Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-103/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 fevral 2024- cü il tarixdə o, Xaçmaz şəhəri, Dağıstan küçəsində saxlanılıb. 14 fevral 2024-cü il tarixdə saat 17:35-dən 17:45-dək olan müddətdə ünvan 2 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin altında olan növbəti geyindiyi qara rəngli idman gödəkçəsi ilə bədəni arasında sağ tərəfdə sıxıb saxladığı bir ədəd qara polietilən bağlamanın içərisindən ümumi təmiz çəkisi 460,0 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, A.Səlimov küçəsi ev 55-də yaşayır və heç bir yerdə işləməmişdir. Təxminən 1-2 ildir ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. 14 fevral 2024-cü il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri, Dağıstan küçəsindən keçərkən orada olan zibillikdə 1 ədəd qara rəngli bağlamanın olmasını görmüş, həmin bağlamanı ortadan bir qədər deşərək içinə baxdıqda onun içində narkotik vasitə nəşə, yəni marixuana olmasını görüb və istifadə etmək üçün həmin bağlamanı əynindəki qara rəngli idman gödəkçəsinin sağ iç tərəfinə qoymuşdur. Həmin günü, yəni 14 fevral 2024-cü il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri Dağıstan küçəsi ilə hərəkət edərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib və onun üzərində narkotik vasitə olmasında şübhəli olduğunu deyərək, RPŞ-nə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş, o etiraz etmədikdən sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevin iştirakı ilə vidoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o könüllü olaraq əynindəki qara rəngli gödəkçənin zəncirbəndini açaraq, onun altında olan növbəti geyindiyi qara rəngli idman gödəkçəsinin zəncirbəndini açaraq gödəkçə ilə bədəni arasında sağ tərəfdə sıxıb saxladığı 1 ədəd qara rəngli bağlamanı çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd qara rəgli bağlamaya baxıldıqda bağlamanın içində yaşımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin üzərindən aşkar edilən 1 ədəd bağlamadakı kütlənin nə olmasını və haradan əldə etməyini polis əməkdaşları ondan soruşduqda o, həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə), yəni marixuana olduğunu və həmin 1 ədəd bağlamadakı narkotik vasitə marixuananı zibillikdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd bağlamadakı yaşımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 494 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə həmin bağlama ilə birlikdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra onun üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş özünə məxsus «Samsung» markalı mobil telefon geri qaytarılmışdır. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokol ilə tanış olduqdan sonra imza ilə təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin əməkdaşları əməliyyat müvəkkili Şahid2, Şahid1 və digər bir nəfər polis əməkdaşı Xaçmaz şəhəri, Dağıstan küçəsində təxminən 30 metr yaşadığı evdən aralı məsafədən onu Xaçmaz RPŞ-yə apararaq qarşısına narkotik vasitə qoyub demişlər ki, həmin narkotik vasitənin ona aid olmasını videoçəkiliş aparılarkən boynuna alsın. Ona həmin narkotik vasitənin özünə məxsus olmasını deməsini Nemət adlı əməliyyat müvəkkili tərəfindən deyilmişdir. Narkotik vasitəni boynuna aldığı təqdirdə barəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə köməklik göstərəcəyini demişdir. O, dəmir tullantıları toplayır. Həmin narkotik vasitəni dəmir tullantısı toplayarkən zibillikdən tapmışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil. Lakin Nemət adlı əməliyyat müvəkkili tərəfindən həmin narkotik vasitənin ona aid olması məcburi olaraq boynuna qoyulmuşdur. O,narkotik vasitələrdən istifadə etmişdir. Qanında tapılan narkotik maddəni etiraf edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyil. 5-6 ay əvvəl Bakıda işlədiyi vaxtı oradan yarım qram heroini istifadəsi üçün gətirmişdir. Ona Xaçmaz RPŞ-də heç bir fiziki təyziq göstərilməmişdir. Xaçmaz RPŞ-də saxlanılmamağı üçün həmin narkotik vasitənin özünə aid olmasını demişdir. O, ibtidai istintaq zamanı dövlət hesabına ona təyin edilmiş müdafiəçiyə də həmin narkotik vasitənin özünə məxsus olmamasını demişdir. Həmin narkotik vasitə üzərində olmuş olsa idi qorxardı və evdən çölə çıxmazdı. Narkotik vasitənin boynuna məcburi qaydada qoyulmasına dair sübutu yoxdur. Subaydır və tək yaşayır. Barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, əməliyyat tədbiri keçirilməmişdən bir neçə gün əvvəl, yəni 15 fevral 2024-cü il tarixdə Əskər adlı şəxsin narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin yeri Xaçmaz şəhəri, Dağıstan küçəsində müəyyən edilərək Xaçmaz RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı vaxt tək olmuşdur. Lakin ev ünvanına getməmişlər. Üzərinə istintaq hərəkəti ilə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli büküm aşkarlanmışdır. O həmin bükümdə marixuana olmasını və özünün istifadəsi üçün tapdığını bildirmişdir. Videoçəkiliş olmadan və müdafiəçinin iştirakı təmin edilmədən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmamışdır. Təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitəni müvafiq qaydada ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, X4 barəsində narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin barəsində əməliyyat tədbirləri başlanmış və Xaçmaz şəhəri, Dağıstan küçəsində hərəkətdə olmasını müəyyənləşdirib Xaçmaz RPŞ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış aparılarkən bir dəfə videoçəkilişdən istifadə edilmiş və təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və istər şəxsi axtarışdan əvvəl, istərsə də, sonra müdafiəçisi ilə görüşməsinə şərait yaradılmışdır. Təqsirləndirilən şəxsin hansısa şikayəti və ya tələbi olsa idi müdafiəçisinə bildirərdi və ya zamanında şikayət edə bilərdi. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt onun arxa nahiyəsində şişkinliyin olduğunu görmüşlər. Lakin videoçəkiliş və müdafiəçi olmadığı halda onun üzərinə şəxsi axtarış aparmağlarına icazə olmadığı üçün onun həmin nahiyəsində nə olmasını əvvəlcədən bilməmişlər. Onlarla Xaçmaz RPŞyə gedərkən təqsirləndirilən şəxsə bu barədə müəyyən suallar vermişlər. Lakin təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etməmişdir. Xaçmaz RPŞ-də təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış apararkən hər şeyi etiraf etmişdir. O, təqsirləndirilən şəxsin barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi üçün sonuncudan müəyyən qədər məbləğdə pul istəməmişdir. Əməliyyat tədbiri onun və Şahid1 tərəfindən keçirilmişdir. Təqsirləndirilən şəxsin dəfələrlə məhkum olunmasını və hazırkı cinayət işi üzrə üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdara yaxın olmasını nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə müraciət etmək müstəntiqin səlahiyyətindədir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -14 fevral 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 24-26) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis mayoru X8, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında ƏskərovƏskər Hidayət oğlunun üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X8 özünü təqdim etmiş və narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əyinində qara rəngli gödəkçə, qara rəngli idman gödəkçəsi, boz rəngli sviter, qara rəngli cins şalvar və qara rəngli ayaqqabısı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək müstəntiq tərəfindən ona təklif olunduqda o, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin altında olan növbəti geyindiyi qara rəngli idman gödəkçəsi ilə bədəni arasında sağ tərəfdə sıxıb saxladığı bir ədəd qara rəngli polietilen bağlamanı təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd qara sellofan bağlama açıldıqda onun içində yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edildi. Həmin 1 ədəd qara rəngli bağlamanın içindəki kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda ƏskərƏskərov həmin bağlamadakı kütlənin narkotik vasitə (nəşə) yəni marixuana olduğunu və həmin 1 ədəd bağlamadakı narkotik vasitəni Xaçmaz şəhəri, Dağısıtan küçəsində zibillikdən tapdığını istifadəsi üçün özündə saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bağlamadakı yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlə həmin bağlama ilə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 494 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bağlamada narkotik vasitə müvafiq qaydada ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan başqa onun şalvarının arxa cibindən 1 ədəd «Samsunq» markalı mobil telefon aşkar edilib və heç bir əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin İTB-nin PPB-nin polis nəfəri X6 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan (cild 01, vərəq 22), 16 fevral 2024-cü il tarixli təsirləndirilən şəxsin barəsində tutumadan azad edilməsi və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan (cild 01, vərəq 55-57) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə şübhəli şəxs qismində həbsdə saxlanılmışdır (tutulmuşdur). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/248 (cild 01, vərəq 34) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzaları olan 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 460,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuanadan təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 459,95 qram təşkil etmişdir. - 15 fevral 2024-cü il tarixli raportdan (cild 01, vərəq 35) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X8 icraatında olan materialların çoxluğu ilə əlaqədar Xaçmaz şəhəri, A.Səlimov küçəsi ev 55-də yaşayan Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/492 saylı materialı RPŞ-nin İstintaq bölməsinin digər müstəntiqinin icraatına verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. - 16 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 42) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. -17 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01, vərəq 62) və 05 aprel 2024-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 93) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 460,0 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 459,95 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - 19 fevral 2024-cü il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 65) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin istintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X8 özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılması prosesinə başlayır. Müstəntiq Təqsirləndirilən şəxs müraciət edərək, onun qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu və həmin məlumat əsasında Xaçmaz RPŞ-nə dəvət edildiyini, şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edilərək təqdim edildiyini, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağını bildirir. Təqsirləndirilən şəxs bununla bağlı heçir bir etirazının olmadığını bildirir, həmçinin müstəntiq baxışda iştirak edən şəxslərə qarşı hər-hansı etirazının olub-olmamasını bildirdikdə də Təqsirləndirilən şəxs qeyd olunan tərkibdə üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirir. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkçə, onun altında qara rəngli idman gödəkçəsi, boz rəngli qış köynəyi, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək ona təklif olunduqda o, könüllü olaraq əyinində olan əynindəki qara rəngli gödəkçənin zəncirbəndini açaraq gödəkçənin altında olan növbəti geyindiyi qara rəngli idman gödəkçəsinin zəncirbəndini açaraq gödəkçə ilə bədəni arasında sağ tərəfdə sıxıb saxladığı bir ədəd qara rəngli bağlamanı çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlamaya baxıldıqda onun içində yaşımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu stolun üzərinə qoyur. Həmin 1 ədəd bağlamadakı kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə) yəni marixuana olduğunu və həmin bağlamanı Xaçmaz şəhəri, Dağıstan küçəsində olan zibillikdən tapmasını və şəxsi istifadə üçün üzərində saxlamasını bildirir. Aşkar edilmiş bir ədəd bağlamanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə həmin bağlama ilə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 494 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bağlamada içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə bağlama ilə birlikdə ekspertizaya göndərilməsi üçün yapışqan şəffaf lentlə qablaşdırılır və zərfə imza edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılır. Diskdəki video görüntü 07 dəqiqə 17 saniyə davam edir. Diskdə olan videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və müdafiəçisi X5 da baxışda iştirak etdi və Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirdi və baxış keçirilməsi, bu barədə müstəntiq tərəfindən protokol tərtib olunması ilə bağlı heç bir vəsatətinin və etirazının olmadığını bildirir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 05 mart 2024-cü il tarixli, 1458 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 83) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 13 mart 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 86) və raportdan (cild 01, vərəq 92) müəyən edilir ki, faktla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ƏskərovƏskər Hidayət oğlunun həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi və kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Xaçmaz rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 5(067)-42/2024 saylı qərarından müəyyən edilir ki, (cild 01, vərəq 88) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 14 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 69) müəyyən edilir ki, təqsirləndirilən şəxs ƏskərovƏskər Hidayət oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, təqsirini etiraf etməməsinə dair məhkəmə iclasında verdiyi ifadə iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin cinayət əməli şahidlərin və eyni zamanda təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri eləcə də iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 460,0qram, yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 27 fevral2024-cü il tarixli məktubdan (cild 01, vərəq 76) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş İctimai xasiyyətnamədən (cild 01, vərəq 91) müəyyən edilir ki, Təqsirləndirilən şəxs orta təhsillidir, Xaçmaz şəhəri, A.Səlimov küçəsi 55 saylı ünvanda yaşayır. Təqsirləndirilən şəxs həmin ünvanda oğlu yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Opioidlərin, Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddətona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza təhqiqatından sonra qalıq qalmış çəkisi 459,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrəkeçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-103/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-103/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver