Məhkəmə qərarları › İş №1(067)-122/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-122/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-122/2020 02.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mütəxəssis X1 iştirakı ilə xx xxxx 1983-cü ildə Qusar rayonunun Aşağı İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Aşağı İmamqulukənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində, qaranlıq və quru hava şəraitində özünə məxsus Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili idarə edib Bakı-Rostov avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyərək həmin yolun Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozaraq sağ hərəkət zolağının sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı, çox qəlpəli sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Aşağı İmamqulukənd kəndində yaşayır. Onun özünə məxsus Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili var və o, həmin avtomobili “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində həmkəndlisi Tərlanla birlikdə Xaçmaz şəhərinə gəlmişdir ki, avtomobili üçün ehtiyat hissələri alsın. Xaçmaz şəhərinə gəldikdən sonra şəhər ərazisini gəzib avtomobil ehtiyat hissələri satılan mağazalara baxmışdır ki, avtomobili üçün lazım olan ehtiyat hissələri alsın. Lakin üstündə pul az olduğuna görə o, avtomobili üçün lazım olan ehtiyat hissələrini ala bilməmiş və qayıdıb Qusar rayonuna gedərkən əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə, sonra isə Qımılqışlaq kənd yolu ilə getmiş və “İpək yolu” adlanan yerə çatanda sağa dönüb həmin yolla Qusar rayonu istiqamətində getmişdir. Təxminən 3 km getdikdən sonra Qusar rayonu istiqamətində götürdükdə yolun sol tərəfində bir kişinin dayandığını görmüş və həmin piyadaya yaxınlaşanda piyada yolun hərəkət hissəsinə daxil olmuşdur. O, əyləci basıb avtomobili saxlamağa çalışsa da, bu mümükün olmamış və o, avtomobilinin ön sağ tərəfi ilə piyadanı vurmuşdur. Piyada, yəni sonradan adını bildiyi, iş üzrə Zərərçəkmiş şəxs yerə yıxılmış və o, avtomobili saxlayıb Tərlanla birlikdə yerə düşərək Aydına yaxınlaşmışdır. Aydın ayağa dura bilmədiyi üçün onunla Tərlan Aydını yerdən qaldırıb avtomobilinə əyləşdirmiş və o, Aydını aparıb Qusar RMX-na yerləşdirmişdir. Qusar RMX-da həkimlər Aydını müayinə etdikdən sonra sağ bud sümüyünün sındığını bildirmişlər. Aydın bir müddət Qusar RMX-da müalicəsini davam etdirmiş, sonra isə xəstəxanadan evə buraxılmışdır. Hadisə zamanı avtomobilində ön sağ oturacaqda həmkəndlisi Tərlan oturmuş, avtomobili idarə edərkən isə o, spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Hadisə ərəfəsində avtomobili təxminən saatda 70 km sürətlə idarə etmişdir. Hadisə ərəfəsində piyada yolun sol tərəfində dayanmış və o, sonuncunu təxminən 100 metr aralı məsafədən görmüşdür. Ancaq o, piyadanın bərabərinə çatmağa təxminən 15 metr qalmış piyada yolun hərəkət hissəsinə doğru hərəkət etmiş və o, avtomobili saxlaya bilməyib onu vurmuşdur. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi və mənəvi zərəri tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Maşı-oba kəndində yaşayır. O, 2018-ci ilin noyabr ayından xx xxxx 2020-ci il tarixədək Asif adlı şəxsə məxsus Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisində yerləşən bağ sahəsində gözətçi işləmişdir. xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında evdə nahar edərkən özü tək bir ədəd 0,5 litrlik araq içmiş, saat 17 radələrində isə evdən çıxıb Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisində yerləşən gözətçilik etdiyi bağ sahəsinə getmiş və saat 21 radələrinədək həmin bağ sahəsində olmuş, saat 21 radələrində bağ sahəsindən çıxıb yaşadığı evə gedərkən görmüşdür ki, yaxınlıqdan keçən Bakı-Rostov avtomobil yolunda bir uzunqulaq dayanıb. Uzunqulaq yolun hərəkət hissəsində dayandığı üçün onu həmin yolla hərəkətdə olan avtomobillərin vuracağını fikirləşmiş və yolun hərəkət hissəsinə gəlmişdir ki, uzunqulağı qovsun. Uzunqulağı qovarkən Xaçmaz rayonu istiqamətindən avtomobil gəldiyini görmüş və yolun orta hissəsinə düzülmüş beton arakəsmələrə yaxın yerdə dayanmışdır ki, həmin avtomobil keçib getsin. Həmin avtomobil keçib getdikdən sonra arxadan gələn avtomobil onu vurmuş və o, yerə yıxılmışdır. Sürücü avtomobili saxlamış və yerə düşərək onu idarə etdiyi avtomobilə əyləşdirib Qusar rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra sağ bud sümüyünün sındığını bildirmişlər. Xəstəxanada olarkən bilmişdir ki, onu Qusar rayonunun Aşağı İmamqulukənd kəndində yaşayan, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz- 21154 markalı avtomobillə vurmuşdur. Sərxan ilkin olaraq onun müalicəsinə maddi köməklik göstərmiş, ona görə də həmin vaxt o, ərizə ilə müraciət edərək Sərxandan şikayəti olmadığını bildirmişdir. Sonradan Sərxan onun müalicəsinə köməklik göstərməmiş, zəng vuranda isə onun etdiyi zənglərə cavab verməmişdir. Bu səbəbdən də o, yenidən şikayət ərizəsi ilə Xaçmaz RPŞnə və Xaçmaz rayon prokurorluğuna müraciət etmişdir. Cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Aşağı İmamqulukənd kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə yaşadığı kənddə həmkəndlisi, iş üzrə Təqsirləndirilən şəxs ona demişdir ki, avtomobili üçün ehtiyat hissələri almaq üçün birlikdə Xaçmaz şəhərinə getsinlər. O etiraz etməyərək Sərxanın idarə etdiyi Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda əyləşmiş, Sərxan özü isə sükan arxasında əyləşib avtomobili idarə etmişdir. Saat 17:30 radələrində onlar Xaçmaz şəhərinə gəlmiş və Sərxanla birlikdə şəhər ərazisini gəzib avtomobil ehtiyat hissələri satılan mağazalara baxmışlar ki, Sərxan avtomobili üçün lazım olan ehtiyat hissələrini alsın. Lakin Sərxanın üstündə pul az olduğuna görə avtomobili üçün lazım olan ehtiyat hissələrini ala bilməmiş və onlar qayıdıb Qusar rayonuna getmişlər. Qusar rayonuna gedərkən də o, avtomobildə ön sağ oturacaqda əyləşmiş, Sərxan isə sükan arxasında əyləşib avtomobili idarə etmiş və onlar əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə, sonra isə Qımıl-qışlaq kənd yolu ilə getmiş və “İpək yolu” adlanan yerə çatanda Sərxan avtomobili sağa döndərib həmin yolla Qusar rayonu istiqamətində getmişdir. Təxminən 3 km getdikdən sonra görmüşdür ki, Qusar rayonu istiqamətində götürdükdə yolun sol tərəfində bir kişi dayanmışdır. Həmin piyadaya yaxınlaşanda sonuncu yolun hərəkət hissəsinə daxil olmuş, Sərxan əyləci bassa da avtomobili saxlaya bilməmiş və avtomobilin ön sağ tərəfi ilə piyadanı vurmuşdur. Piyada, yəni sonradan adını bildiyi iş üzrə Zərərçəkmiş şəxs yerə yıxılmış və Sərxan tez avtomobili saxlamış və onlar birlikdə yerə düşərək Aydına yaxınlaşmışlar. Aydın ayağa dura bilmədiyi üçün onlar onu yerdən qaldıraraq Sərxanın avtomobilinə əyləşdirib Qusar RMX-na aparmışlar. Aydını Qusar RMX-na yerləşdirdikdən sonra Sərxan xəstəxanada qalıb gözləmiş, o isə xəstəxanadan çıxıb yaşadığı evə getmişdir. Sonradan eşitmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Aydının sağ bud sümüyü sınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 23:50 radələrində Qusar Rayon Mərkəzi Xəstəxanasından Xaçmaz RPŞ-nin növbətçi hissəsinə iş üzrə Zərərçəkmiş şəxs “sağ bud sümüyünün qapalı çox qəlpəli sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması və zərərçəkən şəxsin həmin xəsarətləri yol-nəqliyyat hadisəsi zamanı aldığını bildirməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş sxem və fotoşəkillərdən müəyyən edilir ki, hadisənin baş verdiyi yer Bakı-Rostov avtomobil yolunun Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsidir. Hadisə yerinin baxışı şərti olaraq Qusar rayonu istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfaltbeton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Qarşıqarşıya nəqliyyat axımını ayrmaq üçün yolun orta hissəsinə beton maneələr qoyulmuşdur. Yolun sağ hərəkət zolağının eni 10,5 metrdir. Yolun sağ tərəfində olan ehtiyat hissəsinin eni isə 3,5 metrdir. Hadisənin baş verdiyi yerdə yolun hər iki tərəfində bağ sahələri yerləşir. Hadisə ərəfəsində Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobil Bakı-Rostov avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olmuş və yolun sağ hərəkət zolağının sol kənarında dayanmış piyadanı vurmuşdur. Piyadanın vurulduğu yerdən sağ hərkət zolağının sol kənarınadək olan məsafə 4,5 metrdir. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsi deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 8/411 nömrəli rəyindən müəyyən edilir ki, Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 211 nömrəli rəyindən müəyyən edilir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ bud sümüyünün qapalı çox qəlpəli sınığı bərk küt əşya təsirindən törənməklə, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 85 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından müəyyən edilir ki, hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan AE 619216 nömrəli, etibarlılıq müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət hadisəsi zamanı “BC” kateqoriyası üzrə sürücülük hüququ olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, təqsirləndirilən şəxsin hazırkı iş üzrə cinayət hadisəsini törədərkən idarə etdiyi VAZ 21154 markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobilin qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində, qaranlıq və quru hava şəraitində özünə məxsus Vaz-21154 markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili idarə edib Bakı-Rostov avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyərək həmin yolun Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozaraq sağ hərəkət zolağının sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı, çox qəlpəli sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırda isə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqlarını bildirmiş və onlar bu barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizəsindən və xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu maddi və mənəvi zərəri tamamilə ödəmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, sonuncuya şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs ərizəsindən müəyyən edilir ki, o, zərərçəkəmiş şəxsə vurduğu maddi və mənəvi zərəri tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdıqlarını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar olaraq qərar Xaçmaz Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərcinin dəyəri - 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcinin dəyəri - 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar olaraq hazırkı qərar Xaçmaz Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar