Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-11/2020 10.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 78, mənzil 3-də qeydiyyatda olan və Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi, ev 56-da yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, Z.Bünyadov küçəsi, 45A nömrəli ünvanın qarşısında sərxoş vəziyyətdə və heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə ucadan söyüş söyərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs ondan söyüş söyməməyi xahiş edərkən buna məhəl qoymadan söyüş söyməkdə davam etmiş, sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər həyata keçirərək silah qismində əşya kimi istifadə etdiyi əlindəki bıçaqla Zərərçəkmiş şəxs üstünə gedib sonuncunu vurmağa cəhd etmiş, öz qərəzli hərəkətlərini davam etdirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxaraq, Zərərçəkmiş şəxs “burun sümüklərinin yerdəyişmə ilə sınıqları, sağ göz ətrafı və sol gözün alt qapaq nahiyələrinin qançırları, hər iki dirsək oynağı və hər iki diz nahiyələrinin sıyrıqları” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən həmin qərəzli hərəkətləri ilə ətrafdakı şəxslərin rahatlığının pozulması ilə müşayiət olunmuş xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi, ev 56-da anası, arvadı, 7 yaşlı qızı və 4 yaşlı oğlu ilə birlikdə yaşayır. Atası 8 ildir ki, rəhmətə gemişdir. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. xx xxx 2019-cu il tarixdə, saat 17 radələrində Xaçmaz-Niyazabad avtomobil yolunun kənarında yerləşən, Cavid adlı şəxsə məxsus olmaqla Səməndər adlı şəxsin işlətdiyi “Dostluq” kafesinə pivə içmək məqsədilə tək getmişdir. Kafedəki stollardan birinin arxasında əyləşərək pivə sifariş edib içməyə başlamışdır. Kafedə bir nəfər adını bilmədiyi, təxminən 40 yaşlarında olan, orta boylu və bədən quruluşlu qadın ofisant kimi işləmişdir ki, stollara pivəni bu qadın vermişdir. Səməndər özü isə kafeyə ümumi nəzarət etmişdir. Kafedəki digər stolların arxasında tanımadığı müştərilər əyləşmişlər. Həmin tarixdə, saat 22 radələrində kafeyə bitişik avtomobil təmiri sexinin qarşısından mübahisə səsləri eşidilməyə başlanmışdır. O, səs-küyə baxmaq üçün kafedən çıxmış və səs gələn tərəfə getmişdir. Orada üç nəfər şəxs öz aralarında söz mübahisəsi etmişlər. Onlara yaxınlaşanda kafe ilə üzbə-üz ünvanda yaşayan Telman adlı şəxs əlində olan lapatka sapı ilə evindən çıxaraq üstünə gəlmiş və başının ortasından bir neçə dəfə vurmuşdur. O, lapatka sapının ilk zərbəsindən sonra yerə oturub əllərini başına tutmuşdur ki, başını növbəti zərbələrdən qorusun. Telmanın lapatka sapı ilə vurduğu növbəti zərbələr onun sol əlinə dəymişdir. Lapatka sapı sınandan sonra o, ayağa qalxıb Telmanın üstünə getmiş və nalayayiq ifadələrlə söyərək yumruq zərbəsi ilə sifətindən vurmuşdur. Onlar əlbəyaxa olaraq biri-birini qarşılıqlı şəkildə təpik və yumruq zərbələri ilə vuraraq yerə yıxılmışlar. Yerdə dalaşarkən bir qədər əvvəl zəng edərək evlərinə getmək üçün çağırdığı anası Rəfiqə və səs-küyü eşidərək hadisə yerinə gələn kənar şəxslər onları ayırmağa çalışmışlar. Onları ayırmışlar ki, polis əməkdaşları da gəlmiş və onları sakitləşdirmişlər. Polis əməkdaşları onları sakitləşdirdikdən sonra dəvət edərək polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin, göstərmişdir ki, həmin vaxt Telmanın yaşadığı evdən çıxaraq əlindəki lapatka sapı ilə onu vurmasının səbəbini bilmir. Aralarındakı mübahisə də Telmanın onu vurması ilə başlamışdır. Hadisə zamanı Telman əlindəki lapatka sapı ilə onun başının ortasından bir neçə dəfə vurmuş, lapatka sapının ilk zərbəsindən sonra yerə oturub əllərini başına tutaraq qorunan zaman növbəti zərbələr sol əlinə dəymişdir. Lapatka sapı sınandan sonra o, ayağa qalxıb Telmanın üstünə gedərək yumruq zərbəsi ilə sifətindən vurmuşdur. Onlar əlbə-yaxa olaraq biri-birini qarşılıqlı şəkildə təpik və yumruq zərbələri ilə vuraraq yerə yıxılmış və yerdə də biri-birinə əl zərbələri vurmuşlar. Həmin vaxt əlində bıçaqla, üstü-başı qan içində və paltarları cırıq vəziyyətdə nalayiq ifadələr işlətməklə kimisə söyərək axtarmamışdır. “Dostluq” kafesini işlədən Səməndər və iki nəfər qadından axtardığı adamın gəlməsini tələb etməmiş, belə bir hal baş verməmişdir. Həmin vaxt anası Telmanı vurmamış, əksinə olaraq onları ayırmışdır. Hadisə zamanı qeyd etdiyi şəxslərdən başqa ətrafda olan və yoldan keçən kimliyinə fikir vermədiyi şəxslər səs-küyə gələrək onları ayırmışlar. Onları ayırmışlar ki, polis əməkdaşları da gəlmiş və onları sakitləşdirmişlər. Hadisə xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən, əvvəllər “Dostluq” kafesi kimi işləmiş obyektin qarşısında başlamış və kafeyə bitişik vəziyyətdə yerləşən, Cavidə məxsus avtomobil təmiri sexinin qarşısında başa çatmış, təxminən 20 dəqiqə müddətində davam etmişdir. Hadisədən sonra növbəti gündən başlayaraq Cavidə məxsus həmin obyekt kafe kimi bağlanmış və təxminən bir ay sonra tikinti-təsərrüfat malları mağazası kimi fəaliyyət göstərməyə başlamışdır. Zərərçəkmiş şəxs yalan danışır, həmin vaxt sərxoş vəziyyətdə, əlində bıçaqla, üstü-başı qan içində və paltarları cırıq vəziyyətdə nalayiq ifadələr işlətməklə kimisə söyərək axtarmamışdır. Zərərçəkmiş şəxs əvvəl heç kimlə dalaşmamışdır. Telman ilə aralarında düşmənçilik və ya ədavət yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 2-da anası və arvadı ilə birlikdə yaşayır. 4 ildir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin 5 saylı LTİ-də sürücü işləyir. xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq kürəkənini nəvələri ilə birlikdə öz evlərinə yola salmışdır. Yaşadığı ünvanla üzbə-üz yerləşən, Cavid adlı şəxsə məxsus olmaqla Səməndər adlı şəxsin işlətdiyi “Dostluq” kafesinin qarşısında Xaçmaz şəhər sakini kimi tanıdığı Vasif adlı şəxs sərxoş vəziyyətdə, əlində bıçaqla, üstü-başı qan içində və paltarları cırıq vəziyyətdə nalayiq ifadələr işlətməklə kimisə söyərək axtarmışdır. Bu anda “Dostluq” kafesini işlədən Səməndər və adını bilmədiyi iki nəfər qadın kafenin qapısını içərdən bağlamışlar ki, Vasif içəriyə girə bilməsin. Vasif onlardan axtardığı adamın gəlməsini tələb etmişdir. O, yanında az yaşlı nəvələri olduğu üçün narahat olub Vasif adlı şəxsi yolun əks tərəfindən səsləyərək sakit və tərbiyəli olmasını xahiş etmişdir. Vasif onun dediklərinə heç bir məhəl qoymayıb nalayiq ifadələrlə söyərək ona cavab vermişdir. O, Vasifin yanına gedərək demişdir ki, “bala, ədəbli ol”. Vasif əlində olan bıçaqla üstünə hücum edib onu vurmaq istəmişdir. O, kənara çəkilərək bıçaq zərbəsindən yayınmışdır. Dərhal evinə gedib mobil telefonla “Dostluq” kafesinin sahibi Cavidə zəng edərək hadisə barəsində məlumat vermiş və demişdir ki, “gəl bu sərxoş adamları və əxlaqsız qadınları yığışdır, bura yaşayış yeridir, ətrafdakı insanları, məktəbə gedib-gələni narahat edirlər”. Cavid ona demişdir ki, “uzaqdayam, sabahdan kafeni bağlayacam”. O, kürəkənini yola salandan sonra bir qədər gözləmişdir ki, ara sakitləşər, Vasif oradan çıxıb gedər. Amma Vasif söyüşlərini və aqressiv hərəkətlərini davam etdirmişdir. Bu səbədən o, yaşadığı evin qarşısından DİN-nin “102” xidmətinə zəng edib sərxoş şəxsin nalayiq ifadələrlə söyərək münaqişə yaratmasını və polis əməkdaşlarının göndərilməsini xahiş etmişdir. Təxminən 5-10 dəqiqə sonra Xaçmaz polis şöbəsindən ona zəng edərək demişlər ki, “haradasan, evinin qarşısına çıx, gəlirik”. O, öz darvaza qapısının qarşısında polis əməkdaşlarını gözləyərkən Vasif onu söyərək əlindəki bıçaqla üstünə gəlmişdir. Vasifin əlindəki bıçaqla onu vuracağından qorxaraq yaşadığı evin qarşısında olan özünə məxsus lapatka sapını götürmüşdür ki, özünü müdafiə etsin. Üstünə gələn Vasif əlindəki bıçaqla onu vurmağa cəhd etmişdir. O, isə götürdüyü lapatka sapını qarşısında sağa-sola və yuxarı-aşağı hərəkət etdirməklə Vasifin bıçaq zərbələrindən qorunmağa çalışmışdır. Bu zaman lapatka sapı Vasifə dəymişdir. Amma hava qaranlıq olduğu üçün lapatka sapının həmin anda Vasifin hansı nahiyəsinə dəyməsini görə bilməmişdir. Lapatka sapı Vasifə dəyəndən sonra onlar əlbə-yaxa olmuş və o, Vasifin bıçaq olan əlini tutaraq belinin arxasına qatladım ki, məni vura bilməsin. Bu an Vasifin anası Rəfiqə də üstünə hücum etmiş və ikisi birlikdə onu yerə yıxmışlar. O, üstünə yıxılmış Vasifin bıçaq olan sağ əlini tutmuşdur ki, onu vurmasın. Amma ayaqüstə dayanmış Vasifin anası onu nalayiq ifadələr işlətməklə söyərək təpik zəbələri ilə baş və üz nahiyələrindən vurmuşdur. O, Vasifin altında qaldığı üçün nəfəsi kəsilmişdir. Rəfiqənin vurduğu zərbələrdən biri onun burnunu tutmuşdur. Səs-küyə ətrafdakı insanlar gəlmişlər. O, ətrafdakı şəxslərdən kömək istəyərək, Vasifin əlindən bıçağı götürmələrini xahiş etmişdir. Səs-küyə gələn ətrafdakı şəxslər onları ayırmış və onu ayağa qalxmağa kömək etmişlər. Ayağa qalxanda görmüşdür ki, üzü və üstü başı qan içindədir və bədənində ağrılar var. Bundan sonra o, yaşadığı evə getmiş və üzündəki qanı təmizləmişdir. Üzündəki şiş yerlərinə yaş dəsmal qoymuşdur. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin, göstərmişdir ki, həmin vaxt Vasifin yaşadığı ünvanın qarşısında nalayiq ifadələr işlətməklə söyüş söyməsi baş vermiş mübahisəyə səbəb olmuşdur. Həmin vaxt kafenin yanındakı avtomobil təmiri sexinin qarşısında öz aralarında söz mübahisəsi edən şəxslər olmamışdır, Vasif bu barədə yalan danışır. Hadisə zamanı əlində bıçaqla üstünə gələn Vasif onu vurmağa cəhd etmişdir. O, isə özünü müdafiə etmək üçün yaşadığı evin qarşısından götürdüyü kəsici hissəsi olmayan sınıq lapatka sapını qarşısında sağa-sola və yuxarı-aşağı hərəkət etdirməklə Vasifin bıçaq zərbələrindən qorunmağa çalışmışdır. Bu zaman lapatka sapı Vasifə dəymişdir. Amma hava qaranlıq olduğu üçün lapatka sapının həmin anda Vasifin hansı nahiyəsinə dəyməsini görə bilməmişdir. Sonradan eşitmişdir ki, lapatka sapı Vasifin başına dəymişdir. Lapatka sapı Vasifə dəyəndən sonra onlar əlbə-yaxa olmuş və o, Vasifin bıçaq olan əlini tutaraq belinin arxasına qatlamışdır ki, onu vura bilməsin. Bu an Vasifin anası da üstünə hücum etmiş və o, Vasifin bıçaq olan əlini tutduğu üçün müqavimət göstərə bimədiyinə görə ikisi birlikdə onu rahat şəkildə yerə yıxmışlar. Ayaqüstə dayamış anası Rəfiqə təpik zəbələri ilə baş və üz nahiyələrindən vurmuşdur. Təqsirləndirilən şəxs yalan deyir, həmin vaxt o, lapatka sapı ilə Vasifin başına vurmamış, özünü bıçaq zərbələrindən qoruyarkən lapatka sapı Vasifin başına dəymişdir. Hadisə zamanı qeyd etdiyi şəxslərdən başqa ətrafda olan və əksəriyyətinin kimliyinə fikir vermədiyi şəxslər səs-küyə gələrək onlar ayırmışlar. Onları ayıran şəxslər arasında qonşusu Seymur da olmuş, digər qonşusu Tahir isə yaxınlıqda dayanaraq hadisəni görmüşdür. Digər şəxslərin kimlər olmasını xatırlamır. Hadisə xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı ünvanla üzbə-üz yerləşən, əvvəllər “Dostluq” kafesi kimi işləmiş obyektin qarşısında başlamış və kafeyə bitişik vəziyyətdə yerləşən, elə Cavidə məxsus avtomobil təmiri sexinin qarşısında başa çatmış, təxminən 20 dəqiqə müddətində davam etmişdir. Hadisədən sonrakı gündən başlayaraq Cavidə məxsus həmin obyekt kafe kimi bağlanmış və təxminən bir ay sonra tikinti-təsərrüfat malları mağazası kimi fəaliyyət göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs və anası Şahid1 ilə aralarında hər hansı düşmənçilik və ya ədavət yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi, ev 56-da oğlu Vasif, Vasifin arvadı (gəlini) və iki azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı 8 ildir ki, rəhmətə getmişdir. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. xx xxx 2019-cu il tarixdə, saat 21:30 radələrində Xaçmaz rayonu, Qarabağlı kəndində bacısıgildə olduğu zaman oğlu Vasif ona zəng edərək demişdir ki, “mama evə gəlmirsiz?” O, oğlu Vasifə cavab vermişdir ki, “iftarı verib gəlirik”. Təxminən 5-10 dəqiqə keçmişdir ki, Vasif yenidən zəng edərək demişdir ki, “yaşadığımız küçənin yanında yerləşən Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən avtomobil təmiri sexinin yanındayam, tez gəl, evə gedək”. O, dərhal taksi ilə kənddən çıxaraq Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən avtomobil təmiri sexinin qarşında düşmüşdür. Oğlu Vasifə yaxınlaşaraq evə aparmaq istəyəndə görmüşdür ki, bir nəfər şəxs əlində lapatka sapı ilə arxadan Vasifin başının ortasından iki dəfə vurmuş və lapatkanın sapı sınmışdır. Vasifin başından qan axmağa başlamışdır. Hətta Vasif əli ilə başını zərbədən qoruyarkən lapatkanın sapı qolunun bilək hissəsinin yaxın nahiyəsinə dəymişdir. Bundan sonra Vasif həmin şəxslə əlbəyaxa olmuş, o, isə onları ayırmağa çalışmışdır. Səsküyə gələn ətrafda olan adamlardan kömək istəmiş, demişdir ki, “gəlin bunları ayırın, mənim gücüm çatmır”. Bu zaman onlar dalaşaraq, biri-birinə yumruq-təpik zərbələri atmaqla yerə yıxılmışlar. O, da oğluna kömək etmək məqsədilə Vasiflə dalaşan şəxsin Telman deyil, “Dostluq” kafesini işlədən Səmədər olduğunu zənn edərək onları dartırmışdır ki, ayırsın. Ətrafdan keçən avtomobildən düşən insanların köməyi ilə onları ayırmışlar. O, polis şöbəsinə zəng edərək münaqişə olması barədə məlumat vermişdir. Elə bu zaman polis əməkdaşları gəlmişlər və tərəfləri sakitləşdirmişlər. Polis əməkdaşları onları dəvət edərək polis şöbəsinə aparmışlar. Sonradan bilmişdir ki, Vasiflə dalaşan şəxs Səməndər deyil, hadisə yerinin yaxınlığında yaşayan Telmandır, ondan əvvəl Telman da polisə zəng edərək polis əməkdaşlarını çağırmışdır. Şahid1 ifadəsində, həmçinin, göstərmişdir ki, həmin vaxt o, hadisə yerinə bir az gec gəldiyi üçün baş vermiş mübahisənin səbəbini bilməmişdir. Hadisə zamanı sonradan tanıyaraq adını bildiyi Telman adlı şəxs lapatka sapı ilə oğlu Vasifin başının ortasından iki dəfə vurmuş, Vasif əli ilə başını zərbədən qoruyarkən lapatkanın sapı əlinə dəymişdir. Bundan sonra oğlu Vasif və Telman biri-birini yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxılmışlar. Həmin vaxt qaranlıq olduğundan Vasifin əlində bıçaq görməmişdir. Özü isə Zərərçəkmiş şəxs heç bir üsulla vurmamış, onları ayırmışdır. Hadisə zamanı qeyd etdiyi şəxslərdən başqa ətrafda olan kimliyinə fikir vermədiyi şəxslər səs-küyə gələrək Vasifi və Telmanı ayırmışlar. O, xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində hadisə yerinə gələrkən Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən, əvvəllər “Dostluq” kafesi kimi işləmiş obyektə bitişik vəziyyətdə yerləşən avtomobil təmiri sexinin qarşısında hadisə davam etmişdir. Sonradan oğlu demişdir ki, hadisə o, gəlməmişdən bir az əvvəl həmin kafenin qarşısnda başlamışdır. O, orada olandan sonra hadisə təxminən 15 dəqiqə müddətində davam etmişdir. Zərərçəkmiş şəxslə aralarında düşmənçilik və ya ədavət yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Yeni yaşayış massivində arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. 4 ildir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin 5 saylı LTİ-də gözətçi işləyir. xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdən iki azyaşlı uşağı ilə çıxaraq öz evinə getmişdir. Qaynatası Telman darvaza qapısına çıxaraq onları yola salmışdır. Bu vaxt qaynatasıgilin evi ilə üzbə-üz yerləşən Cavid adlı şəxsə məxsus kafenin qarşısında Xaçmaz şəhər sakini kimi üzdən tanıdığı və sonradan adını öyrəndiyi Vasif adlı şəxs əynində mayka ilə və əlində bıçaqla kafeyə bitişik vəziyyətdə yerləşən avtomobil təmiri sexinin qarşısında aşağı-yuxarı gəzərək ünvansız şəkildə nalayiq ifadələr işlətməklə söyüş söymüşdür. Qaynatası Telman yolun əks tərəfində olan Vasifi səsləyərək sakit və tərbiyəli olmasını bildirmişdir. Vasif Telmanın dediklərimə heç bir məhəl qoymayıb nalayiq ifadələrlə söyərək cavab vermişdir. Telman səs-küyün böyüməməsi üçün yolun əks tərəfinə keçib Vasifin yanına gedərək yavaşdan demişdir ki, “ağıllı ol, çıx get evinə”. Vasif yenidən Telmana söyüş söyərək cavab vermişdir. Kafedə ofisant kimi işləyən bir nəfər qadınla kafenin qarşısıda dayanmış, yəni kafeni işlədən və sonradan adını bildiyi Səməndər Vasifə sakit olmağı başa salaraq qaynatası Telmana demişdir ki, "o, sərxoşdu, onun yerinə üzr istəyirəm". Bütün bunlara baxmayaraq Vasif öz hərəkətlərini davam etdirib əlində olan bıçaqla Telmanın üstünə hücum edərək vurmaq istəmişdir. Səməndər və yanındakı qadın Vasifi tutub saxlamış, o da öz qaynatası ilə evə tərəf getmişlər ki, Vasif sakitləşərək çıxıb getsin. Evə gələndən sonra qaynatası Telman kafenin sahibi Cavidə zəng edərək hadisə barəsində məlumat vermiş və demişdir ki, “gəl kafedən bu sərxoş adamları yığışdır, bura yaşayış yeridir, ətrafdakı insanları narahat edirlər”. Cavid növbəti gündən kafeni bağlayacanı bildirmişdir. Bundan sonra o, uşaqlarını da götürüb öz evinə getmişdir. Sonradan eşitmişdir ki, o, gedəndən bir az sonra Vasif yenidən söyüş söyməyə başlamış və buna görə də qaynatası da DİN-nin “102” xidmətinə zəng edib polis çağırmış, polis əməkdaşları gələnə kimi onları evinin qarşısında gözləyən qaynatası Telmanın üstünə yenidən bıçaqla hücum çəkən Vasif qaynatası ilə əlbə-yaxa olmuş və bu zaman qaynatasın burnunu sındırmışdır. Qaynatası Telmanın həmin vaxt necə və hansı şəraitdə burnu sınaraq xəsarət alması barədə konkret olaraq məlumatı yoxdur. X7 ifadəsində, həmçinin, göstərmişdir ki, qaynatası Telman onu yola salmazdan əvvəl kafeyə bitişik avtomobil təmiri sexinin qarşısında öz aralarında söz mübahisəsi edən şəxsləri görməmiş və bu barədə sonradan da eşitməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaqla söyüş söyərək aşağı-yuxarı gəzişməsini görsə də, Vasifin üst-başının qan içində və paltarları cırıq vəziyyətdə olmaqla kimisə axtarmasını, kafeni işlədən Səmədər və yanındakı qadının kafenin qapısını içərdən bağlamaqla Vasifin içəriyə girməsinə imkan verməməsini görməmişdir. Həmin vaxt Vasifin əynində köynək olmamış, o maykada gəzişmişdir. Həmçinin Səməndərin yanında iki deyil, bir nəfər qadın olmuşdur. Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyüş söyməmişdən əvvəl kiminləsə dalaşmasını görməmiş və bu barədə eşitməmişdir. Vasif nalayiq ifadələrlə söyüş söyərkən onun hadisə yerində olduğu müddət ərzində orada göstərdiyi şəxslərdən başqa heç kim olmamışdır. Qaynatası Telmandan başqa göstərdiyi şəxslərdən heç biri ilə aralarında yaxın münasibət, qohumluq, dostluq, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Z.Bünyadov küçəsi 57-də arvadı və üç azyaşlı uşağı ilə birlikdə yaşayır. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC 1 nömrəli Xaçmaz yol sahəsində böyük operator işləyir. xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman küçədən söyüş səsləri eşitmişdir. Səs-küyə yaşadığı evin qarşısına çıxmış və görmüşdür ki, qonşu küçədə yaşayan Vasif adlı şəxs, Xaçmaz şəhər sakini Cavid adlı şəxsə məxsus olmaqla həmin vaxtlarda Səməndər adlı şəxsin işlətdiyi, onun evinin yaxınlığında yerləşən kafenin qarşısında nalayiq ifadələr işlətməklə kimisə söyür. Qonşusu Telman isə Vasifə söyüş söyməməsini bildirmişdir. Vasif söyüş söyməkdə davam etdiyi üçün Telman kafeni işlədən Səməndərə demişdir ki, "bu kafedə içib, onu sakitləşdir". Kafedə ofisant kimi işləyən bir nəfər qadınla kafenin qarşısıda dayanmış Səməndər Vasifə sakit olmağı başa salsa da, Vasif söyüş söyməkdə davam etmişdir. Telman öz evinə tərəf çıxıb gedəndən sonra o da evinə gəlmişdir. Bir qədər keçəndən sonra evdə masa arxasında əyləşmişdir ki, küçədən dava-dalaş səsləri eşitmişdir. Başa düşmüşdür ki, Vasif sakitləşməyərək Telmanla dalaşıb. Küçəyə çıxmış və görmüşdür ki, həqiqətən də Vasif evinin yaxınlığındakı həmin kafeyə bitişik yerləşən, elə kafenin sahibi Cavidə məxsus avtomobil təmiri sexinin qarşısında Telmanla dalaşır. Onlar hər ikisi yerə yıxılmışlar. Telman qışqıraraq demişdir ki, "bıçağı əlindən alın". Başa düşmüşdür ki, Vasifin əlində bıçaq var. Səs-küyə toplaşmış şəxslər onları ayırmışlar ki, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan sonra o, öz evinə gəlmişdir. Şahid2 ifadəsində, həmçinin, göstərmişdir ki, həmin vaxt kafenin yanındakı avtomobil təmiri sexinin qarşısında öz aralarında söz mübahisəsi edən şəxsləri görməmiş və bu barədə sonradan da eşitməmişdir. Vasifin həmin vaxt əlində bıçaqla, üst-başı qan içində və paltarları cırıq vəziyyətdə nalayiq ifadələr işlətməklə kimisə söyərək axtarmasını görməmişdir. Vasif Telmanla dalaşmamışdan əvvəl Telmanı nalayiq ifadələr işlətməklə söymüşdür. X16 dalaşmamışdan əvvəl başqa kiminləsə də dalaşmasının şahidi olmamış və bu barədə sonradan da eşitməmişdir. Həmin vaxt Telman və Vasifi yerdə əlbə-yaxa şəkildə görmüşdür. Bu vaxt Telman qışqıraraq demişdir ki, "bıçağı əlindən alın" və o da başa düşmüşdür ki, Vasifin əlində bıçaq var. Amma onların biri-birinin vurmasının şahidi olmamışdır. Həmin vaxt Vasif və Telman yerdə yıxılmış vəziyyətdə əlbəyaxa olarkən bir nəfər qadın Vasifdən sakit olmağı xahiş edərək tərəfləri ayırmağa çalışmışdır. Sonradan bilmişdir ki, həmin qadın Vasifin anasıdır. Amma Vasifin anası Telmanı hər hansı bir üsulla vurmamış və həmçinin nalayiq ifadələr işlətməklə söyməmişdir. Hadisə yerinə kimliyinə fikir vermədiyi çoxlu şəxslər toplaşmışdır. Qeyd etdiyi şəxslərdən heç biri ilə aralarında yaxın münasibət, dostluq, düşmənçilik və ya ədavət yoxdur. Vasifi qonşu küçədə yaşayan şəxs kimi tanımış, anasını isə tanımamışdır. Telman isə onun qonşusudur. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, Quba rayonu, Rustov kəndində qeydiyyatda olsa da, 5 ildir ki, Xaçmaz şəhəri, Z.Bünyadov küçəsi, 39Ada arvadı və üç azyaşlı uşağı ilə birlikdə yaşayır. Şabran rayon, 3 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman küçədən söyüş səsləri eşitmişdir. Səs-küyə yaşadığı evin qarşısına çıxmış və səs-küyün gəldiyi tərəfə yaxınlaşanda görmüşdür ki, Xaçmaz- Niyazabad yolunun kənarında yerləşən kafenin və bu kafeyə bitişik olan avtotəmir yerinin qarşısında dalaşan şəxslər var, onların ətrafına toplaşan çoxlu şəxslər isə tərəfləri sakitləşdirməyə çalışırlar. Həmin vaxt hava qaranlıq olduğu üçün dalaşan şəxslərin kimliyini görə bilməmişdir. Ona problem yaranmaması üçün dava-dalaş yerində çox dayanmamış və oradan çıxıb evinə gəlmişdir. Sonradan eşitmişdir ki, həmin vaxt baş vermiş dava-dalaş ona qonşu küçədə yaşayan Vasif adlı şəxs və qonşusu Telman arasında olmuş, dava-dalaşa səbəb isə Vasifin Telmanın evinin qarşısında nalayiq ifadələr işlətməklə söyüş söyməsi olmuşdur. Buna görə də başa düşmüşdür ki, xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman küçədən eşitdiyi söyüş səsləri Vasifə məxsus olmuşdur. Şahid4 ifadəsində göstərmişdir ki, həmin vaxt kafenin yanındakı avtomobil təmiri sexinin qarşısında öz aralarında söz mübahisəsi edən şəxsləri, həmçinin Vasifi həmin vaxt əlində bıçaqla, üstü-başı qan içində və paltarları cırıq vəziyyətdə nalayiq ifadələr işlətməklə kimisə söyərək axtarmasını görməmiş və bu barədə sonradan da eşitməmişdir. Vasifi Telmanla dalaşmamışdan əvvəl başqa kiminləsə də dalaşmasının şahidi olmamışam və bu barədə sonradan da eşitməmişəm. Telman və Vasifin yerdə əlbə-yaxa olan zaman onları ayıran şəxslər arasında olmamışdır. Həmin vaxt tərəflərin biri-birini necə və hansı üsulla vurmasının şahidi olmamışdır. Vasifin anasının Telmanı vurmasını görməmişəm və bu barədə eşitməmişdir. Eşitdiyi yalnız o olmuşdur ki, dalaşma hadisəsi Vasif və Telman arasında olmuşdur. Vasifi qonşu küçədə yaşayan şəxs kimi tanımış, anasını tanımamışdır. Telman isə onun qonşusudur. Əvvəllər onlarla heç bir ədavəti olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, H.Cavid küçəsi, ev 57-də ailəsi ilə birlikdə yaşayır. xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən Xaçmaz şəhər sakini Cavid adlı şəxsə məxsus “Dostluq” kafesini icarə əsasında işlətmişdir. Kafeni tək işlətmiş, yəni işçi götürməmişdir. Kafeni hər gün saat 10 radələrində açaraq saat 17 radələrində bağlamışdır. Kafeyə bitişik yerləşən avtomobil təmiri sexi də elə kafenin sahibi Cavidə məxsusdur. xx xxx 2019-cu il tarixədə, saat 22 radələrində o, öz evində olmuş, həmin vaxt kafenin və avtomobil təmiri sexinin qarşısında baş vermiş davadalaşın şahidi olmamışdır. Hadisənin səhəri günü kafeyə işə gələndə eşitmişdir ki, avtomobil təmir sexi ilə üzbə-üz evdə yaşayan Telman adlı şəxslə yaxın küçələrin birində yaşayan Vasif adlı şəxs arasında dava-dalaş baş vermişdir. Eşitdiyinə görə Vasifin anası da hadisə yerində olmuş, həmçinin yaxın ərazidə yaşayan şəxslər səs-küy eşidərək hadisə yerinə gəlmişlər. Ancaq hadisənin necə və hansı şəraitdə baş verməsindən xəbəri yoxdur. Baş vermiş hadisəyə görə kafenin sahibi Cavid həmin gün kafeni ondan təhvil götürmüşdür ki, kafe bir daha işləməyəcək. Bir müddət sonra oradan təsadüfən keçən zaman görmüşdür ki, həmin kafe artıq təsərrüfat malları mağazası kimi fəaliyyət göstərir. X4 ifadəsində, həmçinin, göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dedikləri ilə bağlı bir daha bildirir ki, xx xxx 2019-cu il tarixədə, saat 22 radələrində o, öz evində olmuş, kafedə qadın işçi işləməmiş, həmin günü Vasif kafedə müştəri kimi əyləşməmişdir. Ancaq Vasifi çox vaxt həmin avtotəmir yerinin qarşısında görmüşdür. Məhkəmədə ifadəsi elan olunmuş şahid X12 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləməklə polis leytenantı rütbəsindədir. xx xxx 2019-cu il tarixdə əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. Həmin tarixdə, saat 22 radələrində məsul növbətçi bildirmişdir ki, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək yaşadığı ünvanın qarşısında münaqişə olması barədə məlumat vermişdir. O, məsul növbətçinin göndərişi ilə əməliyyat qrupunun digər üzvü, işlədiyi şöbənin polis sahə rəisi, polis mayoru Abdulkərim Qasımovla birlikdə növbətçi sürücü, polis baş serijantı Rüfət Ağayevin idarə etdiyi növbətçi hissəyə məxsus avtomobillə hadisə yerinə yola düşmüşdür. Onlar yola düşərkən məsul növbətçi sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Şahid1 da göstərilən ünvanda münaqişə olması barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət etdiyini bildirmişdir. Onlar Xaçmaz-Niyazabad avtomobil yolunun kənarında yerləşən hadisə yerinə, yəni Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın qarşısına gələndə görmüşdür ki, Zərərçəkmiş şəxs öz evinin qarşısında, Şahid1 isə yolun əks tərəfində, yəni əvvəllər “Dostluq” kafesi kimi işləmiş obyektə bitişik vəziyyətdə yerləşən avtomobil təmiri sexinin qarşısında öz oğlu, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs ilə birlikdə dayanmış, hər iki tərəfin ətrafına tanımadığı çoxlu sayda şəxslər toplaşmış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üstü-başı qan içində və paltarları cırıq vəziyyətdə olmuş, sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs üzünü Zərərçəkmiş şəxs tutaraq söz atmışdır. Ona məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında “Dostluq” kafesinin və həmin avtomobil təmiri sexinin qarşısında dava-dalaş baş vermiş, dava-dalaşa səbəb Vasifin Telmanın evinin qarşısında nalayiq ifadələr işlətməklə söyüş söyməsi olmuş, toplaşmış şəxslər isə sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs sakitləşdirərək yenicə ayırmışlar. Onlar da polis əməkdaşı olaraq Təqsirləndirilən şəxs bir daha sakitləşdirmiş və araşdırma aparılması üçün tərəfləri dəvət edərək Xaçmaz polis şöbəsinə gətirmişlər. Azərbaycan Respublikası DİN-nin "102" xidmətinə daxil olmuş ilkin məlumatlarda münaqişə baş verməsi kimi göstərilmiş həmin hadisənin sonradan cinayət xarekterli olması müəyyən olunduğu üçün bununla bağlı arşdırmanın aparılması aidiyyəti olaraq müstəntiqə həvalə edilmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş digər polis əməkdaşları X5 və X8 eyni məzmunlu ifadə verərək, həmin hadisə ilə bağlı X9 göstərdiyi halları təsdiq etmişlər. İşdə olan Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 281 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər “burun sümüklərinin yerdəyişmə ilə sınıqları, sağ göz ətrafı və sol gözün alt qapaq nahiyələrinin qançırları, hər iki dirsək oynağı və hər iki diz nahiyələrinin sıyrıqları” bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. xx xxx 2019-cu il tarixli, 282 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər “təpə-ənsə və sol əlin 3-cü barmağının dırnaq falanqası nahiyələrinin səthi əzilmiş yaraları, burun, boyun, sağ kürək sol dirsək oynağı, sağ bazu, sol çiyin nahiyələrinin sıyrıqları” bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 66.1-ci və 66.2-ci maddələrinin tələblərinə əsasən cəzaları qismən toplamaqla həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 2 (iki ) il 6 (altı) ay, 223.3-cü maddəsi ilə 4 (dörd) il olmaqla, qəti olaraq 5 (altı) il azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə məhkəmə hökmünün çıxarılmasını təklif etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, Z.Bünyadov küçəsi, 45A nömrəli ünvanın qarşısında sərxoş vəziyyətdə və heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə ucadan söyüş söyərək, ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs ondan söyüş söyməməyi xahiş edərkən buna məhəl qoymadan söyüş söyməkdə davam etmiş, sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər həyata keçirərək Zərərçəkmiş şəxs üstünə gedib sonuncunu vurmağa cəhd etmiş, öz qərəzli hərəkətlərini davam etdirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs “burun sümüklərinin yerdəyişmə ilə sınıqları, sağ göz ətrafı və sol gözün alt qapaq nahiyələrinin qançırları, hər iki dirsək oynağı və hər iki diz nahiyələrinin sıyrıqları” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin qərəzli hərəkətləri ilə ətrafdakı şəxslərin rahatlığının pozulması müşayiət olunmuş xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, Təqsirləndirilən şəxs əməlinin CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı ibtidai istintaq orqanının mövqeyi ilə razılaşsa da, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə dair hissədə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilmədiyini hesab edir. Belə ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxsin və şahid qismində dindirilən X3 ifadələrinə əsasən Təqsirləndirilən şəxs bıçaqdan istifadə etməsinə istinad etmiş və onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Lakin, iş üzrə dindirilmiş digər şahidlər ifadələrində Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs hücum etdiyini təsdiq etməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs qışqıraraq “bıçağı əlindən alın” dediyini eşitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs özü də həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı iclasında dindirilən zaman Zərərçəkmiş şəxs yumruqla hücum etdiyini, onun sifətinə yumruqla zərbə vurduğunu bildirsə də, bıçaqdan istifadə etdiyini etiraf etməmişdir. Bununla yanaşı maddi sübut kimi iş materiallarına bıçaq əlavə edilməmişdir.İşin hallarından müəyyən edilir ki, səs-küyü eşidərək hadisə yerinə gələn kənar şəxslər təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi ayırmağa çalışmışlar. Bu vaxt polis əməkdaşları da gəlmiş və onları sakitləşdirmişlər. Polis əməkdaşları onları sakitləşdirdikdən sonra polis şöbəsinə aparmışlar. Məhkəmə işin qeyd edilən halına münasibət bildirərək, belə nəticəyə gəlir ki, şərti olaraq Təqsirləndirilən şəxs bıçaqdan və ya silah qismində istifadə edilən hər hansı başqa əşyadan istifadə etməsi halı qəbul edildikdə belə, polis əməkdaşlarının dərhal hadisə yerinə gələrək hər iki şəxsi polis bölməsinə apardıqları vəziyyətdə onun həmin əşyanı gizlətməsi və ya hadisə yerindən kənara atması və həmin predmetin həmin ərazidə aşkar edilməməsi qeydi-mümkündür. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsin əməli törədərkən bıçaqdan istifadə etməsi barədə ibtidai istintaqın mövqeyi ilə razılaşmır. Başqa sözlə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs hücum etdiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin, Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 281 saylı canlı şəxsin ekspertiza rəyində zərərçəkmiş şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi aşkar edilməmişdir. Rəydə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs “burun sümüklərinin yerdəyişmə ilə sınıqları, sağ göz ətrafı və sol gözün alt qapaq nahiyələrinin qançırları, hər iki dirsək oynağı və hər iki diz nahiyələrinin sıyrıqları” ilə nəticələnən xəsarətlər yetirdiyi göstərilmişdir ki, həmin xəsarətlər kəsici-deşici alətlə yetirilən xəsarətlər üçün xarakterik olmayan, yumruq və əlqol hərəkətləri ilə yetirilən xəsarətlərə uyğun olmaqla, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında öz ifadəsində göstərdiyi hallara (təqsirləndirilən şəxsin yumruq zərbəsi ilə zərər çəkmiş şəxsə xəsarət yetirməsini göstərməsi) uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə sübuta yetirilmədiyindən, onun həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz təsdiqini tapdığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməklə ona CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 nəfər azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğunu məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi və 223.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılması məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, habelə cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq edərək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq etməklə üzərində sınaq müddəti müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir ) il, 223.1-ci maddəsi ilə 1 (il) 6 (altı) ay azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-11/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-11/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver