Məhkəmə qərarları › İş №1(067)-12/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-12/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-12/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Nəbiyev Ramiz Rəcəb oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Gəncəli kəndində qeydiyyatda olmaqla yaşayan, 26 yanvar 2021-ci il tarixdən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və 31 mart 2021-ci il tarixdən tutularaq həbsdə olan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən «Dostluq» kafesinə gələrək kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 saçından tutaraq çəkib yerə yıxmaqla ona sağ qulaq sırğalığında səthi əzilmiş yara, sifətində sağda sıyrıq, sağ bazunun aşağı 1/3-nin iç səthində və sol budun orta 1/3-nin ön səthində hərəsində bir yerdə qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 448,7 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 3,700 qramını üstündə, 445 qramını etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 230» markalı avtomobilin salonunda gizlədib saxlamış və həmin narkotik vasitə o, 20 dekabr 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üstündə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol yan cibində bir ədəd sellofan bükümdə 3,700 qram çəkidə, idarə etdiyi «Mercedes Benz 230» markalı ** TM *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən isə ön sol və ön sağ oturacaqların altında 300 qram və 145 qram çəkilərdə olmaqla üzərlərinə «Levis» yazılmış iki ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1 və 221.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gəncəli kəndində yaşayır. Bəzi vaxtlarda Bakı şəhərinə gedib tikintilərdə fəhləlik etmişdir. Bundan başqa onun özünə məxsus «Mercedes Benz 230» markalı, **-TM-*** qeydiyyat nişanlı avtomobili var və aradabir özünə məxsus həmin avtomobillə taksi fəaliyyəti göstərib sərnişin daşımaqla məşğul olur. O, X3 əvvəllər tanımamış və onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 dekabr 2020-ci il tarixdə saat 20 radələrində o, idarə etdiyi avtomobilə əyləşib çay içmək üçün Xaçmaz rayonu, Çarxı kəndi ərazisində Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən «Dostluq» kafesinə getmişdir. «Dostluq» kafesinin qarşısında avtomobilini saxlamış və yerə düşüb kafenin içərisinə daxil olanda görmüşdür ki, içəridə iki-üç nəfər qadın və tanımadığı 3-4 nəfər oğlan vardır. O, kafeni işlədənin kim olduğunu soruşmuş, orada olan qadınlardan biri demişdir ki, kafeni özü işlədir. O, yüksək səslə həmin qadından çay istəmiş, qadın ondan yavaş danışmasını tələb etdikdə əsəbləşib əli ilə onun saçından tutub çəkərək yerə yıxmışdır. Qadının saçından tutub çəkərkən qadın dırnaqları ilə onun əlini çırmış və o, qadının saçını buraxıb avtomobilinə əyləşib getməsi üçün kafedən bayıra çıxmışdır. Avtomobilinə əyləşərkən polis əmkdaşları gəlmiş və onu xidməti avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində izahat verdikdən sonra o, evə buraxılmışdır. O, «Dostluq» kafesinə tək getmiş, həmin vaxt onun yanında başqa heç kim olmamışdır. Ola bilsin ki, o, kafeyə daxil olanda başqa kimsədə içəri daxil olmuş və ona görə də Aynur elə bilmişdir ki, həmin oğlanda onunla gəlmişdir. «Dostluq» kafesinə idarə etdiyi avtomobillə getmiş və həmin vaxt onda yaba olmamışdır. O, yabanı avtomobilinə necə yerləşdirib özü ilə apara bilərmiş, ona görə də onda yabanın olması ilə bağlı deyilənlər yalandır. Bundan başqa, o, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkmişdir. Dəqiq tarixi xatılamır, 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz rayonu, Niyazabad kəndinin yaxınlığında olan meşə sahəsinə getmişdir ki, ev üçün odun gətirsin. Meşədə gəzərkən kolların arasında təxminən 1,5 metr hündürlükdə bir ədəd çətənə bitkisinin bitdiyini görmüşdür. O, əvvəllər marixuanadan istifadə etdiyinə görə çətənə bitkisini tanımışdır. O, həmin çətənə bitkisini kökündən çıxarıb yarpaqlarını yığaraq quruması üçün kolların arasında yerə sərmiş, üçdörd gün keçdikdən sonra tapdığı çətənə bitkisinin yarpaqlarını sərdiyi yerə gedib baxanda görmüşdür ki, yarpaqlar qurumuşdur. O, quruması üçün yerə sərdiyi yarpaqları üzərlərinə «Levis» sözü yazılmış iki ədəd sellofan torbaya yığaraq özünün istifadə etməsi üçün təxminən 450 qram çəkidə qurudulmuş marixuana əldə etmişdir. Əldə etdiyi marixuanadan aradabir götürüb siqaretə doldurmaqla özü çəkmiş, qalan hissəsini isə həmin iki ədəd sellofan torbada idarə etdiyi «Mercedes» markalı avtomobilin ön sağ və ön sol oturacaqlarının altında gizlədib saxlamışdır ki, sonradan yavaş-yavaş özü istifadə etsin. 20 dekabr 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhərindən gələrkən avtomobilinin ön sol otaracağının altında gizlətdiyi sellofan torbanı çıxarıb içərisində olan marixuananın üstündən bir qədər götürərək bir ədəd sellofana büküb əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş, qalan marixuananı isə yenədə avtomobilinin ön sol oturacağının altına qoyub gizlətmişdir. Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsinə çatanda polis əməkdaşları onu saxlatdırmış və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də əvvəlcə videoçəkilişlə onun üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən polis əməkdaşları ona üstündə olan əşyaları çıxarıb təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, bilmişdir ki, üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə üstünə axtarış keçiriləcək və üstündə olan narkotik vasitə aşkar ediləcəkdir. Bu səbəbdən də məcbur olub əynində olan cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan bükümü, şalvarının arxa sol cibindən bir ədəd 20 manatlıq əskinası, bir ədəd «Want» markalı siqareti, şalvarının arxa sağ cibində saxladığı pul qabını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra o, özü pul qabını açıb içərisində olan 9 ədəd 100 manatlıq əskinasları çıxarıb təqdim edərək saxta olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən pul qabına baxılmış və pul qabının içərisində bir ədəd 100 ABŞ dolları, üç ədəd ödəniş kartları və bir ədəd buraxılış vəsiqəsinin olduğu aşkar edilmişdir. O, polis əməkdaşlarına 100 manatlıq saxta əskinasları təxminən bir ay əvvəl Bakı şəhərində olarkən tanımadığı bir şəxsdə görüb aldığını və marağı olduğu üçün yığıb saxladığını, 100 ABŞ dollarının isə saqqız qutusundan çıxdığını bildirmişdir. Sonra polis əməkdaşları sellofan bükümü onun iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüş və ondan həmin marixuananı haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik özünündür, istifadə etməsi üçün üstündə saxlamışdı. 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz rayonu, Niyazabad kəndi yaxınlığında olan meşəlik sahədə tapdığı çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaq yolu ilə əldə edərək bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə idarə etdiyi «Mercedes Benz 230» markalı avtomobildə gizlədib saxlamışdır. Bundan sonra polis əməkdaşları onun üstündə aşkar olunmuş marixuananı, pul qabında olan bir ədəd 20 manatlıq əskinası, 9 ədəd 100 manatlıq saxta əskinasları və bir ədəd 100 ABŞ dolları formasında olan dolları ayrı-ayrılıqda zərflərə qoyub qablaşdıraraq protokol tərtib etmişlər, o, da protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola və zərflərin üstünə imza etmişdir. Sonra o, avtomobilində gizlədib saxladığı narkotik vasitəni təqdim edəcəyini bildirdiyinə görə polis əməkdaşları onunla birlikdə gedib Xaçmaz RPŞ-nin inzibati binasının həyətində saxladığı avtomobilinə videoçəkilişlə baxış keçirmişlər. O, avtomobilinin ön sağ və ön sol oturacaqlarının altında gizlədib saxladığı iki ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan torbaları onun iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüşlər. Polis əməkdaşları bu barədə protokol tərtib etmiş və sellofan torbalarda olan marixuananı qablaşdıraraq götürmüşlər. O, da oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və torbaların üzərinə yapışdırılmış kağızın üstünə imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üstündə və avtomobilində aşkar olunmuş qurudulmuş marixuananı isə 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz rayonu, Niyazabad kəndi yaxınlığında olan meşəlik sahədə tapdığı çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaq yolu ilə əldə etmiş və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Üzərində aşkar olunmuş saxta 100 manatlıq əskinasları isə Bakı şəhərində tanımadığı orta yaşlı bir kişi ilə görüşərkən onda görmüş və həmin əskinasları yığıb saxlamağa marağı olduğu üçün ondan istəmiş, həmin kişi 9 ədəd 100 manatlıq əskinasları təmənnasız olaraq ona vermiş, o, da həmin əskinasları pul qabına qoyub sonrakı günlərdə özündə saxlamışdır. 100 ABŞ dolları formasında olan dollar isə saqqız qutusunun içərisindən çıxmışdır. Pul qabında aşkar olunmuş əskinasları əldə edərkən onları satmaq və ya kiməsə vermək niyyəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X2 ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 23, mənzil 3-də qeydiyyatda olsada təxminən iki il olar ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayır. O, 1997-ci ildə əslən Qəbələ rayonundan olan Nizami Zeynalovla ailə qurmuş və sonuncu ilə olan nigahından 1998-ci il təvəllüdlü Vüqar adlı, 2001-ci il təvəllüdlü Seyid adlı oğlu və 2003-cü il təvəllüdlü Məryəm adlı qızı var. 2006-cı ildə o, Nizamidən ayrılmışdır. 2019-cu ilin noyabr ayında o, işləmək üçün Xaçmaz rayonu, Çarxı kəndi ərazisində Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən «Dostluq» kafesinə gəlmiş və sonrakı müddətdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Cahangirlə razılaşaraq «Dostluq» kafesində icarəyə götürüb işlətmişdir. Hal-hazırda da həmin kafeni işlədir. O, Xaçmaz rayonu, Gəncəli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Müslümü 13 dekabr 2019-cu il tarixdə «Dostluq» kafesində görüb tanımışdır. Müslüm özü də əvvəllər «Dostluq» kafesinə gəlməmişdir. 13 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Müslüm tanımadığı iki nəfərlə «Dostluq» kafesinə gəlmiş və içəri daxil olduqdan sonra Müslüm kafeni işlədənin kim olduğunu soruşmuş, o, da ona kafeni işlədənin özü olduğunu demişdir. Müslüm başqa heç bir söz demədən ona yaxınlaşmış və əli ilə saçından tutub çəkərək onu yerə yıxmışdır. Sonra Müslüm onu çəkərək kafedən bayıra çıxarmaq istəmiş və kafenin giriş qapısının qarşısında o, ayaqlarını möhkmə yerə basaraq kafedən bayıra çıxmayıb əli ilə Müslümün saçından tutduğu əlini çırmışdır. Müslüm onu buraxıb kafedən bayıra çıxmışdır. Müslüm kafedən bayıra çıxıb getmək istəyərkən polis əmkdaşları gəlmiş və onları avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-də olarkən təhqiqatçı tərəfindən Müslümün saçından tutub çəkərək onu yerə yıxması ilə bağlı şikayət ərizəsi və izahat yazmış, səhəri gün isə gedib məhkəmə-tibbi ekspertizasından keçmişdir. Hal-hazırda onun Müslümdən heç bir şikayəti yoxdur. «Dostluq» kefesində Müslümün saçından tutub çəkməsini kimin görməsini dəqiq bilməmişdir. Kafedə olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin hadisə zamanı stullardan bir neçəsi yerə yıxılsada sınmamış və ona heç bir maddi ziyan dəyməmişdir. Həmin vaxt kafedə Aygün və Qönçə adlı xidmətçilər və başqa 3-4 nəfər tanımadığı adamlar olmuşlar. Bədəni üzərində olan xəsarətləri Müslüm onu tutub yerə yıxarkən almışdır. Müslüm kafeyə gələndə başqa bir saqqalı oğlan da kafeyə daxil olmuşdur. Mübahisə zamanı həmin saqqalı oğlan onu vurmamışdır. O, saqqalı oğlanın Müslümlə gəldiyini fikirləşmiş və əsəbi olduğu üçün izahatında saqqallı oğlanın da onu vurmasını göstərmişdir ki, onların hər ikisi də cəzalandırılsın. O, kafeyə gələn saqqalı oğlanın Müslümlə gəlib-gəlməməsini və ya Müslümü tanıyıb-tanımadığını dəqiq bilməmişdir. Ancaq saaqqalı oğlan Müslümü gözləmədən kafedən tez çıxıb getmişdir. Müslüm kafeyə gələrkən əlində yaba olmamışdır. Yaba kafedə olmuşdur. Ona elə gəlir ki, sonradan Müslüm kafedə olan yabanı əlinə götürmüşdür. Ancaq Müslüm yaba ilə onu vurmamış və hədələməmişdir. Hadisənin baş verdiyi gün əsəbi olduğu üçün ərizəsində Müslümün yaba ilə onu hədələməsini və kafedə olan qənd qablarının sındırılması nəticəsində ona 230 manat maddi ziyan dəyməsini göstərmişdir. Əslində isə həmin hadisə zamanı kafedə heç bir əşya sındırılmamış və ona heç bir maddi ziyan dəyməmişdir. Müslüm ancaq saçından tutub çəkərək onu yerə yıxmışdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını və məhkəmə iclasını onun iştrakı olmadan keçirməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 dekabr 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin NMQ-na Xaçmaz rayonu, Gəncəli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. O, və PPXB-nün bölük komandiri X5 Manafovun Xaçmaz-Bakı avtomobil yolu ilə hərəkətdə olduğunu müəyyənləşdirərək Xaçmaz rayonu, Çarxı kəndi ərazisində onun gəldiyi «Mercedes Benz 230» markalı, **-TM-*** qeydiyyat nişanlı avtomobili saxlatdırıb yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən RPŞ-nə gəlməyə razılaşmış və onlar onu Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Onların təklifindən sonra Təqsirləndirilən şəxs məcbur olub əynində olan şalvarın sol yan cibində gizlədib saxladığı bir ədəd sellofan bükümü, şalvarının arxa sol cibindən bir ədəd 20 manatlıq pul əskinasıni, bir ədəd «Want» markalı siqareti, şalvarının arxa sağ cibindən isə qara rəngli pul qabını çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs özü pul qabını açıb içərisində olan 9 ədəd 100 manatlıq əskinasları çıxarıb təqdim edərək saxta olduğunu bildirmişdir. Bundan sonra onlar pul qabına baxmış və pul qabının içərisində bir ədəd 100 ABŞ dolları, üç ədəd ödəniş kartları və bir ədəd buraxılış vəsiqəsi aşkar edilmişdir. O, təxminən bir ay əvvəl Bakı şəhərində tanımadığı orta yaşlı bir kişi ilə görüşərkən həmin əskinasları onda görmüş və həmin əskinasları yığıb saxlamağa marağı olduğu üçün ondan istəmiş, həmin kişi 9 ədəd 100 manatlıq əskinasları təmənnasız olaraq ona vermiş, o, da həmin əskinasları pul qabına qoyub sonrakı günlərdə özündə saxlamışdır. 100 ABŞ dolları formasında olan dollar isə saqqız qutusunun içərisindən çıxmışdır. Sonra onlar sellofan bükümü Təqsirləndirilən şəxs iştirakı ilə açıb baxanda içərisində olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğunu görmüşlər. Onun üstündə aşkar olunmuş kütlə qurudulmuş marixuana olmaqla özünə məxsus olmuş, həmin marixuananı 2019-cu ilin sentyabr ayının ortalarında Xaçmaz rayonu, Niyazabad kəndi yaxınlığında olan meşəlik sahədə tapdığı yabanı çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaq yolu ilə əldə edərək bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə idarə etdiyi «Mercedes Benz 230» markalı avtomobildə gizlədib saxlamışdır. Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş sellofan bükümdəki kütlə, bir ədəd 20 manatlıq, 9 ədəd 100 manatlıq əskinaslar və bir ədəd 100 ABŞ dolları özünün iştirakı ilə ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərflərin üzərinə və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 230» markalı avtomobilin salonunda gizlədib saxladığı narkotik vasitəni təqdim edə biləcəyini bildirdiyinə görə o, PPXB-nün bölük komandiri Firdovsi Məmmədov, müstəntiq Vüqar Əmirov və Təqsirləndirilən şəxs birlikdə Xaçmaz RPŞ-nin inzibati binasının həyətinə gəlmişlər. Yenə də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin inzibati binasının həyətində olan «Mercedes Benz 230» markalı, **-TM-*** qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, narkotik vasitəni həmin avtomobilin salonunda gizlədib saxladığını bildirərək əvvəlcə avtomobilin ön sol oturacağının altında gizlədib saxladığı üzərinə «Levis» yazılmış sellofan torbanı, sonra isə ön sağ oturacağın altında gizlədib saxladığı üzərinə «Levis» yazılmış sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Həmin sellofan torbaları Təqsirləndirilən şəxs iştirakı ilə açıb baxdıqda hər ikisinin içərisində qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, təqdim etdiyi bütün narkotik vasitələr özünə məxsusdur. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 230» markalı ** TM *** qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş sellofan torbalardakı kütlələr də özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola və torbaların üzərinə yapışdırılmış kağızın üstünə imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. 13 dekabr 2019-cu il tarixdə saat 17 radələrində dayısı oğlu Turanla birlikdə həmkəndlisi Feyzullaya məxsus Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən kafeyə gedib yemək yemişlər. Təxminən saat 19 radələrində kafedən çıxıb gedərkən həmkəndlisi Şahid3 ilə rastlaşmış və ona demişlər ki, çay içmək üçün Çarxı kəndi ərazisində, Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən «Dostluq» kafesinə getmək istəyirlər, idarə etdiyi avtomobillə onları «Dostluq» kafesinə aparsın. Ceyhun etiraz etməmiş və Turanla birlikdə Ceyhunun idarə etdiyi avtomobilə əyləşib «Dostluq» kafesinə getmişlər. Kafenin qarşısında Ceyhun avtomobili saxladıqdan sonra onlar birlikdə avtomobildən düşüb kafenin içərisinə getmiş və stollardan birinin arxasında oturub içmələri üçün çay sifariş vermişlər. Təxminən 10 dəqiqə keçdikdən sonra Ceyhunun mobil telefonuna zəng gəlmiş və Ceyhun telefonla danışdıqdan sonra onlara demişdir ki, zəng vuran dayısıdır, onunla görüşüb gələcəkdir. Ceyhun getdikdən sonra onunla Turan birlikdə kafedə oturub çay içmişlər. Təxminən saat 20 radələrində kafedə mübahisə səsləri eşidib baxanda görmüşdür ki, tanımadığı bir oğlan kafeni işlədən Aynur adlı qadınla mübahisə edir. O, mübahisəni görüb Turana demişdir ki, dur gedək. Turan etiraz etməmiş və onlar oturduqları stuldan durub kafenin qarşısına çıxmışlar. Həmin vaxt Ceyhun, onun arxasınca isə polis əməkdaşları kafenin qarşısına gəlmiş və onları, kafedə işləyən qadınları və orada olan digər şəxsləri avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində izahat verdikdən sonra o, evə buraxılmışdır. O, «Dostluq» kafesində mübahisə olmasını görsədə dalaşma olmasını və kafedə işləyən qadınların döyülməsini görməmişdir. «Dostluq» kafesində olarkən o, orada olan şəxslərdən kiminsə əlində yaba və ya bıçaq olmasını görməmişdir. O, ancaq kafeyə gələn tanımadığı oğlanın kafedə işləyən qadınla söz mübahisəsi etməsini görmüşdür. İzahatında tanımadığı bir neçə nəfərin ünvansız söyüşlər söyərək kafedə işləyən qadınlarla mübahisə etmələrini göstərməsi düz deyildir. Kafedə olarkən mübahisə səsləri eşidib baxanda görmüşdür ki, tanımadığı bir oğlan kafeni işlədən Aynur adlı qadınla mübahisə edir. Mübahisə zamanı isə «Dostluq» kafesində Turan, kafedə işləyən qadınlar və tanımadığı başqa 2-3 nəfər olmuşdur. Sonradan isə kafenin qarşısına Ceyhun və polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 şahid Zərərçəkmiş şəxs2 ifadəsi ilə analoji məzmunda ifadə verərək onun bildirdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. 2020-ci ilin fevral ayının ortalarından «Express» bankın Xaçmaz rayon filialında ödəniş terminallarının təmiri mütəxəssisi işləyir. Əvvəllər heç bir yerdə işləmədiyinə görə özünə məxsus Vaz-2106 markalı, **-BM-*** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. 13 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı kənddə həmkəndliləri Turan və Əbülfərzlə görüşərkən sonuncular çay içmək üçün Çarxı kəndi ərazisində, Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən «Dostluq» kafesinə getmək istədiklərini, buna görə onları avtomobili ilə həmin kafeyə aparmasını xahiş etmişlər. O, etiraz etməmiş və idarə etdiyi avtomobillə Turan və Əbülfərzi «Dostluq» kafesinə gətirmişdir. Kafenin qarşısında avtomobili saxladıqdan sonra onlar birlikdə avtomobildən düşüb kafenin içərisinə getmiş və stollardan birinin arxasında oturub içmələri üçün çay sifariş vermişlər. Təxminən 10 dəqiqə keçdikdən sonra dayısı ona zəng vurub Çarxı kəndinə gedən yolun kənarında dayanıb onu gözlədiyini demiş və o, kafedən çıxıb avtomobilinə əyləşərək dayısının olduğu yerə getmişdir. Yolun kənarında dayanıb bir qədər dayısı ilə söhbət etdikdən sonra qayıdıb «Dostluq» kafesinə gəlmişdir. Kafenin qarşısına çatanda tanımadığı bir nəfərin markasını xatırlamadığı qara rəngli avtomobilə əyləşdiyini, kafedə işləyən qadınların isə avtomobilə əyləşmiş şəxsin arxasınca söyüş söydüklərini görmüşdür. Həmin vaxt kafenin qarşısına polis əməkdaşları gəlmiş və onu, kafedə işləyən qadınları, qara rəngli avtomobilə əyləşmiş şəxsi Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində izahat verdikdən sonra o, evə buraxılmışdır. O, «Dostluq» kafesində dalaşma olmasını, kafedə işləyən qadınların döyülməsini və orada olan şəxslərdən kiminsə əlində yaba və ya bıçaq olmasını görməmişdir. Polis şöbəsində olarkən bilmişdir ki, kafedə işləyən qadınlarla avtomobildə olan şəxs arasında mübahisə olmuşdur. Mübahisənin səbəbini isə o, bilməmişdir. O, «Dostluq» kafesinin qarşısına gələrkən orada həmkəndliləri Turanın, Əbülfərzin və tanımadığı başqa 2-3 nəfərin olmasını görmüşdür. İşdə olan məhkəmə tibbi ekspertizasının 14 dekabr 2019-cu il tarixli 1398 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ qulaq sırğalığında səthi əzilmiş yara, sifətində sağda sıyrıq, sağ bazunun aşağı 1/3-nün iç səthində və sol budun orta 1/3-nün ön səthində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 13 dekabr 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2020-ci il tarixli 31605 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olan «01» ədəd sellofan büküm yazılar və imzalar olan zərfdə bir ədəd siqaret sellofanı bükümündə təmiz çəkisi-3,700 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs avtomobilinin qabaq oturacaqlarının altında aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olan «02» ədəd üzərlərində «Levis» sözü yazılmış sellofan torbalar» yazılar və imzalar olan polietilen paketdə 2 ədəd üzərlərində «Levis» sözü yazılmış polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri-300,0 qram, 145,0 qram, ümumi təmiz çəkisi-445,0 qram bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Həmin marixuanaların ümumi təmiz çəkisi-448,7 qramdır. İş materiallarında olan Narkoloji Mərkəzin 23 yanvar 2020-ci il tarixli 175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdar. İşdə olan Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən «Dostluq» kafesinə gələrək kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 saçından tutaraq çəkib yerə yıxmaqla ona sağ qulaq sırğalığında səthi əzilmiş yara, sifətində sağda sıyrıq, sağ bazunun aşağı 1/3-nin iç səthində və sol budun orta 1/3-nin ön səthində hərəsində bir yerdə qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 448,7 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 3,700 qramını üstündə, 445 qramını etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 230» markalı avtomobilin salonunda gizlədib saxlamış və həmin narkotik vasitə o, 20 dekabr 2019-cu il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üstündə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol yan cibində bir ədəd sellofan bükümdə 3,700 qram çəkidə, idarə etdiyi «Mercedes Benz 230» markalı ** TM *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən isə ön sol və ön sağ oturacaqların altında 300 qram və 145 qram çəkilərdə olmaqla üzərlərinə «Levis» yazılmış iki ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1., 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq təqsirini boynuna almasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ya aradan qaldırmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq təqsirini boynuna almasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu, yəni törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ya aradan qaldırmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq təqsirini boynuna almasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1 və 221.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalmış hissəsi olan 448.64 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan cəmi 127.98 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək həbsdə olduğu 02 ay 25 gün müddət və 31 mart 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə olduğu 03 ay 16 gün müddət, ümumilikdə həbsdə olduğu 06 (altı) ay 11 (on bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalmış hissəsi olan 448.64 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci olan cəmi 127.98 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar