Məhkəmə qərarları › İş №1(067)-107/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-107/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-107/2023 26.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, S.Qazıyeva küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, buynuzlu mal-qara ticarəti ilə məşğul olan Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ona müştəri qismində müraciət etmiş Zərərçəkmiş şəxs keyfiyyətli mal əti satacağına dair yalan vəd verib sonuncuda inam formalaşdırdıqdan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilmiş laborator müayinə və elmi araşdırmaya əsasən istehlak üçün yararsız hesab olunan 1900 (bir min doqquz yüz) kiloqram çəkidə mal ətini sonuncuya 2022-ci ilin oktyabr ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində Xaçmaz rayonu, Qobuqırağı kəndi ərazisində keyfiyyətli məhsul adı ilə hər kiloqramını 6 manatdan satıb aldatmaqla Zərərçəkmiş şəxs cəmi 11400 (on bir min dörd yüz) manat məbləğində pulunu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ona xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qanunazidd hərəkətləri barədə müraciətlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində Xaçmaz rayonu, Qobuqırağı kəndi ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı könüllü razılığı əsasında tədbirə cəlb olunmuş Zərərçəkmiş şəxs 734 (yeddi yüz otuz dörd) kiloqram çəkidə istehlak üçün yararsız olan iri buynuzlu mal-qara ətini 4100 manata satdıqdan sonra Təqsirləndirilən şəxs saxlanılmış, baxış zamanı sonuncu keyfiyyətsiz ət məhsulunun satışından əldə etdiyi əvvəlcədən seriya və nömrələri protokola qeyd olunmuş 41 ədəd 100 nominallı pul əsginaslarından ibarət cəmi 4100 (dörd min yüz) manat məbləğində pul vəsaitini və nəqliyyat vasitəsinin yük yerindəki istehlak üçün yararsız olan ət məhsulunu polis əməkdaşlarına təqdim etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərindən həmin ayın sonunadək ümumilikdə 11400 manat məbləğində mal əti satmışdır. Onun zərərçəkmiş şəxsə satdığı həmin ətləri o, qoca malları ucuz qiymətə alaraq kəsib əldə etmişdir. O, alarkən həmin heyvanların qoca, xəstə olmasını bilmişdir. Buna görə də o həmin malların ətinin bir kiloqramını zərərçəkmiş şəxsə 6-7 manatdan hesablayaraq satmışdır, lakin normal mal əti bazarlarda 13-14 manat olmuşdur. Sonuncu dəfə isə 2023-cü ili yanvar ayında Qiyasa 4100 manatlıq həmin tip ətlərdən satarkən polis tərəfindən saxlanılmışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəlidir, üç övladı - 2005-ci il qız, 2007 və 2014-cü il təvəllüdlü oğlan övladı vardır. Ruhi-əsəb xəstəliklərindən əziyyət çəkmir, hər hansı xəstəxanada qeydiyyatda olmamışdır. Uzun müddətdir ki, mal-qara alveri ilə məşğul olmuşdur. Xaçmaz rayonu, Qobuqırağı kəndində tövlə tipində kəsim yeri olmuşdur. Əsasən səhhətində hansısa problemi olan mal-qara alveri ilə məşğul olmuşdur. Belə ki, nisbətən yaşlı və müəyyən problemləri olan mal digərlərinə nisbətdə ucuz satılmışdır. Özü mal-qara saxlamamış, yəni mal-qara təsərrüfatı olmamışdır, əsasən ucuz qiymətə malqara alıb kəsib satmaqla məşğul olmuşdur. Ucuz qiymətə mal-qaranı müxtəlif şəxslərdən almış və ona zəng edib müraciət edən müxtəlif müştərilərə satmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxslə tanış olmuşdur. Qiyası Rudik adlı tanışı vasitəsi ilə tanımışdır. Qiyas demişdir ki, kolbasa sexi üçün ona ət lazımdır. Qiyasla söhbət zamanı onun həqiqətən də real müştəri olmasına əmin olduğu üçün Qiyasa ət satmağa razılıq vermişdir. Onun «Accessbank» bankına 82.000 ABŞ dolları məbləğində kredit borcu olmuşdur. Həmin krediti ödəməkdə çətinlik çəkirmiş. Kredit qardaşının adına rəsmiləşdirilmişdir. Əvvəllər həmin krediti götürüb kolbasa sexi açmaq istəmiş, lakin işi alınmamış və müflis olmuşdur. Maddi imkansızlıq olduğu üçün qərara gəlmişdir ki, Qiyasa ət məhsulları satıb pul qazansın. O əsasən Xaçmaz və ətraf rayonlardan, yəni Dəvəçi, Quba, Qusar, Xudat rayonlarından ucuz qiymətə problemi olan inək alıb satmaqla məşğul olmuşdur. Qiyasa da bu tip ətlərdən alıb satmışdır. Birinci dəfə 2022-ci ilin oktyabr ayının əvvəllərində, ikinci dəfə oktyabr ayının ortalarında Qiyasa cəmi 1 ton 900 kiloqram mal əti satmışdır. Bunun müqabilində cəmi 11.400 manat nağd şəkildə pul qəbul etmişdir. Ətin satışı Xaçmaz rayonu, Qobuqırağı kəndində həyata keçirilmişdir. Ətin hər kiloqramını 6 manatdan Qiyasa satmışdır. Qiyasa satdığı ət əsasən yatmış və xəstə inəklərə məxsus ət olmuşdur. Rayon sakinləri və ya mal-qara ticarətçiləri qocalmış, xəstə və ya müəyyən zədələrə görə ayaqüstə dura bilməyən inəyi orta bazar qiymətindən daha ucuz satmışlar. İnəyin xəstəliyinin səviyyəsindən və çəkisindən asılı olaraq bu tip ətin kiloqramı 2-4 manat arasında dəyişmişdir. 18 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində Qiyasa yenə də ət satmaq üçün Qiyasla Xaçmaz rayonu, Qobuqırağı kəndində görüşmüşlər. Belə ki, Qiyasla əvvəlcədən bu barədə görüşüb razılaşmışlar. Qiyas artıq daimi müştərisinə çevrildiyinə görə Qiyasa bu dəfə əti endirimli qiymətlə 5 manat 50 qəpikdən satmağa razılaşmışdır. Qiyasa 734 kiloqramı ət məhsulunu 4090 (dörd min doxsan) manata satmışdır. Bunun müqabilində Qiyasdan 4100 manat vəsait qəbul etmişdir. Alqı-satqı baş tutduqdan sonra ona mülki geyimli polis əməkdaşları yaxınlaşmışlar. Sorğu zamanı o, törətdiyi əməli etiraf etmişdir. Qiyasın verdiyi 4100 manat pul vəsatini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları pulların seriya və nömrəsini tutuşdurmuş və ona məlum olmuşdur ki, Qiyasın ona verdiyi pulun seriya və nömrəsi əvvəlcədən protokola qeyd olunmuşdur. Aşkar olunmuş ət məhsulları ekspertizaya verilməsi üçün götürülmüş, daha sonra araşdırma ilə əlaqədar Baş İdarəyə dəvət olunmuşdur. Baş İdarədə baxışla bağlı protokol tərtib olunmuş, protokolla tanış olmuş və doğru olduğu üçün tərəfindən imzalanmışdır. Əməlindən peşman olduğu üçün bir daha keyfiyyətsiz ət satmayacaqdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, Qiyasla arasında heç bir pis münasibət olmamış, Qiyası əvvəllər tanımamışdır. O, ruhiəsəb xəstəliklərindən əziyyət çəkmir, hər hansı xəstəxanada qeydiyyatda olmamışdır. Əgər ətdən başı çıxmayan adam əti alırsa adi gözlə ətin keyfiyyətli və ya keyfiyyətsiz olmasını ayırd edə bilməzmiş. Amma o, uzun müddət bu işlə məşğul olduğuna görə ətə baxanda keyfiyyətlini keyfiyyətsizdən ayıra bilmişdir. Qiyasa 2022-ci ilin oktyabr ayında və xx.xx.2023-cü il tarixdə satdığı ətlərin hamısı inək əti olmuşdur. Sadəcə inəklərin problemi olduğuna görə ona ucuz satılmış, o da üzərinə öz mənfəətini qoyub Qiyasa satmışdır. Söhbət zamanı Qiyas ona bildirmişdir ki, əti kolbasa sexi üçün istəmiş, o, bildiyi qədəri ilə kolbasa sexinə də keyfiyyətli ət lazım olmurmuş. Buna görə də fikirləşmişdir ki, keyfiyyətsiz ət satmağı Qiyasa problem yaratmayacaqdır. Banka borcu olduğuna görə maddi vəziyyətini nəzərə alıb bu işə baş qoşmuşdur. O, istəməzmiş ki, həmin ətdən kimsə yesin zəhərlənsin. Həmin ət bir qədər keyfiyyətsiz olmuş, tam keyfiyyətsiz də olmamışdır, həmin heyvanların içində elələri olmuşdur ki, xəsarətləri yüngül olmuşdur. Kəsim Xaçmaz rayonu, Qobuqrağı kəndində ona məxsus olan kəsim yerində həyata keçirilmişdir. Kəsimləri sifariş əsasında müxtəlif qəssablar etmişdir. Kəsim adi şəraitdə edilmişdir. Kəsimi həyata keçirmək üçün heç bir icazəsi olmamışdır. Kəsim bitdikdən sonra inəyin qalan yerlərini, yəni başları, quyruğu, içalatı, dəri və ayaqları istifadəyə yararlı olmadığına görə it saxlayan şəxslərə havayı vermişdir. Mal ətinin keyfiyyəsiz olması ilə bağlı ekspertin dediklərinə bir sözü yoxdur. Həmin heyvanların heç birini müayinədən keçirməmişdir. Başqa yerlərə satdığı ət normal ət olmuş, yalnız Qiyasa satdığı ət bir qədər keyfiyyətsiz ət olmuşdur. O, mobil telefonuna baxış zamanı aşkar edilmiş fotoşəkillərdəki inəkləri ucuz qiymətə alıb satmışdır. Müxtəlif şəxslərlə problemli və ya xəstə olan inəyi satmaqla bağlı ona müraciət etmişlər, o da onlardan inəyin fotoşəklini istəyirmiş ki, baxıb qiymət versin. 2018-ci ildə mal-qara əti kəsib satmaq üçün Qida təhlükəsizliyi agentliyindən müvafiq icazə almışdır. Ona bu məqsədlə ********** nömrəli «Azqidakart» icazə kartı da verilmişdir. Lakin 2020-ci ildə fəaliyyətini dayandırmış və Qida təhlükəsizliyi agentliyinin icazəsi qüvvədən düşmüşdür. Bundan əlavə 2015-ci ildə vergi uçotuna alınmış və ********** nömrəli VÖEN əldə etmişdir. Lakin fəaliyyətini dayandırdığı üçün xx.xx.2020-ci il tarixdə VÖEN-i bağlatdırmış və hazırda vergi uçotunda deyildir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə 12 iyun 2023-cü il tarixli, notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən edilir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində Xəzər rayonu ərazisində yerləşən bir kolbasa sexinin icarəyə verilməsi ona məlum olmuşdur. Buna görə də həmin sexi icarəyə götürüb işlətmək fikrinə düşmüşdür. Kolbasa işi ilə məşğul olan şəxslərdən həmin biznesi qurmağın şərtləri və qaydaları barədə maraqlanmış, bu işdə təcrübəsi olan şəxslərin məsləhəti ilə xammal olaraq ət tədarükü görmək üçün Sumqayıt şəhəri ərazisində soyuducu-anbar icarəyə götürmüşdür. Mal əti alveri ilə məşğul olan Rudik adlı şəxslə telefonla danışmış, Rudik adlı şəxs bildirmişdir ki, böyük həcmdə ət satmaqla məşğul deyil və ona Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. Bundan sonra Faiqə zəng edib onunla tanış olmuşdur. Tanışlıq zamanı Faiq Xaçmaz rayonunda yaşadığını və mal-qara alveri ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı Faiq mal-qara alveri ilə məşğul olan biri kimi özünü ona təqdim etdiyinə görə o, Faiqə öz planları barədə danışmışdır. Faiq onu əmin etmişdir ki, keyfiyyətli mal əti ilə təmin edəcəkmiş. Hətta demişdir ki, mütəmadi olaraq əti ondan alsa, ətin qiymətində endirim də edəcəkdir. Ona onsuz da əti bir adamdan almaq sərf etmişdir ki, hər dəfə kolbasa məhsullarının istehsalı üçün xammal kimi mal əti lazım olanda yenidən axtarmasın. Mal ətinin daşınması üçün Bakı şəhərində bu işlə məşğul olan günəmuzd işləyən sürücülərdən tapıb Xaçmaz rayonuna Faiqin yanına göndərmişdir. Sürücü də Faiqdən əti qəbul edib Sumqayıt şəhəri ərazisində icarəyə götürdüyü soyuducu-anbara boşaldırmış. Birinci dəfə Faiq ona 2022-ci ilin oktyabr ayının əvvəllərində 1 ton ət məhsulunu Xaçmaz rayonu, Qobuqırağı kəndində 6.000 manata satmışdır. Bir neçə gün sonra isə ikinci dəfə 900 kiloqram ət məhsulunu 5400 manata satmışdır. O həmin ət məhsullarını aldıqdan sonra Sumqayıt şəhəri ərazisində icarəyə götürdüyü anbarsoyuducuya boşaltdırmışdır. Təxminən 09 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində icarəyə götürdüyü soyuducu-anbarda olan zaman ətlərdən kəskin üfunət iyinin gəldiyini və rənginin qaraldığını aşkar etmişdir. Soyuducuda qalmasına baxmayaraq ətdən çox pis iy gəlmişdir. O, kənd işlərindən, yəni ətin keyfiyyəti ilə bağlı məsələlərdən anlayışı olmadığına görə bir-iki adamdan bu barədə soruşmuşdur. Yəni soraqlaşmışdır ki, kolbasa məhsullarının hazırlanması üçün ət almış, lakin həmin ətdən çox kəskin qoxu gəlmişdir. Ona da soraqlaşdığı adamlar demişlər ki, ət keyfiyyətsiz və istifadəyə yararsız olduğuna görə ondan kəskin qoxu gələ bilərmiş. Hətta soraqlaşdığı şəxslər ona demişlər ki, heyvan sənin gözünün qabağında kəsilməyibsə onun keyfiyyətinə əmin olmaq çətindir. Bu söz onda daha çox şübhə oyatmışdır. Bundan sonra başa düşmüşdür ki, o aldadılmışdır, keyfiyyətli ət əvəzinə ona istifadəyə yararsız ət məhsulları satılmışdır. Başına gələn hadisə ilə bağlı ərizə yazıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və aldadılmağı barədə məlumat vermişdir. Bundan əlavə o, Faiqdən aldığı və istifadəyə yararlı olması şübhə doğuran cəmi 1 ton 900 kiloqram çəkidə ət məhsullarını araşdırmaya könüllü təqdim etmiş, yəni icarəyə götürülmüş anbar-soyuducuda saxladığı ətləri göstərmişdir. Baş İdarədə aparılan araşdırma zamanı polis əməkdaşlarına məlumat vermişdir ki, Faiqlə arasında növbəti ət alqı-satqısı 18 yanvar 2023-cü il tarixdə baş tutacaqdır. Belə ki, Faiq ona bildirmişdir ki, növbəti «partiya» əti onun üçün xx.xx.2023-cü il tarixdə hazır edəcəkdir. Faiqin deməsinə əsasən 734 kiloqram əti ona endirimli qiymətlə hər kiloqramı 5 manat 50 qəpikdən satacaq və təxminən 4090 manat ödəniş etməli olacaqdır. Polis əməkdaşlarına bu məlumatı verdikdən sonra Faiqin qanunsuz əməllərinin ifşa olunması üçün keçiriləcək tədbirdə ona şərti alıcı qismində iştirak etməyini təklif etmişlər. O da razılaşmışdır ki, Faiqin barəsində tədbir görülsün və aldadaraq ələ keçirdiyi pulunu geri qaytarsın. 18 yanvar 2023-cü il tarixdə sənədləşmə aparılmış və polis əməkdaşları nömrəsi və seriyası protokolda əvvəlcədən qeyd olunmuş 4.100 manat pulu ona vermişlər. Bundan sonra tədbir iştirakçıları ilə birgə Xaçmaz rayonu, Qobuqırağı kəndinə yollanmışlar. Həmin gün saat 17:00 radələrində Faiqlə kəsim yerində görüşmüşlər. Görüşə o, tək getmiş, polis əməkdaşları isə kənarda müşahidə mövqeyi tutmuşlar. O, nömrəsi və seriyası protokolda qeyd olunmuş 4100 manat pul vəsaitini Faiqə vermiş. Faiq ət məhsullarını avtomaşının yük yerinə doldurmuşdur. Alqı-satqı baş tutduqdan sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Baxış zamanı surəti çıxarılmış pul vəsaitləri Faiqdən aşkar olunmuşdur. Bundan əlavə ona həmin gün satılmış avtomobilin yük yerində olan ət məhsulları ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra baxışla bağlı Baş İdarədə protokol tərtib olunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, söhbət zamanı Faiq əmin etmişdir ki, onu keyfiyyətli mal əti ilə təmin edəcəkmiş. Faiq ona çox şirin vədlər vermişdir ki, daimi olaraq əti ondan alsın, ona ən keyfiyyətli və ən ucuz mal ətini təşkil edəcəyinə söz vermişdir. Ona söz vermişdir ki, endirimli qiymətlə kefiyyətli mal əti təşkil edəcəkmiş. Ona satdığı ətin keyfiyyətsiz olmasını bilsəydi, Faiqdən ət almazmış. O, risk edib bu qədər pul xərcləyib özünə biznes qurmaq istəmiş, lakin Faiq kimi dələduzlar onun gəncliyindən və təcrübəsiz olmasından istifadə edib ona pis keyfiyyətli mənşəyi məlum olmayan ət satıb onu aldatmışdır. Aldadılmağı nəticəsində ona ümumilikdə 11.400 manat məbləğində maddi ziyan dəymişdir. O, Faiqdən başqa heç kimdən ət almamışdır. O bu sahədə ilk addımlarını atmışdır. Yəni əlində qalan pulla təzətəzə kolbasa biznesinə başlamaq istəmişdir ki, dələduz tərəfindən aldadılmışdır. Araşdırmaya təqdim etdiyi və müvafiq protokolda qeyd olunmuş ət məhsulları sırf Faiqin ona satdığı məhsullar olmuşdur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, əvvəllər Faiqi tanımamış, ət alqı-satqısı zamanı tanımışdır. Aldığı ətləri heç bir formada istifadə etməmiş, aldıqdan sonra soyuducu-anbarda saxlamışdır. İş üzrə Şahid 25 sentyabr 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xidməti zərurətlə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilidir. 13 yanvar 2023-cü il tarixdə icraatına vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi daxil olmuşdur. Həmin müraciətdən görünmüşdür ki, Xaçmaz rayon sakini Faiq adlı şəxs 2022-ci ilin oktyabr ayında keyfiyyət göstəriciləri şübhə doğuran ət məhsulları satıb ümumilikdə Zərərçəkmiş şəxs 11.400 manat pulunu ələ keçirmişdir. Vətəndaş aldadıldığına və ət məhsullarının keyfiyyətli olmasına şübhə etdiyinə görə ərizə ilə Baş İdarəyə müraciət etmişdir. Müraciət müəllifi Qiyas Faiq adlı şəxsdən aldığı və istifadəyə yararsız olmasından şübhələndiyi ət məhsullarını araşdırmaya təqdim etmişdir. Belə ki, həmin məhsullar Zərərçəkmiş şəxs tərəfindən icarəyə götürülmüş xüsusi soyuducu-anbarda saxlanılırmış. Zərərçəkmiş şəxs ət məhsullarından kəskin qoxu gəldiyinə və digər zahiri əlamətlərinə görə məhsulun keyfiyyətsiz olmasını ehtimal etmişdir. Faktla bağlı Zərərçəkmiş şəxs izahatı alınmış və o, 16 yanvar 2023-cü il tarixdə bildirmişdir ki, növbəti dəfə ət satmaq üçün Faiq onunla Xaçmaz rayonu ərazisində görüşəcəkdir. Faiq adlı şəxsin şəxsiyyəti barədə məlumatlar dəqiqləşdirilmişdir. Qiyas Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi üçün tədbirdə şərti alıcı qismində iştirak etməyə razı olmuşdur. Müvafiq əməliyyat tədbirlərinin keçirilməsi üçün aidiyyəti üzrə rəhbərliyə məruzə edilmiş və qərar qəbul olunmuşdur. Baş İdarənin əməkdaşları Ələkbər Cəfərov və İbrahim Vəliyevdən ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Faiq Qiyasa təxminən 4100 manat dəyərində ət məhsulu satmağı təklif etdiyindən 18 yanvar 2023-cü il tarixdə əməliyyat tədbirində istifadə edilməsi üçün Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş fonddan götürülmüş 4100 manat pul tədbirdə şərti alıcı qismində iştirak edəcək Zərərçəkmiş şəxs təqdim olunmuşdur. Bununla bağlı müvafiq sənədləşmə aparılmış və pul vəsaitlərinin kserosurətləri protokola əlavə edilmişdir. Həmin tarixdə Xaçmaz rayonuna yollanmışlar və alqı-satqının baş tutacağı yerdə müşahidə mövqeyində dayanmışlar. Şərti alıcı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə görüşmüşdür. Faiq Qiyasa ət məhsullarını təqdim edib əvəzində 4100 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Bundan sonra onlar vaxt itirmədən Faiqə yaxınlaşıb özlərini təqdim etmişlər. Faiqə araşdırma barədə məlumat verib qərarla tanış etmişlər. Sorğu zamanı Faiq keyfiyyətsiz mal əti məhsulunu Qiyasa satmasını etiraf etmiş və satdığı keyfiyyətsiz mal ətinə görə qəbul etdiyi 4100 manat pul vəsaitini təqdim etmişdir. Təqdim olunmuş pul vəsaitinin seriya və nömrələri kserosurətlərlə eyniləşdirilmişdir. Ət məhsullarının istifadəyə yararlı olması şübhə doğurduğuna görə müvafiq yoxlamaya təqdim olunması üçün götürülmüşdür. Videoçəkiliş aparılmaqla həyata keçirilmiş baxış yekunlaşdıqdan sonra bununla bağlı Baş İdarədə protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyindən tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 2022-ci ilin oktyabr ayında Xaçmaz rayonunun Qobuqırağı kəndində ferması olan Faiq adlı şəxsin ona dana əti adı ilə keyfiyyətsiz, mənşəyini bilmədiyi 1900 kq əti bir kiloqramı 6 manatdan olmaqla cəmi 11400 manata sataraq aldatdığını bildirmiş, Faiq adlı şəxsin qanunsuz əməlinin qarşısının alınmasında ona köməklik edilməsini, həmçinin onun əməllərinin ifşa olunmasında köməklik edə biləcəyini bildirmişdir. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli “Könüllü təqdim edilən predmetlərə baxış keçirilməsi və götürülmə haqqında” protokoldan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona satılmış və Sumqayıt şəhəri ərazisində soyuducu-anbarda saxladığı 1900 kiloqram ət məhsulunu araşdırma üçün təqdim etmişdir. Həmin 1900 kq ət məhsulu həmin soyuducu-anbarda saxlanılmaqla götürülmüşdür. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan müəyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və BMCMİ-nin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” protokoldan və ona əlavə edilmiş pul əskinaslarının kserosurətlərindən müəyyən edilir ki, qeyd olunan əməliyyataxtarış tədbirləri barədə qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 4100 (dörd min yüz) manat məbləğində pul vəsaitinin (41 ədəd 100 manatlıq əskinasları) kserosurətləri çıxarıldıqdan sonra tədbirdə könüllü olaraq iştirak etməyə razılıq vermiş Zərərçəkmiş şəxs təqdim olunmuşdur. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan, ona əlavə edilmiş pul əskinaslarının kserosurətlərindən və DVD diskdən müəyyən edilir ki, İsayev X2 rayonunun Qobuqırağı kəndində görüşüb, satdığı keyfiyyətsiz mal əti müqabilində 4.100 manat pulu Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sonuncuya yaxınlaşmış, baxış zamanı Təqsirləndirilən şəxs insanın istehlakı üçün yararsız ət məhsulları müqabilində əldə etdiyi 4100 manat pulu təqdim etmiş, eyniləşdirmə zamanı həmin pul əskinaslarının seriya və nömrələrinin əvvəlcədən kserosurətləri çıxarılmış pul əskinasları ilə eynilik təşkil etdiyi müəyyən olunmuş, həmin pul vəsaiti Təqsirləndirilən şəxs götürülmüş, həmçinin nəqliyyat vasitəsinin yük yerindən zərərçəkmişə satılmış 734 kiloqram ət məhsulu aşkar edilmiş və həmin ət ekspertiza zərurəti ilə əlaqədar götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli rəydən müəyyən edilir ki, hazırkı iş üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına daxil olmuş dana əti və dondurulmuş mal əti nümunələrinin molekulyar-genetik, bakterioloji və fizikikimyəvi müayinələri həyata keçirilmişdir. Dana ətinin molekulyar-genetik müayinələri nəticəsində ətdə mal DNT-si, bakterioloji müayinələr zamanı Salmonella spp və E.coli O157, fiziki-kimyəvi müayinələr zamanı isə pH göstəricisi üzrə uyğunsuzluq aşkar edilmişdir. Dondurulmuş mal əti nümunəsinin molekulyar-genetik müayinələri hamanı ətdə mal və at DNT-si, bakteroloji müayinələr zamanı E.coli O157, fiziki-kimyəvi müayinələr zamanı isə pH göstəricisi üzrə uyğunsuzluq aşkar edilmişdir. Patogen mikroorqanizmlər qrupuna aid olan Salmonella spp və E. coli O157 tərəfindən ifraz olunan ekzo və endotoksinlər insan həyat və sağlamlığı üçün təhlükəli hesab olunur. Belə ki, qida toksikoinfeksiyası kimi də tanınan bu mikroorqanizmlər insanlarda hərarətin yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, diareya və s. əlamətlərlə xarakterizə olunan qida mənşəlli xəstəliklərə, o cümlədən intoksikasiyalara səbəb olur. Hər iki nümunənin mikrobioloji çirklənməyə məruz qalması, eyni zamanda pH göstəricisi üzrə uyğunsuzluğun aşkar edilməsi sanitar-gigiyenik tələblərin pozulması kimi qiymətləndirilir. Odur ki, laborator müayinə nəticələri və elmi araşdırmalara əsasən müayinəsi aparılan dana əti və dondurulmuş mal əti nümunələrinin aid olduğu ət məhsulu istehlak üçün yararsız hesab olunur. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli “Könüllü təqdim edilən predmetə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və DVD diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” mobil tətbiqində və mobil telefonun şəkillər olan qovluğunda ət kəsiminə dair, həmçinin ayaq üstə olmayan və arıq inək şəkilləri vardır. İş materiallarında olan Dövlət Vergi Xidmətindən əldə edilmiş arayışdan, “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin, həmçinin “AzQİDAkart” kartının surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə vergi uçotuna alınmış və ********** nömrəli VÖEN əldə etmiş, lakin fəaliyyətini dayandırdığı üçün xx.xx.2020-ci il tarixdə VÖEN-i bağlatdırmış və hazırda vergi uçotunda deyildir. Həmçinin xx.xx.2018-ci ildə ildə mal-qara əti kəsib satmaq üçün Qida təhlükəsizliyi agentliyindən müvafiq icazə almış, ona bu məqsədlə ********** nömrəli «AzQİDAkart» icazə kartı verilmiş, lakin 2020-ci ildə fəaliyyətini dayandırmış və Qida təhlükəsizliyi agentliyinin icazəsi qüvvədən düşmüşdür. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə istinadən CM-in 194 və 178-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Həmin qərardan müəyyən edilir ki, xx.xx.2023-cü tarixli epizodda Zərərçəkmiş şəxs zərərçəkmiş deyil, şərti alıcı statusunda çıxış etdiyindən, ələ keçirilmiş vəsait DİN-in əməliyyat xərclərinə aid olmaqla geri qaytarıldığından, dələduzluq cinayəti isə maddi tərkibli cinayət olduğundan 4100 manat ümumi maddi ziyana daxil edilməmişdir. Həmin qərardan müəyyən edilir ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli 7 nömrəli qərarının 12-ci bəndinə əsasən cinayətin törədilməsi ərəfəsində aktiv VÖEN-i olmadığından, fərdi sahibkar kimi vergi uçotuna alınmadığından Təqsirləndirilən şəxs əməlinin CM-in 200-cü maddəsi ilə deyil, 178-ci maddəsi ilə tövsif edilməsi nəzərə alınmışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən aktiv VÖEN-i olması və ya fərdi sahibkar kimi vergi uçotuna alınması müəyyən edilməmişdir. (mövcud olmamışdır) Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, rəyi, DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 12 iyun 2023-cü il tarixli, notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 26 sentyabr 2023-cü il tarixli 638 nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, onun cinayət əməli nəticəsində vurduğu 11400 manat ziyanın 25 faizi məbləğində pul (2850 AZN) dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdıqlarını, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən satılmış istehlak üçün yararsız hesab olunan ət məhsullarının laborator tədqiqatından sonra qalan hissəsi, Təqsirləndirilən şəxs məxsus mobil telefondan köçürülmüş iş üzrə istintaq əhəmiyyəti kəsb edən məlumatların saxlandığı 01 ədəd DVD disk, 18 yanvar 2023-cü il tarixli əməliyyat tədbiri zamanı baxış keçirilməsinə dair videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk ibtidai istintaq orqanı tərəfindən iş üzrə maddi sübut hesab edilmiş, həmin ət məhsulları Sumqayıt şəhəri ərazisində yerləşən soyuducu-anbarda, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən alaraq Sumqayıt şəhəri ərazisində yerləşən soyuducu-anbarda saxladığı, istehlak üçün yararsız hesab olunan ət məhsullarının laborator tədqiqatından sonra qalan hissəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən alaraq Sumqayıt şəhəri ərazisində yerləşən soyuducu-anbarda saxladığı, istehlak üçün yararsız hesab olunan ət məhsullarının laborator tədqiqatından sonra qalan hissəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar