Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-116/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 08 avqust 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi D\Yol Y\Mass ev 3, mənzil 32-də qeydiyyatda olan və yaşamış, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, Xaçmaz şəhəri, Ə.Şıxlinski küçəsində saxlanılıb gətirilərək ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 11 fevral 2022-ci il tarixdə, saat 22:05-dan 22:25-dək olan müddət ərzində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindəki salfet kağızı bükümünün içərisində olan kağız bükümdən təmiz çəkisi 1,082 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuana və heroindən istifadə etmişdir. Anası Xaçmaz şəhərindəndir və Xaçmaz şəhərində qohumları yaşayır. Bu səbəbdən də o tez-tez Xaçmaz şəhərinə gəlib-getmişdir. 09 fevral 2022-ci il tarixdə o, Xaçmaz şəhərində yaşayan qohumlarıgilə qonaq gəlmişdir. 11 fevral 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Xaçmaz şəhərində olmuşdur. O, heroin olan bükümü üzərində olan salfet kağızının içərisinə qoyaraq üzərində saxlamışdır ki, istədiyi zaman istifadə edər. Həmin gün saat təxminən 21 radələrində Xaçmaz şəhərində hərəkət etdiyi zaman ona polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Müstəntiq tərəfindən videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin cibində saxladığı 01 ədəd salfet kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq təqdim etdiyi salfet kağızı bükümünü və həmin salfetin içərisindəki digər kağız bükümü onun və müdafiəçinin iştirakı ilə açdıqda içərisində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra üstündə aşkar olunmuş kağız bükümdə olan heroin müstəntiq tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da üstündə aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Həmçinin bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamış, heç kimə narkotik satmamışdır. Üzərindən aşkar olunmuş heroin narkotik vasitəsi onun və müdafiəçisinin yanında zərfə qoyularaq möhürlənmiş, lakin həmin heroinin 1,082 qramdan az olduğunu hesab edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında təqsirləndirilənin ətrafında əməliyyat tədbirləri qurmağa başlamışlar. Yaradılmış əməliyyat qrupu o və Şahid1 ibarət olmuşdur. Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsi ilə hərəkətdə olduğu müəyyən edilmiş və onlar təqsirləndirilənə yaxınlaşaraq sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər. RPŞ-də təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən özünün də təsdiq etdiyi kimi, bir ədəd bükümdə olan narkorik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün göndərilmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilənin üzərinizdən aşkar olunmuş heroin zərfə olduğu kimi qoyularaq qablaşdırılıb möhürlənmiş, hər hansı müdaxilə edilməsi mümkün deyildir, şəxsi axtarış videoçəkilişlə də qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis leytenantı rütbəsindədir. 11 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M ev 3, mənzil 32-də qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 dərhal bu məlmatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 11 fevral 2022-ci il tarixdə, saat 21 radələrində onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Ə.Şıxlinski küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa hamısını çıxararaq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin sol yan cibindən bir ədəd salfet kağızı bükümünü və "xxxx" MMC danışıq kartını stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm açılıb içərisinə baxılarkən orada başqa bir kağız büküm aşkar edilmişdir. Bükümün içərisinə baxılan zaman isə orada qəhvəyi rəngli, sonradan narkotik vasitə - heroin olması müəyyən edilən maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitə heroini nəzərədə tutaraq narkotik vasitə olmasını, özünə məxsus olmasını, özünün narkotik vasitə istifadəçisi olduğunu və heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Həmin içərisində narkotik vasitə - heroin olan kağız büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı CD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı X3 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və daşınmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri – Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid1, videoçəkilişi icra edən CAB-nin əməliyyat müvəkkili Hikmət Kərimovu və Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevi təqdim edir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə hər hansı etirazının olub olmaması soruşulduğu zaman o etirazının olmadığını bildirir. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olanları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra üzərində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd "xxxx" MMC-yə məxsus danışıq kartını çıxararaq stolun üzərinə qoyur. Müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi salfet bükümü açır, bükümün içərisinə baxılan zaman orada kağız bükülünün olması, həmin kağız bükülünün içərisinə baxılan zaman isə orada narkotik vasitə - heroinə bənzər kütlənin olması görünür. Təqsirləndirilən şəxs suala cavab olaraq həmin maddənin özünə məxsus olmasını bildirir. Bundan sonra həmin bir ədəd içərisində maddə olan büküm müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Müstəntiq tərəfindən "xxxx" MMC-yə məxsus 01 ədəd danışıq kartı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2022-ci il tarixli, 6/885 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,082 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 1,032 qram təşkil etmişdir. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 28 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,082 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 1,032 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini haradan əldə etməsi, hər hansı şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 23 iyun 2022-ci il tarixli, 3344 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun üzərindən aşkar edilmiş heroin narkotik vasitəsinin miqdarının az olmasını bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd CD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 1,082 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)-70/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan, müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla bir azyaşlı uşağı var. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ünvanda qonşular tərəfindən MKS-yə yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından, həmçinin Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)-70/2022 saylı hökmündən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cinayət əməlini 15 iyul 2021-ci il tarixdə törətmiş, hazırkı cinayət işi üzrə cinayət əməlini isə 11 fevral 2022-ci il tarixdə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də aşkar olunmuş narkotik vasitənin (heroinin) 1,082 qram olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)-70/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)-70/2022 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan, şəxsin tutmadan azad olunmasına dair 13 fevral 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)-70/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində hazırkı cinayət işi üzrə “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 1,082 qram heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 1,032 qram heroin təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,082 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 1,032 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,032 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Sumqayıt şəhər məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(060)- 70/2022 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona hazırkı hökmlə qəti olaraq təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,032 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-116/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-116/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver