Məhkəmə qərarları › İş №1(067)-117/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-117/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-117/2023 24.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Q.Qarayev küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə 28 fevral 2023-cü il tarixdə saat 15:10-15:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Classic Silver» markalı siqaret qutusunun içərisində 12.400 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 27 fevral 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhər bazarında olarkən yerdən bir ədəd «Classic silver» markalı siqaret qutusu tapmış və həmin siqaret qutusunu götürüb açdıqda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuna olduğunu görmüşdür. Tapdığı marixuananı sonradan istifadə etmək məqsədilə atmayaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 28 fevral 2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Xaçmaz şəhəri. Q.Qarayev küçəsində olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib və saxlamaqda şübhəli şəxs qismində tutulması ona bildirilmişdir. Bundan sonra müstəntiq tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, əyinində olan tünd göy rəngli cins şalvarın sol yan cibində saxladığı «Classic silver» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Təqdim etdiyi siqaret qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirildikdən sonra müstəntiq ondan qutunun içərisində olan bitki kütləsinin nə olduğunu və haradan əldə etməsini soruşmuşdur. O, siqaret qutusunda olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni taparaq üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 28 fevral 2023-cü il tarixdə saat 14 radələrində əməliyyat müvəkkili Şahid2 oğlu ilə birlikdə Xaçmaz şəhəri Qara Qarayev küçəsində Təqsirləndirilən şəxs saxlayıb üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğunu ona izah edərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində müstəntiq Mətləb İsmayılov tərəfindən müdaifəçi Hacıbala Məlikovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Classic silver» markalı siqaret qutusunu çıxarıb, otaqda olan masanın üstünə qoymuşdur. Təqdim olunmuş siqaret qutusu açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunda olan bitki kütləsinin nə olduğu və haradan əldə etdiyi soruşulduqda o, siqaret qutusunda olan bitki kütləsinin «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və küçədən taparaq istifadə etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bitki kütləsi özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılıb və möhürləndikdən sonra həmin zərfin üzərində imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə, videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun üzərindən «Classic silver» markalı siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 28 fevral 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 7/309 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi ...... yazı və imzallar olan zərfdə 1 ədəd üzərində «Classic silver» yazılan siqaret qutusunun içərisində təmiz çəkisi 12,400 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 12,350 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 mart 2023-cü il tarixli 1704 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 01 mart 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Classic silver» markalı siqaret qutusunun içərisində təmiz çəkisi 12,400 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 12,350 qram qalığı və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli, 5(067)-56/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 28 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisə rəisinin 18 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(067)-16/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(105)-344/2021 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü dəyişdirilərək ona Cinayət Məcəlləsinin 69.3-cü maddəsin əsasən qəti olaraq 5 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 5 saylı cəza çəkmə müəsisəsinin rəisinin 18 noyabr 2021ci il tarixli qərarı ilə barəsində “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisininin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Bu qərarın 7-ci bəndinə əsasən cəzadan azad edilən şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 1234 nömrəli arayışdan, 04 iyun 2013-ci il tarixli, AZ-İ seriyalı, 840778 nömrəli nikah haqqında şəhadətnamənin, 16 yanvar 2014-cü il tarixli, AZ-İ seriyalı, 226335 nömrəli doğum haqqında şəhadətnamənin, AZE seriyalı, 16651975 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla ailə tərkibiarvadı X4, azyaşlı uşağı X1 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Q.Qarayev küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə 28 fevral 2023-cü il tarixdə saat 15:10-15:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Classic Silver» markalı siqaret qutusunun içərisində 12.400 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 28 fevral 2023-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 4(067)-37/2023 saylı qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 02 mart 2023-cü il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 4(067)-37/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, müstəntiqin 02 mart 2023-cü il tarixli qərarı ilə qeyd olunan tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(067)-117/2022 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 22 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 21 iyul 2023-cü il tarixdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 21 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd zərfdə, 1 ədəd “Classic Silver” yazılan siqaret qutusunun içərisində təmiz çəkisi 12,400 qram olmuş, tədqiqata sərfdən sonra qalıq çəkisi 12,350 qram təşkil edən narkotik vasitə- çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ilə hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 21 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd zərfdə, 1 ədəd “Classic Silver” yazılan siqaret qutusunun içərisində təmiz çəkisi 12,400 qram olmuş, tədqiqata sərfdən sonra qalıq çəkisi 12,350 qram təşkil edən narkotik vasitə- çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar