Məhkəmə qərarları › İş №1(067)-105/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-105/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-105/2024 14.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1981-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, özünün deməsinə görə təhsili olmayan, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Çarxı kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etmək məqsədilə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Çarxı kəndində, Çarxı-Sayad kənd yolu ilə dəmiryolu xəttinin kəsişməsindən sonra 50 metr məsafədə, sağ tərəfdə yerləşən həmin fərdi yaşayış evinin qarşısına getmiş, evin qapılarının açıq olmasından istifadə edib həyətə daxil olaraq evdə heç kəsin olmadığına əmin olduqdan sonra həmin evə qanunsuz daxil olmaqla yataq otağındakı çarpayının altındakı döşəklərin arasında olan, 01 ədəd 20 manat dəyərində pul kisəsini və içərisindəki 01 ədəd 945 manat dəyərində, 585 əyarlı 11,12 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 1297 manat dəyərində, 585 əyarlı, 15,26 qram çəkidə qızıl bilərzik, 01 ədəd 1456 manat dəyərində, 585 əyarlı, 17,13 qram çəkidə qızıl sırğa cütü-üzük dəsti, 01 ədəd 1452 manat dəyərində, 583 əyarlı, 17,08 qram çəkidə qızıl sırğa cütü-üzük dəsti, 01 ədəd 267 manat dəyərində, 585 əyarlı, 3,14 qram çəkidə qızıl sırğa cütü, 02 ədəd 547 manat dəyərində, 583/585 əyarlı, cəmi çəkisi 6,44 qram olan qızıl üzük, 01 ədəd 205 manat dəyərində, 585 əyarlı, 2,41 qram çəkidə qızıl üzük, 01 ədəd 360 manat dəyərində, 585 əyarlı, 4,24 qram çəkidə qızıl üzük, 01 ədəd 459 manat dəyərində, 585 əyarlı, 5,40 qram çəkidə qızıl üzük olmaqla cəmi 6988 manat dəyərində 82,22 qram çəkidə qızıl-zinət məmulatlarını qanunsuz olaraq götürüb apararaq zərərçəkmiş şəxsə ümumilikdə 7008 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsin qızıl zinət əşyalarını uşağı (qızı) xəstə olduğu üçün məcbur olaraq oğurlamış, onun həmin əşyaları satmaq fikri olmamış, hazırda həmin qızıl zinət əşyalarını zərərçəkmiş şəxsə qaytarmışdır. Həmçinin məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxs onun qaynının arvadıdır. Onun qızının çənəsində, onurğasında əyrilik vardır, qızı karsetdən istifadə edir, qızının səhhətindəki bu problemin müalicəsi üçün tibb müəssisəsinə müraciət etmiş, ona əməliyyat olunmanın zəruri olduğunu, əməliyyat xərcinin 5000-6000 manat olduğunu bildirmişlər. Lakin o, uşağının müalicəsi üçün heç kimdən borc pul istəməmişdir. O və zərərçəkmiş şəxs bir-birlərinin evinə müntəzəm olaraq gedib-gəlmişlər. O, zərərçəkmişin bu kimi qızıl əşyalarının olduğunu, həmin əşyaların olduğu yeri əvvəldən bilməmişdir, evə daxil olaraq axtarıb tapmışdır. O, zərərçəkmiş şəxsin evinə xx.xx.2023-cü il tarixdə daxil olaraq oğurluq etmişdir. Onun evi ilə zərərçəkmiş şəxsin evinin arasında qısa məsafə var, oğurluq etdiyi gün də zərərçəkmiş şəxsin evinə həmişə olduğu kimi getmişdir. Yəni o, həmin gün zərərçəkmiş şəxsin evinə oğurluq etmək niyyəti ilə getməmiş, evə gizli olaraq daxil olmamışdır, zərərçəkmişi səsləmiş, çıxan olmadığını gördükdə evə adi qaydada daxil olmuş, evdə kimsənin olmadığını gördükdən sonra evi axtararaq oğurluq etmək qərarına gəlmişdir. O, evə daxil olarkən qarşısına onu oğurluq etməyə təhrik edən, tamah hissi yaradan hər hansı əmlak çıxmamışdır, oğurluq etmək qərarına gəlməsinin səbəbini bilmir, hər şey təsadüfən baş vermişdir. O, zərərçəkmiş şəxsin evində çarpayının altındakı döşəyi qaldırmış və qızıl zinət əşyalarını orada görərək oğurlamış, o, evdə şkafı və çarpayının altındakı döşəklərin arasını axtarmış, digər yerləri axtarmamışdır. O, zərərçəkmiş şəxsin evindən oğurluğu tək etmiş, oğurluq etməsi barədə heç kimə deməmişdir. O, oğurladığı qızıl zinət əşyalarını zərərçəkmiş şəxsin evindən pul kisəsi ilə birlikdə götürərək aparmışdır. O, oğurluq etdiyi gün zərərçəkmiş şəxsin evində heç kimin olmadığını əvvəldən bilməmişdir. O, oğurluq əməlini törətdikdən sonra öz evinə çıxıb getmişdir. O, oğurluq edib zərərçəkmiş şəxsin evindən çıxdıqda, həmçinin yaşadığı evə gəldikdən sonra onun oğurluq etdiyini görən və bilən olmamışdır. O, həmin qızıl əşyalarını oğurladıqdan sonra yaşadığı evdə gizlətmiş, satmaq fikri olmamış, "xxxx" ASC-nin Xaçmaz filialına girov qoyaraq dörd min manatdan bir qədər artıq pul götürmüşdür. O, oğurluq etdiyini özü etiraf etmiş, həmin qızılları qaytarmışdır. O, zərərçəkmiş şəxsdən borc pul istəməmiş, sonuncunun evindən oğurluq etmək əvəzinə borc pul istəməməsinin səbəbini bilmir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə çox peşmandır. Əlavə olaraq bildirdi ki, o, qızılları girov qoyaraq bankdan götürdüyü pul ilə uşağını əməliyyat etdirməyə vaxt, imkan tapmadığından əməliyyat etdirməmişdir. Həmin pulun yarısını uşağının müalicəsi üçün xəstəxanaya xərcləmişdir. O, himayəsində yetkinlik yaşına çatmayan xəstə uşağının olmasının nəzərə alınmasını və bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun qohumudur, qaynının arvadıdır, onların arasında heç bir ədavət olmamışdır. Onların ailəvi münasibətləri də çox yaxın olmuş, buna görə o, bilmişdir ki, Aynurun evində qızılları vardır, çünki bir neçə dəfə bu barədə danışmışlar. Onun əvvəldən bir neçə şəxsə, həmçinin qızıl mağazasına borcu olmuşdur. Buna görə qərara gəlmişdir ki, Aynurun qızıllarını oğurlasın. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Aynurgilin evinə getmiş, həyət qapısından həyətə daxil olan zaman görmüşdür ki, evdə heç kim yoxdur, evin giriş qapısı da açıqdır. O, evin qapısının açıq olmasından istifadə edib içəriyə daxil olmuş, evdə heç kimin olmadığına bir daha əmin olmaq üçün evin bütün otaqlarına baxmışdır. Sonra isə evinin giriş hissəsindən sağ tərəfdə yerləşən Aynurun yataq otağına daxil olmuşdur. O, yataq otağında olan şkafları açıb baxmışdır, lakin şkafın heç birində qızıl və ya pul olmamışdır. Sonra isə otaqdakı çarpayının altına baxmaq üçün çarpayını qaldırmış, orada olan döşəklərin arasında bir ədəd qəhvəyi rəngli qadın pul qabısı görmüşdür. Həmin pul qabını açıb içinə baxanda görmüşdür ki, içərisində sellofana bükülmüş vəziyyətdə qızıllar vardır. O, pulqabını götürüb çıxmış, öz yaşadığı evə getmişdir. Qızılları evdə gizlətmiş, heç kimə heç nə deməmişdir. Bir neçə gün sonra isə, xx.xx.2023-cü il tarixdə qızılları Xaçmaz şəhərinə aparıb N.Nərimanov prospektində yerləşən "xxxx"-a girov qoymuş və 3900 manat pul götürmüşdür. Pul qabını isə zibil qutusuna atmışdır. Həmin pulun bir hissəsi ilə borclarını qaytarmış, bir hissəsi ilə azyaşlı övladını Bakı şəhərinə aparıb həkim müayinəsindən keçirmiş, çünki çənəsində əyrilik vardır, plastik əməliyyat olunmalıdır. Pulun bir hissəsini də ərzaq məhsullarına və sair bu kimi tələbatlarına xərcləmişdir. Aynur qızılların oğrulanmış olmasını isə 2023-cü ilin noyabr ayının sonlarında aşkar etmişdir. Sonra Aynur şikayət etdiyi üçün polis şöbəsində araşdırma aparılmış və o, şöbədə izahat verən zaman törətdiyi əməli etiraf etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qızılları tək oğurlamış, bununla bağlı ona kömək edən heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qaynının arvadıdır. Onun evindən qeyd olunan qızıl zinət əşyaları oğurlandığı iki ay müddətdə təqsirləndirilən şəxs gələrək ona əməlini etiraf etməmiş, əksinə, onların evinə gələrək ona oğurluğu digər qohumlarının, iş yoldaşlarının törədə biləcəyini bildirərək səhv istiqamətləndirməyə çalışmış, onun ağlamasına, həmin vaxtlarda oğlunun cəbhə bölgəsində hərbi xidmətdə olmasına baxmayaraq, oğurluğu etdiyini ona deməmişdir. Ona təqsirləndirilən şəxs bu cür davranması pis təsir edir və buna görə sonuncunu bağışlamaqda çətinlik çəkir. Yalnız polis araşdırma apardıqdan sonra qızılları aşkar edilərək ona qaytarılmışdır. Əgər təqsirləndirilən şəxs ona müraciət edərək uşağının xəstəliyilə əlaqədar borc pul istəsəydi, o, mütləq köməklik edərdi. O və təqsirləndirilən şəxs iyirmi beş ildir, bir-birini tanıyır, münasibətləri var, lakin təqsirləndirilən şəxs münasibətlərinin yaxşı olmasına baxmayaraq, oğurluq etdikdən və qızıllar aşkar edilənədək olan müddətdə ona etiraf etməmişdir ki, oğurluğu o özü edib, belə etmiş olsaydı, o, təqirləndirilən şəxsi bağışlayardı. Lakin təqsirləndirilən şəxs ona onun qohumlarından, iş yoldaşlarından konkret şəxsləri istiqamət verərək oğurluğu həmin şəxslərin edə biləcəklərini demiş, o da səhv edərək həmin şəxslərdən bu barədə maraqlanmış, ona dəfələrlə demişlər ki, oğurluğu elə qaynının arvadı – təqsirləndirilən şəxs, yaxud sonuncunun oğlu etmiş ola bilər, o isə buna inanmamış, hətta bunu ona deyən həmin şəxslərə israrla bildirmişdir ki, bu əməli təqsirləndirilən şəxs edə bilməz. O, təqsirləndirilən şəxsə etibar etmişdir. Təqsirləndirilən şəxsin ona qarşı etdiyi oğurluq əməli onun səhhətinə pis təsir etmiş, hazırda da dərmanlar qəbul edir, təqsirləndirilən şəxs ona mənəvi zərər vurmuşdur. Həmin əmlakları oğurlandığından onun halı çox pis olmuş, xeyli ağlamış, təqsirləndirilən şəxs isə onun halını görərək buna sakit yanaşmış, əməlini ona deməmişdir. O, təqsirləndirilən şəxsi bağışlamır, qanuni cəzası nədirsə cəzaya məhkum olunmasını istəyir. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun evindən ittiham aktında qeyd olunan sayda və məbləğdə əmlaklar oğurlanmışdır. O, həmin əmlakların oğurlanmasını xx.xx.2023-cü il tarixdə evində, yataq otağında təmizlik işləri edərkən müəyyən etmişdir. Belə ki, o, qızıl zinət əşyalarını pul kisəsinin içərisində saxlamaqla çarpayının altındakı döşəklərin arasına qoymuş, həmin gün çarpayının altındakı döşəyi qaldırdıqda pul kisəsinin və içərisindəki qızıl əşyaların yerində olmadığını görmüş, evdə digər yerləri axtarmış, tapa bilmədikdə qohumlarına bu barədə bildirmiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Həmin vaxt digər qohumları kimi təqsirləndirilən şəxs də onların evinə gəlmiş, ona “evdə, bəlkə, başqa yerlərə qoyduğunu, unutduğunu” demiş, hətta polis əməkdaşları onun evinə gəlib baxış keçirəndə də təqsirləndirilən şəxs onların evində olmuş və baş verənləri sakit şəkildə müşahidə etmişdir. O, heç vaxt öz qızıl zinət əşyalarına kiminsə yanında baxmamış və heç kim onun qızıl zinət əşyalarının nələrdən ibarət olmasında, harada saxlamasından məlumatlı olmamışdır. Həmin qızıllar ona hədiyyə edilmiş, o, həmin qızılları heç vaxt taxaraq istifadə etməmişdir. Müstəntiq onun digər qohumlarını dindirməyə dəvət etmiş, qohumları gedərək dindirmədə iştirak etmiş, barmaq izlərini vermişlər, təqsirləndirilən şəxsi ifadə verməyə çağıranda isə oğurluq etmədiyini deyərək polis şöbəsinə getməkdən imtina etmişdir. Onun qohumlarının barmaq izlərini götürdükdən sonra qohumlarından banka borcu olanlar müəyyən edilmiş, təqsirləndirilən şəxs bunu bildikdən sonra əməlinin üstünün açılacağını bildiyi üçün oğurluq etdiyini qaynının, qayınanasının vasitəsilə ona bildirərək etiraf etmişdir. Təqsirləndirilən şəxs özü isə onun yanına gələrək üzrxahlıq etməmişdir. Təqsirləndirilən şəxsin uşağı həqiqətən də xəstədir, lakin təqsirləndirilən şəxs ona məxsus qızılları oğurlayaraq banka girov qoyub götürdüyü pul ilə uşağını müalicə etdirməmişdir, həmin pulu nəyə xərclədiyini bilmir. Təqsirləndirilən şəxs əməlinin üstü açıldıqdan sonra evlərinin yanında olan torpaq sahəsini sataraq əldə etdiyi puldan apararaq bankdan götürdüyü pulu ödəmiş və girov qoyduğu ona məxsus qızılları bankdan götürmüş və ona təhvil verilmişdir. O, hesab edir ki, təqsirləndirilən şəxs həmin əməli təkbaşına etməmişdir, bundan qaynının da, qayınanasının da, yəni təqsirləndirilən şəxslə birlikdə yaşayan ailə üzvlərinin xəbəri olmuşdur, onun bu barədə şübhələri vardır. Oğurluq cinayəti törədilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onlar evdə olmamışlar, lakin dəqiq olaraq harada olduqlarını xatırlamır, həmin ərəfələrdə digər qaynının oğlu hərbi xidmətdən gəlmiş, o, əri ilə həmin məqsədlə Siyəzən rayonuna getmişlər, bundan başqa, o, səhər saat 8-də məktəbə işə gedir, günorta saat 3-də isə evə gəlir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs ondan nəinki üzr istəmiş, hazırkı cinayət işinin məhkəmə prosesi davam etdiyi müddətdə onun evinə gələrək ona iradlar bildirmiş, onu özündən çıxarmağa çalışmış, o, təqsirləndirilən şəxsi evindən çıxarmaq üçün əli ilə itələmiş, təqsirləndirilən şəxs bu zaman ona demişdir ki, “mənə elə bu lazım idi” və bundan sonra təqsirləndirilən şəxs onun barəsində polisə şikayət etmişdir. Ona görə də o, təqsirləndirilən şəxsin ona qarşı qərəzli olaraq digər hərəkətlər edəcəyini düşünür. O, təqsirləndirilən şəxsə cəza təyin edilməsini tələb edir, lakin hansı növ cəzanın təyin ediləcəyini məhkəmənin mülahizəsinə verir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu Çarxı kəndində ona məxsus ev vardır, həmin evdə öz ailə üzvlərilə birgə yaşayır. Bir neçə ildir ki, əlinə düşən pullardan mütəmadi olaraq bir neçə ədəd qızıllar alıb yığmışdır. Belə ki, onun bir ədəd 585 əyarlı boyunbağı, bir ədəd 585 əyarlı bilərziyi, 1 ədəd 585 əyarlı cüt sırğa və üzük dəsti, 1 ədəd 583 əyarlı cüt sırğa və üzük dəsti, bir cüt 585 əyarlı sırğa, 6 ədəd 583-585 əyarlı qadın üzüyü olmuşdur. Həmin qızılları bir ədəd sellofana bükərək pul kisəsinin içərisinə qoymuş və pul kisəsini də yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsindəki döşəklərin arasına qoymuşdur. Həmin qızılları sonuncu dəfə 2023-cü ilin oktyabr ayının ortalarında yoxlamışdır, hamısı yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evi təmizləyən zaman qızılları da yoxlamışdır. Bu vaxt o, pul kisəsilə birlikdə qızılların yerində olmadığını aşkar etmişdir. O, evdə ailə üzvlərindən bu barədə soruşduqda tam xəbərsiz olduqlarını demişlər. Daha sonra o bütün evi axtarmış, düşünmşdür ki, bəlkə, qızılı harasa başqa yerə qoymuşdur. Lakin tapa bilmədiyi üçün həmin gün axşam saatlarında DİN-in “102” xidmətinə zəng edərək şikayət etmişdir. O, şikayət etdikdən bir müddət sonra hadisəni törədən şəxsin uzaq qohumu olan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, oğurlanmış qızılların ümumi dəyəri 7000 manata yaxındır, pul qabının qiyməti isə 20 manat olmuşdur. Onun evi Xaçmaz rayonu, Çarxı kəndində, Çarxı-Sayad kənd yolu ilə dəmiryolu xəttinin kəsişməsini keçdikdən sonra 50 metr irəlidə, sağ tərəfdə yerləşir. Oğurlanmış qızıllarının ümumi çəkisi 80 qrama yaxın olmuşdur. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edilərək və Xaçmaz RPŞ-yə müraciət edilərək Xaçmaz rayonunun Çarxı kəndində yerləşən evindən, yataq otağında çarpayının altından naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus qızıl zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən, Zərərçəkmiş şəxs fərdi yaşayış evində baxış keçirilmişdir - hadisə yeri Xaçmaz rayonu, Çarxı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evdir. Evin həyətə giriş qapısı dəmir materialdandır. Həyətin ətrafı daş hasardan ibarətdir, ev birmərətbəlidir, girişi dəmir qapıdır, girişdə zal və mətbəx yerləşir, növbəti girişdə yataq otağı yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yataq otağında yerləşən qoşa çarpayının alt hissəsində olan döşəklərin arasında oğurlananadək pul qabında qızılların yerləşdiyini bildirmişdir. Ev dağınıq olmamış, əl-barmaq və ya digər izlər olmamışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli kredit (borc) və girov müqaviləsindən, ödəniş cədvəlindən, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından, xx.xx.2024-cü il tarixli bank mədaxil qəbzindən və təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus, oğurladığı qızıl zinət əşyalarını xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Xaçmaz filialına girov qoyaraq 3900 manat məbləğində pul götürmüş, xx.xx.2024-cü il tarixdə borclu qaldığı 3861,60 manat məbləğində pulu həmin banka ödəyərək oğurladığı qızıl zinət əşyalarını bankdan geri alaraq ibtidai istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl zinət əşyaları 6 ədəd üzük, 1 cüt sırğa, bir ədəd boyunbağı, 1 ədəd qolbaq, 2 ədəd üzük və sırğa dəstidir. 6 ədəd üzüyün üzərində ağ və qara rəngli qaşlar vardır. Bir cüt sırğanın üzərində ağ rəngli qaşlar vardır, bir ədəd sep isə tros formalıdır. Bundan başqa, bir ədəd qolbağın üzərində mavi rəngli qaşlar, bir ədəd üzük və sırğa dəstinin üzərində ağ və mavi rəngli qaşlar, bir ədəd üzük və sırğa dəstinin üzərində isə ağ və qara rəngli qaşlar vardır. Qızıl-zinət əşyaları istifadəyə yararlı haldadır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən qızıllar ona məxsusdur, məhz həmin qızılların oğurlanması barədə şikayət etmişdir. Oğurlanmış qızılların hamısı təqdim edilmiş, əskik olan yoxdur. Təqdim olunmuş qızıl zinət əşyaları maddi sübut əhəmiyyəti kəsb etdiyindən müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2024-cü il tarxli, 6/947-9/1248 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş məmulatlar 583/585 əyarlı qızıldan hazırlanmışdır, üzərində olan qaşlar qiymətli qaşlara aid deyil, ümumi çəkisi 82,22 qramdır. Aparılmış tədqiqatlar nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş zərgərlik məmulatlarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6988,00 manat müəyyən edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərərək təsdiq etmişdir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2009) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Muradova X2 ərazisində kənd camaatı arasında hörmət qazanmış xanımdır. Həmişə nümunəvi davranışları ilə qonşular və qohumları arasında fərqlənmişdir. Təhsili yoxdur. Ailəsi ilə birlikdə yaşayır. Onun haqqında Nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan qəbzdən, sübutların qiymətləndirilməsi barədə qərardan, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurladığı, Zərərçəkmiş şəxs məxsus, iş üzrə maddi sübutlar - 01 ədəd 945 manat dəyərində, 585 əyarlı 11,12 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 1297 manat dəyərində, 585 əyarlı, 15,26 qram çəkidə qızıl bilərzik, 01 ədəd 1456 manat dəyərində, 585 əyarlı, 17,13 qram çəkidə qızıl sırğa cütü - üzük dəsti, 01 ədəd 1452 manat dəyərində, 583 əyarlı, 17,08 qram çəkidə qızıl sırğa cütü - üzük dəsti, 01 ədəd 267 manat dəyərində, 585 əyarlı, 3,14 qram çəkidə qızıl sırğa cütü, 02 ədəd 547 manat dəyərində, 583/585 əyarlı, cəmi çəkisi 6,44 qram olan qızıl üzük, 01 ədəd 205 manat dəyərində, 585 əyarlı, 2,41 qram çəkidə qızıl üzük, 01 ədəd 360 manat dəyərində, 585 əyarlı, 4,24 qram çəkidə qızıl üzük və 01 ədəd 459 manat dəyərində, 585 əyarlı, 5,40 qram çəkidə qızıl üzük, ümumilikdə 82,22 qram çəkidə olan həmin qızıl zinət əşyaları ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin özünə təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlar – ümumilikdə 82,22 qram çəkidə olan qızıl zinət əşyalarının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - ümumilikdə 82,22 qram çəkidə olan qızıl zinət əşyalarının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar