Məhkəmə qərarları › İş №1(067)-121/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-121/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-121/2023 11.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 2001-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Quba rayonunun Barlı kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, barəsində olan digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarında yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən evində çətənə (kannabis) bitkisindən satış məqsədi olmadan kustar üsulla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 18,435 qram olan narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 24 fevral 2023-cü il tarixdə o, Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti, 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra qeyd olunan ünvanda 24 fevral 2023-cü il tarixdə, saat 18:50-19:00 müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindəki qara rəngli sellofan paketin içərisindən təmiz çəkisi 18,435 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayıb saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə marixuanadan istifadə edir. Buna görə bəzən marixuana istifadə edən zaman əldə etdiyi kütlənin içərisində həmin bitkinin toxumları olur. 2022-ci ilin yay aylarının sonlarında əldə etdiyi marixuananın içərisindən 2 ədəd toxum tapmışdır. Həmin toxumları yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən evində dibçəkdə əkmişdir. Həmin dibçəyi arabir gündüz vaxtlar həyətə çıxarıb gün işığı altına qoymuşdur ki, yaxşı inkişaf etsin. Lakin çox vaxt dibçəyi yaşadığı evin otağında saxlamışdır ki, heç kim görməsin. O həmin toxumların ikisini də bir dibçəkdə əkmiş, lakin toxumlardan biri bitməmiş, yalnız biri cücərib inkişaf etmişdir. Çətənə bitkisi böyüdükdən sonra dibçəkdən çıxarıb yaşadığı evdə çarpayının altına qoymuşdur. O həmin kolun yarpağından arabir qırıb istifadə etmişdir. 2023-cü ilin fevral ayının ortalarında isə artıq kolun üzərində az yarpaq qaldığından onların hamısını qoparıb kolun özünü zibilxanaya atmışdır, yarpaqları isə özü ovuşdurub istifadəyə hazır vəziyyətdə bir ədəd qara rəngli sellofana bükmüşdür. 1-2 dəfə həmin marixuanadan istifadə etmiş, bükümü də özünə məxsus olan gödəkçəsinin cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə tanışları ilə görüşmək üçün Xaçmaz rayonuna gəlmişdir. Əldə etdiyi narkotik vasitə də elə əynindəki gödəkçənin cibində olmuşdur. O, bir gün Xaçmaz rayonunda qalmış, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində isə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkət edən zaman polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirmiş, onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının üzərindəki narkotik vasitədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişlər. Onlar şöbəyə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqları izah olunmaqla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki gödəkçəsinin sol cibində olan qara rəngli sellofan bükümdəki marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin sellofan bükümə açılıb baxılmış və qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzlanmışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CABm əməliyyat müvəkkili vəzifəsində işləyir. Quba rayonu, Barlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 24 fevral 2023-cü il tarixdə, saat 17:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Müqəddəs Hüsenova hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan paketini çıxararaq stolun üzərinə qoymuşdur. Həmin sellofan paketin içərisinə baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonradan həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olmasını, yaşadığı ünvanda əkidiyi çətənə bitkisindən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə bir ədəd siqaret dənəsi aşkar edilmiş və özünə geri qaytarılmışdır. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paket ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, sonuncu və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı ünvanda əkdiyi çətənə bikisindən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid1, X4, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümünü çıxarıb təqdim edir və içərisində narkotik vasitə olmasını bildirir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən həmçinin bir ədəd filtrsiz siqaret aşkar edilir. Aşkar edilmiş sellofan müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində kəskin spesifik iyli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsini yaşadığı evdə özünün yetişdirdiyi narkotik təbiətli bitkidən şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa hər-hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş bir ədəd siqaret Təqsirləndirilən şəxs özünə qaytarılır. Narkotik vasitə marixuanaya bənzər kütlə isə müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2023-cü il tarixli, 7/294 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş marixuanaya bənzər kütlə....” yazı və imzalar olan zərfdə 01 ədəd qara sellofan kəsiyində təmiz çəkisi 18,435 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 18,385 qram təşkil etmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 18,435 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 18,385 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 mart 2023-cü il tarixli, 1529 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özünün əkib becərdiyi çətənə bitkisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 5(067)- 47/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 12 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 18,435 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, iş materiallarına əlavə edilmiş qərarın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(027)-16/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarı ilə ona qeyd olunan hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində qəsəbə sakinlərindən və ya başqa şəxslərdən Nümayəndəliyə heç bir narazılıq və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(027)-16/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarı ilə ona qeyd olunan hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bununla da o, hazırkı cinayət əməlini azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkərkən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin əvvəllər törətdiyi eyni cinayət əməlinə görə hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, həmçinin məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-16/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 15 gün hissəsi Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarı ilə 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsə alınmaqla barəsində cəzaçəkmənin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla da müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş 11 (on bir) ay 07 gün müddətinin hazırkı günə 02 ay 19 gününü çəkmiş, azadlıqdan məhrumetmə cəzasının hazırkı günə çəkilməmiş hissəsi 08 (səkkiz) ay 18 gün təşkil edir. Bununla da, məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(027)-16/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 15 gün hissəsinin Quba Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 7(027)-58/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hazırkı günə çəkilməmiş qalan hissəsi, yəni 08 (səkkiz) ay 18 gün hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 26 fevral 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs, barəsində olan digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 18,435 qram narkotik vasitə olan qurudulmuş marixuanadan təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 18,385 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,385 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,385 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-16/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 15 gün hissəsinin Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(027)-58/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi, yəni 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasının (hazırkı günə) çəkilməmiş qalan 08 (səkkiz) ay 18 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş qəti cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,385 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar