Məhkəmə qərarları › İş №1(067)-128/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-128/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-128/2023 12.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakı ilə xx xxx 2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan - X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 16 may 2023-cü il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi ev 10-da yaşayan X6 aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən, sonuncunun yaşadığı Xaçmaz şəhəri Engels küçəsi 17 saylı evin qarşısında, küçədə qəsdən vuraraq burun sümüyünün sınığı, burun nahiyəsinin şişkinliyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında təxminən iki-üç ildir ki, münasibətləri olmuşdur. O, zərərçəkmiş şəxsin telefonuna bir neçə dəfə zəng etmiş, lakin zərərçəkmiş onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, hadisə baş verən gün axşam saatlarında zərərçəkmiş şəxsin yaşadığı küçəyə getmiş və orada zərərçəkmişin bir avtomobildən düşdüyünü görmüş, o, zərərçəkmişə yaxınlaşıb sonuncudan zənglərinə cavab verməməsinin səbəbini soruşmuş, zərərçəkmiş onun üzərinə qışqırmış, ona qarşı əlqol atmış, o da hirslənərək şillə ilə zərərçəkmişi vurmuşdur. O, törətdiyi əməli etiraf edir, cinayət əməlindən peşmandır. Zərərçəkmişlə barışıq əldə etməyə çalışmış, lakin sonuncu onunla barışmamışdır. Həmçinin bildirdi ki, Onunla zərərçəkmiş şəxsin iki-üç il münasibətləri olsa da, onlar hadisə baş verən ərəfələrdə münasibətləri yaxşı olmamış, bir-birindən ayrı yaşamışlar. İbtidai araşdırma orqanında ifadəsində zərərçəkmişi yumruqla vurması barədə göstərilməsi hissəsi ilə razı deyildir. Belə ki, o, zərərçəkmiş şəxsi şillə ilə vuraraq xəsarət yetirmişdir. İbtidai araşdırma orqanında verdiyi ifadəsini qalan hissədə təsdiq edir. O, zərərçəkmiş şəxsə vurduğu zərərin aradan qaldırlması məqsədi ilə zərərçəkmiş şəxsə müraciət etmiş, lakin aralarında razılığa gələ bilməmişlər. O, zərərin ödənilməsindən yayınmır, lakin zərərçəkmiş şəxs onunla tibb müəssisəsinə getməmişdir, getmiş olsaydı, tibbi əməliyyatın xərcinin hansı məbləğdə olduğunu bilib həmin məbləği zərərçəkmişə verərdi. Təqsirləndirilən şəxs X2 iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. O, valideynləri ilə birlikdə Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi ev 10-da yaşayır, rəsmi olaraq “Aqrovest”’ qida şirkətində çatdırılma vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ilə təxminən 2 ildir, tanışdır, sonuncu ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Nərgizlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan sonuncunun qısqanclığı nəticəsində aralarında dəfələrlə mübahisələri olmuşdur. Təxminən 2023-cü ilin may ayının əvvəllərindən Nərgizdən ayrılaraq sonuncu ilə əlaqəni kəsmiş. Nərgiz ona dəfələrlə zəng vursa da, onun telefonlarına cavab verməmişdir. Təxminən bir neçə gün əvvəl bir tanışı ona Nərgizin yanında olan bir neçə şəxslə birlikdə kafelərin birində yemək yeyən zaman onun barəsində pis sözlər danışdığını demiş, Nərgizin onun barəsində dediklərini aydınlaşdırmaq məqsədi ilə sonuncu ilə telefon əlaqəsi saxlamağa çalışmış, lakin Nərgiz onun telefonlarına cavab vermədiyi üçün Nərgizin yaşadığı ünvana getmək qərarına gəlmişdir. 16 may 2023-cü il tarixdə, saat 23 radələrində Nərgizin yaşadığı Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evin qarşısına gəlmiş, bu zaman həmin evin qarşısında bir avtomobilin dayandığını və avtomobildən Nərgizin düşdüyünü görmüşdür. Həmin vaxt o, Nərgizdən nə səbəbə başqa şəxslərin yanında onun barəsində pis sözlər danışdığını soruşmuş, Nərgiz isə ona yaxşı etdiyini deyərək əl-qol atmağa başlamışdır. Bu zaman onların arasında mübahisə yaranmışdır. O, Nərgizin ona əl-qol atdığını görüb bir dəfə sifətinə yumruqla vurmuş, lakin yumruq zərbəsinin Nərgizin sifətinin hansı nahiyəsinə dəydiyini görməmişdir. Zərbədən sonra Nərgiz yerə yıxılmış, Nərgiz yerə yıxıldıqdan sonra yerdə uzanmış vəziyyətdə sifət nahiyəsinə şillə və yumruqlarla zərbələr endirməyə başlamışdır. O isə Nərgizi orada qoyub çıxıb getmişdir. 16 may 2023-cü il tarixdə, saat 23 radələrində Nərgizlə aralarında mübahisə sonuncunun yaşadığı evin qarşısında, yəni Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evin qarşısında baş vermiş, mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt küçədə heç kim olmamış və onların mübahisə səsinə oraya heç kim gəlməmişdir. 16 may 2023-cü il tarixdə Nərgizlə aralarında baş vermiş mübahisə zamanı sonuncu əl-qol ataraq onu vurmağa çalışsa da, o, Nərgizin zərbələrindən yayınmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onunla təqsirləndirilən şəxs Yadigar İlyasovun arasında yaxın münasibətləri olmuşdur. O, Xaçmaz şəhəri, Engels küçəsində rəfiqəsi Saatxanım ilə birlikdə kirayə evdə yaşayırlar. O, hadisə baş verən gün taksi ilə Xaçmaz şəhərində yerləşən “Qayalı” marketdən yaşadığı həmin evə gəlib düşərkən təqsirləndirilən şəxs ona yaxınlaşıb heç bir söz demədən üç dəfə yumruqla sifət nahiyəsindən vurmuş, nəticədə onun burnu sınmış, hazırda da burnunda problem var, gözündə də zəifləmə baş vermişdir. Hazırkı hadisə baş verəndən bir müddət əvvəldən onunla təqsirləndirilən şəxsin münasibətləri pozulmuş, o, sonuncudan ayrılmış, lakin təqsirləndirilən şəxs ondan əl çəkməmiş, yaşadığı ünvana gələrək onu dəfələrlə döymüş, evdə olan paltarlarını kəsib-doğramışdır. O, təqsirləndirilənin hazırkı hadisədən əvvəl onu döymələri, hədələmələri barəsində bir neçə dəfə polis şöbəsinə şikayət etmiş, DİN-nin 102 xidmətinə məlumat vermiş, araşdırma aparılmış, lakin polis şöbəsində bilmədiyi səbəbdən təqsirləndirilənin barəsində qanuni tədbir görülməmişdir. Onun iş materiallarındakı ifadəsində də təqsirləndirilənin onu yumruqla nədənsə bir dəfə vurması göstərilmiş, lakin onu yumruqla üç dəfə vurmuşdur. O, təqsirləndiriləni dəfələrlə bağışlamışdır, lakin sonuncu öz hərəkətlərini yenə davam etdirmişdir. Ona görə də onun təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur. Hazırda isə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi bu şərtlə olmaz ki, təqsirləndirilən onun burnunu tibbi əməliyyat (estetik) etdirərək yaratdığı nöqsanları aradan qaldırmış olsun. Təqsirləndirilən şəxslə ona vurulmuş zərərin aradan qaldırılması ilə bağlı razılığa gələ bilməmişlər və barışmamışlar. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, X6 onun tanışdır. O, qeydiyyatda Xaçmaz rayonu Çılğır kəndində olsa da, hazırda rəfiqəsi Şahid ilə birlikdə Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. X6 ilə təxminən 2 ildir, tanışdır, sonuncu ilə qeyri-rəsmi olaraq birlikdə yaşamış, Yadigarla əvvəllər münasibətləri yaxşı olsa da, sonradan qısqanclıq nəticəsində aralarında dəfələrlə mübahisələri olmuşdur. 16 may 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxıb alış-veriş etmək məqsədi ilə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Qayalı Gold” marketinə getmiş, marketdən alış-veriş etdikdən sonra oradan çıxıb tanımadığı taksilərin biri ilə təxminən saat 23 radələrində yaşadığı ünvana gəlmişdir. O, yaşadığı evin qarşısında taksidən düşən zaman Yadigarın yaşadığı evin qarşısında, küçədə olduğunu görmüşdür. O, taksidən düşüb Yadigardan niyə dayandığını soruşan zaman sonuncu onu nalayiq söyüşlərlə söyərək sifət nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. Həmin ərəfədə taksi sürücüsü oradan uzaqlaşmışdır. Yadigarın zərbəsindən sonra o, yerə, yaşadığı evin küçə darvazasının qarşısına yıxılmışdır. Yadigarın onu vurması nəticəsində bərk fiziki ağrı keçirmiş və burun nahiyəsindən qan axmağa başlamışdır. Yadigar onu vurduqdan sonra gəzərək oradan uzaqlaşmağa başlamış, bu zaman onların səsinə evdən rəfiqəsi Saatxanım küçəyə çıxmış və onun yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra rəfiqəsi Saatxanım onu ayağa qaldırıb evə keçirmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 16 may 2023-cü il tarixdə, saat 23 radələrində Yadigarla aralarında mübahisə yaşadığı evin qarşısında, yəni Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evin qarşısında, küçədə baş vermiş, həmin vaxt orada o və Yadigardan başqa heç kim olmamış, Yadigarla aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt küçədə heç kim olmamış, onların mübahisə səsinə oraya sadəcə rəfiqəsi Saatxanım gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə hadisə baş verən zaman kirayədə yaşadığı evdə yatmış, rəfiqəsi olan zərərçəkmiş şəxs Nərgizin qışqırıq səsini eşitmiş, çöldən də bir nəfər gələrək ona bu barədə məlumat vermiş, o, küçəyə çıxaraq görmüşdür ki, Nərgizin burnundan qan axır. O, Nərgizi təqsirləndirilən şəxs Yadigarın vurduğunu bilmiş, Yadigar da həmin vaxt onların yaşadıqları evin həyətində olmuşdur. Daha sonra Yadigar çölə çıxmış, yenidən qayıdaraq Nərgizi təpiklə vurmuş, o, Yadigarı Nərgizdən çətinliklə ayırmışdır. Yadigar bundan da əvvəll dəfələrlə gələrək Nərgizi vurmuş, o özü də bunun şahidi olmuş, həmin vaxtlarda da Nərgiz polisə bir neçə dəfə şikayət etmiş, lakin nədənsə şikayətinin nəticəsi olmamışdır. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxs Nərgizlə rəfiqədirlər, onlar birlikdə, eyni evdə kirayədə yaşayırlar. Nərgizlə Yadigarın münasibəti hazırkı hadisədən də çox əvvəl kəsilmiş, lakin Yadigar əl çəkməmişdir. Hadisə vaxtı Nərgizin burnundan qan axmış, sonuncu onu Yadigarın vurduğunu demiş, Yadigar da həmin vaxt həyətdə, yanlarında olmuş, o, Yadigarın Nərgizi yumruqla vurduğu vaxt görməsə də, təpiklə vurduğunu görmüşdür. Yadigar təpiklə Nərgizin bədəninin boşluq hissəsindən vurmuşdur. Nərgiz aldığı xəsarətlə bağlı hadisə vaxtı gecə olduğundan getməmiş, səhəri gün getmişdir. Şahid iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Onun adı Saatxanım olsa da, ünsiyyətdə olduğu adamların əksəriyyəti onu Xanım deyə çağırır. O, qeydiyyatda Alıc-qışlaq kəndində olsa da, hazırda rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Xaçmaz şəhəri Engels küçəsi 17 saylı evdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. X3 tanıyır, sonuncu rəfiqəsi Zərərçəkmiş şəxs tanışıdır, onlar təxminən 2 il müddətdə qeyri rəsmi olaraq birlikdə yaşamışlar. Yadigar və Nərgizin əvvəllər münasibətləri yaxşı olsa da, sonradan qısqanclıq nəticəsində aralarında dəfələrlə mübahisələr baş vermişdir. 16 may 2023-cü il tarixdə, saat 22 radələrində Nərgiz evdən çıxıb alış-veriş etmək məqsədi ilə Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Qayalı Gold” marketinə getmiş, o, isə evdə qalmışdır. Təxminən saat 23 radələrində evdə olduğu zaman yaşadıqları evin qarşısından mübahisə səslərinin gəldiyini eşidib cəld evdən küçəyə çıxmış, bu zaman Nərgizin yerdə uzanmış vəziyyətə olduğunu. Yadigarın isə gəzərək oradan uzaqlaşdığını görmüşdür. Həmin vaxt Nərgizin burnundan qan axdığını görüb dərhal sonuncuya yaxınlaşaraq ayağa qaldırıb evə keçirmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan rəfiqəsi Nərgiz ona, Yadigarın yaşadıqları evin qarşısında onunla mübahisə edərək sifət nahiyyəsinə bir dəfə yumruqla zərbə endirdiyini bildirmişdir. İş materiallarında olan 16 may 2023-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:41 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edilərək Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evdə yaşayan Zərərçəkmiş şəxs Yadigar adlı şəxs tərəfindən döyülməsi bildirilərək polis çağırılması xahiş edilmişdir. İş materiallarında olan 17 may 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 16 may 2023-cü il tarixdə, saat 23 radələrində, yaşadığı evin qarşısında, küçədə tanışı X6 tərəfindən döyüldüyü barədə bildirərək, Yadigar İlyasovun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, Engels küçəsi 17 saylı evin qarşısı, küçədir. Qeyd olunan küçə alfalt örtüklə örtülməklə, küçənin sağ və sol tərəflərində cərgə ilə fərdi yaşayış evləri yerləşir. Həmin küçəyə giriş Xaçmaz şəhəri, N.Nərimanov prospektindəndir. Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin giriş darvazası dəmir, ikilaylı, 4x2,3 metr ölçüdədirir və darvaza sarımtıl rəngdə olmaqla üzərində müxtəlif cür naxışlar vardır. Zərərçəkmiş şəxs yaşadığı evlə üzbəüz dayanan zaman sonuncunun yaşadığı evin giriş darvazası ilə sağ qonşunun giriş darvazası arasında 60 metr, sol qonşunun giriş darvazası arasında isə 40 metr məsafə vardır. Hadisənin baş verdiyi yerdə küçənin eni 7 metrdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs giriş darvazasından 3 metr məsafədə asfalt yol üzərini göstərərək xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yerdə tanışı Yadigar İlyasovun yumruqla onun sifət nahiyəsinə vuraraq onu döydüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 17 may 2023-cü il tarixli, 230 nömrəli rəyindən müəyyən edilir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və rentgenoloji müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün sınığı, burun nahiyəsinin şişkinliyi və qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlərin yerləşmə yeri və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və X2 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 16 may 2023-cü il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi ev 10-da yaşayan X6 aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən, sonuncunun yaşadığı Xaçmaz şəhəri Engels küçəsi 17 saylı evin qarşısında, küçədə qəsdən vuraraq burun sümüyünün sınığı, burun nahiyəsinin şişkinliyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X6 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X6 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Çalışmışdır ki, qohum qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmədiyini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, X2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxs X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X6 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar