Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-126/2024 26.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1999-cu ildə Xaçmaz rayonu, Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əməllərində cinayətin residivi olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əzizov X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 02 il 06 ay sınaq müddəti ilə əvəz edilib şərti olaraq məhkum edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt, o 02 mart 2024-cü il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Z.Bünyadov küçəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına dəvət edilib orada onun üzərinə həmin gün saat 22:35-22:45 müddətində şəxsi axtarış aparılarkən əynində olmuş boz rəngli cins şalvarın sağ yan kiçik cibindən kağız bükülünün içərisindəki bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,357 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Üzərində aşkar edilərək götürülmüş həmin narkotik vasitəni Xaçmaz şəhəri, Zəfər parkında olarkən tapmış, marağını cəlb etdiyi üçün atmayaraq iki gün müddət üzərində saxlamışdır. Küçədə gedərkən polis əməkdaşları onayaxınlaşıb üzərini axtarmışlar və həmin narkotik vasitə üzərində müəyyən edilmişdir. Daha sonra isə onu PŞ-ya aparılaraq üzərinə şəxsi axtarış aparılmışdır. Küçədə onu saxlayan polis əməkdaşlarından yalnız Şahid1 adlı polis əməkdaşını tanıyır. O, ilk dəfədir ki, narkotik vasitə tapmışdır və bu barədə kiməsə nəsə deməmişdir. Onun tapdığı həmin narkotik vasitədən istifadə etməmişdir. Sonuncu dəfə bir il əvvəl narkotik vasitə istifadə etmişdir və artıq tərgitmişdir. Məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrdən istifadə etməsi və üzərində daşımasına dair Xaçmaz RPŞyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs Xaçmaz şəhərində hərəkətdə olduğunu müəyyənləşdirmişlər. Əməliyyat onun və Şahid1 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğundan onlarla Xaçmaz RPŞ-yə getməsini bildirmişlər. Müstəntiqin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edərək götürülmüşdür. Lakin həmin psixotrop maddədən başqa qanunla qadağan olunmuş nəsə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin satışına dair məlumatı yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid1 Əlisafa oğlu da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 03 mart 2024-cü il tarixli“Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 22) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 02 mart 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 24-26) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis kapitanı X7, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz RPŞ-ninPPXB-nin taqım komandiri, polis baş leytenantı Şahid1 Əlisafa oğlunun və Xaçmaz rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 özünü təqdim etmiş və üzərində narkotik vasitə olması şübhəsi olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində z rəngli cins şalvar, göy rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağız bükülünü çıxarıb təqdim etdi və çərisində “patı”, yəni psixotrop maddə metamfetamin olmasını bildirdi. Həmin kağız bükülü açılıb baxılan zaman içərisində bir ədəd sarı rəngli sellofan bükümündə metamfetaminə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümü parkda skamyanın üzərində tapdığını və üzərində tadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildi, qanunsuz başqa heç nə aşkar edilmədi. Aşkar edilmiş metamfetaminə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 0,41 qram olması müəyyən olundu. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırıldı və imzalanıb möhürlənərək götürüldü. Ağ rəngli kağız kəsiyi isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1286 (cild 01, vərəq 39) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmişüzərində“...Saleh Əzizovun üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq – 0,307 qram təşkil etmişdir. - 03 mart 2024-cü il tarixli “Əşyanın maddi sübut kimihesab edilməsi haqqında” qərardan və “Toplanılmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01,vərəq 42, 99) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız zərfə qablaşdırılmış 1 ədəd bükümdə təmiz çəkisi 0,357 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin psixitrop maddə metamfetaminin 0,307 qram qalığı saxlanmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - 04 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 45) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 04 mart 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “Başqa yerə getməmək haqqında” itizamdan (cild 01, vərəq 55-57) müəyyən edilir ki, Əzizov X4 RPŞ-nin MSY-dən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Xaçmaz rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli, 5(067)-61/2024 saylı qərarından (cild 01, vərəq 67) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasınadair əməliyyat tədbirinin keçirilməsi barədə 02 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 12 mart 2024-cü il tarixliməktubdan (cild 01, vərəq 70) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞdə həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - 16 mart 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan və “Əməliyyat tapşırığına cavabdan” (cild 01, vərəq 72, 73) müəyyən edilir ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə 0,357 qram çəkidə psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi eləcə də, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq hər hansı bir nəticə əldə olunmamışdır. - Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 91) müəyyən edilir ki, təqsirləndirilən şəxs Əzizov X4 Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 10 may 2024-cü il tarixli, 217/24 nömrəli məktubundan (cild 01, vərəq 92) müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasının başlanılması xx.xx.2022-ci il tarix, qurtarması xx.xx.2025-ci il tarixdir. Məhkum tərəfindən 02 il 06 ay sınaq müddətinin azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 01 il 04 ay 22 gün hissəsi çəkilmiş, 01 il 01 ay 08 gün hissəsi çəkilməmiş qalmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 23 aprel 2024-cü il tarixli, 2615 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 93) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 14 may 2024-cü il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 96) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X13 tərəfindən Xaçmaz RP.-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında baxış keçirildi. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, 375/24 nömrəli məktubundan müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-122/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 ay 27 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökm və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə, məhkum isə xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Cəzasının xx.xx.2022-ci il tarix, sonu isə xx.xx.2025-ci il tarixdir. Məhkum xx.xx.2024-cü il tarixə cəzasının 01 il 09 ay 08 gün hissəsini çəkmiş, 08 ay 23 gün hissəsi çəkilməmiş qalmışdır. - “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənixeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,357 qram yəni xeyli miqdarlarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1024 nömrəli arayışdan və xasiyyətnamədən (cild 01, vərəq 85) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1998-ci il təvəllüdlü X6 ilə ailəlidir və 2021-ci il təvəllüdlü X9 adlı övladı vardır. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş verilmiş ictimai xasiyyətnamədən (cild 01, vərəq 86) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İçtimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddətdə çalışmışdır ki, qohumqonşular ondan narazı qalmasınlar. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 91) müəyyən edilir ki, təqsirləndirilən şəxs Əzizov X4 Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olan şəxsdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, 375/24 nömrəli məktubundan müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-122/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 ay 27 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökm və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə, məhkum isə xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Cəzasının xx.xx.2022-ci il tarix, sonu isə xx.xx.2025-ci il tarixdir. Məhkum xx.xx.2024-cü il tarixə cəzasının 01 il 09 ay 08 gün hissəsini çəkmiş, 08 ay 23 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində, cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və cəzanın təyin edilməsində nəzərə alır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Əzizov X4 Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin221.3 maddəsinə əsasən təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 221.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən 19 dekabr 2022-ci il tarixdən hesablanmaqla 02 il 06 ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilməsinə baxmayaraq, 02 mart 2024-cü il tarixdə iki il keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022ci il tarixli, 1(067)-122/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları,yəni bir azyaşlı uşağının olmasını, barəsində cəzanı ağırlaşdıran halı, yəni cinayətlərin residivini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmü ilə şəxs barəsində qəti olaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilərək şərti hesab edilməsi nəzərə alınmalı və həbs qətimkan tədbiri ilə əvəz edilərək o dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfə qablaşdırılmış 1 ədəd bükümdə və ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 0,307 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd “CD” formatlı disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddətona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(067)-122/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 10 (on) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanaraq, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kağız zərfə qablaşdırılmış 1 ədəd bükümdə və ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 0,307 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” formatlı disk daşıyıcıda iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması, maddi ziyanın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-126/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-126/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver