Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-111/2020 14.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (X2 Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsindən Xaçmaz rayon məhkəməsinə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (X2 Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü yoxlanılmış və cinayət prosesi iştirakçılarının fikri dinlənilmişdir. Cinayət işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində sonuncunun 2013-cü ildə X1 şəhər məhkəməsində hakim köməkçisi işləyərkən İ.O.Arutyunyanın xeyrinə məhkəmədə qərar qəbul ediləcəyini vəd verərək 800.000 rus rublunu ələ keçirməsi faktına görə X3 Komitəsinin Volqoqrad vilayət İstintaq İdarəsinin (dövlət hakimiyyətinə qarşı və iqtisadi sahə üzrə) mühüm işlərin istintaqı DİŞnin 2-ci bölməsində Rusiya Federasiyası CM-nin 159.4-cü maddəsi ilə 509506 nömrəli cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 509506 nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Xaçmaz prokurorluğuna, oradan isə xx xxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilmiş, xx xxx 2020-ci il tarixdə isə cinayət işi ********* nömrə ilə qeydə alınaraq ibtidai istintaqın aparılması Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Hafiz Əliyevə həvalə edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Hafiz Əliyev tərəfindən müəyyən istintaq hərəkətləri aparıldıqdan sonra müstəntiq xx xxxx 2020ci il tarixli vəsatətlə Xaçmaz rayon Prokuroruna müraciət edərək ********* nömrəli cinayət işi üzrə aidiyyat məsələlərinin həll edilməsindan ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsindən xx xxxx 2020-ci il tarixli, 12/1-08ci-20 nömrəli məktubla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* (509506) nömrəli cinayət işi aidiyyəti üzrə baxılması qeyd edilməklə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, qeyd olunan cinayət işinin istintaqı X3 Komitəsinin Volqoqrad vilayət İstintaq İdarəsinin (dövlət hakimiyyətinə qarşı və iqtisadi sahə üzrə) mühüm işlərin istintaqı DİŞ-nin 2-ci bölməsində aparılmış, iş materiallarında olan bütün sənədlər, o cümlədən ittiham aktı Rus dilində tərtib edilmiş, lakin iş Rusiya Federasiyasından Azərbaycana göndərildikdən sonra qeyd olunan sənədlər Azərbaycan dilində tərtib olunmamış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının cinayət qanununa uyğun tövsüf edilməmiş, tərtib edilmiş ittiham aktının tərcümə olunmuş surəti təqsirləndirilən şəxsə təqdim edilməmiş, bir sıra digər istintaq hərəkətləri sonunadək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işinin aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinə göndərilməsini təklif etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının fikrini dinləyərək hesab edir ki, qeyd olunan cinayət işi Xaçmaz rayon prokurorluğuna qaytarılmalıdır. Belə ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu”, nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin «a» yarımbəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Cinayət-Prosessual Məcəllənin 91.5.1-ci maddəsinə əsasən, nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) baş verdikdə məhkəmə hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilir və o, ibtildai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. Cinayət-Prosessual Məcəllənin 303.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması müəyyən edildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Odur ki, məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş prokurora qaytarılmalıdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.2-ci maddələrinə əsasən xitam verilsin və cinayət işi Xaçmaz rayon Prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Sədrlik edən Xıdır Quliyev