Məhkəmə qərarları › İş №1(067)-108/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-108/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-108/2021 21.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş, hal-hazırda AR Ədliyyə Nazirliyinin PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata materialına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonu Armud-Padar kəndində yaşayn Təqsirləndirilən şəxs, qeyri rəsmi münasibətdə yaşadığı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində yaranmış narazılıq zamanı onu döyərək sonuncuya sağlamlığa AZ AĞİR zərər vurmaya səbəb olan xəsarət yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonu Armudpadar kəndində qeyri-rəsmi münasibətdə yaşadığı Zərərçəkmiş şəxs və anası Şahid Mövlud qızı ilə birgə yaşayır. 15 iyun 2021-ci il tarixdə fəhlə kimi işlədiyi gilas bağından çıxaraq yaşadığı evə gəlmişdir. Evə daxil olduqdan təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Ona evdə olan ailədaxili söhbətləri kənarda danışmasını irad tutmuş və nəticədə əsəblərini cilovlaya bilməyib onun saçından yapışaraq otaqda yerə yıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs ayağa qalxan zaman əsəbləri sakitləşdirmədiyindən təpiklə onun sinə nahiyəsinə güclü zərbə endirmiş və o, otağın yerinə yıxılmışdır. Bir neçə dəqiqə sonra isə arvadının vəziyyətinin ağırlaşdığını, qarın nahiyəsində ağrıların kəskinləşdiyini görərək onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Xaçmaz rayonu Armud-Padar kəndində qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs və onun anası Şahid Mövlud qızı ilə bir evdə yaşayır. 15 iyun 2021-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs işdən evə gəlmişdir. Bir neçə dəqiqə onunla söhbət etdikdən sonra Təqsirləndirilən şəxs guya evdə olan ailədaxili söhbətləri kənarda danışmasını ona irad tutaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə nəticəsində Təqsirləndirilən şəxs onun saçından yapışıb otaqda sürümüş, daha sonra isə sinə nahiyəsinə təpiklə güclü zərbə endirmişdir. Bu zərbədən sonra o, yerə yıxılmışdır. Bundan sonra ağrılarının kəskinləşməsi səbəbindən Təqsirləndirilən şəxs onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid qızı göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və oğlu ilə qeyri rəsmi münasibətdə yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə Xaçmaz rayonu Armud-Padar kəndində yaşayır. 15 iyun 2021-ci il tarixdə saat təxminən 21 radələrində oğlu fəhlə qismində işlədiyi gilas bağından yaşadığıevə gəlmişdir. Bir neçə dəqiqə sonra oğlu ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt o, evin çöl qapısının qarşısında dayanıb qabları yuyurmuş. Oğlunun daha da əsəbləşəcəyini bilib evin içərisinə daxil olmurmuş. Təxminən 5 dəqiqə sonra onların mübahisə səsi kəsilmiş və səsküyün kəsildiyindən təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs qarın nahiyəsində ağrıların artaması başlamışdır. Bu zaman oğlu onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 16.06.2021-ci il tarixli, 327 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onda döş qəfəsinin sağ tərəfinin qançırı və sağ tərəf 10-12-ci qabırğalarının sınıqları bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 16.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müəddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 127.1ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi törədilmiş cinayət əməlinə görə şəxs iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə (vəsatət) vermişdir. Buna görə də, “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qərara aldı: “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar