Məhkəmə qərarları › İş №1(067)-111/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-111/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-111/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 saylı saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 13 aprel 2020-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 21 dekabr 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 yanvar 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 4534,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi nikah qeyd etdirib evlənməklə onların birgə nikahlarından 27 sentyabr 2010-cu ildə Samirə adlı bir nəfər uşaqları anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə nikahları Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 saylı qətnaməsi ilə pozulmuş və cavabdeh kimi ondan 27 sentyabr 2010-cu il tarixdə anadan olmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməsi barədə bildiriş verilmişdir. Fərdi işlərlə məşğul olaraq qazancını yalnız özünə və himayəsində olan yaşlı anasına xərcləmiş, aylıq qazancının özünün və himayəsində olan anasının dolanışığına çətinliklə çatması, eləcə də son vaxtlar xəstələnməsi, həmçinin uzun müddət ölkədə pandemiya ilə əlaqədar iş olmadığından gəlir əldə edə bilməyərək aliment borcu üzrə qətnaməni icra etməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə rəsmi nikaha daxil olub evlənməklə birgə nikahlarında 27 sentyabr 2010-ci ildə Samirə adlı bir nəfər uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs aralarındakı nikah pozulmuş, himayəsində olan azyaşlı və xəstə uşağı Samirənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada işləyir, qazanc əldə edir, lakin qazancını özünə xərcləməklə, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs aliment ödəməkdən yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan, həm də uşağı “talasemiya” xəstəsi olduğundan aliment üzrə toplanmış 4534 manat borcu tam olaraq nağd şəkildə tələb edir. Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla ona qanunda nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli qətnaməsi əsasında verilmiş 06 iyun 2013-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2010-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. İcra vərəqəsi 19 iyul 2013-cü il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən inzibati qaydada 10 gün müddətinə həbs olunmasına, həmçinin fərdi əməklə məşğul olaraq kifayət qədər qazanc əldə etməsinə baxmayaraq təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4534 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunduğundan və qətnamə üzrə borcundan heç bir ödəniş etmədiyindən barəsində toplanmış sənədlər cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 eyni məzmunlu ifadə verərək böyük icra məmuru Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı nikah pozulmuş, Təqsirləndirilən şəxs birgə nikahdan anadan olmuş 27 sentyabr 2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli qətnaməsi 10 iyul 2013-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan 19 iyul 2013-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 tərəfindən icraata qəbul edilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 may 2014-cü il tarixli, 3(067)-265/2014 nömrəli, 05 aprel 2016-cı il tarixli, 3(067)-126/2016 nömrəli, 12 fevral 2018-ci il tarixli, 3(067)-106/2018 nömrəli və 13 aprel 2020-ci il tarixli, 3(067)-337/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2013-cü il tarixli, 2(067)- 855/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq dəfələrlə icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin 06 may 2014-cü il tarixli, 3(067)-265/2014 nömrəli, 05 aprel 2016-cı il tarixli, 3(067)-126/2016 nömrəli, 12 fevral 2018-ci il tarixli, 3(067)-106/2018 nömrəli və 13 aprel 2020-ci il tarixli, 3(067)-337/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 03 gün, 07 gün, 10 gün və 10 gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında icra məmuru Şahid2 qərarlarından görünür ki, icra müddəti ərzində borclu Təqsirləndirilən şəxs icradan yayınaraq qaçıb gizləndiyindən barəsində müvafiq axtarış qərarları qəbul olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 8(067)-210/2017 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs inzibati xəta haqqında iş üzrə qərarlara əsasən inzibati məsuliyyətə cəlb edildikdən sonra ona xəbərdarlıq məktubları göndərilməklə müəyyən olunmuş müddət ərzində 06 iyun 2013-cü il tarixli, 2(067)-855/2013 nömrəli icra sənədi üzrə tələbi icra etməsi barədə xəbərdarlıq məktubları göndərilmiş, əks təqdirdə barəsində cinayət işinin başlanılması ilə əlaqədar təqdimat göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 aprel 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2013cü il tarixli, 2(067)-855/2013 saylı saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 13 aprel 2020-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 21 dekabr 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 yanvar 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 4534,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmaqla pulunu tələb etməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin müvafiq axtarış qərarı əsasında seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(067)- 111/2022 nömrəli qərarından və axtarışda olan şəxsin tutulması haqqında 12 avqust 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 28 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 12 avqust 2022ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 12 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 12 avqust 2022-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar