Məhkəmə qərarları › İş №1(067)-113/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-113/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-113/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Şabran (Dəvəçi) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,251 qram narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz rayonunun Yalama kəndi ərazisində, dəmir yolu keçidi yaxınlığında saxlanılaraq Yalama PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus VAZ-2107 markalı, **-UA- *** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edib sərnişin daşımaqla ailəsini dolandırır və arabir narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. xx xxx 2020-ci il tarixdə Şabran şəhər avtovağzalının yaxınlığında yerləşən “Oba” marketin qarşısında qoyulmuş taxtaların arasında, yerdə bir ədəd kağız bükülü diqqətini cəlb etmiş, həmin bükülünü götürüb açanda içərisində yaşıl rəngli, xırdalanıb doğranmış, spesifik qoxuya malik narkotik vasitə - qurudulmuş marixuana kimi tanıdığı bitki kütləsinin olduğunu görmüşdür. Arabir marixuanadan istifadə etdiyindən həmin narkotik vasitəni tanımış və buna görə də şəxsi istehlakı üçün şalvarının cibinə qoymuşdur. xx xxx 2020-ci il tarixdə, saat 18:30 radələrində idarə etdiyi avtomobillə Şabran şəhər avtovağzalında dayanıb müştəri gözlədiyi zaman tanımadığı bir şəxs ona yaxınlaşmış və onu Xaçmaz rayonunun Yalama kəndinə aparmasını xahiş etmişdir. O etiraz etməmiş və həmin şəxsi idarə etdiyi avtomobillə Xaçmaz rayonunun Yalama kəndinə gətirmişdir. Müştərini düşürüb geri qayıdarkən Yalama kəndindəki dəmir yolu keçidinin yaxınlığında yerləşən mağazaya çatanda avtomobili saxlayıb yerə düşmüş və siqaret almaq məqsədi ilə mağazaya daxil olmuşdur. Siqaret alıb mağazadan çıxanda mülki geyimli iki şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlarla birlikdə Xaçmaz RPŞ-nin Yalama PB-nə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yalama PB-nə getmiş, yolda polis əməkdaşları hərəkətlərinə nəzarət etdiklərindən üstündəki bir büküm narkotik vasitə olan marixuananı ata bilməmişdir. Bölməyə gələndən sonra polis əməkdaşları tərəfindən ona narkotik vasitə saxlamaqda şübhəli olduğu və buna görə də hal şahidlərinin iştirakı ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş və hüquqlarının qorunmasından ötrü ona vəkil təqdim olunmuşdur. O, üstündə şəxsi axtarış aparılmasına etiraz etməmiş, bundan sonra vəkilin və iki hal şahidinin iştirakı ilə üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona üstündə qanunla qadağan olunmuş nə varsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan damalı kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi bükülünü açıb içərisindəki kütləni iştirakçılara göstərmiş və sorğu zamanı o, həmin kütlənin narkotik vasitə - qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o, həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Şabran şəhər avtovağzalının yaxınlığında yerləşən “Oba” marketin qarşısına qoyulmuş taxtaların arasında, yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb cibində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstündə axtarış davam etdirilmiş, lakin üstündən başqa heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları üstündən götürülmüş narkotik vasitə olan marixuananı yenidən bükərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırmış və ağzını möhürləmişlər. Faktla bağlı polis əməkdaşlarından biri protokol tərtib edərək ucadan oxumuşdur. Düzgün tərtib edildiyinə görə o, protokolu, həmçinin üstündən götürülmüş marixuananın qablaşdırıldığı zərfin tamlığını öz imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları özünün, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirmiş, lakin baxış zamanı avtomobilindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Avtomobilinə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları ayrı bir protokol tərtib etmiş, bütün iştirakçılar, həmçinin o özü düzgün tərtib edildiyinə görə həmin protokolu imzası ilə təsdiq etmişdir. Narkotik vasitə olan marixuanadan arabir istifadə etsə də, mütəmadi olaraq narkotik vasitə qəbul etməmiş, özü heç vaxt heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə verməmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasının və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması, həmçinin taksi kimi istifadə etdiyi VAZ-2107 markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Yalama kəndi ərazisində olması barədə Yalama PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla bölmə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra onlar Yalama kəndinin ərazisində müşahidələr aparmağa başlamış, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonunun Yalama kəndindəki dəmir yolu keçidinin yaxınlığında yerləşən ərzaq mağazasının qarşısında saxladığını və avtomobildən düşüb mağazaya daxil olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs mağazadan çıxanda yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Yalama PB-nə gəlməsini təklif etmişlər. O etiraz etməmiş, idarə etdiyi avtomobillə birlikdə bölməyə gətirilmiş və bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 həvalə olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuşdur. Onun üstündə və idarə etdiyi avtomobildə narkotik vasitə olması ehtimalı olduğundan bölməyə iki hal şahidi və Xaçmaz rayon vəkil bürosunun vəkili X2 dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah olunandan sonra müdafiəçi Şahin Mütəllimov hüquqlarının müdafiə olunmasından ötrü Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra əvvəlcə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış aparılmamışdan əvvəl ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları çıxarıb təqdim etməsi təklif edilmişdir. O etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd ağ rəngli damalı kağız bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Şabran şəhər avtovağzalının yaxınlığında yerləşən “Oba” marketin qarşısına qoyulmuş taxtaların arasında, yerdən tapdığını və şəxsi istehlakı üçün götürüb üstündə saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilsə də, onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. X4 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra hal şahidlərinin və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi ilə bağlı X4 tərəfindən ayrı bir protokol tərtib edilmiş və protokol ucadan oxunandan sonra düzgün tərtib edildiyinə görə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 şahid Rafət Kərimovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Nabran kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. xx xxx 2020-ci il tarixdə, saat 20 radələrində Yalama PB-nin inzibati binasının qarşısından keçib gedərkən bir polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitə ilə bağlı bölməyə gətirilmiş bir şəxsin üstünə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirəcəklərini demiş və həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O etiraz etməmiş və polis əməkdaşı ilə birlikdə bölmənin inzibati binasındakı otaqlardan birinə getmişdir. Ondan başqa adını sonradan bildiyi Xaçmaz rayonunun Fərzəli-oba kənd sakini Şahid3 hal şahidi kimi, həmçinin Xaçmaz rayon vəkil bürosunun vəkili X2 bölməyə dəvət edilmiş, hal şahidi kimi hüquq və vəzifələri izah olunandan sonra polis əməkdaşları onlara bir şəxsi təqdim edərək həmin şəxsin üstünə axtarış və idarə etdiyi avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Həmin şəxsin iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs olması orada ona məlum olmuş, şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü vəkil Şahin Mütəllimovu təqdim edəndən sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd ağ rəngli damalı kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda onun içərisində yaşıl rəngli, spesifik qoxuya malik bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü bükülünün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Şabran şəhər avtovağzalının yaxınlığında yerləşən “Oba” marketin qarşısına qoyulmuş taxtaların arasında, yerdən tapdığını və şəxsi istehlakı üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşlarından biri bu barədə protokol tərtib edib ucadan oxumuş və düzgün tərtib edildiyinə görə protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi ilə polis əməkdaşları tərəfindən ayrı bir protokol tərtib edilmişdi. Protokol ucadan oxunandan sonra düzgün tərtib edildiyinə görə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilmişdir ki, o, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə hal şahidlərinin və müdafiəçinin də iştirakı ilə Xaçmaz rayonunun Yalama kəndi ərazisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən 01 ədəd damadama kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik maddə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddənin narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2020-ci il tarixdə yaşadığı Şabran şəhərində avtovağzalın yanında yerləşən “Oba” marketin qarşısına qoyulmuş taxtaların arasından – yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə hal şahidlərinin və müdafiəçinin də iştirakı ilə Xaçmaz rayonunun Yalama kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, qanunla qadasan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 7/187 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən…” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 5,251 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 5,201 qram təşkil etmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “maddi sübutun tanınması haqqında” və xx xxxx 2020-ci il tarixli sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,251 qram, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 5,201 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxx 2020-ci il tarixli, 1394 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. İş materiallarında olan “əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbə, narkotik vasitələrlə bağlı əlaqələri, onun narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olub-olmaması və bununla bağlı digər halların keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumilikdə xalis çəkisi 5,251 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,251 qram narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz rayonunun Yalama kəndi ərazisində, dəmir yolu keçidi yaxınlığında saxlanılaraq Yalama PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şabran rayononu İHB-nın Şabran şəhəri üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı övladı var. İş materiallarında olan Şabran rayononu İHB-nın Şabran şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 300 manat cərimə cəzasından 28 May Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə azad edilmişdir. Hal-hazırda onun Şabran rayon İcra və Probasiya şöbəsində çəkilməmiş cəzası yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(067)-81/2020 saylı qərarından və xx.xx.2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqsədəmüvafiqdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxx 2020-ci il tarixli, 1394 №-li ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 5,251 qram qurudulmuş marixuanadan tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 5,201 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xalis çəkisi 5,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,201 qramı Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra xalis çəkisi 5,201 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanahökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra xalis çəkisi 5,201 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanahökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar