Məhkəmə qərarları › İş №1(067)-107/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-107/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-107/2021 03.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natik Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonu Şollar kəndində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Şollar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2021-ci il tarixdə saat 21:30 radələrində o, Xaçmaz rayonu Şollar kəndində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, rayon polis şöbəsində onun üzərinə saat 22:40-dan 22:55-dək olan müddətdə keçirilən şəxsi axtarış zamanı əynindəki jiletin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi -43.880 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən 6-7 il bundan əvvəl mən Rusiya Federassiyasında olan zaman narkotik vasitələrdən istifadə etmiş, buna görə narkotik vasitələri tanıyır. Təxminən bir neçə ay bundan əvvəl yaşadığı Xaçmaz rayonu, Şollar kəndinin yaxınlığında yerləşən meşə ərazisində gəzirmiş. Meşədə ağaclardan birinin dibində sellofana bükülmüş tünd qəhvəyi rəngli, təxminən ovuç içi qədər böyüklükdə olan kütlə tapmışdır. Həmin kütlə şəffaf sellofan bükümündə olsa da ağzı açıq imiş. O, həmin bükülünü götürüb baxdıqda sellofana bükülmüş kütlənin narkotik vasitə tiryək olmasını müəyyən etmişdir. Buna görə həmin tiryəki istifadə etmək üçün öz əynində olan şalvarın cibinə qoymuşdur. Bundan əvvəl də bir neçə dəfə bədənində olan xroniki xəstəlikləriylə bağlı ağrıları olan zamam sakitləşdirici kimi narkotik vasitələrdən istifadə etmişdir, lakin son zamanlar qəbul etmir. O, tiryəki tapdıqdan sonra öz üzərində saxlamışdır ki, gələcəkdə nə vaxtsa lazım olanda istifadə etsin. O, həmin tiryəki tapdıqdan sonra onu elə əynində olan paltarların cibində saxlamış, heç yerə qoymamışdır. 28 mart 2021-ci il tarixdə mən saat 22 radələrində öz yaşadığı evin yaxınlığında küçədə dayanıb siqaret çəkirmiş, həmin tiryək də əynində olan sarı rəngli qış jiletinin cibində imiş. Bir neçə dəqiqədən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Xaçmaz RPŞ-nin əməkdaşları kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla, daşımağı barədə onlarda əməliyyat məlumatı olduğunu, buna görə də onlarla birlikdə Xaçmaz RPŞ-nə getməli olduğunu bildirmişlər. O, etiraz edəcəyi halda polis əməkdaşlarının ondan şübhələnəcəyini düşünüb onların təkilifi ilə razılaşıb, həmin polis əməkdaşlarının avtomobili ilə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Avtamobildə gedən zaman polis əməkdaşları onun yanımda oturub hərəkətlərinə nəzarət etdikləri üçün üzərində olan narkotik vasitəni tullaya bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati banasında olan zaman xidməti otaqda ona Müdafiəçi1 təqdim edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı ona izah edilmişdir. O, buna etiraz etməmişdir, bundan sonra şəxsi axtarışa başlamışlar. Müstəntiq tərəfindən ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya vardırsa təqdim etsin. O, bu zaman əynində olan jiletin sağ yan cibindən bir ədəd içərisində tünd qəhvəyi rəngli kütlə olan şəffaf sellofan bükümü, bir ədəd özünə məxsus “Nokia” markalı mobil telefonunu, bundan başqa paltarının cibindən yaşadığı evin açarını, əynində olan idman şalvarının cibindən isə 2 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq həmin şəffaf sellofanın içərisində olan tünd qəhvəyi rəngli kütlənin nə olduğunu soruşduqda o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan tiryəkdir. Həmin vaxt müstəntiq ona həmin narkotik vasitəni hardan və nə zaman əldə etməyi barədə sual verdikdə, o, bildirmişdir ki, həmin narkotik vasitə olan tiryəki yaşadığım kəndin yaxınlığındakı meşə ərazsindən tapdıqdan sonra öz şəxsi istifadəsi üçün üzərində gəzdirib saxlamışdır. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da üzərində hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən “nokia” markalı mobil telefonu, 2 manat pulu və yaşadığı evin açarları ona geri qaytarılmışdır. Üzərindən aşkarı edilən narkotik vasitə tiryək isə qablaşdırılıb, zərfdə möhürlənərək götürülmüşdür. Baxışda iştirak edən şəxslərlə birlikdə o da zərfin tamlığını öz imzasıyla təsdiq etmişdir. Həmin narkotik vasitəni heç kimdən almamışdır, onu tapmışdır və heç kimə narkotik vasitə satmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə Xaçmaz rayonu Şollar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün saat 21:30 radələrində Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Cahangir Ağayev ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şollar kəndində yerləşən evin yanında dayandığı vaxt əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs tez-tez ətrafa boylanırmış, əlini əynindəki gödəkcənin sol cibinə salırmış, cibində nəsə saxladığı hiss olunurmuş. Təxminən 2-3 dəqiqə sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamış və özlərini təqdim edib narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Daha sonra müdafiəçinin və onların iştirakıyla Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Şəhriyar Kərimli tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki sarı rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükülü, bir ədəd mobil telefon, daha sonra gödəkcənin və şalvarın ciblərindən pul və açar çıxararaq təqdim etmişdir. Sellofan torba açılıb baxılan zaman içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olmasını, meşədən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. X2 tərəfindən həmin kütlə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X2 həmin qablaşmanı ekpertizaya təqdim etmək üçün götürmüdşür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş 2 manat pul, mobil telefon və açar Təqsirləndirilən şəxs qaytarılmışdır. Baxış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və bitdikdən sonra çəkiliş də dayandırılmışdır. Məhkəmədə ifadəsi elan olunmuş şahid Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibtidai istintaq zamanı şahid Səxavət Abbasovun ifadəsi ilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməkimyəvi ekspertizasının 29.03.2021-ci il tarixdli 6/1224 nömrəli rəyindən görünür ki -tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar tünd qəhvəyi rəngli kütlə...” sözləri yazılan zərfdə təmiz çəkisi 43.880 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmənarkoloji ekspertizasının 08 aprel 2021-ci il tarixli 1023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2021-ci il tarixdə saat 21:30 radələrində o, Xaçmaz rayonu Şollar kəndində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, rayon polis şöbəsində onun üzərinə saat 22:40-dan 22:55-dək olan müddətdə keçirilən şəxsi axtarış zamanı əynindəki jiletin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi -43.880 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 43.830 qram olan tiryək məhv edilməlidir. İş materiallarında olan 1 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirii hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Onun üzərinə narkomaniyadan məcburi müalicə olunmaq vəzifəsi qoyulsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 43.830 qram olan tiryək məhv edilsin. İş materiallarında olan 1 ədəd SD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, elan olunduqdan 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar