Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-104/2024 29.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə işləməyən, subay, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Ə.Quliyev küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 15 yanvar 2024-cü il tarixdə, saat 21:40-21:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı 01 ədəd sellofan bükümdə 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş heroin narkotik vasitəsini yol ilə gedərkən təsadüfən yerdən şprislərlə birlikdə taparaq özü ilə götürüb üzərində saxlamış, bir qədər yol getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmışlar və üzərində saxladığı həmin heroin narkotik vasitəsi aşkar edilmişdir. Həmçinin məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, o, əvvəllər də heroin narkotik vasitəsindən istifadə etmiş, hazırkı iş üzrə tapdığı bükümdəki kütlənin də heroin narkotik vasitəsi olduğunu tanıyaraq götürmüşdür. O, əvvəllər narkotik vasitəni Bakı şəhərindən olmaqla onlayn (internet üzərindən) əldə etmişdir. O, yerdən bir ədəd sellofan bükümü və 02 ədəd şprisi tapmışdır. O, sellofan büküm şəffaf olduğundan içərisindəki kütlənin torpaq rəngində olduğunu görmüş, onun heroin olduğunu ehtimal etmiş, lakin həmin vaxt açaraq içərisinə baxmamış, bir qədər getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. O, iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini qismən təsdiq edir, belə ki, o, həmin ifadəsində birmənalı olaraq heroin tapdığını bildirməmişdir, çünki o, həmin kütlənin heroin olub-olmamasını yoxlamağa imkan tapmamış polis tərəfindən saxlanılmışdır. O, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə tərqsirli bilinib məhkum edilmişdir. Onun 2-ci qrup əlilliyi vardır, ağrıları olduğu üçün narkotik vasitədən istifadə edir. Əlavə olaraq bildirdi ki, ona heç bir təzyiq göstərilməmiş, üzərinə narkotik vasitə qoyulmamışdır. Onun üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olması barədə heç bir etirazı yoxdur. Barəsində veriləcək cəzanı hakimin daha yaxşı bildiyini, hakimin humanist qərar verəcəyini bildirir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təxminən 4-5 ay olar ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. 15 yanvar 2024-cü il tarixdə, təxminən saat 11 radələrində evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Ə.Quliyev küçəsi ilə gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində 02 ədəd bir millik şprislər və başqa bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı şprisləri və heroini atmamış və əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra o, piyada Xaçmaz şəhəri, R.Behbudov küçəsinə getmişdir. 15 yanvar 2024-cü il tarixdə, təxminən saat 20:55 radələrində Xaçmaz şəhəri, R.Behbudov küçəsində olarkən tapdığı heroini cibindən çıxarmışdır ki, hazırlayıb istifadə etsin. Cibində olan heroini istifadə etmək məqsədilə çıxararkən polis əməkdaşlarının gəldiklərini görüb həyəcan keçirmiş və tələsik halda sellofan bükümdə olan heroini və şprisləri əynində olan gödəkçənin sol iç cibinə qoymuşdur. Polis əməkdaşları onun həyəcanlı olduğunu hiss edib ona yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra ondan narahatlığının səbəbini soruşmuşlar. O, hiss etmişdir ki, polis əməkdaşları əlində tutduğu şprisləri və heroini cibinə qoyduğunu görmüşlər. Ona görə də məcbur olub üzərində heroin olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Sözlərindən sonra polis əməkdaşları onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı iki ədəd bir millik şprisləri və 01 ədəd sellofan bükümü çıxarıb müstəntiqə təqdim edərək tapdığını, özünə məxsus olduğunu, əvvəllər narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Müstəntiq onun təqdim etdiyi sellofan bükümdə olan qəhvəyi rəngli toz şəkilli maddəni, yəni heroini elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə heroinin çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş 02 ədəd bir millik şprislər və 01 ədəd sellofan bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş şprislərin və heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini isə 15 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhəri, Ə.Quliyev küçəsində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən o, həyəcanlı olmuşdur. Həmin vaxt müstəntiq ondan narkotik vasitə istifadə edib- etmədiyini soruşmuş, o da ona narkotik vasitədən istifadə etmədiyini, əvvəllər narkotik vasitədən istifadə etdiyini bildirmişdir. O, təxminən 4-5 ay olar ki, narkotik vasitə olan heroindən istifadə etmiş, 15 yanvar 2024-cü il tarixdə də o, tapdığı heroindən istifadə edərkən polis əməkdaşları gəlib onu görmüşlər və o, üzərində narkotik vasitə olduğunu etiraf etdiyinə görə polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 15 yanvar 2024-cü il tarixdə, təxminən saat 20:55 radələrində Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2la birlikdə Xaçmaz şəhəri, R.Behbudov küçəsində xidmətdə olarkən Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs hamin küçədə dayandığını görüb ona yaxınlaşanda sonuncunun əlində şprislər və başqa büküm olduğunu görmüşlər. Təqsirləndirilən şəxs onları görən kimi həyəcanlı halda əlində tutduğu şprisləri və sellofan bükümü əynində olan gödəkçənin sol iç cibinə qoymuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildiklərinə və hərəkətlərindən narkotik təsiri altında olması hiss edildiyinə görə ona yaxınlaşaraq özlərini təqdim edib həyəcanlı olmasının səbəbini və cibinə qoyduqlarının nə olduğunu soruşduqda o, üzərində heroin olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞ-nə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə gətirilməsi ilə bağlı o, raport yazmış və bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rəşad Babayevə həvalə olunmuşdur. Xaçmaz Rayon Polis Şöbəsində müstəntiq Rəşad Babayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra müstəntiq X11 Nuriyevə təklif etmişdir ki, üzərində narkotik vasitə varsa özü təqdim etsin. Müstəntiqin təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən iki ədəd bir millik şprisləri və bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək tapdığını, özünə məxsus olduğunu, əvvəllər narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddənin sellofanla birlikdə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq Rəşad Babayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddə və 02 ədəd bir millik şprislər müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Cahangir Ağayev tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Həmçinin məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi saxlayarkən videoçəkilişlə üzərində axtarış keçirilərkən üzərindən aşkar olunmuş kütlənin özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən axşam saat 09 radələri olmuş, hava qaranlıq olsa da, təqsirləndiriləni saxladıqları yerdə küçə işıqları olmuşdur. Onlar təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında yaxınlaşaraq saxlamamışlar, təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olduğunu əvvəldən bilmişlər, həmin gün isə xidmətdə olmuşlar, bu zaman təqsirləndirilən şəxsin əlində şpris olduğunu, sonuncunun onları görərkən əlindəki bükümü cibində gizlətməsini görərək şübhələnmişlər. Təqsirləndirilən şəxs onları görərkən qaçmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, həmin PŞnin NMQ-nun əməliyyat müvəkkili X5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd bir millik şprisləri və 01 ədəd sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş şprisləri və sellofan bükümdə olan qəhvəyi rəngli maddəni tapdığını, narkotik vasitə olmasını bildiyini və üzərində gəzdirdiyni bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərində başqa heç nə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan qəhvəyə rəngli maddə elektron tərəzinin üzərinə qoyulub çəkilir və həmin qəhvəyi rəngli maddənin sellofanla birlikdə çəkisinin 0,46 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qəhvəyi rəngli maddə və 02 ədəd bir millik şprislər özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Cahangir Ağayev tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/260 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58...” dairəvi möhür əksi və “...beş-imza, müstəntiq: R.Babayev – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,451 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 ədəd 1 ml boş şprislərdə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,401 qram təşkil etmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və “Sübutların qiymətləndirilməsi barədə” 02 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,451 qram təşkil etmiş heroin narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,401 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 19 mart 2024-cü il tarixli, 1859 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 02 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,451 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Ünvanda yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair sənəddən, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyi olmaqla 2-ci dərəcəli əlilliyi vardır. (qiymətləndirmə tarixi xx.xx.2022; əlillik müddəti xx.xx.2024) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 17 yanvar 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,401 qram heroin narkotik vasitəsi və 02 ədəd 1 ml-lik şprislər Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,401 qram heroin narkotik vasitəsi və 02 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,401 qram heroin narkotik vasitəsi və 02 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-104/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-104/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver