Məhkəmə qərarları › İş №1(067)-104/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-104/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-104/2023 27.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Xaçmaz rayonunun Tağar-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayonunun Tağaroba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, 61-ci kvartal X4, «Grand OİL» YDM-nin arxasında yerləşən yaşayış olmayan evinə pəncərədən qanunsuz daxil olaraq 01 ədəd 80 manat dəyərində «PNTA» markalı Türkiyə istehsallı isti qadın poltosunu, 01 ədəd 120 manat dəyərində «Evrolux» markalı işlənmiş tozsoranı, 01 ədəd 150 manat dəyərində «Samsung» markalı işlənmiş tozsoranı, 01 ədəd 80 manat dəyərində «Güven» markalı 20 litirlik su qızdırıcısını, 10 ədəd hər birinin qiyməti 48 manat olmaqla ümumi dəyəri 480 manat olan «VAL PAPER» markalı divar kağızlarını, 01 ədəd 160 manat dəyərində işlənmiş «BOSH» markalı əl mişarını, 01 ədəd 30 manat dəyərində «MAKOTA» markalı işlənmiş direli, 01 ədəd 30 manat dəyərində «FİRATTİME» markalı boru birləşdirən ütünü, 01 ədəd 50 manat dəyərində «MARQUS» markalı su matorunu, 01 ədəd 20 manat dəyərində «OSK» markalı su qovucunu, 02 ədəd hər biri 20 manat olmaqla 40 manat dəyərində «YAŞ» markalı su kranlarını və 6 persona 50 manat dəyərində «KARACA» markalı Türkiyə istehsallı boşqab dəstini oğurlamaqla sonuncuya ümumilikdə 1290 manat ziyan vurmuş, bununla da o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də iş üzrə zərərçəkmiş şəxsin evinə gizli daxil olaraq oğurluq etmişdir. Lakin o, zərərçəkmişin evindən yalnız su qızdırıcısını və iki ədəd kranı oğurlamış, həmin əmlaklar da zərərçəkmişin özünə qaytarılmışdır. O, zərərçəkmiş şəxsin bildirdiyi, ittiham aktında qeyd olunan digər əmlakları isə oğurlamamışdır. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Həmin vaxt o spirtli içki qəbul edərək sərxoş olduğundan zərərçəkmiş şəxsin evini yolüstü görmüş və daxil olaraq oğurluq etmişdir. O, həmin evin yanından keçəndə yaşayış olmadığını başa düşmüşdür. O, zərərçəkmiş şəxsin evindən oğurluğu keçən ilin oktyabr ayında etmişdir. O, zərərçəkmiş şəxsə məxsus evdən oğurluğu tək etmişdir, ora kimləsə getməmiş, zərərçəkmiş şəxsin evinə pəncərəni şüşəsini sındıraraq daxil olmuşdur. O, zərərçəkmiş şəxsin evindən yalnız təzə, 20 litlik su qızdırıcısını və 02 ədəd təzə kran oğurlamış, qalan əmlakları isə oğurlamamış, o, su qızıdırıcısını Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanıdığı şəxsə əlli manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmiş,sonradan isə həmin qızdırıcı satdığı şəxsdən təhvil alınaraq zərərçəkimişə qaytarılmışdır. O, ittihamda sadalanan, lakin onun oğurlamadığı əmlaklardan tozsoranı oğurluq etdiyi zaman zərərçəkmişin evində görmüş, səhv etmirsə qırmızı rəngdə olmuşdur. Lakin onun tozsoranı götürməsinə heç bir zərurəti olmamışdır. Bundan başqa, o, sadalanan əmlakları avtomobilsiz, hasardan keçirərək apara bilməzdi. Şahid2 iş materiallarında olan ifadəsində xx.xx.2022-ci il tarixdə onun Şahid2 avtomobili ilə kisədə metal qəbulu məntəqəsinə metal aparmasına dair bildirdiyi xüsusatla razı deyildir, belə ki, həmin xüsusatın hazırkı işlə əlaqəsi yoxdur, o, metal alıb-satmaqla da məşğul olduğu üçün yay aylarında həmin şəxsin avtomobili ilə metal qəbulu məntəqəsinə metal aparmışdır, o, Şahid2 oğurladığı iki ədəd su kranını vermişdir. Onun bir uşağı var, lakin hazırda subaydır. O, törətdiyi cinayət əməlindən peşman olduğunu, həbsdə saxlanıldığından zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilmədiyini, azadlıqda olardısa, zərəri ödəyə biləcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Kosmonavt” hərbi şəhərciyi ev 2-də yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Lakin harada iş olsa işləyib ailəsinin dolanmasına köməklik edir. 09 oktyabr 2022-ci il tarixdə işləmək üçün Xaçmaz rayonuna gəlmişdir. Xaçmaz şəhərində iki günlük olmaqla hər günü 20 manata iş tapıb tanımadığı usta ilə fəhlə kimi işləmişdir. 11 oktyabr 2022-ci il tarixdə zəhmət haqqını alandan sonra Xaçmaz şəhərində, Bakı prospektindəki avtomobil dairəsi yaxınlığındakı kafelərdən birində oturub çörək yemiş, spirtli içki qəbul etmişdir. İçkili olduğu üçün fəhlə kimi işlədiyi əraziyə gəlmiş və orada yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 02 radələrində həmin ərazidəki evlərdən birinin işıqlarının yanmadığını görmüş, həmin evdə yaşayış olmadığını bilmişdir. Ona görə də daş hasarın üstünə qalxıb oradan həyətə keçmiş, sonra evin yan tərəfindəki pəncərələrdən birinin şüşəsini əli ilə vurub sındırmışdır. Şüşə qırılanda əlini də kəsmişdir. Sonra sınmış şüşədən əlini salıb pəncərəni açaraq içəri daxil olmuşdur. Əvvəlcə otaqları gəzmiş, otaqlarda təmir işi getdiyi üçün heç nə olmamışdır. Sonra birinci mərtəbədəki mətbəx kimi nəzərdə tutulan otaqda divan olduğunu görüb bir qədər həmin divanda dincəlmişdir. Sonra da yerdə bir ədəd su qızdırıcısının olduğunu görmüşdür. Həmin qızdırıcının yanında iki ədəd su kranları da olmuşdur. O, su qızdırıcısını və iki ədəd kranları oradan götürüb kapron kisəyə qoyub pəncərədən çıxmış, Xudat taksiləri dayanan əraziyə gəlmişdir. Əvvəlcə həmin su qızdırıcısını Xudat şəhərində aparıb satmaq istəmişdir. Xaçmaz şəhəri köhnə avtovaqzal ərazisində Xudat taksilərindən birinə əyləşib Xudat şəhərinə gəlmiş, hava işıqlanana kimi Xudat şəhərində gözləmiş, lakin su qızdırıcısını orada satmaq fikrindən daşınmışdır. Həmin vaxt Bakı şəhərinə yola düşən mikroavtobusun olduğunu görüb həmin mikroavtobusa əyləşmiş, yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gəlmişdir. Zeynalabdin qəsəbəsində Dəmir yol yaşayış massivində avtobusdan düşüb tikinti materialları satılan mağazaya gəlmişdir. Orada işləyən satıcıya həmin su qızdırıcısını satmaq üçün təklif etmişdir. Lakin həmin satıcı su qızdırıcısını almamışdır. Satıcıdan bir neçə saatlıq əşyalarını onun yanında qalmasını xahiş etmişdir. Özü isə Zeynalabdin qəsəbə bazarının qarşısına gəlmişdir. Bazardakı mağazadan siqaret və QO içkisi alıb çıxanda orada dayanan Qaz 24 markalı taksiyə yaxınlaşıb sürücüyə təklif etmişdir ki, satılıq su kranları var. Sürücü Şahid2 kranların haradan olduğunu soruşanda bildirmişdir ki, işlədiyi yerdən pul əvəzinə vermişlər. Sürücü həmin kranları 10 manata istəmişdir. O, 10 manata satmadığı üçün sonradan 15 manata razılaşaraq kranları taksi sürücüsünə satmışdır. Oradan tanışı Rinat adlı şəxsin işlədiyi emalatxanaya gəlmişdir. Rinata bir neçə gün fəhlə kimi işlədiyini, pulunun əvəzinə ona bir ədəd su qızdırıcısı verdiklərini demiş, ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Rinat həmin qızdırıcını görmədən almayacağını bildirəndən sonra marşurut avtobusu ilə gəlib həmin su qızdırıcısını götürmüş və su qızdırıcısını Rinatın yanına gətirmişdir. Rinat ondan həmin su qızdırıcısını neçəyə satmaq istədiyini soruşanda o, həmin qızdırıcını 50 manata satmaq istədiyini bildirmişdir. Sonra Rinatla razılaşıb su qızdırıcısını 40 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. 30 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanda ona məlum olmuşdur ki, Xaçmaz rayonunda evdən oğurluq etməyini müəyyən etmişlər. Ona görə də etdiyi əməlini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, orta məktəbdə coğrafiya müəllimi işləyir. Onun eşitdiyinə görə təqsirləndirilən şəxs sonuncunun oğurluq etdiyi ona məxsus evin yerləşdiyi ərazidə, onun həmin evinin yaxınlığında usta yanında fəhlə kimi işləmişdir. Yəni o, hesab edir ki, təqsirləndirilən şəxs ona məxsus evi təsadüfən görərək oğurluq etmək qərarına gəlməsini yalan demişdir. Belə ki, onlar həmin evində hər günün müəyyən hissəsində olmuşlar, təqsirləndirilən şəxs də onların nə vaxt həmin evdə olmadıqlarını bilmişdir. O, həmin əmlaklar oğurlanmazdan bir gün əvvəl həmin evində olmuş, səhəri gün həmin evə gəldikdə isə divanın üzərinin, yerin qan ləkələri olduğunu, pəncərənin sındırıldığını, geyimin, tozsoranların, su qızıdırıcısının, divar üzlüyü kağızlarının, “laqondanın”, direlin, plastik boruların birləşdirilməsi üçün olan ütünün, su nasosunun, su qovucunun, su kranlarının, qab-qacaq dəstinin isə oğurlandığını görmüşdür. Təqsirləndirilən şəxsin ona vurduğu ziyanın məbləğinin 1290 manat olmasına etirazı yoxdur. Təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı hazıradək ona heç bir məbləğdə vəsait ödəməmişdir. Təqsirləndirilən şəxsin oğurladığı, ona məxsus 01 ədəd təzə, istifadə olunmamış 20 litr həcmli “Güven” markalı su qızdırıcısı ibtidai istintaq zamanı tapılaraq polis tərəfindən ona qaytarılmışdır. Hazırkı iş üzrə ona vurulmuş ziyanla bağlı təqsirləndirilən şəxs tərəfindən ona hər hansı müraciət edilməmiş, barışıq üçün heç bir hərəkət edilməmişdir. O, vurulmuş ziyanı tələb edir, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə verir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Aşağı Zeyid kəndində ailəsi ilə birlikdə yaşayır. Xaçmaz rayonu Əbilyataq kənd tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Xaçmaz şəhəri 61-ci kvartal X4 özünə məxsus fərdi yaşayış evi vardır. Həmin ev tam hazır olmadığı üçün orada yaşayış yoxdur. 11 oktyabr 2022-ci il tarixdə, təxminən saat 17 olardı bəzi ev əşyalarını gətirib həmin evə qoyandan sonra qapıları bağlayıb çıxıb getmişdir. 12 oktyabr 2022-ci il tarixdə, saat 08 də evin həyətinə girəndə evin pəncərəsinin şüşəsinin sınıq olduğunu görmüş, evin giriş qapısını yoxlayanda qapı bağlı olmuşdur. Qapını açıb içəri daxil olanda evindən oğurluq olunmasını bilmiş və dərhal istifadəsində olan ***-***-**-** nömrəsindən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra evinə Xaçmaz RPŞ-nin əməkdaşları gəlmiş və müayinə zamanı ona məlum olmuşdur ki, evindən arvadına məxsus «PNTA» markalı, Türkiyə istehsallı isti qadın poltosu, bir ədəd «Evrolux» markalı işlənmiş tozsoran, bir ədəd «Samsunq» markalı işlənmiş tozsoran, 1 ədəd «Güven» markalı 20 litirlik təzə su qızdırıcısı, 10 ədəd «VAL PAPER» markalı divar kağızı, 1 ədəd «BOSH» markalı işlənmiş elektrikli əl mişarı, bir ədəd «MAKOTA» markalı işlənmiş direl, bir ədəd işlənmiş plastik «FİRATTİME» markalı boru birləşdirən ütü, bir ədəd «Marqus» su matoru, bir ədəd «OSK» markalı su qovucu, 2 ədəd «YAŞ» markalı su kranları və 6 persona «KARACA» markalı türkiyə istehsallı boşqab dəsti oğurlanmışdır. Bununla bağlı ərizə də vermiş və tərtib olunmuş protokolu imzası ilə təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndiirlən şəxslə qonşuluqda, eyni qəsəbədə yaşayır. O, metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi məntəqəyə su qızdırıcısını gətirmiş, o da həmin su qızdırıcısını alaraq qəbul etmişdir. Həmçinin bildirdi ki, o, hazırda təqsirləndirilən şəxsdən həmin su qızdırıcısını hansı qiymətə aldığını xatırlamır, lakin bu barədə onun alqı-satqı jurnalında qeyd vardır. Metal qəbulu məntəqəsinə metal gətirərək verən şəxslərdən şəxsiyyət vəsiqəsi götürülür, metalın oğurluq olub-olmaması soruşulur. Təqsirləndirilən şəxsdən də həmin əşyanın oğurluq olub-olmamasını soruşmuş, təqsirləndirilən oğurluq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin satdığı su qızdırıcısı polis tərəfindən ona oğurluq olduğu bildirildikdən sonra həmin əşyanı polis əməkdaşlarına təqdim edərək vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi ev 17, mənzil 38-də yaşayır. 2021-ci ildən Sumqayıt şəhəri Zeynalabdin qəsəbəsi Bələdiyyəsində fəhlə işləyir. Eyni zamanda Zeynalabdin qəsəbə bazarının arxasında dəmir qəbulu məntəqəsi də var. Təqsirləndirilən şəxs əvvəllər də qonşu kimi tanımış, aralarında münasibətləri yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. 12 oktyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs yanına gəlmiş, təzə su qızdırıcısı satmaq istədiyini bildirmişdir. O, Ramildən su qızdırıcısını haradan əldə etdiyini soruşmuşdur. Ramil həmin su qızdırıcısını Xaçmaz rayonunda işlədiyi yerdən ev sahibi ona 50 manat pul əvəzinə verdiyini demişdir. O, Ramilə inanmışdır. Belə ki, Ramilin harada iş düşsə fəhlə kimi işlədiyini bilmişdir. O, Ramildən su qızdırıcısını neçəyə satmaq istədiyini soruşanda Ramil su qızdırıcısını 50 manata satmaq istədiyini demişdir. Lakin o, Ramillə 40 manata razılaşmış və həmin 20 litirlik «Güvən» markalı su qızdırıcını almışdır. Lakin həmin ərəfələrdə işləri çox olduğu üçün su qızdırıcısını quraşdıra bilməmişdir. Bir neçə gün sonra yanına polis əməkdaşları gəlib bununla bağlı soruşanda o, Təqsirləndirilən şəxs 20 litirlik «Güvən» markalı su qızdırıcısını 40 manata aldığını etiraf etmiş və polis əməkdaşlarına təqdim etmişdir. Şahid2 Əlamdar oğlu məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Əlamdar oğlunun ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Gənclik küçəsi ev 12, mənzil 26-da yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus Qaz 24 markalı, **-CS-*** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandınr. Təqsirləndirilən şəxs əvvəllər nə tanımamış, nə də ki, heç bir münasibəti olmamışdır. 12 oktyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində özünə məxsus avtomobillə Zeynalabdin qəsəbəsində «Tosoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı tikinti materialları mağazasının qarşısında dayanıb müştəri gözləyirmiş. Bu zaman Təqsirləndirilən şəxs əlində iki kisə ilə ona yaxınlaşmışdır. Ramil xahiş etmişdir ki, onu metal qəbulu məntəqəsinə aparsın, əlindəki dəmirləri təhvil verəcək. O, razılaşmış və Ramili Zeynalabdin qəsəbəsindəki iki metal qəbulu məntəqəsinə aparmışdır. Lakin Ramil heç nə sata bilməmişdir. Sonra da xahiş etmişdir ki, onu Rinat adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparsın. O, yenə də etiraz etməyib Ramili Rinat adlı şəxs işləyən metal qəbulu məntəqəsinə gətirib düşürəndə pulunu istəmişdir. Ramil metallardan sata bilmədiyi üçün pulu olmadığını, dəmirləri satandan sonra gətirib pulunu verəcəyini demişdir. Hətta ona təklif etmişdir ki, onda olan satılıq mallardan götürsün. O, Ramildən nə satdığını soruşanda Ramil ona bir neçə ev əşyaları olduğunu, belə ki, su qızdırıcısını, qab-qacağı və dlirel təklif etmişdir. O, Ramilə heç nə almaq istəmədiyini bildirəndə Ramil kisənin içərisindən iki ədəd su kranlarını çıxarıb ona vermiş və taksi pulu əvəzinə götürməsini demişdir. O, razı olmamış, lakin Ramil düşəndə iki ədəd su kranını oturacağın üzərinə qoyub avtomobildən düşəndə Ramilə yol haqqı olaraq bunun çox olduğunu deyib Ramilə 10 manat pul vermişdir. Sonra həmin su kranlarından istifadə etməyə ehtyac olmadığı üçün kiməsə vermişdir. Lakin dəqiq olaraq kimə verməsini xatırlamadığını bildirmişdir. Sonradan bilmişdir ki, Ramil su qızdırıcısını Rinat adlı şəxsə satmışdır. Polis əməkdaşları onu çağıranda Ramilin oğurluq etdiyini bilmiş və bununla bağlı olanlar barədə bildiklərini göstərmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli raportdan və həmin tarixli şifahi ərizə protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:15 radələrində DİN-nin 102 xidmətinə zəng edərək və Xaçmaz RPŞ-yə müraciət edərək, Xaçmaz rayonu, 61-ci kvartal adlanan X4 ona məxsus olan, təmir işləri aparılan fərdi yaşayış evindən naməlum şəxs və ya şəxlər tərəfindən pəncərənin şüşəsini sındıraraq daxil olmaqla həmin evdən geyimin, tozsoranların, su qızıdırıcısının, divar üzlüyü kağızlarının, “laqondanın”, direlin, plastik boruların birləşdirilməsi üçün olan ütünün, su nasosunun, su qovucunun, su kranlarının, boşqab dəstinin oğurlanması barədə məlumat vermiş, həmin şəxs və ya şəxslərin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin o, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrinədək həmin evində təmir işləri gördüyünü qeyd etmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz şəhəri, 61-ci kvartal X4 «Grand OİL» YDM-nin arxasında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyəti hər tərəfdən mişar daşı ilə hasarlanmış ev mişar daşından inşa edilmişdir. Ev həyətə giriş qapısından sağ tərəfdə inşa edilmişdir. Həyətə girişdən evin sağ tərəfindəki plastik pəncərənin şüşəsi sındırılmış vəziyyətdə olması müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs evinə həmin şüşəsi sındırılmış pəncərədən daxil olunduğunu və evindən arvadına məxsus 01 ədəd isti qadın poltosu, 01 ədəd «Evrolux» markalı tozsoran, 01 ədəd «Samsunq» markalı tozsoran, 01 ədəd 20 litrlik «Güven» markalı su qızdırıcısı, 10 ədəd divar kağızı, 01 ədəd elektrikli əl mişarı, 01 ədəd direl, 01 ədəd plastik boru birləşdirən ütü, 01 ədəd «Marqus» su matoru, 01 ədəd su qovucu, 02 ədəd su kranları və boşqab dəstinin oğurlandığını bildirmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, avtomobil ilə Təqsirləndirilən şəxs ilə birlikdə, iş üzrə zərərçəkmiş şəxsin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin göstərdiyi istiqamətdə Xaçmaz rayonunun Qobuqıraq kəndi ilə üzbəüz yerləşən yeni yaşayış massivinə gedilmiş, Təqsirləndirilən şəxs «Qrand Oil» yanacaq doldurma məntəqəsinin arxasındakı küçədə avtomobili saxlatdırb istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində gəlib qeyd olunan ünvandakı evin həyətinə daxil olaraq evin pəncərəsinin şüşəsini sındırıb içəri daxil olmuşdur. Şüşəni sındırarkən əli kəsilərək qanamışdır. O, əvvəlcə əlini sarıdıqdan sonra mətbəx üçün nəzərdə tutulan otaqdakı divanda bir qədər istirahət etmiş, sonra da evin otaqlarını gəzmişdir. Evin otaqlarını gəzərkən evin dəhlizindəki yerdən bir ədəd «Güvən» markalı su qızdırıcısını, daha sonra mətbəxdəki masanın üzərində olan su kranlarını götürüb çıxmışdır. Evdəki otaqlarda başqa əşyalar olsa da, başqa heç nə götürməmişdir. Bundan sonra həmin evdən oğurladığı əşyaları da götürüb çıxıb getmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs oğurlanmış əmlaklardan 01 ədəd “Güven” markalı su qızıdırıcısı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinin qarşısında Şahid1 tərəfindən təqdim edilmiş, sonuncu həmin su qızdırıcısını Təqsirləndirilən şəxs pul ilə aldığını, Təqsirləndirilən şəxs həmin su qızdırıcısını fəhlə işlədiyi yerdə əlli manatın əvəzinə verildiyini ona deməsini bildirmiş, Təqsirləndirilən şəxs da Rinat Əlövsətoviçin bildirdiklərini təsdiq etmişdir. Qeyd olunan 01 ədəd “Güven” markalı su qızıdırıcısı maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli, 9/600 nömrəli ekspert rəyindən müəyyən edilir ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqısatqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza təyini haqqında qərarda göstərilən mallann orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd «PNTA» markalı Türkiyə istehsallı isti qadın poltosu 80 manat; 01 ədəd «Evrolux» markalı işlənmiş tozsoran 120 manat; 01 ədəd «Samsung» markalı işlənmiş tozsoran 150 manat; 01 ədəd «Güven» markalı 20 litirlik təzə su qızdırıcısı 80 manat; 01 ədəd işlənmiş «BOSH» markalı işlənmiş əl mişarı 160 manat; 01 ədəd «MAKOTA» markalı işlənmiş direl 30 manat; 01 ədəd «FİRATTİME» markalı boru birləşdirən ütü 30 manat; 01 ədəd «MARQUS» markalı su matoru 50 manat; 01 ədəd «OSK» markalı su qovucu 20 manat; 02 ədəd «YAŞ» markalı su kranı, hər biri 20 manat olmaqla 40 manat; 06 persona «KARACA» markalı Türkiyə istehsallı boşqab dəsti 50 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 810 manat müəyyən edilir. Digər, divar kağızları haqqında kifayət qədər məlumat (ölçüləri) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan 25 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış, lakin məhkəməəmtəəşünaslıq ekspertizası zamanı nəzəri hesablama yolu ilə qiymətləndirilməmiş 10 ədəd “VAL PAPER” markalı divar kağızlarının hər birinin qiymətinin zərərçəkmiş şəxsin bildirməsinə əsasən 48 manat olmaqla, ümumi dəyərinin 480 manat olması qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Şahid1 və Şahid2 Əlamdar oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1 və 307-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evindən yalnız 01 ədəd təzə “Güven” markalı su qızdırıcısını və 02 ədəd təzə su kranlarını oğurlaması, digər əşyaları isə oğurlamadığı və həmin əşyalarla bağlı məlumatının olmaması barədə ifadəsində bildirdiyi xüsusata tənqidi yanaşaraq, bu xüsusatı təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Ləcət kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Tağaroba kəndində qeydiyyatda olsa da, həmin ərazidə yaşamır. O, orta təhsilli və subaydır. O, həmin kənddə yaşadığı müddətdə barəsində Nümayəndəliyə heç bir sorğu, şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı aradan qaldırmaması və barışıq əldə etməməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həmin növ cəzanın ən aşağı həddə təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(067)211/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan və 01 dekabr 2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 01 ədəd 20 litr həcmli, “Güven” markalı su qızdırıcısı ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs özünə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut - 01 ədəd 20 litr həcmli, “Güven” markalı su qızdırıcısının ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd 20 litr həcmli, “Güven” markalı su qızdırıcısının ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar