Məhkəmə qərarları › İş №1(067)-108/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-108/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-108/2020 20.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində ictimai yer olan Xaçmaz şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs sifət nahiyəsindən sillə ilə vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, adını sonradan bildiyi iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs üzdən tanımışdır, belə ki, zərərçəkən şəxs bir neçə dəfə onun yaşadığı küçədən keçmişdir. Həmçinin hadisədən 2-3 gün əvvəl o, Xaçmaz şəhərində yerləşən bazarda dostu Şahinə məxsus dükanın qarşısında dayanarkən zərərçəkən şəxs onun yanından keçərkən onu nalayiq ifadələrlə təhqir etmiş, lakin o, həmin vaxt zərərçəkən şəxsə baş qoşmamışdır. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində o, Xaçmaz şəhərində mərkəzi bazarda yerləşən, dostu Şahinə məxsus telefon dükanına gəlmiş və dükanın qarşısında dayanıb sonuncu ilə söhbət etmişdir. O, dostu ilə söhbət edən zaman arxadan bir qadının kobud formada onu çağırdığını eşitmiş və arxaya dönərkən onu çağıran şəxsin zərərçəkən şəxs Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkən şəxs həmin vaxt ona “səni salaram təpiyimin altına” deyə bildirmiş, o isə zərəçəkənə sakitləşməsini və çıxıb getməsini tələb etmişdir. Şəhanə təxminən 3-4 metr gedəndən sonra yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş, kənarda dayanan şəxslərin onlara baxması və zərəçəkən şəxsin onu təhqir etməsi ona pis təsir etmiş və bu səbəbdən o, zərərçəkənə yaxınlaşaraq sonuncunun sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Ətrafda olan bir neçə nəfər şəxs gəlib onu sakitləşdirərək kənara çəkmişdir. Həmin vaxt zərərçəkən şəxs yenidən onu söydüyü üçün tanımadığı oğlanlardan biri zərərçəkənə yaxınlaşmış və ağız nahiyəsindən tutaraq söyüş söyməməsini demişdir. O da zərərçəkənə daha baş qoşmayaraq çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə gedərək onun barəsində şikayət etmişdir. O, zərərçəkən şəxsin sifətindən bir dəfə şillə ilə vurduğunu, hadisə vaxtı ətraflarına orada olan insanlardan 15-20 nəfərin yığılaraq dayandığını, hadisənin 3-5 dəqiqə davam etdiyini, zərərçəkən şəxsi onun dostunun vurmadığını – söyüş söydüyü üçün kənarda olan tanımadığı şəxslərdən birinin zərərçəkənin ağız nahiyəsindən tutduğunu bildirmişdir. Həmçinin zərərçəkən şəxslə barışıq əldə edə bilmədiyini qeyd etmişdir. Əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi olmadığını, əməlinin həmin maddədən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini xahiş edilərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhərində yerləşən mərkəzi bazara getmişdir. Həmin bazarda yerləşən apteklərdən birindən dərman alıb bazardan çıxarkən “pul dəyişənlər cərgəsi” adlanan yerdən keçən zaman üzdən tanıdığı, lakin adını bilmədiyi, yəni iş üzrə Təqsirləndirilən şəxs orada dayanmış kənar şəxslərin yanında ona sözlər atmağa başlamışdır. Bu hal artıq ikinci dəfə idi ki, təkrarlanmışdır. Belə ki, təqsirləndirilən şəxs hadisədən 2-3 gün əvvəl o, bazara gedən zaman bazarın giriş hissəsindən keçərkən tanımadığı kənar şəxslərin yanında ona söz atmış, həmin vaxt o, təqsirləndirilən şəxsə baş qoşmayaraq yoluna davam etmişdir. Lakin təqsirləndirilən şəxsin bu dəfəki hərəkəti ona pis təsir etdiyi üçün təqsirləndirilən şəxsdən ondan əl çəkməsini, bir də ona sataşmamasını xahiş etmiş və yoluna davam etmişdir. Bir qədər getdikdən sonra həmin şəxs ona dayanmağı bildirmiş, ucadan onun ünvanına nalayiq ifadələr işlədərək yaxınlaşmış və sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Bu zaman ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşaraq təqsirləndirilən şəxsi ondan ayırmışlar. Lakin təqsirləndirilən şəxs sakitləşməmiş, ucadan onun ünvanına nalayiq ifadələr işlədərək sifət nahiyəsindən bir dəfə də şillə vurmuşdur. Həmin vaxt onları ayıran şəxslərdən biri ondan nə üçün mübahisə yaratdığını soruşmuş, o da cavab olaraq həmin şəxsə demişdir ki “nə üçün həmin oğlan mənə söz atır?!”. O bunu dedikdən sonra həmin şəxs də onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra ətrafda olan tanımadığı şəxslər çətinliklə onları ayırıb kənara aparmışlar. O da istifadəsində olan mobil telefon ilə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-yə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə zamanı ətraflarına 15-20 nəfər şəxsin yığıldığını bildirmişdir. Təqsirləndirilən şəxlə barışmamış, barəsində şikayətçi olduğunu və azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhərində yerləşən “Şəfa” özəl tibb klinikasında tibb bacısı işləyir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun bacısı qızıdır. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində o, işdən çıxaraq bacısı qızı Şəhanə ilə birlikdə Xaçmaz şəhərində yerləşən mərkəzi bazara getmişdir. Həmin vaxt o, bazarın yaxınlığında yerləşən “Ailə” marketə girmiş, Şəhanə isə dərman almaq üçün bazarda yerləşən aptekə getmişdir. Təxminən 15 dəqiqə sonra o, marketdən çıxmış və marketin qarşısında Şəhanəni gözləmişdir. Həmin vaxt o, Şəhanənin ağlaya-ağlaya gəldiyini görmüş, ağlamasının səbəbini soruşduqda sonuncu tanımadığı şəxsin söz atdığını, daha sonra isə döydüyünü bildirmişdir. O, Şəhanənin qeyd etdiyi bazarda yerləşən “pul dəyişənlər” cərgəsi adlanan yerə gəlmiş, Şəhanə ona həmin oğlanı, yəni təqsirləndirilən şəxsi göstərmiş, lakin həmin vaxt təqsirləndirilən şəxs çıxıb getdiyindən arxası onlara tərəf olmuş, o sadəcə, təqsirləndirilən şəxsin əynində qırmızı köynək olduğunu görmüşdür. Zərərçəkən şəxs təqsirləndirilən şəxsin onu şillə ilə bazarın içərisində, insanların arasında vurduğunu, onları ətrafa toplaşmış şəxslərdən bir neçəsinin ayırdığını bildirmiş, həmin vaxt gündüz saatları olduğundan bazarda insanların çox olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri mərkəzi bazarında icarə əsasında telefon dükanı işlədərək ailəsini dolandırır. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs işlədiyi dükana gəlmiş və onlar dükanın qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxt ətrafda təxminən 20-25 nəfər şəxs dayanmışdır. Əziz ilə söhbət edən zaman dükanına müştəri gəldiyindən o, içəri keçmiş, Əziz isə dükanın qarşısında dayanmışdır. O, içəridə olan zaman küçədən səsin gəldiyini eşitmişdir. Həmin vaxt adını sonradan bildiyi Şəhanə adlı qadının, yəni zərərçəkən şəxsin Əzizin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Əziz zərərçəkən şəxsdən sakitləşməsini və çıxıb getməsini tələb etmiş, sonuncu isə təxminən 5-6 metr getdikdən sonra geriyə qayıdaraq yenidən Əzizi təhqir etməyə başlamışdır. Həmin vaxt orada olan adamların Əzizə baxması və qızın Əzizi təhqir etməsi sonuncuya pis təsir etdiyi üçün Əziz zərərçəkənə yaxınlaşaraq sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Orada olan təxminən 15-20 nəfər şəxs Əzizə yaxınlaşıb sakitləşdirərək kənara aparmışlar. Hadisə vaxtı ikinci bir şəxs zərərçəkən şəxsi vurmamış, təqsirləndirilən şəxs isə zərərçəkəni bir dəfə sillə ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri mərkəzi bazarında fəhlə kimi işləyib dolanır. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində o, həmin bazarda olan zaman bazarın giriş hissəsində təxminən 15-20 nəfər şəxsin yığışdığını görmüşdür. O, məsələnin nə olduğunu öyrənmək üçün orada dayanmış şəxslərə tərəf yaxınlaşmış və təxminən 5-10 metr məsafədən dayanıb müşahidə etmişdir. Həmin vaxt o, adlarını sonradan bildiyi Şəhanə adlı qız ilə Əziz adlı oğlanın mübahisə etdiklərini və bir-birini nalayiq ifadələrlə təhqir etdiklərini görmüş, sonra isə o, Əzizi ucadan söyüş-söyə-söyə Şahanəyə yaxınlaşdığını və sonuncunun sifət nahiyəsindən bir sillə vurduğunu görmüşdür. Əziz həmin qızı vurduqdan sonra ora yığışan adamlar Əzizə yaxınlaşıb sakitləşdirərək kənara aparmışlar. Hadisə vaxtı ikinci bir şəxs zərərçəkən şəxsi vurmamış, təqsirləndirilən şəxs isə zərərçəkəni bir dəfə sillə ilə vurmuşdur. İş materiallarında olan raportdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə, saat 15:49 radələrində iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan 055 ***-**-** saylı nömrədən DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz rayon bazarında adını bilmədiyi bir oğlanın onu döyməsi barədə məlumat vermişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli ərizədən müəyyən edilir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs həmin tarixdə, saat 15:30 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən mərkəzi bazarda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin onu döyərək xəsarət yetirməsi, həmin şəxsin tapılıb barəsində tədbir görülməsi üçün müraciət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxx 2020-ci il tarixli, 276 №-li rəyindən müəyyən edilir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinələri zamanı aşkar edilmiş xəsarətlər – sol gözün alt qapaq və sol qaşın bayır bucağı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Zor tətbiq etməklə hədələmə dedikdə, zərərçəkən şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində şəxsin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünün ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bu Məcəllənin 221.1-ci maddəsinin tərkibini yaradır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində ictimai yer olan Xaçmaz şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs sifət nahiyəsindən sillə ilə vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ədalətli və qanuni cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs İbadov X2 rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 317.1.1ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İbadov X2 rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 317.1.1ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. İş üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı yaranmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan RespublikasıCinayət Мəcəlləsinin221.1-cimaddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında cəzanövükiminəzərdə tutulmuşazadlığın məhdudlaşdırılması növündə cəzanıntəyin edilməsiməqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsinə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsinə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsinə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar