Məhkəmə qərarları › İş №1(067)-119/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-119/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-119/2020 01.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, xx xxxxxx 1967-ci ildə Quba rayonu, 12 nömrəli Sovxoz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, milliyyətcə azərbaycanlı, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktında qeyd olunanlara görə, Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının ortalarında, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, M.Əzizbəyov küçəsi, 17 nömrəli ünvanda yerləşən evin həyətyanı bağ sahəsinə balaca taxta qapını açıb içəri qanunsuz daxil olaraq oradan 10 ədəd bir metri 8 manat 50 qəpik olmaqla 340 manat dəyərində, hər biri 4 metr uzunluqda və 100 mm diametrdə, 10 ədəd isə bir metri 6 manat olmaqla 480 manat dəyərində, hər biri 8 metr uzunluqda və 50 mm diametrdə dəmir boruları gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham irəli sürərkən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəyə, zərərçəkmiş şəxsin ifadəsinə, şahidlər Şahid1 və Namiq Hümbətovun ifadələrinə, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokollarına əsaslanmışdır. Zərərçəkmiş şəxsə 820 manat məbləğində maddi ziyanın vurulması isə iş materiallarının 94-95-ci səhifələrində olan nəzəri məlumatlar əsasında verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində anası ilə birlikdə yaşayır. Atası rəhmətə gedib. Ailə qurmamışdır. Rəsmi olaraq işləmir, fəhləlik edir. 1999-cu ildə Xaçmaz rayonu ərazisində oğurluq etdiyinə görə tutularaq iki il azadlıqdan məhrumetmə cəzası almışdır. Zərərçəkmiş şəxs qonşusudr. Xaçmaz şəhər sakini Səbuhi və anası Zöhrəgilin həyətyanı bağ sahəsinin arxası onun yaşadığı ünvanla üzbə-üz olmaqla dəmiryolun əks tərəfində yerləşir. 2019-cu ilin dekabr ayında Səbuhi onu həyətyanı bağ sahələrinə çağıraraq orada əkilmiş qoz ağacını göstərib kəsməyini xahiş etmişdir. Qoz ağacı kəsməyin düşər-düşməzi olduğu üçün o, Səbuhigilin həyətyanı bağ sahəsində əkilmiş ağacı kəsməmişdir. Həmin vaxt Səbuhigilin bağ sahəsinə yığılmış dəmir boruları görmüşdür. Qonşusu Zərərçəkmiş şəxs özünün dediyinə görə həyətindəki borular oğurlanmışdır. Lakin o, qonşusu Zöhrənin həyətindən heç nə oğurlamamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanıda döyüb boynuna qoymuşlar ki, ödəməlidir. Boruların pulunu anası məcbur olaraq zərərçəkmiş şəxsə ödəmişdir. Onu döyən polis əməkdaşlarının adlırını dəqiq bilmir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı dindirilərkən ona fiziki təzyiq göstərilmişdir. Ona verilən işgəncələrə tab gətirmədiyindən ibtidai istantaqda cinayəti boynuna almağa məcbur olmuşdur. Buna görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməklə qeyd edilən halların araşdırılmasını və təqsirkar şəxslərin qanunvericiliyə müvafiq qaydada cəzalandırılmasını xahiş edir. Həqiqətdə hadisə yuxarıda göstərdiyi kimi olmuşdur. Özünü təqsirli bilmir və ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 3-də oğlu Səbuhi, Ruslan, Ruslanın arvadı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. Böyük oğlu Səbuhi 2-ci qrup əlildir, ruhi xəstədir. Əri 2006-cı ildə rəhmətə gedib. İşləmir, təqaüdçüdür. xx xxxxxx 2020-ci il tarixdə xəstəliyi ilə əlaqədar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gedib orada qalaraq müalicə almışdır. Oğlanları evdə qalmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində müalicə aldıqdan sonra xəstəxanadan çıxıb yaşadığı evə gəlmişdir. Növbəti gün, saat 10 radələrində həyətdə iş görən zaman evinin arxasında yerləşən həyətyanı bağ sahəsinə keçmiş və həyətində talvar düzəltmək üçün alaraq yığdığı dəmir boruların çox hissəsinin yerində olmadığını aşkar etmişdir. O, evdə olan böyük oğlu Səbuhidən bu barədə soruşarkən, Səbuhi heç kimə boru vermədiyini, bir neçə gün əvvəl boruların yerində olduğunu ona bildirmişdir. O, fikirləşmişdir ki, “İzmayılovka” adlanan ərazidə yaşayanlar gəlib boruları aparmışlar. Onun qapısından oğurlanan boruları o, Tərlanın qapısında görməmişdir.Amma görənlər olmuşdur. Bilir ki o, boruları Tərlan oğurlayıb. Həyətində olan boruların uzunluğu 8 metr olmuşdur. Həmin boruları iki nəfər apara bilər. Boruların pulunu Tərlanın anası ona vermişdir. Onun həyətindən oğurlanan borular işlənmiş borular olmuşdur. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə təqsirli bilinib, cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki,Xaçmaz şəhəri, H.Əliyev küçəsi, Dalan 2, ev 5-də anası, arvadı, bir qızı və qardaşı ilə birlikdə yaşayır. Atası rəhmətə gedib. Rəsmi olaraq işləmir, özünə məxsus üç təkərli motesiklet ilə yük daşımaq işi ilə məşğul olur. 2020-ci ilin yanvar ayının ortalarında, günorta saatlarında ünvan 2 kimi ötəri tanıdığı Tərlan adlı şəxs yaşadığı ünvana gələrək ona bildirmişdir ki, həyətində olan özünə məxsus dəmir boruları onun motesikleti ilə metal qəbulu məntəqəsinə aparmaq lazımdır. O, Tərlana dəmir boruları 5 manata aparacağını bildirmiş və Tərlan qiymətlə razı olduğu üçün birlikdə Tərlanın yaşadığı ünvana getmişlər. Tərlanın həyətində olan dəmir boruları o da kömək etməklə birlikdə motesikletə yükləyərək Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşir adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə aparmışlar və boruları boşaltdıqdan sonra Tərlan ona 5 manat zəhmət haqqı verərək yola salmışdır. Tərlanın həyətindən 20 ədəd hər biri 4 metr uzunluqda və 50 mm diametrdə dəmir borunu ona məxsus motosikletə yükləyərək metal qəbulu məntəqəsinə aparmışdır. Apardığı borular işlənmiş deyildir. Tərlanın həyətindən idarə etdiyi motosikletlə apardığı dəmir boruların oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Həmin borular Tərlanın öz həyətində olduğu üçün o, heç şübhələnməmişdir ki, Tərlan həmin boruları oğurluq yolu ilə əldə edə bilər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində ailəsi ilə birlikdə yaşayır. Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən X1 məxsus metal qəbulu məntəqəsində qəbuledici işləyir. Məntəqədə ondan başqa qəbuledici kimi işləyən şəxs yoxdur. Cavanşir Mirzəyev özü isə təşkilati işləri apararaq məntəqəyə ümumi rəhbərlik edir və tez-tez də məntəqədə olur. Xaçmaz şəhərində və ətraf ərazilərdə yaşayan insanlardan müxtəlif metal məmulatlarını nisbətən ucuz qiymətə alaraq məntəqəyə yığır və Bakı şəhərinə aparıb metal zavoduna təhvil verərək nisbətən baha qiymətə satırlar. Təqsirləndirilən şəxsi o, tanıyır. Təqsirləndirilən şəxs ona metal gətirib təhvil verirdi. Təqsirləndirilən şəxsin gətirib təhvil verdiyi borular istifadə olunmuş borular olmuşdur. Tərlan 10-15 ədəd boru gətirib sexə təhvil vermişdir. Boruları Tərlan motosikletlə gətirib təhvil vermişdir. Əvvəllər Tərlan ona əldə boru gətirməmişdir. O, polis şöbəsinə çağırılanda bilmişdir ki, Tərlanın gətirdiyi borular oğurluq olmuşdur. Tərlanı ondan sonra görməmişdir. Borulardan tullantı metal kimi istifadə etmişdir. Tərlan gətirdiyi borularıona təhvil verməmişdir. Tərlan boruları sexdə başqa şəxsə təhvil vermişdir. Polis müəyyən edənəcən borular satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair məhkəmə hökmünün çıxarılmasını təklif etmişdir. Məhkəmə, məhkəmə araşdırması zamanıtədqiq olunmuş sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadə və onun ifadəsində göstərdiyi hallar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, məhkəmə iclasında isə təqsirləndirilən şəxs təzyiq altında etirafedici ifadə verməyə məcbur edildiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyətindən ona məxsus olan boruları oğurladığı öz təsdiqini tapmır. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində 10 ədəd bir metri 8 manat 50 qəpik olmaqla 340 manat dəyərində, hər biri 4 metr uzunluqda və 100 mm diametrdə, 10 ədəd isə bir metri 6 manat olmaqla 480 manat dəyərində, hər biri 8 metr uzunluqda və 50 mm diametrdə dəmir boruların oğurlandığını bildirmişdir. Məhkəmə iclasında isə Zərərçəkmiş şəxs həyətində olan boruların uzunluğunun 8 metr olduğunu bildirmişdir. Başqa sözlə zərərçəkmiş şəxsin ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan və oğurlanmış borular aşkar edilmədiyindən zərərçəkmiş şəxsin həyətindən dəqiq hansı uzunluqda və ölçüdə və neçə ədəd borunun oğurlandığı və ona hansı məbləğdə maddi ziyan dəydiyini müəyyən etmək mümkün deyil. Bununla yanaşı zərərçəkmiş şəxs özü də oğurlanmış borularıTəqsirləndirilən şəxs həyətində görmədiyini boruların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başqa şəxslərdən, bunu görənlərdən eşitdiyini göstərməklə ibtidai istintaq zamanı toplanmış sübutlarda olan əhəmiyyətli ziddiyyətləri bir qədər də qabartmışdır. İş üzrə şahid qismində dindiririlmiş Şahid1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək həyətində olan özünə məxsus dəmir boruları onun motosikleti ilə metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirdiyini göstərmişdir. Şahidin ifadəsi ilə həmin boruların məhz Zərərçəkmiş şəxs məxsus olan borular olduğu və həmin boruların Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən həyətindən Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını müəyyən etmək mümkün deyil. Qeyd edilənlərlə yanaşı şahid A.Xıdırov ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin boruların 10 ədəd hər biri 4 metr uzunluqda və 10 ədəd isə hər biri 8 metr uzunluqda olan borular olduğunu göstərmişdir. Lakin məhkəmə iclasında şahid A.Xıdırov Təqsirləndirilən şəxs həyətindən 20 ədəd hər biri 4 metr uzunluqda və 50 mm diametrdə dəmir borunu ona məxsus motosikletə yükləyərək metal qəbulu məntəqəsinə apardıqlarını göstərmişdir. Şahid A.Xıdırovun da ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan və oğurlanmış borular aşkar edilmədiyindən onun ifadəsi ilə ittihamın sübut edilməsi üçün əhəmiyyəti olan halları müəyyən etmək mümkün deyil. İş üzrə şahid qismində dindiririlmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində 2020ci ilin yanvar ayının ortalarında həmkəndlisi Tərlanın öz üçtəkərli motosikleti ilə yuük daşımaqla məşğul olan Xaçmaz şəhər sakini kimi Tanıdığı Asiflə məntəqəyə gələrək motosikletdən 10 ədəd hər biri 4 metr uzunluqda və 100 mm diametrdə, 10 ədəd isə hər biri 8 metr uzunluqda və 50 mm diametrdə dəmir boruları boşaltdığını, Tərlan həmkəndlisi olduğu və onu tanıdığı üçün onun gətirdiyi boruları metal kimi qəbul edərək, tərəzidə ölçdüyünü, həmin boruları tərəzidə çəkdikdən sonra onların çəkisinin 400 kq təşkil etdiyini, boruları Təqsirləndirilən şəxs biri 18 (on səkkiz) qəpikdən olmaqla aldığını və cəmi 72 (yetmiş iki) manat pul verdiyini göstərmişdir. Lakin, məhkəmə baxışı iclasında Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadə ilə əhəmiyyətli ziddiyyət təşkil edən ifadə verərək, Təqsirləndirilən şəxs gətirdiyi boruların sayı, eni, uzunluğuvə diametri barədə dəqiq məlumat verməmiş, gətirilən boruları sexdə özünün deyil, başqa şəxsin qəbul etdiyini bildirmişdir. Qeyd edilənlərlə yanaşıibtidai istintaq zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasına çağırılmalı olan şahidlərin siyahısında göstərilməmiş şahid X7, ibtidai istintaq zamanıizahatları alınmış, lakin şahid qismində cəlb edilməmiş X5, Qurbanov İmran Babaşah oğlu, X3 izahatlarında Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən məhz Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə məxsus boruların oğurlandığını görmələri barədə məlumat verməmişlər. Həmçinin, ittihamın əsasını təşkil edən sübutlardan cinayət işinin materiallarının 5ci və 6-cı səhifələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol Xaçmaz RPŞ-nin CAB-nin təhqiqatçısı polis mayoru Hüseynov Zöhrab Abbas oğlu tərəfindən imzalanmamış, həmçinin protokoldahal şahidlərinin zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar göstərilməmiş, protokolun hər səhifəsi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanmamışdır. Bununla da protokol tərtib edilərkən Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.6.4-cü maddəsinə əsasən hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda) hadisə yerinə baxış keçirilməsi haqqında protokolda göstərilməli olduğu halda hal şahidlərinin zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 236.7-ci maddəsinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Bu baxımdan həmin sübutun mötəbərliyi şübhə doğurur və məhkəmə qeyd edilənlərə əsasən cinayət işinin materiallarının 5-ci və 6-cı səhifələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolu sübutların siyahısından çıxarmışdır. Həmçinin, iş materiallarının 20-ci səhifəsində olan izahatdan görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə dindirilmiş, daha sonra isə xx.xx.2020-ci il tarixdə şahid qismində dindirilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimalı onun ilkin izahatı ilə müəyyən edildikdən sonra ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi şübhəli şəxs qismində cəlb etməklə dindirmək əvəzinə şahid qismində dindirmiş, bununla da təqsirləndirilən şəxsin şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarını, o cümlədən müdafiə hüquqlarını pozmuşdur. Bununla da təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsi ehtimalı ortaya çıxdıqdan sonra şübhəli şəxsə məxsus olan hüquqlardan istifadə etmək və öz müdafiəsini lazımi səviyyədə təşkil etmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxsin nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi), tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq; müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək; ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək; ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; etirazlar etmək və vəsatətlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək; öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək; cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq; təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək; zərər çəkmiş şəxslə barışmaq; cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; şübhə təsdiq olunmadıqda bəraət almaq və s. hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin subutların məcmusudur. Həmin Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri – əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir; onlardan biridə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cnayətin motivivə tövsif edici əlamətlər göstərməklə ittihamın mahiyyəti və digər hallardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirlməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub- olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan hallar sadalanmışdır ki, həmin hallardan biridə cinayət hadisəsinin baş vermə faktı və hallarıdır. Qeyd olunan Məcəllənin 145-ci maddəsinə əsasən hər bir subut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymətverilməlidir. Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli olmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidaltında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirlitörədilməsi cinayət sayılır. AzərbaycanRespublikasıCinayətProsessual Məcəlləsinin 39-cu maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. 39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsindən onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda bəraət hökmü çıxarılır. Qeyd olunan Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Məcəllənin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda bəraət hökmü çıxarılır. Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliyi subuta yetirilmədikdə bəraət hökmü çıxarılır. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsədə məhkəməyədək icraat zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin dispoziyasında nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən ziddiyyətli sübutlar əsasında Təqsirləndirilən şəxsəittiham verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Ona görə də, məhkəmə ibtidai istintaq orqanı tərəfindən natamam sübutlar əsasında Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3, 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasnı sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Prosesssual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs,onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsqarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığı əsası ilə ona bəraət verilməlidir. Eyni zamanda Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasəmn məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Cinayət işi üzrə mülki iddia və sair tələb yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri ləğv edilsin. Bəraət almış təqsirləndirilən şəxsə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun olması izah edilsin. Hökm elan olunduğu, həbsdə olan şəxsə isə təqdim edildiyi gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar