Məhkəmə qərarları › İş №1(067)-104/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-104/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-104/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Günel Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi2 Məmmədəli oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Hacıqabul rayonunun Abdulyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, hazırda Hacıqabul rayonunun Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Xaçmaz rayonunun Qədəş-Oba kəndi ərazisində yerləşən 8 saylı X7 MMC-nin inzibati binasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək həmin idarədə sürücü kimi işləyən Zərərçəkmiş şəxs əmək haqqının verilməsinin gecikməsi ilə bağlı idarə etdiyi avtomobilin yanacağını satacağını deməsinə görə əsaslı səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadələr demiş, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək, həmin idarədə işləyən kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri ilə bədən nahiyəsinə vuraraq ona sağ tərəf Xİ qabırğanın sınığı, qarının sağ tərəfinin hematoma və sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş və ictimai qaydanı kobud surətdə pozması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2017-ci ilin may ayından Xaçmaz şəhərində yerləşən 8 saylı X7ndə sürücü kimi işə başlamış, 2019-cu ildə sürücü kimi fəaliyyətini dayandırıb, həmin İdarədə sahə nəzarətçisi vəzifəsinə keçmişdir. Belə ki, onun vəzifəsi idarədə olan tikinti materiallarının, yanacağın istifadəsinə nəzarət etməkdən ibarət olmuşdur. Onun işlədiyi 8 saylı X7 Xaçmaz rayonu, Qədəş-Oba kəndində yerləşdiyi üçün o, həmin kənddə yaşamışdır. Hər gün səhər saat 08 radələrində işə gəlib gecə saatlarına kimi əraziyə nəzarət etmişdir. Zərərçəkmiş şəxs iş yoldaşı kimi tanımış, onunla münasibətləri normal olmuş, Anar da onların idarəsində sürücü işləmişdir. O, əraziyə nəzarət etdiyinə görə işçilərin idarədə olan tikinti materiallarını və yanacağı oğurlamalarının qarşısını almışdır. Bir neçə dəfə o, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yanacağını israf etdiyi üçün ona öz iradını bildirmişdir. Lakin, bununla bağlı idarə rəhbərliyinə heç bir məlumat verməmişdir. Bu səbəbdən də Anarla münasibətləri pisləşmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində işə gəlmiş, həmin ay onların maaşları gecikdiyi üçün təxminən saat 10 radələrində işçilərdən bir neçə nəfəri idarənin qarşısına toplaşaraq etiraz etmək istəmişlər və Zərərçəkmiş şəxs da onların arasında olmuşdur. Anar onu görən kimi maaşlarının geçikdiyini, buna görə də İdarədə olan yanacaq və digər tikinti materiallarını götürüb satacağını və qazanc əldə edəcəyini demişdir. O, Anara etirazını bildirib, düzgün hərəkət etmədiyini demiş, buna görə Anarla aralarında mübahisə yaranmış, Anar yaxınlaşıb onun sifət nahiyyəsinə yumruq zərbəsi vurmağa cəhd etmiş, sonra gödəkçəsinin çiyin tərəfinə əl atıb gödəkçəsinin papağını dartıb cırmış, daha sonra qarın nahiyyəsindən bir təpik zərbəsi vurmuşdur. Anar ona tərəf sillə təpik zərbələri atsa da ətrafda olan işçilər araya girib onları ayırmışlar. Bundan sonra aralarında olan mübahisə sakitləşmişdir. O, Zərərçəkmiş şəxs nə yumruqla, nə də ki, təpiklə vurmamış, onu yerə yıxmamış və ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ondan hündür və fiziki cəhətdən güclü olduğundan ona xəsarət yetirə bilməzdi. Davadalaş zamanı o, özünü müdafiə etmişdir. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Xaçmaz rayonunun Qədəşoba kəndi ərazisində yerləşən 8 saylı X3 inzibati binasının qarşısında dayandığı zaman həmin idarənin işçisi Təqsirləndirilən şəxs İbrahim oğlu yaxınlaşıb heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Ceyhun orada çoxlu sayda işçilərin gözü qarşısında onun ünvanına nalayiq küçə söyüşləri söyərək yumruqla qarın nahiyyəsinə bir zərbə vurmuş, aldığı zərbənin təsirindən yerə yıxılmış, bundan sonra Ceyhun yumruqla çənəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Orada olan və hadisənin şahidi olmuş işçilərin müdaxiləsindən sonra Ceyhun hərəkətlərini dayandırmış, hətta bundan sonra Ceyhun yenidən cəhd etmişdir ki, onu döysün, lakin İdarənin həyətində olan işçilər buna imkan verməmişlər. Hadisə zamanı o, Ceyhuna xəsarət yetirməmiş, buna səbəb isə Ceyhunun onu qəflətən vurub yerə yıxması və bundan sonra isə onun ayağa qalxmasına imkan verməməsi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Məhkəmə-Tibbi ekspertiza Birliyinin Xaçmaz rayon şöbəsi aldığı xəsarəti sağlamlığa zərər vurmayan xəsarət kimi təyin etmişdir. Lakin sonradan ağrıları artdığından Bakı şəhərində “Modern Hospital”da müayindən keçmiş və müayinə nəticəsində 3-cü qabırğasında sınıq olması müəyyən edildiyindən təkrar tibbi ekspertizadan keçirilməsini istəmişdir. Bundan sonra təkrar ekspertizadan keçirilmiş və müayinə zamanı sağ tərəf qabırğasında sınığın olması müəyyən olunmuşdur. Ceyhunun onu döyməsini iş yoldaşları Şahid4, Şahid5, Şahid2, Cabbar Novruzov, Şahid1, Şahid3 görmüşlər və onun bu hərəkətləri təxminən 15 dəqiqə davam etmiş, idarənin iş rejimi pozulmuş, hadisədən idarənin kollektivi çox narahat olmuşlar. Təqsirləndirilən şəxs öz əməlini etiraf etmir, ondan üzr istəməmiş, hadisədən sonra da ona qarşı aqressiv davranmışdır. O, uzun müddət müalicə almış, maddi və mənəvi ziyan çəkmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx xxxxxx 2020ci il tarixdə saat təxminən 11 radələrində işlədiyi 8 saylı xüsusi təyinatlı yol idarəsinin qarşısında dalaşma səsləri eşitdiyindən ofisin pəncərəsindən həyətə baxmışdır. Bu zaman onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs sifətinə sillə ilə vurduğunu görüb, qapıdan çıxaraq İdarənin həyətinə gəlmişdir. Həmin vaxt Anarın yerdə uzanıqlı vəziyyətdə olduğunu, Ceyhunun isə Anarı təpiklə vurduğunu görmüşdur. Hadisə zamanı idarədə ondan başqa digər iş yoldaşları Əhməd, Vüqar, Cabbar, Məqsəd olmuşlar. Onlar da idarənin pəncərəsindən Ceyhunun Anarı döydüyünü, Anarın yerdə uzanıqlı vəziyyətdə Ceyhun tərəfindən təpiklənməsini görmüşlər. X8 əlindən aldıqdan sonra Ceyhun nalayiq söyüşlərlə Anarı təhqir etməyə başlamışdır. Ceyhunun Anarı döyməsi və nalayiq söyüşlərlə təhqir etməsi təxminən onların iş fəaliyyətini 20 dəqiqə dayandırmış və bundan çox narahat olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində o, işlədiyi 8 saylı xüsusi təyinatlı yol idarəsinin həyətində dalaşma səsləri eşitdiyindən İdarənin pəncərəsindən həyətə baxdıqda Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs sifətinə sillə ilə zərbə vurduğunu görmüşdür. Bundan sonra o, qapıdan çıxaraq ofisin həyətinə gəlmiş, həmin vaxt Anarın yerdə uzanıqlı vəziyyətdə olduğunu, Ceyhunun isə Anarı təpiklə vurduöunu görmüşdür. Ceyhunun Anarı döyməsi və nalayiq söyüşlərlə təhqir etməsi təxminən onların iş fəaliyyətini 20 dəqiqə pozmuş, bu hadisədən çox narahat olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində işlədiyi 8 saylı xüsusi təyinatlı yol idarəsinin həyətində dayandığı zaman bir qədər aralıda səs-küy gəldiyini eşidib həmin istiqamətə getdikdə iş yoldaşları Məqsəd, Nazim, Əhməd, Vüqar və Cabbarın digər iş yoldaşları Ceyhunla Anarı bir-birindən ayırdıqlarını, Anarın qarın nahiyyəsini tutaraq yerdə uzandığını görmüşdür. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində işlədiyi 8 saylı xüsusi təyinatlı yol İdarəsinin həyətində dayandığı zaman ondan bir qədər aralıda kimlərinsə ucadan danışıq səslərini eşitmiş və səs gələn istiqamətə getdikdə idarənin həyətində iş yoldaşları Anar və Ceyhunun bir-birinə qarşı nalayiq söyüşlər söydüyünü görmüş, Məqsəd, Nazim, Əhməd, Vüqar və Cabbarla birlikdə Ceyhunla Anarı sakitləşdirib ayırmışlar. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü görməmişdir. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloği Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin rəisi X1 göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun tərəfindən 2 dəfə müayinə olunmuş, 1ci müayinə üzrə rəyi gözlə görünən xəsarətlərə əsasən vermişdir. Həmin vaxt zərərçəkmiş şəxs müayinədən əvvəl Bakı şəhərində müayinədən keçdiyini, sənədi gətirəcəyini bildirmiş, lakin həmin sənəd gec gəldiyindən ilkin müayinə zamanı gözlə görünən xəsarətlərə görə rəy vermişdir. Bakı şəhərindən müayinə sənədi gəldikdən sonra əlavə ekspertizaya ehtiyac olduğundan Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərarına əsasən tərəfindən Zərərçəkmiş şəxs yenidən müayinə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə ekspertizaya Zərərçəkmiş şəxs adına tərtib edilmiş “Modern Hospital” Klinikasının xx.xx.2020-ci il tarixli, 204 nömrəli arayışı təqdim edilmişdir. Həmin arayışla müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə travmatoloqun müayinəsində olmuş və ona “Sağ Xİ qabırğanın sınığı, sağ darialtı nahiyyənin sağalmaqla olan hematoması diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə həmin klinikada çəkilmiş döş qəfəsi üzvlərinin rentgenoskapiyası zamanı sağ tərəfdən Xİ qabırğanın orta hissəsində sınığı qeyd edilmişdir. Modern Hospital” Klinikasının verdiyi müayinə arayışına əsasən həmin arayışda göstərilən diaqnozun nəticəsinə uyğun olaraq tərəfindən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərin– sağ tərəf Xİ qabırğanın sınığı, qarının sağ tərəfinin hematoma və sıyrığı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2019-cu il tarixə uyğun gəldiyi və həmin xəsarətlərin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aid olduğu rəyinə gəlmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid8 göstərdi ki, 8 saylı X7ndə yanacaq operatoru vəzifəsində işləyir. İşlədikləri idarədə bir neçə ay maaşları verilməmiş, buna görə İdarənin kollektivi xx xxxxxx 2019-cu il tarixdə idarənin Xaçmaz rayonu, Qadaş-oba kəndində yerləşən ofisinin qarşısına toplaşmışlar. Yük maşınlarından birinin sürücüsü olan iş yoldaşı Zərərçəkmiş şəxs da oraya gəlmişdir. Anar “əgər bizim maaşlarımızı vermirlərsə mən də İdarənin mənə təhkim etdiyi avtomobilin yanacağını satacağam” demişdir. Digər iş yoldaşı Təqsirləndirilən şəxs vəzifəsi isə avtomobillərə nəzarət etmək olmuşdur. Bu sözü deyən vaxt Ceyhun Anara bununla bağlı öz iradını bildirmişdir. Bundan başqa Ceyhun, Anarın etdiyi hərəkətlərin qanunsuz olduğunu nəzərinə çatdırıb Anarın barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Anar Ceyhunun yaxasından yapışmış və onlar əlbəyaxa olmuşlar. Lakin Ceyhun və Anarın bir-birilərinə yumruq təpik zərbələri vurmasını görməmiş, onların arasındakı mübahisəni öz iş yoldaşları sakitləşdirmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən 8 saylı xüsusi təyinatlı yol idarəsi MMC-nin işçiləri olan Şahid6 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstədiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yerdə yer torpaq, çınqıl daşlı olmaqla düz, quru və hamardır, hadisə yerindən 150 metr dağ istiqamətində İpək yolu keçir, dəniz istiqamətində isə MMC-yə məxsus yerdən olan inzibati bina yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs əli ilə göstərərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində həmin yerdə heç bir səbəb olmadan onunla iş yoldaşı olmuş Təqsirləndirilən şəxs ətrafda olan insanların qarşısında ünvanına nalayiq küçə söyüşləri ifadə edərək onu döymüşdür. Baxış zamanı hadisə yerində şübhə doğuran iz, predmet aşkar edilməmişdir. İş materiallarında olan “Modern Hospital” Klinikasının xx xxxxxx 2020-ci il tarixli, 204 saylı tibbi arayışından müəyyən olnur ki, Zərərçəkmiş şəxs həqiqətən xx xxxxxx 2020ci il tarixdə “Modern Hospital” Klinikasında travmatoloqun müayinəsində olmuş, müayinənin nəticəsinə əsasən ona “Sağ Xİ- qabırğanın sınığı. Sağ dərialtı nahiyyənin sağalmaqda olan hematoması” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli, 01/71 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ tərəf Xİ qabırğanın sınığı, qarının sağ tərəfinin hematoma və sıyrığı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Xaçmaz rayonu Qədəş-Oba kəndi ərazisində yerləşən 8 saylı X7 MMC-nin inzibati binasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək həmin İdarədə sürücü kimi işləyən Zərərçəkmiş şəxs əmək haqqının verilməsinin gecikməsi ilə bağlı İdarə etdiyi avtomobilin yanacağını satacağını deməsinə görə əsaslı səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadələr demiş, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək, həmin İdarədə işləyən kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri ilə bədən nahiyəsinə vuraraq ona sağ tərəf Xİ qabırğanın sınığı, qarının sağ tərəfinin hematoma və sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş və ictimai qaydanı kobud surətdə pozması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. X6 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsinin əsası kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qarşı hər hansı zor tətbiq etməməsi, onu yumruq və təpiklə vurmaması və bu kimi onun, təqdim etdiyi şahidlərin ifadələrində irəli sürdükləri dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Eyni zamanda, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin baraətverici əsaslarla cinayət işinə xitam verilməsi haqqında dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmuyu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1ci maddələri ilə tövsif olunmuşdur, onun əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. İş üzrə təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində özünü təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi zərərçəkmiş şəxsin, iş üzrə şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsin ihəll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməməklə zərərçəkmiş şəxslə barışıq əldə etməmiş və buna cəhd də göstərməmiş, onun hərəkətləri işlədiyi kollektivdə mənfi emosiyalar doğurmuş, zərərçəkmiş şəxs hazırda da şikayətçi olmaqla məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx xxxxx 2020-ci il tarixli prorotokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(067)- 78/2020 saylı və xx xxx 2020-ci il tarixli, 4(067)-86/2020 saylı qərarlarından, müstəntiqin təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən 15 gün müddətinə tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədrbirinin müddətinin uzadılmasından imtina edilməklə o, həbsdən azad edilmiş, xx xxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 14 gün müddətona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 10 (on) ay müddətə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza 10 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olduğu 14 (on dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar