Məhkəmə qərarları › İş №1(067)-116/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-116/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-116/2020 10.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instanasiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində qaranlıq və yağışlı hava şəraitində özünə məxsus VAZ-21154 markalı, 90- LZ-442 qeydiyyat nişanlı avtomobili idarə edib Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə harəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyərək H.Z.Tağıyev küçəsində “Karusel” marketin yaxınlığında olan yolun sağ tərəfindən sol tərəfinə hərəkət edən piyada X3 vurmuş, nəticədə ehtiyatsızlıqdan Poladxan İsayev ağır koma ilə müşayiət olunmuş baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, sol alın nahiyəsində subdural və yarımkürələr arasında kəskin hematoma, sol almacıq və əng sümüklərinin sınıqları, alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması və həmin xəsarətlər nəticəsində yaranmış baş-beyin toxumasının ödemindən xx xxx 2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonunun Armudpadar kəndində yaşayır. Özünə məxsus Vaz-21154 markalı ** LZ *** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Nəqliyyat vasitəsini idarə etmək üçün “BS” dərəcəli sürücülük hüququ vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində özünə məxsus Vaz-21154 markalı avtomobili idarə edib Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə Xaçmaz şəhəri dəmiryol vağzalı istiqamətinə gəlmiş, sonra isə H.Əliyev prospekti istiqamətinə dönüb bir qədər gəldikdən sonra sola dönüb Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə Xaçmaz-Xudat avtomobil yolu istiqamətinə getmişdir. H.Z.Tağıyev küçəsi ilə Z.Əliyeva küçəsinin kəsişməsində olan işıqforu keçib təxminən 30-40 metr getdikdən sonra yolun ortasında bir nəfərin dayandığını görmüş, sonradan şəxsiyyəti ona məlum olan Poladxan avtomobilin ona yaxınlaşdığını görüb arxaya doğru çəkilmiş, o, əyləci basıb avtomobili saxlamağa çalışmış, lakin buna baxmayaraq avtomobilini saxlaya bilməmiş və avtomobilin ön sol tərəfi ilə həmin piyadanı vurmuş, və piyada avtomobilinin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. O, avtomobilini saxlamış və hadisə yerinə gələn tanımadığı oğlanlarla birlikdə piyadanı yerdən qaldırıb avtomobilinə əyləşdirərək Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Piyadanı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirdikdən sonra o, xəstəxananın qarşısında dayanıb gözləmiş, sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və onunla birlikdə hadisə yerinə baxış keçirmişlər. Həmin gün gecə saatlarında Poıadxan İsayev Bakı Sağlamlıq Mərkəzinə aparılmışdır. Sonrakı aylarda Poladxan Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmiş və onun müalicəsi ilə bağlı Bakı Sağlamlıq mərkəzinə 8500 manat pul köçürmüşlər. xx xxx 2020-ci il tarixdə isə o, Poladxanın Bakı Sağlamlıq Mərkəzində öldüyünü bilmişdir. Poladxan İsayevin dəfn və yas mərasimlərində iştiral etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinə məhkəmə baxışı ərəfəsində zərərin əvəzi olaraq 5000 manat pul ödəmişdir. Öz əməlindən dərin peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 göstərdi ki, mərhum X6 onun atası olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələlərində kompüter salonunda olarkən tanışı Nicat içəri daxil olub ona H.Z.Tağıyev küçəsində atasının avtomobillə vurulduğunu demişdir. O, tez kompüter salonudan çıxıb H.Z.Tağıyev küçəsinə tərəf qaçmış və “Karusel” marketin yaxınlığında yolun orta hissəsində atasının hərəkətsiz vəziyyətdə uzandığını, yaxınlıqda isə Vaz-21154 markalı, ** LZ *** qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Orada olarkən bilmişdir ki, atasını həmin avtomobil vurmuşdur. O, orada olan Familin və Qabilin köməkliyi ilə atasını yerdən qaldırıb VAZ-21154 markalı avtomobilə əyləşdirib atasını Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanada olarkən bilmişdir ki, atasını vuran sürücü Təqsirləndirilən şəxsdur. Xaçmaz rayon Mərkəz Xəstəxanasında həkimlər atasını müayinə etdikdən sonra Bakı şəhərinə aparılmasını məsləhət görərək bu barədə sənədlər tərtib etmiş və həmin gecə onlar atasını Bakı Sağlamlıq Mərkəzinə aparmışlar. Atasının müalicəsi ilə bağlı həmin gün və sonrakı günlərdə sığorta tərəfindən Bakı Sağlamlıq Mərkəzinə ödənişlər olunmuşdur. Bundan başqa özü də atasının müalicəsi ilə bağlı 5000 manat pul xərcləmişdir. Sürücü Təqsirləndirilən şəxs tərəfindən atasının müalicəsi ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə 8500 manat məbləğində pul köçürülmüşdür. Sonrakı müddətdə atasının müalicəsi ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə pul köçürülməmiş və atasının müalicəsi ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə 8000 manat yaxın borcu yaranmışdır. Həmin borcun 5000 manatını o, özü Bakı Sağlamlıq Mərkəzinə köçürmüş, 3000 manatı isə qalmışdır. xx xxx 2020-ci il tarixdə atası Bakı Sağlamlıq Mərkəzində ölmüşdür. Hadisədən sonra təqsirləndirilən şəxsin yaxın qohumları mərhum atasının dəfn və yas mərasimlərində iştirak etmiş, məhkəmə baxışı ərəfəsində təqsirləndirilən şəxs və yaxın qohumları ona dəymiş maddi ziyana görə əlavə olaraq 5000 manat pul ödəmiş və ziyanla bağlı təqsirləndirilən şəxslə qarşılıqlı razılığa gəlmişlər. Ona görə də hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X4 göstərdi ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində onun özünə məxsus marketi var və ona məxsus market “Karusel” adı ilə fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə saat 20:15 radələrində işlətdiyi marketin qonşuluğunda Abbas Səhhət küçəsində yaşayan Poladxan İsayev “Karusel” marketə gəlib özünə siqaret, ərzaq almış və marketdən çıxıb evinə tərəf getmişdir. Poladxan marketdən çıxdıqdan az sonra o, tappıltı səsi eşidib bayıra çıxdıqda sonuncunun yolun ortasında yerdə uzandığını, yaxınlıqda isə Vaz-21154 markalı ** LZ *** qeydiyyat nişanlı avtomobilin dayandığını görüb başa düşmüşdür ki, Poladxanı həmin avtomobil vurmuşdur. Sonra başqa şəxslərlə köməkləşib Poladxanı həmin avtomobilə əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Poladxan İsayevi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurmuşdur. İş materiallarında Xaçmaz rayon mərkəzi xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 38 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən günü ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsidir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz şəhəri, Bakı prospekti istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, yaş, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 13,6 metrdir. Sağ tərəfdə olan səkinin eni 2,6 metr, sol tərəfdə olan səkinin eni isə 2,2 metrdir. Yolun sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Yolun orta hissəsində izlər vardır və həmin izlərin olduğu yerdən sağ tərəfdə olan səkiyədək 6,8 metr məsafə vardır. Hadisə ərəfəsində Vaz-21154 markalı ** LZ *** qeydiyyat nişanlı avtomobil Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə Xaçmaz şəhəri, Bakı prospekti istiqamətində, piyada isə H.Z.Tağıyev küçəsinin sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olmuş və yolun orta hissəsinə çəkilmiş xəttin üzərindən VAZ-21154 markalı avtomobili vurmuşdur. Avtomobil texniki cəhətdən saz olmuş və avtomobildə yük olmamışdır. Hadisə baş verdiyi yer yaşayış məntəqəsidir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər ağır koma ilə müşayiət olunmuş baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, sol alın nahiyyəsində subdural və yarımkürələr arasında kəskin hematoma, sol almacıq və əng sümüklərinin sınıqları, alın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa zərər vurmaya aiddir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi şəxsin xx xxx 2020-ci il tarixli, 251/02 nömrəli məktubundan görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixdə “baş beyinin diffuz travması, müştərək travma, qapalı kəllə beyin travması, baş beyin və beyin kötüyünün ağır dərəcəli əzilmiş, travmatik subaraxnoidal qansızma, sol alın nahiyədə subdural və yarımkürələr arasında kəskin hematoma, sol almacıq və əng sümüklərinin sınıqları, hemosinus, alın nahiyənin əzilmiş yarası sol tərəfli paraorbital hemotoma” diaqnozu ilə Bakı Sağlamlıq Mərkəzinə daxil olmuşdur. Xəstə koma vəziyyətində olduğu üçün onun dindirilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 8/132 nömrəli rəyindən görünür ki, “Vaz- 21154” markalı ** LZ *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. P.Ş.İsayevin meyitində aşağıdakı həyatı xəsarətlər- ağır koma ilə müşayiət olunmuş baş beyin toxumasına qansızma, sol almacıq və əng sümüklərinin sınıqları, alın nahiyəsinin əzilmiş yarası, sol tərəfli paraobital hematoma aşkar olunmuşdur.

2. Göstərilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, güclü küt əşya təsirindən törənməklə qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi.

3. P.Ş.İsayevin ölümünə səbəb almış olduğu zədələr nəticəsində baş-beyin toxumasının ödemi olmuşdur. Ölümün baş vermə müddəti xəstəlik tarixində xx xxx 2020-ci il saat 13:00 qeyd olunmuşdur. İş materiallarından görünür ki, istintaq zərurəti ilə əlaqədar Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Karusel” marketin qarşısıda quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış yol nəqliyyat hadisəsinin video görüntülərinin köçürülərək götürüldüyü bir ədəd “SD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində qaranlıq və yağışlı hava şəraitində özünə məxsus VAZ-21154 markalı ** LZ *** qeydiyyat nişanlı avtomobili idarə edib Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə harəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyərək H.Z.Tağıyev küçəsində “Karusel” marketin yaxınlığında olan yolun sağ tərəfindən sol tərəfinə hərəkət edən piyada X3 vurmuş, nəticədə ehtiyatsızlıqdan Poladxan İsayev ağır koma ilə müşayiət olunmuş baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, sol alın nahiyəsində subdural və yarımkürələr arasında kəskin hematoma, sol almacıq və əng sümüklərinin sınıqları, alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması və həmin xəsarətlər nəticəsində yaranmış baş-beyin toxumasının ödemindən xx xxx 2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmasını, özünün və yaxın qohumlarının mərhum Poladxan İsayevin müalicəsi ilə bağlı maddi köməklik göstərməsini, zərərçəkmiş şəxsin vəfatından sonra zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərlə bağlı ödəniş etməklə sonuncu ilə barışıq əldə etməsini, hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Karusel” marketin qarşısıda quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış yol nəqliyyat hadisəsinin video görüntülərinin köçürülərək götürüldüyü bir ədəd “SD” formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Hafiz Əliyevin xx xxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 42 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 42 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 252 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Preosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Karusel” marketin qarşısında quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış yol nəqliyyat hadisəsinin video görüntülərinin köçürülərək götürüldüyü bir ədəd “SD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 42 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 252 (iki yüz əlli iki) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar