Məhkəmə qərarları › İş №1(067)-105/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-105/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-105/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Camalova (Vəlicanova) Könül Sabir qızının, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1989-cu ildə Xaçmaz rayonunun Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Xuray kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit alimentin alınaraq tələbkar Camalova (Vəlicanova) Könül Sabir qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)-193/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4590 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Camalova (Vəlicanova) Könül Sabir qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, müəyyən səbəblərdən, həmçinin anasının xəstəliyi ilə bağlı zərərçəkmiş şəxs Könül Camalovaya aliment ödənişlərini lazımınca ödəyə bilməmiş və bununla da onun 4590 manat aliment borcu yaranmışdır. Lakin onun alimenti ödəməkdən yayınmaq fikri yoxdur, o, imkanı olduqca, fərdi əməmklə məşğul olaraq zərərçəkmiş şəxsə alimentlə bağlı ödənişlər etmişdir. Həmçinin bildirdi ki, sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə 350 manat, may ayında 200 manat aliment borcundan ödəmişdir. Elə aylar olmuşdur ki, o, alimentlə bağlı heç bir ödəniş etməmiş, bunun səbəbi isə onun işsiz olması olmuşdur. O, hazırda işləyir və bundan sonra alimentlə bağlı ödənişləri edəcəkdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, iş üzrə zərərçəkmiş şəxsdən sonra, yəni yenidən ailə həyatı qurmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə olan aliment borcunu tam olaraq ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Vəlicanov Xalid və xx.xx.2013-cü il təvəllüdlü Vəlicanova Zəhra adlı övladları doğulmuşdur. Onlar uzun illər mehriban ailə şəraitində yaşayıblar. Lakin sonradan aralarında olan münasibətləri pozulmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs aliment tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)-193/2021 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan, övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat olmaqla cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 08 gün müddətində həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə, yəni fəhlə işləməklə aylıq 350,00-400,00 manat məbləğində qazanc əldə edir. Aylıq qazancını özünə xərcləyir. Aylıq qazancının özünün dolanışığına çətinliklə çatması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Camalova (Vəlicanova) Könül Sabir qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ona alimenti fasilərlə ödəmiş, yəni elə aylar olmuşdur ki, heç bir aliment ödənişi etməmiş, təqsirləndirilən şəxsin 2022-ci ilin aprel ayınadək 4590 manat aliment borcu yaranmışdır və o, həmin borcun ödənilməsini tələb edir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayınadək hissə-hissə cəmi 650 manat aliment borcundan ödəmişdir. Təqsirləndirilən şəxs yaranmış aliment borcundan 2000 manat ona ödəyərsə, qalan borc məbləğini uşaqlarına görə təqsirləndirilənə bağışlayar. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs ona aliment borcunu ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqının sonunda əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs ona olan aliment borcunu ödədiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkən şəxs Camalova (Vəlicanova) Könül Sabir qızının cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Vəlicanov Xalid və xx.xx.2013-cü il təvəllüdlü Vəlicanova Zəhra adlı övladları doğulmuşdur. Onlar uzun illər mehriban ailə şəraitində yaşayıblar. Lakin sonradan aralarında olan münasibətləri pozulmuşdur. Bundan sonra o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)-193/2021 saylı qətnaməsinə əsasən cavabdeh kimi Təqsirləndirilən şəxs övladları - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla aylıq 450,00-500,00 manat, bəzi aylarda isi təxminən 800,00-1000.00 manat qazanc əldə edir, lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 08 gün müddətində həbs olunmuşdur. Maddi vəziyyəti zəif olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 4590,00 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)-193/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 350 manat məbləğində ödəniş etmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4590 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti zah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətində həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4590 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı icra və probasiya şöbəsinə dəfələrlə çağırılmış, lakin gəlməkdən, alimenti ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlməməsinin səbəbini anasının xəstə olması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs, barəsində təqdimat verilən tarixədək cəmi 350 manat aliment ödəmiş, 4590 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs aliment ödəmədiyi aylarda tam məbləği ödəməsə də, ümumiyyətlə hər hansı məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxsin yaşadığı ünvana tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi üçün baxış keçirilmiş, lakin belə bir əmlak aşkar edilməmiş, bundan başqa, əmlakının, gəlirlərinin olması barədə sorğular edilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 bildirdi ki, hazırkı iş üzrə borclunun və tələbkarın icra işi icra məmuru Şahid1 icraatında olmuşdur. O, hazırda ifadəsini tam xatırlamasa da, məhkəmə istintaqı zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)- 193/2021 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul şəklində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 193/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş borclu Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 17 may 2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs aliment ödəməli olduğu, həmin tarixədək 2080 manat aliment borcunun yarandığı barədə məlumatının olmasını, lakin tələbkarın xeyrinə heç bir aliment ödənişi etmədiyini və etməyə imkanının olmadığını bildirmiş, həmçinin fərdi əməklə məşğul olaraq gündəlik 10-15 manat qazancının olduğunu qeyd etmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 17 may 2021-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-400/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(067)-122/2021 saylı qərardadının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 28 iyul 2021ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs tənbehindən sonra, ona yaranmış aliment borcunu ödəməsi üçün vaxt verilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq” borclu Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli Aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanında olmuşlar, həmin ünvanda tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Akt icra məmuru, hal şahidləri və borclu Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan X3 9 saylı Ərazi Məşğulluq filialının 15 oktyabr 2021-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Vəlicanov X1 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 19 aprel 2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 29 oktyabr 2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs tənbehindən sonra, ona yaranmış aliment borcunu ödəməsi üçün xx.xx.2021-ci il tarixədək vaxt verilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq” borclu Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 03 noyabr 2021-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs aliment ödəməli olduğu, həmin tarixədək 3380 manat aliment borcunun yarandığı barədə məlumatının olmasını, lakin tələbkarın xeyrinə heç bir aliment ödənişi etmədiyini və etməyə imkanının olmadığını bildirmiş, həmçinin fərdi əməklə məşğul olaraq aylıq 250-300 manat qazancının olduğunu, icra məmuru tərəfindən ona Məşğulluq Mərkəzində qeydiyyata durmaqla rəsmi işdə işləməsi təklif olunsa da, o, rəsmi iş yerində əmək haqqının az olmasını deyərək ona sərf etmədiyini qeyd etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 29 mart 2022-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədi üzrə tələbkarın xeyrinə həmin tarixədək 300 manat aliment ödədiyini, 4380 manat aliment borcunun olduğundan məlumatı olmasını bildirmiş, həmçinin fərdi əməklə məşğul olaraq aylıq 250-300 manat qazancının olduğunu, icra məmuru tərəfindən ona Məşğulluq Mərkəzində qeydiyyata durmaqla rəsmi işdə işləməsi təklif olunsa da, o, rəsmi iş yerində əmək haqqının az olmasını deyərək ona sərf etmədiyini qeyd etmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəməsi üçün xx.xx.2022-ci il tarixədək vaxt verilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan aliment ödənişləri barədə cədvəldən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-193/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 10 sentyabr 2020ci il tarixdən, hər ay cəmi 260 manat aliment ödənişi olmaqla 01 aprel 2022-ci il tarixədək ödəməli olduğu cəmi 4940 manat məbləğdən cəmi 350 manat aliment ödəmiş, bununla da Təqsirləndirilən şəxs həmin tarixə 4590 manat aliment borcu yaranmışdır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Vəlicanova (Camalova) X7 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(067)-193/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin təqdim edərək iş materiallarına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, zərərçəkmiş şəxs Camalova (Vəlicanova) Könül Sabir qızı Təqsirləndirilən şəxs tərəfindən ona hazırkı cinayət işi üzrə vurulmuş 4590 manat ziyanın (aliment borcunun) ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, həmçinin məhkəmə istintaqında ərizəsini müdafiə etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödədiyini, zərərçəkmişlə barışıq əldə olunmasını bildirərək təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2022-ci ilədək yaranmış öhdəliyini (ödəməli olduğu məbləği) ödəməklə qətnaməni icra etməsini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etdiklərini, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar