Məhkəmə qərarları › İş №1(067)-106/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-106/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-106/2025 16.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə saat 01:00 radələrində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindəki kənd mərkəzi hesab olunan dörd yol adlanan ərazidən keçən kənd yolunun 50 metr şimal-şərq istiqamətində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısında sonuncu ilə şəxs münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sağ əli il qəsdən 02 yumruq zərbəsi vurub zərərçəkmiş şəxsə “hər iki göz almasına qansızma” kimi sağlamlığa yüngül zərər vuran, “hər iki göz ətrafı nahiyyənin qançırları, burun nahiyyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. Daimi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. barəsində şikayət edən Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Rəhimlə münasibətləri yaxşı olmuşdur. xx.xx.2025ci il tarixdə axşam saat 00:30 radələrində Rəhimlə mübahisə etmişdir. Belə ki, yaşadığı kənddə yerləşən məktəbin arxa tərəfində dörd yol adlanan ərazidə kompüter salonu vardır. O, mütəmadi olaraq həmin salona axşam saatlarında gedərək vaxt keçirmişdir. xx.xx.2025-ci il tarixdə saat 24 radələrində sözü gedən salona getmişdir. Kompüter salonunda olan zaman masaların birində əyləşərək oyun oynamağa başlamışdır. Oyun oynasa da, ətraf da olan səsləri eşitmiş və səslər oyununa mane olmuşdur. O, kompüter salonunda oyun oynayan zaman həmkəndlisi Rəhim kompüter salonunu işlədən oğlanla mübahisə etmiş və o, Rəhimə yaxınlaşaraq həmin şəxslə nə haqda söhbət etdiyini soruşmuşdur. Rəhim ona fikir verməyərək cibindən siqaret çıxarıb yandırmaq istəyərkən, o, Rəhimə siqareti yığışdırmasını bildirmişdir. Rəhim ona kobud cavab vermiş və çölə çıxmışdır. Rəhim çölə çıxdıqdan bir neçə dəqiqə sonra o, da çölə çıxmış və onunla düzgün rəftar etməsini bildirmişdir. Rəhim ona “kiminlə necə danışıram özüm bilərəm, sənə nə?” deyə bildirmişdir. O, Rəhimə səsinin narahatlıq verməsini, kompüter salonu işlədən şəxsin onun tayı olmamasını bildirmişdir. Rəhim ona cavab qaytararaq kobud danışmış və bu səbəblə o, Rəhimin yaxasından tutmaq istəmiş, lakin həmin vaxt ətrafda olan şəxslər onların aralarına girərək ayırmışdır. Rəhim oradan uzaqlaşaraq getmiş və o, kompüter salonuna daxil olaraq oyun oynamağa davam etmişdir. Təxminən saat 01 radələrində o, kompüter salonundan çıxaraq yaşadığı ünvana qayıdan zaman Rəhimin yaşadığı ünvanın qarşısından keçmişdir. Belə ki, yaşadığı ünvana yol Rəhimin evinin qarşısından keçmişdir. O, Rəhimin yaşadığı evin qarşısı ilə keçərkən, Rəhimin evinin qarşısında dayanmasını görmüş və Rəhimdən “burda nə dayanmısan?” deyə soruşmuş, lakin Rəhim ona yenidən kobud cavab qaytarmışdır. Bu səbəblə o, əsəbiləşərək Rəhimin üzərinə gələrək sifət nahiyəsinə sağ əli ilə 2 dəfə yumruqla zərbə vurmuşdur, sonra oradan uzaqlaşaraq evinə getmişdir. Hazırda Rəhimlə barışmış və onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Armudpadar kəndində tək yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Farizlə münasibətləri əvvəllər yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saat 00:30 radələrində Farizlə mübahisə etmişdir. Belə ki, yaşadığı kənddə yerləşən məktəbin arxa tərəfində dörd yol adlanan ərazidə kompüter salonu vardır. O, mütəmadi olaraq həmin salona axşam saatlarında gedərək vaxt keçirmişdir. xx.xx.2025-ci il tarixdə boş vaxtı olduğu üçün saat 23 radələrində sözü gedən salona getmişdir. O, kompüter salonunda oyun oynayan şəxslərin monitoruna baxmış və orada olan şəxslərlə söhbət etmişdir. Təxminən bir saat keçdikdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs da həmin kompüter salonuna gəlmiş və masaların birində əyləşərək oyun oynamağa başlamışdır. Onlar orada olan zaman, Fariz səbəbsiz yerə onunla mübahisə etməyə başlamışdır. Belə ki, əvvəlcə Fariz ondan orada olan şəxslərlə nə haqda söhbət etdiyini soruşmuç, sonra isə orada siqaret çəkmək mövzusunu açaraq mübahisəyə davam etmişdir. O, Farizə onun işlərinə “baş qoşmamağmı” bildirmiş və siqaret çəkmək məqsədi ilə kompüter salonunun qarşısına çıxmışdır. O, çölə çıxdıqdan bir neçə dəqiqə sonra Farizdə çölə çıxmış və onunla mübahisəni davam etdirmişdir. Fariz onunla dalaşmaq istəyərkən ətrafda olan şəxslər onları ayırmış və o, öz yaşadığı ünvana getmişdir. Həmin vaxt ona Fariz xəsarət yetirməmişdir. O, evinə gəlmiş və xx.xx.2025- ci il tarixdə təxminən saat 01 radələrində yaşadığı ünvanın qarşısında dayanan zaman Farizin, onun evinin qabağından keçdiyini görmüşdür. Fariz onu gördükdə kinayəli formada “burda nə dayanmısan?” deyə soruşmuş, o, öz cavabında “yaxşı edirəm” deyə bildirmişdir. Bu səbəblə Fariz onun üzərinə gələrək sifət nahiyəsinə sağ əli ilə 2 dəfə yumruqla zərbə vurmuş, onun göz və burun nahiyələrinə xəsarət yetirmişdir. Daha sonra Fariz uzaqlaşaraq getmişdir. O, əvvəlcə evə getmiş və səhərə xəsarəti keçər deyə düşünərək, şikayət etməmişdir, lakin sonradan göz altı qapaqlarında, gözlərində və burnunda xəsarətləri qalmasını görüb Xaçmaz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda Farizlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Xaçmaz MTE və PA şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2025-ci il tarixli 172 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onda hər iki göz ətrafı nahiyyənin qançırları, hər iki göz almasına qansızma, burun nahiyyəsinin sıyrığı bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən hər iki göz almasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan aparılmış təhqiqat zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə saat 01:00 radələrində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindəki kənd mərkəzi hesab olunan dörd yol adlanan ərazidən keçən kənd yolunun 50 metr şimal-şərq istiqamətində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısında sonuncu ilə şəxs münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sağ əli il qəsdən 02 yumruq zərbəsi vurub zərərçəkmiş şəxsə “hər iki göz almasına qansızma” kimi sağlamlığa yüngül zərər vuran, “hər iki göz ətrafı nahiyyənin qançırları, burun nahiyyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, notarial qaydada tərtib edilmiş ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənildiyini, buna görə də onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar