Məhkəmə qərarları › İş №1(067)-105/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-105/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-105/2020 19.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, məhkumluğu olmayan, Xaçmaz şəhəri S.Mehmandarov küçəsi ev 30-da pasport qeydiyyatında olmaqla, S.Mehmandarov küçəsi ev 30, mənzil 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 14,772 qram narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Qayalı Market” ərzaq mağazasının qarşısında saxlanılaraq Xudat PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, S.Mehmandarov küçəsi ev 30, mənzil 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin idarə etdiyi avtomobildən taksi kimi istifadə edib sərnişin daşımaqla məşğul olaraq ailəsinin dolanışığına köməklik edir. Qarabağ uğrunda gedən döyüşlərdə sağ ayağından yaralanaraq xəsarət almış və 2-ci qrup əlildir. Ayağında mütəmadi olaraq ağrılar olduğundan spirtli içki və arabir də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hazırkı iş üzrə ifşa olunan vaxtdan təxminən bir-iki ay əvvəl Xaçmaz rayonunun Qımıl-qışlaq kənd yolunda yerləşən dayanacaqda olarkən yolun kənarından bir ədəd bükülü tapmış və həmin bükülünü götürüb açanda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü arabir narkotik vasitə olan qurudulmuş marixuana istehlak etdiyinə görə həmin narkotik vasitəni tanımış və şəxsi istifadəsi üçün götürüb cibinə qoymuşdur. Sonradan həmin narkotik vasitədən bir-iki dəfə çəkməklə istifadə etmiş və qalan hissəsini sonradan istifadə etmək məqsədi ilə üstündə saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə taksi kimi istifadə etdiyi avtomobillə Xaçmaz şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımadığı iki müştəri onları Xudat şəhərində yerləşən “Qayalı market” mağazasına aparmasını xahiş etdiyindən həmin müştəriləri Xudat şəhərinə aparmış, onları qeyd olunan mağazanın qarşısında düşürəndən sonra avtomobili bir qədər aralıda saxlamış və təmizlik işləri ilə məşğul olmağa başlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onların dəvəti ilə Xudat PB-nə getmişdir. Həmin polis bölməsində narkotik vasitələrdən istifadə etməkdə şübhəli şəxs kimi saxlanıldığı bildirilərək ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunmasından ötrü müdafiəçi təqdim edilmiş və bununla bağlı şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra bölmənin inzibati binasındakı otaqlardan birində müdafiəçinin və iki hal şahidinin iştirakı ilə üstündə axtarış aparılmışdır. Axtarışa başlanılmamışdan əvvəl ona üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif ediləndə o etiraz etməmiş və üstündə olan bir ədəd gümüşü kağız bükümdəki narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükülü polis əməkdaşları tərəfindən hal şahidlərinin yanında açılaraq içərisində olan xırdalanmış yaşıl rəngli və spesifik iyə malik bitki kütləsi iştirakçılara göstərilmişdir. Sorğu zamanı o, bükülünün içərisindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu etiraf etmiş, həmin narkotik vasitəni bir neçə müddət əvvəl tapdığını və özünün istehlakı üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra həmin bükülü bir ədəd kağız zərfə qablaşdırılaraq götürülmüş və bununla bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolun doğruluğunu və narkotik vasitənin qablaşdırıldığı zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Arabir narkotik vasitədən istifadə etsə də, şəxsən özü heç vaxt heç kimdən narkotik vasitə almamış, narkotik vasitə satan şəxsləri tanımamış və narkotik vasitə qəbul etməsi barədə heç kimin məlumatının olmamasına çalışmışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunun və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və daşıması barədə Xudat PB-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü xx xxxxx 2020-ci il tarixdə raportla bölmə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla əməliyyat qrupu yaradılmışdır. Xudat PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və PPXT-nın manqa komandiri, polis baş serjantı Şahid3 qrupun tərkibinə daxil edilmiş və onlar keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Həmin tarixdə saat 15 radələrində Xudat şəhəri ərazisində müşahidələr apardıqları zaman Təqsirləndirilən şəxs Xudat şəhərində yerləşən “Qayalı market” mağazasının qarşısında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onlarla birlikdə Xudat PB-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə bölməyə gəlmiş və bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu və üstünə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuşdur. Bununla bağlı Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi və iki hal şahidi bölməyə dəvət edilmiş, hal şahidlərinə hüquq və vəzifələri izah olunandan sonra vəkil Müdafiəçi hüquqlarının müdafiə olunmasından ötrü Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa onları çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü kağıza bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin təqdim etdiyi bükülü açıldıqda onun içərisində yaşıl rəngli, xırdalanıb-doğranmış, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmiş və onu şəxsi istehlakı üçün üstündə saxladığını demişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni bir neçə ay əvvəl Xaçmaz rayonunun Qımıl-qışlaq kənd yolunun kənarında yerləşən dayanacaqda yerdən tapdığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üstündə axtarış aparılmış, lakin onun üstündən başqa narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı təhqiqatçı Xəyyam Şeydayev tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunandan sonra düzgün tərtib edildiyinə görə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, Xudat şəhəri, H.Əliyev küçəsi ev 29, mənzil 12-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada fəhləlik edərək ailəsini dolandırır. xx xxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində evdən çıxıb piyada Xudat mərkəzi bazarı istiqamətində getmiş, Xudat PB-nin inzibati binasının qarşısından keçəndə iki polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edəndən sonra narkotik vasitə saxlamaqda şübhəli kimi bölməyə gətirilmiş bir şəxsin üzərinə baxış keçirəcəklərini demiş və həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə bölmənin inzibati binasındakı otaqlardan birinə getmişdir. Ondan başqa ora daha bir şəxs hal şahidi kimi, həmçinin Xaçmaz rayon vəkil bürosundan bir vəkil dəvət edilmişdir. Hal şahidi kimi hüquq və vəzifələri izah olunandan sonra polis əməkdaşları tərəfindən onlara bir şəxs təqdim olunmuş və həmin şəxsin üstünə baxış keçiriləcəyi bildirilmişdir. Həmin şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs, yəni iş üzrə təqsirləndirilən şəxs olması orada ona məlum olmuş, lakin şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs üstündəki əşyaları çıxarıb təqdim etməsini təklif edəndə etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü kağız bükülü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda onun içərisində yaşıl rəngli, xırdalanıb-doğranmış və spesifik qoxuya malik kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu şəxsi istehlakı üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni bir neçə ay əvvəl Xaçmaz rayonunun Qımıl-qışlaq kənd yolunun kənarında yerləşən dayanacaqda yerdən tapdığını demişdir. Bundan sonra təqsirləndirilən şəxsin üstündə axtarış aparılmış, lakin onun üstündən başqa narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş kütləni Bakı şəhərinə ekspertizaya göndərəcəklərini demiş və bundan sonra həmin kütləni yenidən büküb bir ədəd zərfə qablaşdıraraq ağzını möhürləmişlər. Daha sonra polis əməkdaşlarından biri bu barədə protokol tərtib etmiş, protokol ucadan oxunandan sonra düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən özü həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilmişdir ki, o, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “şəxsin üzərinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə hal şahidlərinin və müdafiəçinin də iştirakı ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükülü çıxararaq bir tərəfi ağ, digər tərəfi gümüşü rəngdə olan həmin kağızın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar açıq yaşıl rəngli kütləni təqdim edərək bildirmişdir ki, həmin kütlə marixuanadır, yerdən taparaq öz şəxsi istehlakı üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 7/144 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs…” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 14,772 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 14,672 qram təşkil etmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “maddi sübutun tanınması haqqında” və xx xxxx 2020-ci il tarixli sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 14,772 qram, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 14,672 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxx 2020-ci il tarixli, 1124 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumilikdə xalis çəkisi 14,772 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 14,772 qram narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Qayalı Market” ərzaq mağazasının qarşısında saxlanılaraq Xudat PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2016cı ildə anadan olmuş bir azyaşlı övladı var. İş materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında cəza növükimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(067)-71/2020 saylı qərarından və xx.xx.2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Xaçmaz rayon şöbəsinin xx xxx 2020-ci il tarixli arayışının təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs DSMF-nun Xaçmaz rayon şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxx 2020-ci il tarixli, 1124 №-li ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 14,772 qram qurudulmuş marixuanadan tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 14,672 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə xalis çəkisi 14,772 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 14,672 qramı Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 14,672 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 14,672 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar