Məhkəmə qərarları › İş №1(067)-104/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-104/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-104/2021 18.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X4, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mütəxəssis X3 iştirakı ilə xx xxxxxxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 68B, mənzil 13-də qeydiyyatda olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 03 iyun 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış narazılıq zamanı sonuncunu yumruqla bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol tərəf sifət nahiyəsinin şişkinlik və qançırı, döş qəfəsi nahiyəsinin qançırı, soldan 9,10,11-ci qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. iş üzrə Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2005-ci ildə ailə qurmuşlar və birgə nikah dövründə iki övladları vardır. Onun arvadı Könül Xaçmaz şəhərində yerləşən “VİP HOUSE” ticarət mərkəzində satıcı işləyir. Həmin vaxtdan Könülün onunla münasibəti dəyişmişdir. Bir neçə dəfə o, Könülün işdən çıxmasını istəsə də, sonuncu buna razı olmamışdır. 03 iyun 2021-ci il tarixdə kirayə evə çıxmaq üçün Könül ilə birlikdə evə baxmağa getmişlər. Bundan sonra onlar kirayədə qalacaqları evi təmizlədikdən sonra əşyaları gətirmək üçün öz evlərinə qayıtmışlar. Evə gəldikdən sonra o, Könülə kirayə evə çıxmaq istəmədiyini və çıxmaq istəyirsə Könülün özünün getməsini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmış və mübahisə zamanı o əsəbiləşərək Könülü vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra Könül özündən getmiş və o, Könülü qucağına götürərək divanda otuzdurmuşdur. Lakin bir qədər sonra Könül özünə gəlmiş və onun xəbəri olmadan evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Könül onun barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona sonradan məlum olmuşdur ki, o, Könülü vuran zaman sonuncunun sol tərəfdə bir neçə qabırğası sınmışdır. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslə mübahisələri yaşadıqları evin içərisində olmuş və o, zərərçəkmişi evin içərisində vurmuş, həmin vaxt evdə yalnız ikisi olmuşdur. Zərərçəkmiş şəxslə barışmalarına dair notarial qaydada təsdiqlənmiş ərizənin olmasını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İş üzrə Təqsirləndirilən şəxs onun əridir. Onlar 2005-ci ildə ailə qurmuşlar və birgə nikah dövründə iki övladları vardır. Əri Mübariz mütəmadi olaraq heç bir səbəb olmadan onunla münaqişə yaratmışdır. Əvvəllər də Mübariz onu bir neçə dəfə döymüş, lakin Mübariz uşaqlarının atası olduğu üçün barəsində heç yerə şikayət etməmişdir. Təxminən üç ay əvvəl onun böyrəklərində problem olduğu üçün əməliyyata getməli idi. Mübariz onu müalicə etdirmək istəmədiyi üçün o, atasının evinə getmiş və əməliyyat olunduqdan sonra Mübarizlə yaşadığı evə qayıtmışdır. 02 iyun 2021ci il tarixdə Mübariz ona kirayə ev tutduğunu demiş və onlar birlikdə həmin evə gedib evi təmizləmişlər. 03 iyun 2021-ci il tarixdə Mübariz ona demişdir ki, gedib ev əşyalarını kirayədə qalacaqları evə gətirsinlər. O da Mübarizə inanaraq sonuncu ilə razılaşmış və səhər saatlarında o, işdən icazə alaraq Mübarizlə birlikdə evə getmişlər. Evə çatan kimi Mübariz qapını içəridən bağlayaraq onu çölə çıxmağa buraxmadığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mübariz yumruqla onun sifət, sinə və qabırğa nahiyələrinə vurmuş və o özündən gedərək yerə yıxılmışdır. Həmin vaxt Mübariz onu yerdən qaldıraraq divana qoymuşdur. Daha sonra o birtəhər özünə gəlib evdən çıxmış və birbaşa Xaçmaz RPŞ-yə gedərək Mübarizin barəsində şikayət etmiş və oradan çıxıb xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, onun sol tərəfdən bir neçə qabırğası sınmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs onu yaşadıqları evin içərisində vurmuş, həmin vaxt evdə yalnız ikisi olmuşdur. İşin hazırkı məhkəmə iclasında ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X5 izahatında göstərdi ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailəli olmuş, təqsirləndirilən şəxs bacısı Könülü mütəmadi olaraq döymüş, sonuncu dəfə yaşadıqları evdə vuraraq səhhətinə zərər vurduğu üçün Könül bu barədə şikayət etmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin iş üzrə 05 avqust 2021ci il tarixə təyin edilmiş məhkəmə iclasınadək, yəni 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səhər saatlarında işə gedərkən sonuncunu Xaçmaz şəhərində yerləşən dəmir yolu vağzalının ərazisində bıçaq zərbələri ilə qəsdən öldürmüş, bununla bağlı da Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Baxmayaraq ki, bacısı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq ərizəsi vermişdir, Könül Təqsirləndirilən şəxs onu yenidən döyəcəyini, yaxud öldürəcəyini bilmiş olsaydı, təqsirləndirilən şəxslə barışmazdı, ona cəza təyin edilməsini xahiş edərdi. Bundan başqa, təqsirləndirilən şəxsin zərərçəkmişi öldürməsi onların barışmaması kimi qəbul edilməlidir. Ona görə də o, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsinin nəzərə alınmamasını, həmçinin zərərçəkmiş şəxsin öldürülməsi səbəbindən zərərçəkmiş şəxsin məhkəmə iclasında çıxış nitqi edə bilməməsini də nəzərə alaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli “şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək həmin tarixdə saat 10 radələrində yaşadıqları ünvanda əri Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan yumruqla sifət və qarın nahiyələrinə vuraraq xəsarət yetirdiyini bildirmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 14:26 radələrində Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “sol tərəfdən 9, 10, 11-ci qabırğalarının qapalı yerdəyişən sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin onu saat 10 radələrində ərinin döydüyünü bildirməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 04 iyun 2021-ci il tarixli, 288 №-li rəyindən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol tərəf sifət nahiyəsinin şişkinlik və qançırı, döş qəfəsinin qançırı, soldan 9,10,11-ci qabırğaların yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti 03 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-cimaddəsi ilə tövsif olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 03 iyun 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış narazılıq zamanı sonuncunu yumruqla bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol tərəf sifət nahiyəsinin şişkinlik və qançırı, döş qəfəsi nahiyəsinin qançırı, soldan 9,10,11-ci qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 31 iyul 2021-ci il tarixli, 76 nömrəli məktubundan müəyyən edilir ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs meyiti 30 iyul 2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilmiş, onun meyiti üzərində aşağıdakı xəsarətlər – döş qəfəsində döş boşluğuna nüfuz edib ağ ciyər paylarının və qara ciyərin zədələnməsindən kəskin qanitirməyə səbəb olmuş çoxlu sayda deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir. İlkin olaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümünə səbəb döş boşluğu üzvlərinin (ağ ciyər paylarının və qara ciyər) zədələnməsindən baş vermiş kəskin qanitirmə ola bilərdi. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 31 iyul 2021-ci il tarixli, 4(067)-93/2021 saylı qərarından müəyyən edilir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi ittihamı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon prokurorluğunun həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatı təmin edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxsin barəsində hazırkı iş üzrə cəza təyin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Xaçmaz Peşə liseyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən Xaçmaz Peşə liseyinin şagird yataqxanasında yaşayan iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda özünü sakit aparır, qonşular ilə münasibəti müsbətdir. Arabir həyat yoldaşı ilə arasında söz-söhbət olur və bu barədə profilaktik söhbətlər aparılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə ödənilməklə 10 (on) ay islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarının 1.4-cü bəndinə əsasən həmin cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halların olmamasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə sonuncunun zərərçəkmişi öldürməsi səbəbindən barışmadığını və təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar