Məhkəmə qərarları › İş №1(067)-114/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-114/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-114/2023 28.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla ünvan 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,605 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 21 yanvar 2023-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında 22 yanvar 2023-cü il tarixdə, saat 00:15-dən 00:25-dək olan vaxt müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli qış gödəkçəsinin sinə nahiyəsində olan sol cibindən bir ədəd üzərində “Marlboro” yazılmış kibrit qutusunda 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,177qram, 0,042 qram, 0,386 qram, ümumi çəkisi 0,605 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət əməli ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə əldə edib istifadə etməsi halı üçüncü dəfə olmuşdur. O, narkotik vasitələri internet vasitəsilə əlaqə saxladığı şəxsdən alaraq əldə etmişdir. Həmçinin bildirdi ki, o, narkotik vasitədən bir ildən az müddətdir ki, istifadə etmişdir. O, yalnız metamfetamin psixotrop maddəsindən istifadə etmiş, digər narkotik vasitələrdən istifadə etməmişdir. Onun metamfetamini internet vasitəsilə əlaqə saxlayaraq aldığı şəxslər hər dəfə müxtəlif olmuşdur, o, həmin şəxsləri tanımır. O, bundan əvvəl də üç büküm metamfetamini internet vasitəsi ilə əlaqə saxladığı şəxsdən əldə etmiş, üç bükümü bir dəfəyə almasında məqsədi özünün istifadəsi üçün olmuş, metamfetamin bükümlərini üzərində gəzdirməsinin səbəbi isə onları yaşadığı evdə gizlətməyə yer tapa bilməməsi olmuşdur. O, hazırkı işlə əlaqədar saxlanılan vaxt evdən çıxaraq bankomata getmiş, həmin vaxt kiminləsə görüşməli olmamışdır. O, alaraq əldə etdiyi metamfetamindən heç kimə təklif etməmişdir. O, pul ilə aldığı vaxtlar üç büküm metamfetamini cəmi 30 manata almışdır. O, işləmir, lakin metamfetamini əldə etmək üçün pulu evindən götürmüşdür. O, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, hazırkı metamfetamin psixotrop maddəsini yerdən tapmış, kimsədən almamışdır. Hazırkı üç bükümdə olan metamfetamin psixotrop maddəsini isə o, yerdən tapmış, kimsədən almamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olsa da, faktiki olaraq anası ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. 20 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada gəzən zaman yerdə üzərinə “Marlboro” yazılmış bir ədəd qara rəngli kibrit qutusu olmasını görmüşdür. Həmin qutu onun diqqətini cəlb etdiyindən qutunu əyilib yerdən götürüb içərisinə baxan zaman içərisində iki ədəd sellofan bükümdə və bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. O, 3 ildən çoxdur ki, tapanda psixotrop maddə olan metamfetamin istifadə etdiyinə görə həmin qutunu da özü ilə birlikdə götürmüşdür. 21 yanvar 2022-ci il tarixdə, saat 23:20 Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs gəlib küçənin ortasında onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra 22 yanvar 2023-cü il tarixdə, saat 00:15 radələrində üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qış gödəkçəsinin sol yan tərəfdə, sinə nahiyəsində olan cibdə gizlədib saxladığı qara rəngli, üzərinə “Marlboro” yazılmış kibrit qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərindən daşınması qadağan edilmiş hər hansı bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində biri göy, digəri isə ağ rəngli olmaqla iki ədəd sellofan büküm və bir ədəd qara rəngli kağız büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunanların özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan iki ədəd sellofan büküm və bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, yalnız narkotik vasitə və psixotrop maddə istifadəçisidir, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, polis əməkdaşları onu üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə gəlməyə dəvət edən zaman, onun hər hansı bir hüququ pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 21 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla işlədiyi şöbənin rəisinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra ondan və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə əməliyyat tədbiri zamanı davranış xətti izah edilmişdir. 21 yanvar 2021-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində olmasını müəyyən edib, həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərinda saxlayaraq daşıması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Yol boyu onlar Təqsirləndirilən şəxs hərəkətlərini nəzarətdə saxlamışlar ki, üzərindən hər hansı bir predmeti kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasında Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov xidməti iş otağında onun və digər polis əməkdaşı Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən kibrit qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunun içərisinə baxılan zaman müəyyən olunmuşdur ki, qutunun içərisində iki ədəd sellofan, bir ədəd kağız büküm, üç ədəd sellofan kəsikləri vardır. Sellofan bükümlərin və kağız bükümlərin hər birinin içərisində ağ rəngli, kristal halında olan, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan iki ədəd sellofan və bir ədəd kağız büküm, aşkar olunduğu kimi, yəni həmin kibrit qutusunun içərisinə qoyulub bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənərək müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün götürülmüşdür. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 22 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X1 RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, həmin RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri X6, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkçəsinin sol yan tərəfindəki sinə nahiyəsində olan cibindən üzərinə “Marlboro” yazılmış kibrit qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoyur. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki gödəkçənin sağ yan tərəfindəki sinə nahiyəsində olan cibindən günəbaxan tumları, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli kağız kəsiyi aşkar olunur, bundan başqa onun üzərindən hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunun içərisinə müstəntiq tərəfindən baxılan zaman müəyyən olunur ki, qutunun içərisində iki ədəd sellofan, bir ədəd kağız büküm, üç ədəd sellofan kəsikləri vardır. Sellofan bükümlərin biri ağ, digəri isə göy rəngli, kağız büküm isə qara rənglidir. Sellofan bükümlərin və kağız bükümlərin hər birinin içərisində ağ rəngli, kristal halında olan, psixotrop maddə metamfetaminə bənzər kütlə olması, üç ədəd sellofan kəsiklərinin və bir ədəd yaşıl rəngli kağız kəsiyinin isə içərisinin boş olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş günəbaxan tumları, bir ədəd yaşıl rəngli kağız kəsiyi və üç ədəd sellofan kəsikləri onun özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan iki ədəd sellofan və bir ədəd kağız büküm, aşkar olunduğu kimi, yəni həmin kibrit qutusunun içərisinə qoyulub bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənərək müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Şəxsi axtarış prosesi əvvəldən axıradək polis nəfəri X6 tərəfindən videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2023-cü il tarixli, 6/413 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan....” və s. sözlər, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,177 qram; 0,042 qram; 0,386 qram, ümumi təmiz çəkiləri 0,605 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamindən təqdqiqata 0,12 qram sərf edildikdən sonra qalıq 0,485 qram təşkil etmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,605 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,485 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 27 yanvar 2023-cü il tarixli, 431 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini özü istifadə edir, lakin narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə və satması barədə məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 21 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 05 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,605 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayonu İcra Hakimyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır. Onun barəsində İdarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan (saat 00:05), qətimkan tədbirinin seçilməsinə dair 23 yanvar 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan (saat 19:00) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş ümumi təmiz çəkisi 0,605 qram olmuş metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,12 qram sərf edildikdən sonra qalıq 0,485 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,605 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,485 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,485 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,485 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar