Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-103/2025 17.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1974-cü ildə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olan, Xaçmaz rayonunun Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Əzizov X2 Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Nizami Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı 04 fevral 2025-ci il tarixdə, saat 17:50-18:05 müddətində Xaçmaz şəhəri, Vüqar Xəlilov küçəsində yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindəki “Prima” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofan qoruyucu ilə həmin siqaret qutusunun arasından bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,394 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı ittiham qondarmadır, əməl onun boynuna qoyulmuşdur, o, üzərindən götürülmüş psixotrop maddəni heç yerdən əldə etməmiş, ona məxsus olmamışdır. O, iki-üç il əvvəl narkotik vasitə, psixotrop maddə istifadəçisi olmuşdur. Həmçinin bildirdi ki, üzərindən aşkar edilmiş psixotrop maddə onun üzərinə qoyulmuşdur. O, narkoman deyildir, psixotrop maddə ona məxsus olmamışdır, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Evlidir və iki övladı var. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırırmış. 2017-ci il tarixdən indiyə qədər narkotik vasitələrdən istifadə etmişdir. Əsasən də istifadə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. 04 fevral 2025-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Xaçmaz şəhərinə gəlmişdir. Həmin günü saat 16 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz RMX-nın yaxınlığında təkbaşına gəzən zaman yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü götürüb baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Özü də psixotrop maddə istifadə etdiyinə görə onu götürərək üzərində olan “Prima” markalı siqaret qutusunun üzərindəki sellofan torba ilə qutunun arasına qoymuş və siqaret qutusunu da əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Və oradan uzaqlaşmışdır. Bir müddət Xaçmaz şəhərində piyada şəkildə gəzmiş, saat 17 radələrində Xaçmaz şəhəri, Vüqar Xəlilov küçəsi ilə piyada şəkildə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmişlər və bildirmişlər ki, o, narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinir. Bundan sonra həmin şəxslər özlərini təqdim etmiş və üzərində narkotik vasitə, psixotrop maddə olub-olmamasını soruşmuşlar. O da bu zaman gödəkçənin sol yan cibində saxladığı “Prima” markalı siqaret qutusunu polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı həmin qutuya baxan zaman qutu ilə sellofan torba arasında 01 ədəd sellafon büküm olduğunu görmüşdür. Polis əməkdaşı onun nə olduğunu soruşduqda o, özünü itirərək onun nə olduğunu bilmədiyini və onu tapdığını söyləmişdir. Daha sonra isə üzərində olan 01 ədəd alışqanı və 01 ədəd mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin 01 ədəd büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Ardınca isə polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindəki köynəyin sol üst cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra isə həmin 01 ədəd büküm ağ rəngli zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan əlavə, üzərindən aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı və “Prima” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Ardınca isə polis əməkdaşları onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman isə onun və onu şöbəyə gətirən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bükümün olduğu zərf yenidən açılmış və həmin bükümə yenidən baxış keçirilmişdir. Həmin büküm yenidən elektron tərəziyə qoyulduqda çəkisinin 0,5 qram olması müəyyən edilmiş, təhqiqatçı tərəfindən ona həmin bükümün haradan əldə edilməsini soruşulduqda ona cavab olaraq həmin bükümü tapdığını söyləmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bükümə baxış keçirildikdən sonra təkrar olaraq möhürlənərək qablaşdırılıb götürülmüşdür. Daha sonra isə Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən hüquqları izah olunaraq ona müdafiəçi təqdim olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də Xaçmaz RPŞnin NMQ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Vüqar Xəlilov küçəsində saxlamışlar. O və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını sonuncudan soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin cibindən 01 ədəd “Prima” markalı siqaret qutusunu ona təqdim etmişdir. Daha sonra isə əynindəki qış gödəkçəsinin sol yan cibindən 01 ədəd alışqanı, qış gödəkçəsinin sağ yan cibindən isə 01 ədəd mobil telefonu ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Prima” markalı siqaret qutusuna baxış keçirən zaman siqaret qutusu ilə onun sellofan torbası arasında 01 ədəd sellofan büküm olduğu aşkar edilmiş, həmin bükümün nə olduğu Təqsirləndirilən şəxs soruşulanda sonuncu həmin bükümün nə olduğunu dəqiq bilmədiyini və onu tapdığını bildirmişdir. Tərəfindən həmin bükümə baxış keçirən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, ardınca isə tərəfindən həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, bu zaman bükümün çəkisi 0,5 qram gəlmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmiş, RPŞ-də olarkən Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş içərisində büküm olan zərfi təhqiqatçıya təqdim etmiş, təhqiqatçı da onların və Təqsirləndirilən şəxs iştirakı ilə ona təqdim edilən zərfə baxış keçirmişdir. Baxış keçirdikdən sonra isə həmin büküm yenidən zərfə qoyularaq möhürlənməklə və tərəflərindən imzalanmaqla qablaşdırılmışdır. Həmçinin bildirdi ki, onlar iş üzrə təqsirləndirilən şəxsi xx.xx.2025-ci il tarixdə, saat 17:50-də saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuş, yanında kimsə olmamışdır. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onunla birlikdə olmuş digər polis əməkdaşları isə təqsirləndirilən şəxsi qiyabi olaraq tanımışlar. Onun təqsirləndirilən şəxslə hər hansı ədavəti, düşmənçiliyi yoxdur, psixotrop maddənin təqsirləndirilən şəxsin üzərinə qoyulması barədə bildirdikləri yalandır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin NMQ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Xaçmaz şəhəri, Vüqar Xəlilov küçəsində iş üzrə Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılmışdır. Belə ki, adları qeyd olunan əməliyyat müvəkkilləri özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncudan üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusunu əməliyyat müvəkkili Şahid2 təqdim edir. Daha sonra isə əynindəki qış gödəkçəsinin sol yan cibindən 01 ədəd alışqan, qış gödəkçəsinin sağ yan cibindən isə 01 ədəd mobil telefonu Şahid2 təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Prima” markalı siqaret qutusuna baxış keçirən zaman siqaret qutusu ilə onun sellofan torbası arasında 01 ədəd sellofan büküm olduğu aşkar edilir. Həmin bükülünün nə olduğu Təqsirləndirilən şəxs soruşulanda sonuncu həmin bükümün nə olduğunu bilmədiyini və onu tapdığını bildirir. Şahid2 tərəfindən həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Ardınca isə Şahid2 tərəfindən həmin büküm elektron tərəziyə qoyularaq çəkilir, bu zaman bükümün çəkisi 0,5 qram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və həmin kütləni tapdığını bildirir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynindəki köynəyinin sol üst cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd bank kartı aşkar edilərək götürülmüş, istintaq hərəkətinin sonunda isə 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd alışqan, 01 ədəd “Prima” markalı siqaret qutusu və 01 ədəd mobil telefon isə əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. İstintaq hərəkətinin videoçəkilişi baş əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılmışdır. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən 01 ədəd kağız zərf təhqiqata təqdim edilərək həmin zərfin içərisində olan 01 ədəd sellofan bükümün Təqsirləndirilən şəxs götürüldüyünü və bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu bildirmişdir. Təqdim edilmiş zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, 1.Şahid2, 2.Şahid3, 3.Şahid1, 4. Təqsirləndirilən şəxs” sözləri yazılaraq imza edilmişdir və zərf möhürlənmişdir. Zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində “01” ədəd sellofan büküm olması aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan büküm tərəzi ilə çəkilmiş və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin sellofan bükümlə birlikdə çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan “01” ədəd sellofan büküm ona məxsusdur, içərisində psixotrop maddə olan metamfetamin kütləsi var, həmin kütləni 2025-cü ilin fevral ayının 4 də Xaçmaz şəhəri, Vüqar Xəlilov küçəsindən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan “01” ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı Sədi Məmmədov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 6/508 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərində çıxan maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,394 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,344 qram təşkil etmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 03 aprel 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,394 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,344 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 14 fevral 2025-ci il tarixli, 876 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsini haradan əldə etməsi və kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 5(067)- 31/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirinin keçirilməsi haqqında 04 fevral 2025-c il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 aprel 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və siyahıdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsin üstünün yoxlanılmasının videoçəkilişi köçürülmüş DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,394 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. (CM-nin 178.2.4, 234.1, 234.2-ci maddələri ilə) İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Köhnə Xudat İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, həmin kənddə yaşadığı müddətdə özünü yaxşı aparır. Kəndin xeyir və şər mərasimlərində yaxından iştirak edir, öz köməyini əsirgəmir. İdarə və təşkilatlar tərəfindən tapşırılmış hər hansısa işin öhdəsindən gəlməyə çalışır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmün, qərarın surətlərindən, tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Əzizov X2 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib (CM-nin 67.1, 68.2) 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(067)-110/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib (CM-nin 67.1, 68.2) 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(007)-98/2024 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 29 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 ay 29 gün hissəsindən xx.xx.2024-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən (və ya götürülmədən) hazırkı iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki,məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halın olmamasını, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(067)-110/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3800 manat cərimə cəzası hazıradək icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2022ci il tarixli, 1(067)-110/2022 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası isə tam birləşdirilərək üzərində hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası və 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 04 fevral 2025-ci il tarixli protokoldan, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 4(067)-22/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin PHŞ-də həkim-narkoloqun qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 14 fevral 2025-ci il tarixli, 876 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. O, xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserdə (F11x2) opioidlərin qəbulu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə (yenidən) qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,394 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,344 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(067)- 110/2022 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası müstəqil icra olunsunlar. Azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə (yenidən) qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-103/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-103/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver