Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2021 10.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1989-cu Xaçmaz rayonunun, Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Xaçmaz şəhər MKTİ-nin "xxxx" MMC-də fəhlə işləyən, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun, Sayad kəndində yaşayan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Xaçmaz rayonu Sayad kəndində, yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncuya bir neçə yumruq zərbəsi vuraraq sol göz ətrafının qançırı, sol göz almasına qansızına, alt dodağın selikli qişasının cırılmış yarası, alt sol köpək dişin travmatik çıxığı ilə müşahidə olunmuş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, Fəridə ilə 2011-cı ildə ailə qurmuş və birgə nigah dövründə 2 övladı dünyaya gəlmişdir. 10 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, evdə olan zaman Fəridə ondan sabah bağdan gilas yığmağa gedəndə əmisi qızı Könülün onunla gilas yığmağa getməməsini tələb etmişdir. Belə ki, Fəridənin onun əmisi qızından xoşu gəlmədiyindən Könülün onunla birlikdə gilas bağlarına pul ilə gilas yığmağa getməsini istəmir. Bu zəmində onun Fəridə ilə arasında mübahisə yaranmış və o, əsəbləşdiyi üçün yumruqla bir neçə dəfə Fəridənin sifətinə zərbə vurmuşdur. Yumruqlardan biri Fəridənin sol göz nahiyəsinə, digəri isə ağız nahiyəsinə dəymiş və ağzı qanamışdır. Səhəri gün Fəridə evdən çıxıb Xaçmaz şəhərində yaşayan qardaşı Kamranın evinə getmiş və ondan Xaçmaz RPŞ-nə şikayət etmişdir. Lakin, hal-hazırda Fəridə onunla barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, İlkinlə 2011-ci ildə ailə qurmuş və birgə nigah dövründə 2 övladı dünyaya gəlmişdir. 10 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, İlkinə sabah gilas yığmağa gedəndə əmisi qızı Könülün onlarla birlikdə gilas yığmağa getməməsini istəmədiyini demişdir. Belə ki, onlar birlikdə gilas bağı olan şəxslərin bağlarına gedib pul ilə gilas yığırlar. Onun bu sözündən sonra İlkin mübahisə etməyə başlamış və yumruğunu masaya vurub ayağa qalxaraq onun üstünə gələrək yumruqla bir neçə dəfə sifətinə zərbə vurmuşdur. Yumruqlardan biri onun sol göz nahiyəsinə, digərləri isə ağız nahiyəsinə dəymiş və ağzı qanamışdır. O, zərbələrdən yerə yıxılmış və yerə yıxılandan sonra ağzının qanını siləndə dişinin çıxdığını görmüşdür. İlkin əsəbi halda otaqdan bayra çıxdığı üçün o, otağın qapısını kilidləmişdir. İlkin otağa qayıdanda qapının bağlı olduğunu görüb ondan qapını açmasını tələb etmiş, lakin o qapını açmadığından İlkin qapıya təpiklə bir neçə zərbə vurub qapını sındırıb açmışdır. Qapı açılanda təsadüfən onun qoluna dəymiş, lakin qapının qoluna dəyməsi ilə bağlı xəsarət almamışdır. İlkin içəri daxil olub qapını bağladığı üçün onu söymüşdür. Səhəri günü, 11 iyun 2021-ci il tarixdə saat 06:30 radələrində İlkin onu yuxudan durquzub sahəyə gedib orada işləməyi tələb etmiş, özü isə evdən çıxıb getmişdir. Bundan sonra o, yerindən qalxıb övladlarını götürərək Xaçmaz şəhərinə, qardaşı Kamranın evinə gəlmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12.06.2021 -ci il tarixli, 312 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs sol göz ətrafının qançırı, sol göz almasına qansızma, alt dodağın selikli qişasının cırılmış yarası, alt sol köpək dişin travmatik çıxığı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 10.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08.08.2018-ci ildə Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsinə əsasən 02 il islah işləri 20 % cəzasına məhkum olunmuş, 28.01.2021 -ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmişdir. Bundan başqa, məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 23.12.2020-ci ildə ********* saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, 10 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Sayad kəndində, yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncuya bir neçə yumruq zərbəsi vuraraq sol göz ətrafının qançırı, sol göz almasına qansızına, alt dodağın selikli qişasının cırılmış yarası, alt sol köpək dişin travmatik çıxığı ilə müşahidə olunmuş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1.; 59.1.4. və 59.2-ci maddələrinə əsaslanaraq, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkəmə istintaqından yayınmasını, zərərçəkmişlə barışıq əldə etməməsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 24-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-112/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-112/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver