Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-122/2022 22.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1999-cu ildə Xaçmaz rayonu, Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, Xaçmaz rayonu, Ərəb kəndində qeydiyyatda olan və faktiki olaraq Xaçmaz şəhəri, Fərman Kərimzadə küçəsi, Yeni Yaşayış massivində yaşayan və barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə saat 19 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən «Məkan» kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətləri edərək silah qismində istifadə etdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsinə bir dəfə qəsdən vurub sonuncuya «sağ sağrı nahiyəsinin deşilmiş yarası» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir.Həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə valideynlərinin yanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş düşsə işləyib ailəsinin dolanmasına köməklik edir. 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində evdən çıxıb onlarla bir məhlədə yaşayan dayısı Valehgilə baş çəkməyə getmiş, dayısıgildə bir qədər oturandan sonra təxminən saat 18 radələrində onlardan çıxıb çay içmək üçün Xaçmaz şəhəri N.Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən «Məkan» kafesinə gəlmişdir. Kafeyə daxil olandan sonra fikirini dəyişib bir ədəd koka-kola sifariş etmiş və televizora baxa-baxa koka-kolanı içmiş, sonra isə hesabı ödəyib çölə çıxmışdır. Kafedən çıxanda çöldə tanımadığı bir neçə nəfərin mübahisə edərək söyüş söydüklərini görmüş və həmin şəxslərdən birinə öz iradını bildirmişdir. Bu zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs onun üstünə gəlmiş və ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. O, bir daha həmin şəxslərə söyüş söyməmələrini demiş, buna baxmayaraq Zərərçəkmiş şəxs yolun əks tərəfinə keçərək onun ünvanına ucadan nalayiq söyüşlər söyməkdə davam etmişdir. Buna görə də o, özünü saxlaya bilməyib yolun digər hissəsinə keçmiş və cibində olan bıçağı çıxarıb qorxuzmaq məqsədi ilə Zərərçəkmiş şəxs bud nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt ətrafda olan tanımadığı bir neçə şəxs onları sakitləşdirib ayırmış, bu zaman polis əməkdaşları ora gəlmiş və onu «Məkan» kafesinin qarşısında saxlayıb Xaçmaz RPŞ-yə gətirmişlər. Polis şöbəsinə gələndən sonra əməlini etiraf etmiş və üstündə olan cib bıçağını çıxarıb könüllü olaraq təqdim etmişdir. Lakin əvvəllər Zərərçəkmiş şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, lakin etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 10 aprel 2022-ci il tarixdə saat 19 radələrində Xaçmaz şəhərində yaşayan tanışı Rüstəmlə birlikdə çay içmək məqsədi ilə Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən «Məkan» kafesinə gəlmiş və kafeyə gəlməmişdən əvvəl mağazadan iki şüşə pivə alıb içmişdir. Onlar «Məkan» kafesinin qarşısına çatanda orada tanımadığı bir neçə şəxsin öz aralarında mübahisə edərək söyüş söydüklərini görmüş və həmin şəxslərə küçədə söyüş söyməmələrini deyib öz iradını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun üstünə gəlmiş və niyə görə onların söhbətinə qoşulduğunu deyib onunla mübahisə etməyə başlamışdır. Bu zəmində Sahillə aralarında söz mübahisəsi yaranmış, onlar mübahisə etməyə başlayanda Rüstəm və tanımadığı bir neçə şəxs onları sakitləşdirməyə başlamışlar. Rüstəm onu sakitləşdirib yolun digər tərəfində aparanda Təqsirləndirilən şəxs da arxasınca yolun əks tərəfinə keçmiş və əlində olan bıçaqla sağ sağrı nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O, əvvəlcə bədənində ağrı hiss etməsə də, sonradan sağ sağrı nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxt hadisə yerinə Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları gəlmiş və xəsarət aldığını görüb onu xidməti avtomobillə Xaçmaz MRX-ya aparmışlar. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş və ambulator müalicə üçün evə buraxılmışdır. Zərərçəkmiş şəxs ünvan 1 ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona qarşı törətdiyi əmələ görə ondan üzr istəmiş, aralarında heç bir ədavət yoxdur. Barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Sadiq oğlu bildirdi ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada işləyərək ailəsinin dolanmasına köməklik edir. 10 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində Xaçmaz şəhəri H.Əliyev prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində yerləşən «Məkan» kafesində işdə olduğu zaman kafenin yerləşdiyi Heydər Əliyev prospekti tərəfdən səs-küy və nalayiq söyüş söyülməsi səslərini eşidib çölə baxanda küçədə tanımadığı bir neçə şəxsin dalaşdığını görmüşdür. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidməti əməkdaşları hadisə yerinə gəlmiş və dalaşan şəxsləri götürüb aparmışlar. Həmin vaxt Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs bir qədər əvvəl onun işlədiyi kafeyə gəlib 01 ədəd koka-kola alıb içəndən sonra kafedən çölə çıxmış Zərərçəkmiş şəxsla dalaşması və bıçaqla vurub ona xəsarət yetirməsi sonradan ona məlum olmuşdur. O, səs-küyə görə çölə baxanda dalaşma olduğunu görsə də, kafenin içərisində müştərilər olduğundan çölə çıxmamış və buna görə də dalaşmanın səbəbini və konkret olaraq kimlərin dalaşmasını əvvəlcədən bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, anket məlumatında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada Xaçmaz şəhəri H.Əliyev prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində yerləşən «Məkan» çay evində süfrəçi işləyərək ailəsinin dolanmasına köməklik edir. 10 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində işdə olduğu zaman kafenin yerləşdiyi Heydər Əliyev prospekti tərəfindən səs-küy gəldiyini eşidib çölə çıxmış və tanışı Şahid4 də onun yanında olmuşdur. Həmin vaxt küçədə bir neçə şəxsin ucadan nalayiq söyüşlər söyərək mübahisə etdiklərini, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birlərinin ünvanına nalayiq ifadələr işlətdiklərini görmüş və tanımadığı bir neçə şəxslə birlikdə onları sakitləşdirib ayırmış, buna baxmayaraq Sahil adlı şəxs Ağakərimin üstünə cummuş və onu bıçaqla vurmuşdur. O, həmin anı şəxsən görməsə də, bunu sonradan eşitmişdir. Dalaşma baş verən anda Xaçmaz rayon polis şöbəsinin PPXT-nın əməkdaşları ora gəlmiş, Ağakərim xəsarət aldığı üçün onu Xaçmaz MRX-ya, Sahili isə polis şöbəsinə aparmışlar. Sonradan o, özü də Xaçmaz RPŞ-yə dəvət edilmiş və baş vermiş hadisə ilə bağlı ifadəsi alınmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, anket məlumatında qeyd olunan ünvanda tək yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş düşsə fəhlə kimi işləyərək özünü dolandırır. 10 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində evdən çıxıb piyada «Məkan» kafesi istiqamətində gəlmiş və kafenin qarşısına çatanda orada mübahisə olduğunu görmüşdür. Belə ki, həmin vaxt kafenin qarşısında kiminsə hədələyici tərzdə ucadan nalayiq söyüşlər söydüyünü eşidib ora yaxınlaşanda tanımadığı çoxlu sayda adamın mübahisə edənləri sakitləşdirməyə çalışdıqlarını görmüş, buna görə də kafenin qarşısında dayanmış qiyabi olaraq Xaçmaz şəhər sakinləri kimi tanıdığı Süleyman və Məhəmməd adlı şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Süleyman və Məhəmməd ona dalaşan şəxslərdən birinin Ağakərim olduğunu, lakin onun nə səbəbə dalaşdığını bilmədiklərini demişlər. O, həmin şəxslərə yaxınlaşanda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs «Məkan» kafesinin qarşısından «Xaçmaz» kafesi istiqamətinə qaçdığını görüb nə baş verdiyini öyrənmək məqsədi ilə arxasınca getmiş, həmin vaxt Ağakərimin yerə yıxıldığını görmüşdür. Bu zaman həmin ərazidə xidmət aparan post-patrul xidməti əməkdaşları ora gəlmiş və onlar Ağakərimi Xaçmaz MRX-ya aparmışlar. Ağakərimin sağ sağrı nahiyəsindən deşilmiş-kəsilmiş xəsarət alması xəstəxanada ona məlum olmuş və Ağakərimdən kiminlə dalaşdığını soruşsa da, o, özündə olmadığından ona cavab verə bilməmişdir. Ağakərimlə Xaçmaz şəhər sakini Sahil adlı şəxs arasında mübahisə yaranması və mübahisə zamanı Sahil adlı şəxsin Ağakərimi bıçaqla vurub ona xəsarət yetirməsini sonradan bilmişdir. Lakin şəxsən özü Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, anket məlumatında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin harada iş olsa işləyib ailəsini dolanmasına köməklik edir. 10 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində çay içmək üçün Xaçmaz şəhəri H.Əliyev prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində yerləşən «Məkan» kafesinə gəlmiş və həmin vaxt tanışı Süleymanın kafenin qarşısında dayandığını görmüşdür. O, kafeyə daxil olanda küçədən ucadan qışqırıq və söyüş səslərinin gəldiyini eşidib yenidən küçəyə çıxmış və tanımadığı şəxslərin dalaşdıqlarını görmüşdür. Süleyman qaçıb dalaşan şəxsləri sakitləşdirmək istəyəndə o, Süleymanın yanına gəlmiş və ona tanımadığı şəxslərin söhbətinə qarışmamasını demiş və onu kafenin qarşısına gətirmişdir. Bu zaman ərazidə xidmət aparan PPX əməkdaşları hadisə yerinə gəlmiş və dalaşanları müəyyən edərək polis şöbəsinə aparmışlar. Sonradan adının Ağakərim olduğunu bildiyi şəxsin Xaçmaz şəhər sakini Sahil tərəfindən bıçaqla vurulduğunu bilmişdir. Lakin şəxsən özü Sahilin Ağakərimi bıçaqla vurmasını görməmiş, nə də ki, onlar arasında baş vermiş mübahisənin səbəbini bilməmişdir. İşdə olan Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 195 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti 10 aprel 2022-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə-trasoloji ekspertizasının 23 may 2022-ci il tarixli, 3/609 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçaqlara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib. İşdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qalağan İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X5 adında bir azyaşlı uşağı var. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında olan 10 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhəkəməsinin 12 aprel 2022-ci il tarixli 4(067)-48/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 aprel 2022-ci il tarixdən hesablanmaqla onun barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhəkəməsinin 06 iyun 2022-ci il tarixli 4(067)-82/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməmiş və o, həbsdən azad olunmuşdur və barəsində başqa yerə qetməmək haqqında iltizam qətiimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs Xaçmaz rayon 1 saylı Notariatı tərəfindən təstiq olunan 13 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19-20:00 radələrində Xaçmaz rayonunda yerləşən, «Məkan» adlı çay evinin qarşısında tanışı Təqsirləndirilən şəxs ilə aralarında yaranan mübahisə nəticəsində ona bıçaqla ayaq nahiyəsindən yüngül xəsarət yetirmişdir. O, aralarında olan yaxın tanışlığa və onun cavan olduğuna, azyaşlı övladının olduğuna görə onu bağışlamışdır. Ona dəymiş maddi ziyan və xəstəxana xərclərini qarşı tərəf tamamilə ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə saat 19 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən «Məkan» kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətləri edərək silah qismində istifadə etdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsinə bir dəfə qəsdən vurub sonuncuya «sağ sağrı nahiyəsinin deşilmiş yarası» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir.Həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Həmin Məcəllənin 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə şərti məhkumetmə barədə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxsdən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törədib, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıb, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, himayəsində bir azyaşlı uşağı var, həmcinin barəsində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında göstərilir ki, şərti məhkumetmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkumetmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkumetmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkumetmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkumetmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkumetmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilməlidir. Xaçmaz Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut olan bir 01 (bir) ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Əzizov X1 Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək tutulduğu 01 ay 27 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki hökmlə qəti olaraq təyin olunmuş 02 (iki) il 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə ekspertiza xərci olan cəmi 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Xaçmaz Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-122/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-122/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver