Məhkəmə qərarları › İş №1(067)-111/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-111/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-111/2023 28.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Quba rayonunun Küpçalqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, Quba rayonunun Küpçalqışlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətdə 100 metr aralı məsafədə yerləşən bağ sahəsində tanışı Şahid1 0,299 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 5 manata əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o. Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üzərinə 25 fevral 2023-cü il tarixdə, saat 17:40- 17:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümdə 0,299 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xəyal Gülbabayevin evində usta kimi işləmiş, polis tərəfindən saxlanıldığı gün Xəyalla birlikdə yol ilə gedərkən Xəyal yerdən qutunun içərisindən heroin narkotik vasitəsini tapmış və həmin heroini onunla öz aralarında bölmüşlər. Bundan sonra o, Xəyaldan ayrılaraq Xaçmaz şəhəri istiqamətində gəlmiş və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin bildirdi ki, Xəyal ona narkotik vasitə satmamışdır, taparaq aralarında bölmüşlər. Polis tərəfindən əvvəlcə o, sonra isə Şahid1 saxlanılmışdır. Onun Xəyalın narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Saxlanılan gün o, Xəyalın işlədiyi bağa, sonuncunun görmək üçün yanına getmiş, bağdan çıxaraq yol ilə gedərkən narkotik vasitəni yolun kənarında yerdən tapmışlar. O, polis şöbəsində dindirilərkən yanında müdafiəçisi olmuşdur. O, polis şöbəsində ilk olaraq həmin narkotik vasitəni tapdığını demiş, lakin polis şöbəsində döyüldüyü üçün Xəyaldan beş manata aldığını deməli olmuşdur. O, ibtidai istintaq müddətində ona polis tərəfindən təzyiq edilməsi barədə heç bir orqana bildirməmiş, o, gözləmişdir ki, məhkəmədə bu barədə bildirəcəkdir. O, həqiqətən də, üzərində narkotik vasitə saxlayaraq gəzdirmiş və polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmişdir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, 6-7 ay olar ki, narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olmuş, buna görə məcbur qalıb narkotik vasitə olan heroin əldə edərək qəbul etmişdir. O, ustalıq edib dolanışığını təmin etmişdir. Bir il olar ki, Xaçmaz rayon sakini olan Şahid1 ilə tanışlığı yaranmış, Xəyalın da narkotik vasitə istifadə etməsini bilmişdir. Bir müddət əvvəl Şahid1 yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən evini təmir etmişdir. Xəyal Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşən bağ sahəsində qarovulçu işləmiş və həmin bağ sahəsində fəhləlik etmişdir. 25 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Xəyalın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək sonuncudan narkotik vasitə istəmiş, Şahid1 da ona "gələrsən iş yerimə, təşkil edərəm, narahat olma" sözlərini demişdir. O da 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində gedib Xəyalın işlədiyi bağ sahəsində sonuncu ilə görüşmüş, Xəyala 5 manat verərək iki dəfə istifadə edəcəyi qədər, yəni bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin heroini götürüb oradan uzaqlaşmış, bir qədər Xaçmaz rayonu ərazisində qalmışdır. Həmin gün, yəni 25 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Bakı prospektində olarkən polis əməkdaşları tərəfindən narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğundan şöbəyə dəvət edilmişdir. O da polis əməkdaşlarının üzərindəki narkotik vasitədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə hüquqları izah olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki cins şalvarın sol yan cibində olan bir ədəd kağız bükümündəki heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kağız büküm açılıb baxılmış və qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, həmin narkotik vasitəni Xəyaldan 5 manata aldığını demişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzlanmışdır. Üzərindən aşkar edilmiş siqaret dənələri, batareyalar, kağız parçası və alışqan isə özünə qaytarılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Xaçmaz RPŞ-nin TBnin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxladıqları vaxt isə o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 25 fevral 2023-cü il tarixdə Quba rayonu, Küpçalqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı o, 25 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra şöbə rəisinin icazəsi ilə onun tərəfindən Təqsirləndirilən şəxs ətrafında qanunla nəzərdə tutulmuş əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o və Xaçmaz RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Həmin gün onlar bir sıra əməliyyat axtarış tədbirlərini həyata keçirdikdən sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Bakı prospektində olduğunu müəyyən etmişlər. Onlar Xaçmaz şəhəri, Bakı prospektində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərin təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-yə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmiş və rayon polis şöbəsinə gəldikdən sonra bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və şöbə rəhbərliyinin göstərişi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi İB-nin baş müstəntiqi Elşən Əliyevə həvalə edilmişdir. Baş müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun müdafiə hüquqları təmin edilmiş və təyin edilmiş müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Şəxsi axtarış zamanı baş müstəntiq X20 Gülbabayevə üzərində narkotik vasitə vardırsa təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb otaqda olan masanın üzərinə qoymuş və həmin kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən siqaret dənələri, bir ədəd kağız kəsiyi və bir ədəd alışqan da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümü açıldıqdan sonra içərisində qəhvəyi rəngli, toz halında kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə xarici görünüşünə görə narkotik vasitə olan heroinə bənzəmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni Xəyal adlı şəxsdən 5 manata aldığını, Xəyal adlı şəxsin Çaxçaxlı kəndində, yəni Xaçmaz rayonu, Armudpadar kəndində yaşadığını, əvvəllər də də Xəyal adlı şəxsdən narkotik vasitə aldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni Xəyal adlı şəxsdən sonuncunun nəzarət etdiyi və bağbanlıq etdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən bağda aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd yarı hissəsi istifadə olunmuş siqaret dənəsi və 02 ədəd batareya da aşkar olunmuşdur. İş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret dənələri, kağız kəsiyi və batareyalar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar olunmuş, içərisidə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli, toz halında kütlə olan kağız büküm baş müstəntiq Elşən Əliyev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış və adları yazılmış şəxslər zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Əldə etdikləri məlumata əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Xaçmaz rayonu, Armudpadar kənd sakini Şahid1 pul qarşılığında almışdır. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı fiziki və psixoloji təzyiq göstərilməmişdir. O, ibtidai istintaq verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid3 verdiyi ifadədən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Armudpadar kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir, Azərbaycan dilində latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bacarır. O, bir neçə ildir ki, Quba rayon sakini X9 məxsus Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən bağ sahəsində həm gözətçilik etmiş, həm də həmin bağda bağban olaraq işləyib fəhləlik edib dolanışığını təmin etmişdir. Həmin bağ sahəsi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolundan şimal istiqamətində 100 metr aralı məsafədə yerləşir. O, 2 ildən çoxdur ki, narkotik vasitə istifadəçisidir. Xaçmaz rayon məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkir. 23 fevral 2023-cü il tarixdə yaşadığı kənddən işlədiyi bağ sahəsinə gələn zaman Armudpadar kəndi ərazisində yerdə bir ədəd siqaret qutusu olmasını görmüş və həmin qutu onun diqqətini cəlb etdiyindən yerdən həmin qutunu götürüb içərisinə baxanda, qutunun içərisində 2 ədəd kağız büküm olduğunu görmüşdür. O, həmin kağız bükümləri açıb içərisinə baxanda, bükümlərin içərisindəkinin narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu bilmiş və buna görə də siqaret qutusunu atıb həmin bükümləri əynində olan şalvarın cibinə qoymuşdur. 25 fevral 2023-cü il tarixdə, saat 10 radələrində işlədiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən bağ sahəsində olduğu zaman tanışı Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ondan narkotik vasitə istəmişdir. O, Xəyyamı bir ilə yaxındır ki, tanımış və Xəyyam onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Xəyyam ev ustasıdır və sonuncu onun yaşadığı evdə də usta işləmişdir. O, Xəyyamı tanıdığı üçün özündə narkotik vasitə olduğunu bildirib “gələrsən iş yerimə təşkil edərəm, narahat olma” demişdir. 25 fevral 2023-cü il tarixdə Xəyyam ondan istifadə etməsi üçün narkotik vasitə heroin istəmiş və o, Xəyyama istifadə etməsi üçün 5 manat pul qarşılığında narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. Xəyyam da onunla razılaşmış və o, 25 fevral 2023-cü il tarixdə, saat 11 radələrində işlədiyi bağ sahəsində Xəyyama 5 manat pul qarşılığında narkotik vasitə heroin satmışdır. Həmin gün saat 16 radələrində Xəyyamdan aldığı 5 manat pula Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən marketlərin birindən özünə siqaret almış və həmin pulu xərcləmişdir. Daha sonra həmin gün saat 20 radələrində yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə məlumat əldə etdiklərini bildirib onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Xaçmaz rayon polis şöbəsində üzərinə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlədib saxladığı 1 ədəd bükümdə olan narkotik vasitə “kakos”, yəni heroin aşkar edilərək götürülmüşdür. Müstəntiq həmin bükümdə nə olmasını ondan soruşduqda, o, bükümün içərisindəkinin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, həmin heroinin bir hissəsini 25 fevral 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs satdığını, qalan hissəsini isə istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa polis əməkdaşları Xəyyama narkotik vasitə olan heroin satıbsatmadığını ondan soruşduqda, o, 01 ədəd bükümdə “kakosu” 5 manata Xəyyama satmasını etiraf etmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və bununla əlaqədar protokol tərtib edildikdən sonra protokolu imzalar ilə təsdiq etmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. O, əvəllər Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. O, 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 5 manat pul qarşılığında 01 ədəd bükümdə narkotik vasitə “kakos”, yəni heroin satmışdır. O, Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satmamışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 17:40-17:50) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X5 RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3, Xaçmaz RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümünü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində “kakos”, yəni narkotik vasitə heroin olmasını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindən həmçinin siqaret dənələri, kağız parçası, alışqan və 2 ədəd batareya aşkar edilir. Aşkar edilmiş kağız büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı olan, Xaçmaz rayonunun Çaxçaxlı (Armudpadar) kəndində yaşayan Xəyal adlı şəxsdən 5 manata aldığını bildirir. Narkotik vasitə heroinə bənzər kütlə müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış prosesinin videoçəkilişi X12 tərəfindən aparılmışdır. Protokol iştirakçılar, həmçinin müdafiəçi tərəfindən imzalanmışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 21:05-21:20) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X5 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X7, X10, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X11 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 təklif olunur ki, üzərində olan əşyaları çıxarıb otaqda olan masanın üzərinə qoysun. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sağ yan cibindən “Winchester” markalı bir ədəd siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən bir ədəd kağız büküm, əynində olan qış gödəkçəsinin sol iç cibindən “Winchester” markalı iki ədəd siqaret qutusu, əynində olan şalvarın bel nahiyəsinə sağ yan tərəfinə keçirilmiş elektron nəzarət cihazını (barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının icra edilməsi məqsədi ilə tətbiq edilmiş) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kağız büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli, toz halında maddə olması müəyyən edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş kağız bükümün içərisində olan kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirir. Şəxsi axtarış zamanı Şahid1 verilən suallara cavab olaraq özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin həmin gün, yəni 25 fevral 2023-cü il tarixdə Xəyyam adlı şəxsə narkotik vasitə olan heroin satdığını bildirir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilən bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, möhürlənir, üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılır və hər bir şəxs öz adının qarşısından zərfin üzərini imzalayır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi X8 tərəfindən aparılmışdır. Protokol iştirakçılar, həmçinin müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2023-cü il tarixli, 6/1153 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №58” dairəvi möhür əksi olan, “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən tədqiqata 0,04 qram sərf edildikdən sonra qalıq 0,259 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2023-cü il tarixli, 6/1154 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respubiikası DİN Zərflər üçün №58 dairəvi möhür əksi olan, “....Şahid1 əynindəki...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim ediimiş Şahid1 üzərindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin xarici görünüş əlmaətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroindən tədqiqata 0,04 qram sərf edildikdən sonra qalıq 0,225 qram təşkil etmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,299 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 aprel 2023-cü il tarixli, 2232 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmilş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, lakin onun əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-yə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 5(067)- 49/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 25 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 02 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,299 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, Quba Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ərazidə keçirilən müəyyən məclis və mərasimlərdə iştirak edir. O, çalışqan və zəhmətkeşdir. O, ailə həyatı qurmuş və boşanmışdır. Onun barəsində Nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 27 fevral 2022-ci il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(067)- 53/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,299 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,265 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,225 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,259 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar