Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-121/2024 10.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz rayonunun Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Şollar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi uçun istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət edilib, ünvan 1 ünvanda yerləşən Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin inzibati binasında onun üzərinə 02 mart 2024-cü il tarixdə, saat 21:45-21:51 müddətində şəxsi axtarış keçirilərkən əynində olan tünd mavi rəngli cins şalvarının sağ üst cibindən 1 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 1,269 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə üzərindən aşkar olunmuş psixotrop maddəni Xaçmaz rayonu, Xudat şəhərində avtovağzalda olarkən təsadüfən yerdən tapmışdır. O özü narkotik vasitə, psixotrop maddələrdən istifadə etdiyindən tapdığı həmin metamfetamini də özünün istifadəsi üçün götürərək üzərində saxlamışdır. Həmçinin bildirdi ki, o, həmin metamfetamini tutulmazdan əvvəl təxminən üç-dörd gün əvvəl, 2024-cü ilin fevral ayının sonlarında tapmış, mart ayında isə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, tapdığı həmin psixotrop maddə barədə heç kimə bildirməmiş, metamfetamindən heç kimə verməmiş, özü isə tutulanadək həmin maddənin bir qədərini istifadə etmişdir. O, tapdığı həmin psixotrop maddəni satış məqsədilə deyil, özünün istifadəsi üçün üzərində saxlamışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini göstərir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, təxminən 10 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən, yəni heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 2024-cü ilin fevral ayının axırlarında günorta saatlarında Xaçmaz rayonu Xudat şəhər avtovağzalında olduğu zaman təsadüfən yerdən bir ədəd gümüşü rəngli folqa bükümü tapmışdır. Həmin bükümü açdıqda onun içində ağ rəngli maddə «patı», yəni psixotrop maddə metamfetamin olduğunu görüb və onu istifadə etmək üçün əynindəki mavi rəngli cins şalvarımın sağ cibinə qoymuşdur. 02 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində Xaçmaz rayonu, Xudat şəhəri. Heydər Əliyev küçəsində gəzişərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərinin Xaçmaz RPŞ-nin Xudat PB-nin polis əməkdaşları olduqlarını bildirib və narkotik vasitələri daşımaqda şübhəli olduğunu ona deyərək onu Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nin Xudat polis bölməsinə getmişdir. Xudat polis bölməsindəki otaqların birində X4 Xaçmaz rayon vəkil bürosunun vəkili X5 iştirakı ilə hüquq və vəzifələri ona izah edərək üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini ona bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını dedikdən sonra X4 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını ondan soruşmuşdur. Bundan sonra əynindəki tünd mavi rəngli cins şalvarının sağ üst cibindən içində ağ rəngli kütlə olan 1 ədəd gümüşü rəngli falqa bükümün təqdim edərək həmin bükümün içində «patı», yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü haradan əldə etməsini ondan soruşduqda həmin 1 ədəd bükümdəki metamfetamini Xaçmaz rayonu, Xudat şəhər ərazisindən tapdığını, özünə məxsus olmasını və narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddəni istifadə etmək məqsədilə üzərində saxladığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilməsinə baxmayaraq üzərindən başqa heç bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd bükümdə metamfetamin onun və vəkil Yusif Talıbovun iştirakı ilə X4 tərəfindən 1 ədəd içərisi boş olan kağız zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Keçirilmiş şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilib və protokol ilə tanış olduqdan sonra imzalarla protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 mart 2024-cü il tarixdə Xaçmaz rayonu Şollar kəndində yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü, yəni 02 mart 2024-cü il tarixdə, saat 20 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə baş əməliyyat müvəkkili X8 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu sonuncuya izah edilərək şəxsi axtarış keçirilməsi üçün Xaçmaz rayon PŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nin Xudat PBnə gəldikdən sonra xidməti otaqların birində X4 tərəfindən müdaifəçi Yusif Talıbovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəklişi Xaçmaz RPŞ-nin Xudat PB-nin PPXBnin manqa komandiri X6 özünə məxsus mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı X4 üzərindəki əşyaları təqdim etməsini Təqsirləndirilən şəxs xahiş etdikdən sonra sonuncu könüllü olaraq əynində olan tünd mavi rəngli cins şalvarının sağ üst cibindən 1 ədəd gümüşü rəngli folqa bükümü çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. X4 bükümü açdıqda onun içərisindəki ağ rəngli kristalşəkilli kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin kütlənin özünə məxsus «patı», yəni narkotik vasitə metamfetamin olduğunu və onu taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilməsinə baxmayaraq, üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd büküm özünün, vəkilin və onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 02 mart 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin inzibati binasında RPŞ-nin TB-nin təhqiqatçısı X7, Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili Səxavət Abasov, Xudat PB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, müdafiəçi Yusif Talıbovun iştirakı ilə əynində olan tünd mavi rəngli cins şalvarının sağ üst cibindən 1 ədəd gümüşü rəngli folqa bükümü çıxardaraq təqdim etmiş, həmin büküm açıldıqda onun içində ağ rəngli kristalşəkilli psixotrop maddə - metamfetaminə bənzər kütlənin olması müəyyən edilmiş və həmin narkotik vasitə təhqiqatçı tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1287 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,269 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 1,219 qram təşkil etmişdir. İş materiallarında olan 03 mart 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2024cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,269 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 1,219 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 16 mart 2024-cü il tarixli, 1789 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,269 qram olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi, eləcə də onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı nəticə əldə olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 5(067)- 60/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,269 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, həmçinin hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş - məhkumluqları ödənilmiş, bundan əvvəl (axırıncı dəfə) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə (CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cu maddələri) ona təyin edilmiş 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının sonu ilə xx.xx.2020-ci il tarixdə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə o, hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır, heç yerdə işləmir. O, bir neçə müddət həbsdə olmuş, azad olunduqdan sonra Xaçmaz rayonunun Şollar kəndindəki evinə gəlmişdir. Bu müddət ərzində o, fərdi qaydada günəmuzd işlərdə işləyərək özünün dolanışığını təmin etmişdir. Spirtli içkilərə və bu kimi pis vərdişlərə meylli olsa da, kənddə, camaat arasında özünün davranışı, yaşayış tərzi ilə cəmiyyətə yararlı bir insan kimi formalaşmağına səy göstərmişdir. Onun kənd sakinləri və ictimaiyyətlə münasibəti normal olmuş, yaşadığı müddətdə barəsində Nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsinin miqdarını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 4(067)-31/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 1,269 qram psixotrop maddə metamfetamindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 1,219 qram metamfetamin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,269 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 1,219 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,219 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,219 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-121/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-121/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver