Məhkəmə qərarları › İş №1(067)-116/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-116/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-116/2024 25.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə 03 oktybar 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, özünün deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaşadığı evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sillə və yumruqla bir neçə dəfə sifət nahiyəsinə vuraraq və başını tutub divara qəsdən çırparaq sonuncuya baş-beyin silkələnməsi ilə müşaiyət olunmuş alın-burun və hər iki göz ətrafı nahiyələrinin qançırları kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.1982-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş və Xaçmaz rayonu, Arzu kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Xaçmaz rayonu, Arzu kəndində yerləşən məktəbdə Azərbaycan dilində orta təhsil almışdır. Azərbaycan dilini sərbəst bilir. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamışdır. 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən vuraraq sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi barəsində istintaqı aparılan cinayət işi üzrə barışıq əldə olunduğuna görə onu bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad etməklə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırki cinayət işi üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə qardaşı Kamilin toyunda tanış olmuşlar. Onlar münasibəti yarandığından Sevincin yaşadığı ünvan 4 ünvanında yerləşən evində bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Aralarında son zamanlar mübahisələr olduğundan xx.xx.2023-cü il tarixdə onunla birlikdə qala bilməyəcəyini deyərək evi tərk etmişdir. Lakin buna baxmayaraq telefonla tez-tez danışmışlar. xx.xx.2024-cü il tarixdə Sevincə zəng edərək harada olmasını soruşduqda Bakı şəhərində olmasını demişdir, o, nə üçün Bakı şəhərinə getdiyini soruşduqda oğlunun yanında olduğunu, Xaçmaz rayonuna qayıdacağını demişdir. Sonuncu dəfə xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək Xaçmaz şəhərində yaşadığı evinə dəvət edərək evdə heç nə olmadığını, ərzaq almağını demişdir, o, da yemək götürüb həmin gün saat 19:30 radələrində Sevincin yaşadığı ünvana getmişdir. Sevinc evdə tək olmuş, onlar Sevinclə birlikdə yemək yetmişdir. O, Sevincdən Bakı şəhərində harada qalmasını soruşduqda, Sevinc 3 gün oğlu Vüqar ilə qaldığını demişdir. Bu səbəbdən qısqancılıq zəmnində aralarında sözlü mübahisə yaranmış və o, Sevinci bir dəfə sillə ilə sifətinə vurmuşdur. Sevinc onu qorxutmaq üçün əlinə burğac götürmüşdür ki, “mən qorxub evdən çıxım.” Lakin o, Sevincin bu hərəkətindən lap da əsəbləşərək burğacı onun əlindən almışdır, əlinin arxası ilə Sevincin sifət və baş nahiyəsinə bir neçə dəfə vurmuş, evi tərk etmişdir. Bundan sonra Seviclə münasibətləri korlanmışdır. Bundan sonra Sevinc onun barəsində şikayət etmişdir. Bir neçə gün o, Sevinclə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə videogörüntülü danışanda onun gözlərinin göyərdiyini görmüşdür. Törətdiyi əməldən peşmandır, hazırda onlar barışmışlar. Əlavə olaraq qeyd etmişdir, Zərərçəkmiş şəxsn; xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sevincin yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilində sillə ilə və əlinin araxası ilə vuraraq xəsarət yetirmiş, ümumilikdə mübahisəsi təxminən 10 dəqiqəyə yaxın davam etmiş, lakin Sevinci döyməyi bir neçə saniyə davam etmişdir, mübahisə elə həmin yerdə də bitmişdir. Həmin vaxt orada heç kəs olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, bir müddət onunla qeyri- rəsmi münasibəti olub. 2023-cü ilin dekabr ayının sonlarında o, Bakı şəhərinə getmişdir. xx.xx.2024- cü il tarixdə Bakı şəhərindən Xaçmaz şəhərinə gəlmiş, evdə ərzaq olmadığından Amilə zəng edib yemək alıb gəlməsini demişdir. Amil də razılaşmış və saat 19:30 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən evə gəlmişdir. Amil ondan harada olduğunu soruşan zaman ona Bakı şəhərində oğluyla qaldığını demişdir. Lakin Amil buna inanmamış, başqa kimləsə görüşdüyünü demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Sonra Amil aqressivləşərək əli ilə onun saçından tutaraq onu divara çırpmış, sonra isə yumruqla və sillə ilə bir neçə dəfə onun sifətinə, başına vurmuşdur. Amil onu döydüyü vaxt o, qışqırmış, səs-küy salmışdırm. Amil onun qışqırmağını görüb ona xəsarət yetirdikdən sonra evdən çıxıb getmişdir. O da hadisə barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Əvvəlki ifadəsində Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə qanunsuz daxil olmasını demiş, bunun səbəbi isə Amilin daha ağır cəza almasını istəməsi olmuşdur. Lakin əslində Amil onun mənzilinə qanunsuz daxil olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin hadisə ona məxsus yaşadığı ünvan 7 ünvanında yerlşən mənzilində xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində baş vermiş, hadisə mənzildə olduğu üçün hadisəni heç kim görməmiş, o, həmin vaxt evdə tək olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışıb, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış mənzilidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2023-cü ilin dekabr ayında yeni il ilə əlaqədar Bakı şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Xaçmaz şəhərinə qayıtmış və yaşadığı mənzilə gəlmişdir. Zərərçəkmiş şəxs qonaq otağını təqdim edərək xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu həmin otaqda döyməsini, o qışqırdıqdan sonra Təqsirləndirilən şəxs çıxıb getməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 05 yanvar 2024-cü il tarixli, 02 nömrəli rəyindən müəyyən edilir ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş-beyin silkələnməsi ilə müşayiət olunmuş alın-burun və hər iki göz ətrafı nahiyələrinin qançırları bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 28 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nörməli cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs anası və qardaşları ilə birlikdə Xaçmaz rayonu, Hacıəlibəy kənd İƏD-nin Arzu kəndində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs notarial qaydada tədqim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və 2-ci dərəcəli əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Qeyd olunanları nəzərə alaraq, Anar Qasımovun bir dəfə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs onunla barışması nəticəsində cinayət təqibinə xitam verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi X4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını, lakin əvvəllər də eyni zərərçəkmiş şəxsə qarşı analoji hərəkətlərinin törədilməsini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərcin olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar