Məhkəmə qərarları › İş №1(067)-120/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-120/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-120/2023 23.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Məktəbli küçəsi ev 28A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, Məktəbli küçəsində saxlanılaraq Xaçmaz rayon polis X8 bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib Xudat şəhəri, H.Əliyev küçəsi, 1 ünvanında yerləşən Xudat polis bölməsinin inzibati binasında onun üzərinə 27 fevral 2023-cü il tarixdə, saat 21:30- 21:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli paltonun sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 0,703 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 26 fevral 2023-cü il tarixdə, təxminən saat 14 radələrində evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün sellofan bükümdə tapdığı heroini atmayaraq əynində olan paltonun sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün o, sellofan bükümdə tapdığı heroindən bir qədər götürüb istifadə etdikdən sonra qalan hissəsini həmin sellofana büküb əynində olan paltonun sol yan cibinə qoyub saxlamışdır. 27 fevral 2023-cü il tarixdə, təxminən saat 20:15 radələrində yaşadığı evdən çıxıb Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nin Xudat PB-yə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xudat PB-yə getmişdir. Xudat PB-nin inzibati binasında təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da əynində olan paltonun sol yan cibindən bir ədəd sellofan bükümü, paltonun sağ digər yan cibindən isə bir ədəd «Viceroy» markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb masanın üstünə qoymuşdur. Təhqiqatçı əvvəlcə onun təqdim etdiyi «Viceroy» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini çıxararaq masanın üstünə qoymuş, sonra isə sellofan bükümü əlinə götürüb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yaşadığı Məktəbli küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərində başqa heç nə aşkar olunmamışdır. Üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan heroin təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 01 ədəd alışqan və içərisində siqaret dənələri olan «Viceroy» markalı siqaret qutusu isə götürülməyərək onun özünə qaytarılmışdır. Həmçinin bildirdi ki, o, hazırkı işlə bağlı saxlanılarkən bir il olmuşdur ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. O, digər narkotik maddələrdən istifadə etməmiş, yalnız heroindən istifadə etmişdir. Onun tapdığı heroin bir bükümdə olmuş, o, həmin narkotik vasitədən elə tapdığı gün, yaşadığı evdə istehlak etmişdir. O, tapdığı narkotik vasitə barədə heç kimə bildirməmiş, ona həmin narkotik vasitəni heç kim verməmiş və satmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onda sümük vərəmi vardır və buna görə ayağında problemlər mövcuddur. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, barəsində cəza təyin edilərkən səhhətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon Polis X8 Bölməsində manqa komandiri vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin Xudat PB-yə Xaçmaz şəhəri, Məktəbli küçəsi, ev 28A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Xudat PB-yə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 27 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib Xudat PB-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması Təhqiqat bölməsinin təhqiqatçısı Elvin Həsənova həvalə olunmuşdur. Həmin gün təxminən saat 20:15 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Məktəbli küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nin Xudat PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xudat PB-yə gəlməyə razılaşmış və onlar onu polis bölməsinə gətirmişlər. Xudat PB-də X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X5 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. X4 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli paltonun sol yan cibindən 01 ədəd sellofan bükümü, paltonun sağ yan cibindən isə bir ədəd «Viceroy» markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb masanın üstünə qoymuşdur. X5 əvvəlcə «Viceroy» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini çıxararaq masanın üstünə qoymuş, sonra isə sellofan bükümü əlinə götürüb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs da bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yaşadığı Məktəbli küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərində başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə özünün, vəkilin və onların iştirakı ilə X5 tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, 01 ədəd alışqan və içərisində siqaret dənələri olan «Viceroy» markalı siqaret qutusu isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xudat PB-nin polis nəfəri Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Həmçinin bildirdi ki, onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuş, yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X3, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri Şahid2, Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid3 və Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qəhvəyi rəngli paltonun sol yan cibindən 01 ədəd sellofan bükümü, paltonun sağ yan cibindən isə bir ədəd «Viceroy» markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb masanın üstünə qoyur. Əvvəlcə «Viceroy» markalı siqaret qutusu açılır və siqaret qutusunun içərisində siqaret dənələrinin olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində olan qəhvəyi rəngli, tozşəkilli maddənin nə olduğu soruşulduqda o, bildirir ki, sellofan bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yaşadığı Məktəbli küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi atarış keçirilir və onun üzərində başqa heç nə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülür. 01 ədəd «Viceroy» markalı siqaret qutusu, 01 ədəd alışqan isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis X8 Bölməsinin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 6/1206 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi və “...xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə; Təqsirləndirilən şəxs imza, İştirak etdi: 4- imza. Qablaşdırdı: E.Həsənov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,703 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir Təqdqiqata heroin narkotik vasitəsindən 0,05 qram sərf edildikdən sonra qalıq – 0,653 qram təşkil etmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və 11 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,703 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,653 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 20 aprel 2023-cü il tarixli, 2378 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamış və Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 5(067)- 55/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,703 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən peşman olmasını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 fevral 2023-cü il tarixli protokoldan, 01 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,703 qram olan narkotik vasitə heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,653 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,703 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,653 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,653 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən - 23 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,653 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar