Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-117/2024 12.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Quba rayonunun Qonaqkənd kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay,əməlində cinayətlərin residivi olan, işləməyən, Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022- ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 10 may 2023-cü il tarixdə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 425,0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış bu fakt o, 09 mart 2024-cü il tarixdə Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 09 mart 2024-cü il tarixdə saat 20:45-dən 20:55-dək olan vaxt ərzində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçə ilə həmin gödəkçənin altındakı boz rəngli gödəkçəsi arasında sağ tərəfdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 425,0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Qobuqırağı kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə həmin ünvanda yaşayır və heç bir yerdə işləmir. Subaydır və artıq uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. 09 mart 2024-cü il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Qobuqırağı kəndi ərazisində olan tullantı məhsullarının yığıldığı yerdən tək başına piyada gəzən zaman yerdə 1 ədəd qara rəngli bağlama görmüş, həmin bağlamanın görünüşü onun' marağını cəlb etmişdir. Buna görə də bağlamanı yerdən götürərək onun içərisinə baxmış, bağlamaya nəzər saldıqda içərisində qurudulmuş marixuananın olmasını aşkar etmişdir. Marixuanadan istifadə etdiyi üçün həmin bükümü sağ tərəfdən boz rəngli gödəkçəsi ilə qara rəngli idman gödəkçəsinin arasına qoyaraq üzərində saxlamışdır. Onu da üzərində gəzdirməkdə məqsədi o olmuşdur ki, ürəyi nə vaxt istəsə ondan istifadə edə bilsin. Həmin günü 09 mart 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evə tərəf gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Xaçmaz RPŞ-nin əməkdaşları kimi təqdim etmişlər və üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğumdan onu RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışmış və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş, o da etiraz etməkdikdən sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Avçixan Avçixanovun iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o, özü könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən 1 qutu siqareti, alışqanı və sağ tərəfdən qara rəngli gödəkçə ilə idman gödəkçənin arasında saxladığı 1 ədəd qara rəngli bağlamanı çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları qara rəngli bağlamada nə olmasını ondan soruşduqda o, həmin bağlamada olan yaşımtıl rəngli kütlənin narkotik vasitə marixuana olduğunu və həmin bağlamanı taparaq istifadə üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bağlamadakı yaşımtıl rəngli narkotik vasitə həmin bağlama ilə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 483 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd bağlamada narkotik vasitə bağlama ilə birlikdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bundan sonra üzərindən aşkar edilmiş 1 qutu siqaret və 1 ədəd alışqan onun özünə qaytarılmışdır. O, üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokol ilə tanış olduqdan sonra imza ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5rlikdə yaşayır. Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləyir. Xaçmaz rayonu, Qobuqırağı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişdir. Buna görə də 09 mart 2024-cü il tarixdə, saat 19:30-da Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qobuqırağı kəndində tərəflərindən saxlanılmış, ardınca isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması məqsədilə sonuncunu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvəti əsasında Xaçmaz RPŞ-nə gəlmiş, ardınca isə Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə vəkil dəvət olunmuşdur. Vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələri də Təqsirləndirilən şəxs izah olunduqdan sonra vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsi isə onun altındakı boz rəngli idman gödəkçəsinin arasında bədəninin sağ tərəfindən 1 ədəd qara rəngli polietilen bükümü masanın üzərinə qoymuş, müstəntiq tərəfindən həmin bükümə baxış keçirilən zaman içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bükümün ona məxsus olduğunu, həmin bükümü də tapdığını bildirmişdir. Müstəntiq tərəfindən həmin büküm elektron tərəzidə çəkilən zaman büküm ilə birlikdə həmin kütlənin çəkisi 483 qram gəlmişdir. Ardınca isə həmin kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə müstəntiq tərəfindən həmin büküm olduğu kimi qablaşdırılaraq möhürləndikdən sonra istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “212” markalı siqaret qutusu və 1 ədəd alışqan əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 Xaçmaz rayon X4 Mübariz Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə - bioloji ekspertizasının 10 mart 2024-cü il tarixli, 3-16-16/2-7/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kütlə təmiz çəkisi 425,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə - Narkoloji Ekspertizasının 16 aprel 2024- cü il tarixli 2403 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 18 mart 2024cü il tarixli Xaçmaz rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdandan görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il tarixdən “Xroniki narkomaniya, asılılıq sindromu" ilə həkimnarkoloqun qeydiyyatındadır, ancaq həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Xaçmaz RİH başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 16 aprel 2024-cü il tarixli 141 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsi ilə onun altındakı boz rəngli gödəkçə arasında sağ tərəfdən 1 ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərinə 09 mart 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfimdən 15 aprel 2024- cü il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki qara rəngli idman gödəkçəsi ilə onun altındakı boz rəngli gödəkçə arasında sağ tərəfdən 1 ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərinə 09 mart 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 11 mart 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyi tərəfindəb verilmiş 16 aprel 2024-cü il tarixli, 142 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 1 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə marixuana təmiz çəkisi 425,95 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən halları müəyyn etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından, tələbnamədən, hökmün və qərarın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunsa da, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 09 mart 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 mart 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 424,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut- Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 424,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-117/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-117/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver