Zaur kafenin içərisinə keçmiş, Havadar isə həyətdəki stollara tərəf getmişdir. O, Havadarı oturduğu stola dəvət etmiş, lakin Havadar ona acıqlı cavab verərək “məni boş bakala çağırırsan?” demişdir. O, Havadarın bu sözündən əsəbləşmiş və aralarında mübahisə düşmüşdür. Bir qədər sonra Zaur gəlmiş və onları sakitləşdirib Havadarı ayrı stolda əyləşdirmişdir. Bundan sonra Zaurla kafedən çıxmışdır. Həmin vaxt kafedən təxminən 40-45 metr kənarda kəndin küçəsində Zaurla Havadarın hərəkəti barədə söhbət etmişdir. Söhbət əsnasında Zaur Havadarın sərxoş olduğunu bildirərək üzrxahlıq etmişdir. Az sonra Havadar da onların yanma gəlmiş, belindəki kəməri çıxararaq onun kürək nahiyyəsinə bir neçə zərbə endirmişdir. Bu zaman o, özünü qorumaq üçün cibindəki bıçağı çıxarmış və Havadarın sağ çiyin nahiyyəsinə bıçaqla bir dəfə vurmuşdur. Daha sonra isə Zaur onları ayırmışdır. Törətmiş olduğu əmələ görə özünü təqsirli bilir və əməlindən peşmançılıq hissi keçirir. Etdiyi hərəkətə görə Zərərçəkmiş şəxs üzr istəmiş və hazırda onlar barışmışlar. Ona görə də barışmaları nəzərə alınmaqla barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 06 iyun 2022-ci il tarixdə axşam saatlarında qaynı Şahid1 evinə qonaq getmiş, yemək yeyərək araq içdikdən sonra pivə içmək məqsədilə onlar yaşadıqları Çarxı kəndinin ərazisində yerləşən həmkəndliləri Firuz Baxışova məxsus kafeyə getmişlər. Kafeyə daxil olduqdan sonra Zaur sifariş vermək üçün kafenin içərisinə, o isə kafenin həyətindəki stollara tərəf getmişdir. Bu zaman həyətdəki stolda müştəri kimi oturmuş həmkəndlisi Təqsirləndirilən şəxs onu stoluna dəvət etmişdir. O Murada “məni boş bakala çağırırsan” demişdir. Onun sözü Muradın xoşuna gəlməmiş və aralarında mübahisə düşmüşdür. Az sonra Zaur onların yanına gəlmiş və onları sakitləşdirib onu ayrı stolda əyləşdirmişdir. Daha sonra Zaur Muradla kafedən çıxmışdır. O, kafedə təxminən 15-20 dəqiqə oturmuş və Zaurun gəlmədiyini görüb onların yanına getmək üçün kafedən çıxmışdır. Kafedən çıxarkən Zaurla Muradın kafedən 40-45 metr aralıda söhbət etdiklərini görüb onların yanına yaxınlaşmışdır. Muradın onun barəsində danışdığını görüb əsəbləşmiş və belindəki kəməri çıxararaq Muradın kürək nahiyyəsinə bir neçə zərbə endirmişdir. Bu zaman Murad cibindən bıçaq çıxarmış və bıçaqla onun sağ çiyin nahiyyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Sonra Zaur onları ayırmış və onu götürüb evə aparmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş və hal-hazırda onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. 06 iyun 2022-ci il tarixdə saat 18:30 radələrində qohumu Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmiş, evdə yemək yeyib araq içdikdən sonra onlar pivə içmək məqsədilə evdən çıxıb kənd ərazisində yerləşən həmkəndliləri Firuz Baxışova məxsus kafeyə getmişlər. Kafeyə daxil olduqdan sonra o, sifariş vermək üçün kafenin içərisinə, Havadar isə kafenin həyətindəki stollara tərəf getmişdir. Sifariş verib Havadarın yanına qayıdarkən Havadarın kafedə müştəri kimi oturmuş həmkəndlisi Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini görmüşdür. Mübahisənin səbəbi isə Muradın Havadarı stola dəvət etdikdən sonra Havadarın Murada acıqlı cavab verməsi olmuşdur. O, Havadar və Muradı sakitləşdirib Havadarı ayrı stolda əyləşdirmişdir. Daha sonra isə Muradla kafedən çıxaraq təxminən 40-45 metr kənarda kəndin küçəsində söhbət etmişlər. Həmin vaxt Murada Havadarın sərxoş olduğunu və dediklərinə fikir verməməsini bildirmişdir. Az sonra Havadar da onların yanma gəlmiş, belindəki kəməri çıxararaq Murada bir neçə dəfə kürək nahiyyəsindən zərbə endirmişdir. Bu zaman Murad cibindən bıçaq çıxarmış və bıçaqla Havadarın sağ çiyin nahiyyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, dərhal Havadarla Muradı ayırmış və Havadarı götürüb evə aparmışdır. Evdə isə Havadarın çiyninə tikiş atılmalı olduğunu gördüyü üçün dərhal Havadarı Xaçmaz rayon Mərkəzi Xəstəxanasna çatdırmışdır. Xəstəxanada Havadara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli 336 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ çiyin nahiyyəsinin kəsilmiş yarası kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini və onun bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 336 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar