Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-107/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, SMD-16 qəsəbəsi ev 3, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləği ilə 120 (yüz iyirmi) manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)-3070/2019 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 16 iyul 2020-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 21 aprel 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 yanvar 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 3240 (üç min iki yüz qırx) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun zərərçəkmişlə birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü Günay adlı övladları doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)-3070/2019 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləği ilə 120 manat məbləğində aliment tutularaq Çilə Çələbiyevaya (Səmədova) verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. O, zərərçəkmiş şəxsə rəsmi olmadan pul vermişdir, lakin nə qədər məbləğdə verdiyini xatırlamır. Pandemiya ilə əlaqədar karantin rejimlərində işləyə bimədiyi üçün alimentlə bağlı zərərçəkmişə pul ödənişi edə bilməmişdir. Onun zərərçəkmişlə olan nikahından əvvəlki nikahından iki uşağı var, həmin uşaqlar da onunla birlikdə yaşayır. Həmçinin aliment borcu ilə bağlı zərərçəkmişə hazırkı işin məhkəmə prosesi zamanı 200 (iki yüz) manat ödəniş etmiş, onun aylıq qazancı 400 (dörd yüz) manat təşkil edir, zərərçəkənə hər ay ödənişlər edəcəyinə söz verdiyini bildirmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs bir təyin edilmiş alimenti ödəmir. O və uşağı anasının pensiyası ilə dolanırlar. Təqsirləndirilən şəxs alimenti ödəyəcəyi barədə dəfələrlə vəd verməsinə baxmayaraq, əməl etməmişdir. İşin məhkəmə hazırlıq iclasından sonra təqsirləndirilən 150 manat dəyərində ərzaq alaraq gətirib vermiş, uşağı iki dəfə xəstəxanaya aparmış, əvvəllər 300 manat, hazırkı məhkəmə iclasında isə ona 200 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 oğlu ifadəsində göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)3070/2019 saylı, qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2019-cu il tarixdən başlayaraq övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 120,00 manat məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3240,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz rayon məhkəməsinin inzibati xəta haqqında iş üzrə 16 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs edilməsinə, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs fərdi əməklə, yəni fəhləliklə məşğul olaraq kifayət qədər qazanc əldə etsə də, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3240,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən bank hesabı açılması üçün müraciət etməmiş, icra tədbirləri zamanı alimenti ödəməyəcəyini demişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)- 3070/2019 saylı qətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 iyun 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 oktyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli 2(067)-3070/2019 saylı icra vərəqəsindən və Xaçmaz rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)- 3070/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(067)- 3070/2019 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, izahatlarında xx.xx.2019-cu il tarixli, 2(067)-3070/2019 saylı icra sənədinə əsasən tələbkar Çilə Səmədovaya olan aliment borcunu ödəməli olduğunu, həmin icra sənədinin icrası ilə bağlı bildirişi və icraata başlamaq haqqında qərarın surətini aldığını, yaranmış qalıq borcunu maddi imkanı olmadığından bir dəfəyə ödəyə bilmədiyini, hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin inzibati xəta haqqında 16 iyul 2020-ci il tarixli protokolunun təsdiqlənmiş surətindən və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-615/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Səmədov X4 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs tələbkara ödəməli olduğu 1200 manat məbləğində alimenti ödəməsi üçün 10 gün vaxt verilmiş, həmin müddətdə icra sənədini təkrar icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq”ın surətini şəxsən qəbul etmişdir. İş materiallarında olan 21 aprel 2020-ci il tarixli cinayət məsuliyyətinə cəlbetmə haqqında “Bildiriş”in və borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi həmin tarixli izahatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, o, izahatında bildirmişdir ki, o, məhkəmənin qeyd olunan qərarı ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra ona tələbin icrası ilə bağlı yeni müddət verilsə də, o heç bir ödəniş etməmiş, yaranmış aliment borcunu ödəməyəcəkdir. Ona borcunu ödəməyəcəyi təqdirdə barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan “Bildiriş”in surətini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktların təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, icra məmurlarının iştirakı ilə borclu Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış və sonuncu aliment borcundan heç bir ödəniş etmədiyini bildirmişdir. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Zərərçəkmiş şəxs Xaçmaz rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 3070/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcu məbləğindən ona heç bir ödəniş etmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs heç yerdə işləmir, ailəlidir. Onun barəsində İdarəyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan şəxsin tutulması barədə 23 may 2022-ci il tarixli protokoldan, 25 may 2022-ci il tarixli iltizamdan və müvəqqəti saxlama yerindən azad edilmə barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-107/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-107/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver