Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-106/2023 26.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb saat 18:55-dən 19:05-dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,265 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3-da yaşayır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini yaşadığı ünvanın küçəsində, binanın blokunun girişində yerdən tapmış, daha sonra isə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən tapdığı həmin narkotik vasitə aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, heroindən 5-6 ay olmuşdur ki, istifadə etməyə başlamışdır. O, həmin narkotik vasitəni yerdən 2023-cü ilin fevral ayında tapmışdır. Həmin narkotik vasitə siqaret qutusunun içərisində olmuşdur. Narkotik vasitəni blokun girişində onun üçün kimsə qoymamışdır. Tapdığı həmin heroin bir bükümdə olmuş, o, həmin heroindən istifadə etməmişdir. O, həmin narkotik vasitəni tapdıqdan sonra cibinə qoymuş və yaşadığı mənzilə getmiş, o, küçəyə çıxanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, əvvəllər narkotik vasitəni Bakı şəhərində işləyərkən əldə etmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır. Barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanda yaşayır. Təxminən 4 ildir ki, "kola", "kakos" kimi adlandırılan narkotik vasitə heroindən istifadə edir. O, 10 fevral 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdən küçəyə çıxdığı zaman blokun qarşısında yerdə bir ədəd gümüşü rəngli kağız bükümü tapmışdır. O, həmin bükümü götürüb açdıqda onun içində narkotik vasitə olan heroin olmasını görmüş və istifadə etmək üçün həmin bükümü əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitəni həmin gün istifadə etməmiş, cibində saxlamışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı məhəllədən çıxıb N.Nərimanov küçəsində yerləşən «Xəzər» marketin yaxınlığına getmişdir, həmin vaxt 1 gün əvvəl tapdığı narkotik vasitə də üzərində olmuş, saat 18 radələri olmuşdur. Bu zaman orada mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, qaçmaq barədə düşünməmiş, onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz Rayon Polis Şöbəsində hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, buna etiraz etməmişdir. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan 1 ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümdə qəhvəyi rəngli kütlənin nə olmasını ondan soruşduqda o, həmin bükümdə "kola", "kakos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu və onu istifadə məqsədilə cibində gəzdirdiyini bildirmişdir. Ondan aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə videoçəklişlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzərini imzalamış və bu barədə protokol tərtib edildikdən sonra protokolu imzalarla təsdiq etmişlər. O, heç kimə narkotik vasitə verməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir təsir olmamışdır. O, həmin narkotiki vasitəni tutulmazdan bir gün əvvəl yaşadığı binanın blokundan tapmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, üzərindən narkotik vasitə aşkar edilmiş və sənədləşdirilmə aparılmış, həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin barəsində narkotik vasitə satması barədə əməliyyat məlumatı olmamış, yalnız özünün istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə səhv xatırlamırsa, heroin olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqları vaxtdan bir neçə ay keçdiyindən, həmçinin digər əməliyyat tədbirlərində olduğundan hazırkı iş üzrə hadisə ilə bağlı digər halları xatırlamır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və 11 fevral 2023-cü il tarixdə, saat 18:10 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün Seymuru Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız büküm və sol yan cibindən isə 1 ədəd alışqan çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd gümüşü rəngli kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddənin «kakos», yəni narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin üzərindən digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində tünd qəhvəyi rəngli toz halında, narkotik vasitə heroinə oxşar maddə olan bir ədəd gümüşü rəngli kağız büküm maddi sübut kimi müstəntiq tərəfindən götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılaraq üzəri tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X6, Xaçmaz RPŞnin NMQ-nunn baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız büküm və sol yan cibindən isə 01 ədəd alışqan çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm açıldıqda onun içində qəhvəyi rəngli kütlənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni özünün istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin 01 ədəd içində narkotik vasitə heroinə bənzər büküm ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyulub, zərfin üzəri imzalanıb möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri baş əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2023-cü il tarixli, 6/867 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №58” dairəvi möhür əksi olan, “..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,215 qram təşkil etmişdir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 27 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,215 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 fevral 2023-cü il tarixli, 1088 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin narkotik vasitəsini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması təsdiq olunmuş, onun narkotik vasitəni kimdənsə alması müəyyən edilməmiş, həmin narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 5(067)- 32/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 11 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 27 aprel 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,265 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 26 aprel 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş arayışdan, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla onun bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəlidir. Onun barəsində İdarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şahbazov X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsinə dair 13 fevral 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,265 qram olmuş heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,215 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,215 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,215 qram təşkil etmiş heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,215 qram təşkil etmiş heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-106/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-106/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver