Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-111/2021 16.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mütəxəssis X3 iştirakı ilə xx xxxx 2000-ci ildə Xaçmaz rayonunun Pirqulu-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Pirqulu-oba kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonunun Pirqulu-oba kəndi ərazisində yerləşən birgə yaşadıqları evdə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs sağ tərəf sifət və sağ böyür nahiyələrinə əlləri ilə vurması və onunla əlbəyaxa olması nəticəsində sonuncuya “sağ tərəf sifət və sağ böyür nahiyəsinin hematomaları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Pirqulu-oba kəndində ailəsi ilə birlikdə yaşamışdır. Rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Pirqulu-oba kəndində yaşadıqları evdə ailə üzvləri ilə münasibətləri yaxşı deyildir. 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonunun Pirqulu-oba kəndində evlərinə gəlmişdir ki, özünə məxsus paltarları yığıb götürərək Bakı şəhərinə getsin. O, evin həyətinə daxil olan zaman bacısı Gülnarə evdən əlində bıçaqla həyətə çıxıb ona bildirmişdir ki, evə girməsin, çıxıb getsin. O, Gülnarəyə paltarlarını götürməyə gəldiyini deyərək sonuncuya əhəmiyyət verməyərək evə daxil olmuşdur. Gülnarə onun arxasınca evə - otağa daxil olmuş, əlində olan bıçağı ona göstərərək onu vuracağı ilə hədələmiş, o isə Gülnarəyə əhəmiyyət verməyərək paltarlarını götürərək evdən çıxan zaman sonuncunun onun üzərinə bıçaq çıxarmasını onun istifadəsində olan “Huawai” markalı telefonu ilə videogörüntüyə almaq istədikdə Gülnarə əli ilə onun telefonuna vurmuş, telefon yerə düşmüş, həmin vaxt o, Gülnarənin sol əlindən tutub qolunu burmuş, sonuncu divanın üstünə yıxılmış, o isə Gülnarənin üstünə oturmuş və əlləri ilə Gülnarənin üz nahiyəsinə vurmuş, anası Mehbarə onu tutub kənara çəkmişdir. Sonra isə o, evdən çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, bacısı Gülnarə ona bıçaqla hücum etmək istəsə də, bacısına qarşı şikayət etməmiş və onun barəsində şikayətçi deyildir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Pirqulu-oba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma bacısıdır. Onun Vüsalə ilə mübahisə etməsinin səbəbi sonuncunun əxlaqsız həyat tərzi keçirməsidir. Bu səbəbdən Vüsalənin onunla və anası Mehbarə ilə münasibəti yoxdur. O, Vüsaləyə evə gəlməməsini bildirmişdir. 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Vüsalə evə gəlmiş, o, sonuncuya evə daxil olmamasını, çıxıb getməsini, onlarla yaşamamsını bildirəndə Vüsalə onunla mübahisə edib yaşadıqları evin daxilində otaqda olan divanın üzərinə onu itələyib yıxmış və onun üzərinə oturub əlləri ilə sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, anası Mehbarə Vüsaləni tutub ondan ayırmış və bundan sonra Vüsalə evdən çıxıb getmişdir. Həmçinin həmin gün onun əlində bıçaq olmamış, Vüsaləni bıçaqla hədələməmişdir. Bundan başqa, mübahisə zamanı digər şəxslər mübahisə səsini eşidərək ətrafa toplaşmamışlar. Təqsirləndirilən şəxslə barışmadığını bildirərək barəsində qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonunun Pirqulu-oba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. Vüsalə əxlaqsız həyat tərzi yaşadığından onunla və qızı Gülnarə ilə münasibəti yoxdur. Onlar Vüsaləyə evə gəlməməsini bildirmişlər. 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Vüsalə evə gəlmiş, Gülnarə Vüsaləyə evə daxil olmamasını, çıxıb getməsini, onlarla yaşamamasını bildirəndə sonuncu Gülnarə ilə mübahisə edib yaşadıqları evin daxilində otaqda Gülnarəni itələyib divanın üzərinə yıxmış və Gülnarənin üzərinə oturaraq əlləri ilə sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, Vüsaləni tutub Gülnarədən ayırmış və bundan sonra Vüsalə evdən çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin gün Gülnarənin əlində bıçaq olmamışdır, Vüsalə bu barədə yalan demişdir. Bundan başqa, həmin gün mübahisə zamanı evdə onlardan başqa yalnız azyaşlı nəvəsi olmuş, digər şəxslər mübahisə səsini eşidərək ətrafa toplaşmamışlar. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli “şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, həmin tarixdə, saat 17:00-da iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində bacısı Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz rayonunun Pirqulu-oba kəndinəki evlərində onu döyərək xəsarət yetirməsi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, həmin tarixdə iş üzrə cinayət hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin təqdim etdiyi 01 ədəd DVD diskə məhkəmə iclasında kompyuter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, həmin diskdə bir ədəd videofayl mövcuddur. Videofayldakı videogörüntünün 11 saniyə davam etməsi, görüntüdə işıqlandırmanın zəif olması, Zərərçəkmiş şəxs bacısı Təqsirləndirilən şəxs “Nöş çəkirsən məni?” deməsi, Təqsirləndirilən şəxs isə Gülnarəyə əlində olan bıçağı çəkirəm bildirməsi müəyyən edilir. Lakin videogörüntüdə Zərərçəkmiş şəxs əlində bıçaq olması öz əksini tapmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 10 iyun 2021-ci il tarixli, 307 №-li ekspert rəyindən müəyyən edilir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ tərəf sifət və sağ böyür nahiyələrinin hematomaları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti 09 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 27 iyun 2021-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 09 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonunun Pirqulu-oba kəndi ərazisində yerləşən birgə yaşadıqları evdə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs sağ tərəf sifət və sağ böyür nahiyələrinə əlləri ilə vurması və onunla əlbəyaxa olması nəticəsində sonuncuya “sağ tərəf sifət və sağ böyür nahiyəsinin hematomaları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Pirquluoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlindən hal-hazıradək Xaçmaz rayonunun Pirquluoba kəndində yaşayır, onun barəsində Nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Pirquluoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci ildə anadan olmuş bir azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını, həmçinin zərərçəkən şəxslə barışmadıqlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində hər ay qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-111/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-111/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver