Məhkəmə qərarları › İş №1(067)-128/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-128/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-128/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Elvin Qayıbov küçəsi ev 8-də yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2024-cü il tarixdə saat 11 radələrində qohumu Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun yaşadığı ünvan 1 ünvanında olan zaman Zərərçəkmiş şəxs hamama daxil olmasından istifadə edərək evin yataq otağına girib oradakı çarpayının döşəyini qaldırıb altında olan 5 min manat dəyərində, 49 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl sepi qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, vətənin ərazi bütövlüyü uğrunda gedən 44 günlük ikinci Qarabağ müharibəsində başından zədə almışdır. Əlillik dərəcəsi verilərkən ondan pul istənilmiş, lakin pul vermədiyi üçün əlillik dərəcəsi verilməmişdir. Başında zədə olduğu üçün həmin əməli törədərkən özündə olmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs onun qohumudur. O, həmin gün zərərçəkmiş şəxsə məxsus evə getməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin evdən müəyyən əşyaları çıxarıb kənddəki evə aparmaqda sonuncuya köməklik etsin. O, evə daxil olduqdan sonra zərərçəkmiş şəxs evin digər otağına keçmiş, lakin duş almaq məqsədilə hamam otağına daxil olmasından xəbərsiz olmuşdur. Bu zaman o, çarpayının kənarında asılmış, lakin bir hissəsi döşəyin altında olan, əvvəllər zərərçəkmiş şəxsin boynunda gördüyü qızıl sepi oğurlamışdır. Zərərçəkmiş şəxsin evinə getməzdən əvvəl spirtli içki qəbul etdiyi üçün qızıl sepi görüb oğurlamaq niyyəti yaranmış, lakin ondan əvvəl həmin qızıl sepi oğurlamaq fikri olmamışdır. O, həmin qızıl sepi götürdükdən sonra zərərçəkmiş şəxslə evdən çıxaraq birlikdə getmişlər. Lakin həmin gün zərərçəkmiş şəxs onun əməlindən xəbərsiz olmuşdur. Zərərçəkmiş şəxs qızıl sepin onun tərəfindən oğurlanmağından necə xəbərdar olmasını xatırlamır. O, zərərçəkmiş şəxsin evində qızıl sepi oğurlayarkən tək olmuşdur və kimsə həmin evdən oğurluq etməsini ona deməmişdir. O, ittiham aktında qeyd edilən əvvəldən zərərçəkmiş şəxsin evində sonuncuya məxsus qızıl sepin yatağ otağında olmasından məlumatlı olması hissəsi ilə razı deyil, elə ifadə işlətməmişdir. O, zərərçəkmişə məxsus oğurladığı həmin qızıl sepi 3400 manata satmış, həqiqi qiymətinin nə qədər olmasını bilməmişdir. O, qızıl sepi satdığı şəxsdən sepi geri almamışdır. Zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzində 1700 manat civarında pul ödəmiş, 3400 manatdan qalan 1700 manat hissəsi isə borclarının əvəzi olaraq ödəmişdir. Lakin zərərçəkmiş şəxs əvvəllər həmin qızıl sepi neçəyə aldığını ona deməmişdir. O, sərxoş olmuşdur, etdiyi həmin oğurluq əməlini saat neçədə törətdiyini xatırlamır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzində 1200 manat və bir ay əvvəl isə 400 manat olmaqla iki dəfə ödənişlər etmişdir. Zərərçəkmiş şəxslə dəymiş ziyanın əvəzində hissə-hissə ödəniş etməsi barədə razılığa gəlmişlər. Atası dünyasını dəyişmişdir, qardaşı və bacısı yoxdur. Zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzində bankdan kredit pul alaraq ödəyə bilər. Etdiyi cinayət əməlindən peşmandır. Bir daha belə hərəkətə yol veməyəcəyini bildirir. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzində 2600 manat pul ödədiyini bildirmişdir. O, 600 manat əmək haqqı alır, zərərçəkmiş şəxslə öz aralarında razılığa gəlmişlər ki, hər ay əmək haqqından 500 manat pul ödəniş etsin. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qohumluq əlaqələri var. Təqsirləndirilən şəxs onun yanında işləyir. Belə ki, ona məxsus bağ sahəsində və soyuducu anbarında avtomobillərini idarə edir. Hadisə günü atası anası ilə birlikdə evdən çıxdıqdan sonra təqsirləndirilən şəxs onun yaşadığı ünvanına gələrək sonuncuya zəng etmişdir. O, təqsirləndirilən şəxsə evə daxil olmasını demişdir. Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra sonra o, duş qəbul edəcəyini demiş və çay içərək biraz gözləməsini bildirmişdir. Daha sonra onlar birlikdə evdən çıxmışlar. Lakin həmin qızıl sep çarpayının üzərindəki döşəyin altında olmuş, çarpayının kənarından bir hissəsi çıxmış vəziyyətdə olmamışdır. O, 3 gündən sonra çarpayının üzərindəki döşəyi qaldırdığında həmin qızıl sepin oğurlanmasından xəbəri olmuşdur. O, qızıl sepinin oğurlandığını bildikdə evin təhlükəsizlik kameralarından qeydə alınmış görüntülərə baxmış və səhər saatlarda atasının və anasının evdən getdikdən sonra yalnız Təqsirləndirilən şəxs evə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs oğurluq hadisəsini törədərkən tək olmuş və kiminsə tərəfində xüsusi olaraq yönləndirilməmişdir. Oğurlanmış qızıl seplə əlaqədar olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanına gedib sonuncuya əgər sepi götürübsə geri verməsini demişdir. Lakin təsirləndirilən şəxs həmin qızıl sepin cibində olmasına baxmayaraq götürmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs yanına bu barədə getdiyində sonuncu ona qızıl sepi oğurlamadığını və “hara istəyirsən get şikayət et” sözlərini demişdir. Bir gün sonra səhər saatlarında Təqsirləndirilən şəxs dayısı ona zəng edərək qızıl sepi Çingiz tərəfindən oğurlandığını demişdir. Təqsirləndirilən şəxs əvvəlcə həmin qızıl sepi lombarda qoyduğunu və daha sonra satdığını demişdir. O, polis əməkdaşları ilə birlikdə 3 gün Təqsirləndirilən şəxs axtarmışlar. 3 gün sonra həmin qızıl sepin satıldığını öyrənmişdir. Belə ki, həmin gündən 3-4 gün sonra təqsirləndirilən şəxs həmin qızıl sepi Yalçın adlı şəxsə satmışdır. O, qızıl sepi geri qaytarmaq üçün Yalçın adlı şəxslə əlaqə saxladığında sonuncu ona həmin qızıl sepi əritməyə göndərdiyini bildirmişdir. O, həmin qızıl sepi 6200 manata almışdır. Lakin ibtidai istintaq zamanı dəyərinin 5000 manat olmasını bildirmişdir. İbtidai istintaq zamanı 6200 manat dəyərində olan qızıl sepi 5000 manat dəyərində olmasını deməsinə səbəb Təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməməsi məqsədilə olmuşdur. O, təqsirləndirilən şəxsin bütün maddi çətinliklərinin həll edilməsində köməklik göstərmişdir. Polisin köməkliyi ilə cinayət əməli aşkar olunmasa idi və əvvəlcədən təqsirləndirilən şəxs oğurladığı qızıl sepi geri qaytarmış olsa idi o şikayət etməzdi. İki gün əvvəl Təqsirləndirilən şəxs anası zəng edərək Çingizin vasitəsilə ona pul göndərdiyini demişdir. Lakin iki gündür ki, Çingizi dayısı ilə birlikdə axtarmasına baxmayaraq tapa bilməmişdir. Çingiz bugün ona anası tərəfindən pulun göndərildiyini demişdir. Halbuki həmin pul ona anası tərəfindən iki gün əvvəl verilmişdir. O, dəymiş ziyanın ödəniləcəyi təqdirdə şikayəti olmayacağını bildirmişdir. Məhkəmə istintaqının sonunda ona dəymiş maddi ziyan tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərərin əvəzində ümumilikdə 2550 manat pul ödəmişdir. Qalan məbləği isə hər ay 500 manat olmaqla ödəyəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, qızıl alqı-satqısı işi ilə məşğuldur. Çingiz adlı şəxs onun yanına gələrək boynundakı 50 qrama yaxın qızıl sepi göstərib özünə məxsus olmasını bildirmiş və heç bir şübhəli hərəkət etmədən avtomobili ilə qəza törətdiyini və pula ehtiyacı olduğu üçün həmin qızıl sepi satmaq niyyəti olduğunu demişdir. O, həmin qızıl sepi aldığında Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini götürərək lazımı qaydada sənədləşdirmə işləri aparmışdır.O, qızıl zinət əşyasını satan şəxsin fikrini dəyişərək qızılı satdığına peşman olub geri qaytarmaq fikri ola biləcəyi ehtimalı ilə hər zaman bir neçə gün aldığı qızılı satmadan gözləyir. O, aldığı həmin qızılı 2 gün müddətinə gözləmiş, lakin çəkisi ağır olduğu üçün satmaqda çətinlik çəkəcəyini düşünərək Bakı şəhərində yerləşən qızıl univermağına əridilməsi üçün göndərmişdir. O, həmin qızıl sepi təqsirləndirilən şəxsdən qramını 70 manatdan alıb 71 manatdan isə qızıl əritmə yerinə satmışdır. Təqsirləndirilən şəxs həmin vaxt onun yanına tək gəlmişdir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır və ilk dəfədir ki, ondan qızıl almışdır. Məhkəmə istintaqının sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyi, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığını barədə ərizə təqdim edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında” (cild 01, vərəq 01) qərardan müəyyən edilir ki, 18 aprel 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 240780077nömrəli cinayət işi başlanmış və iş ibtidai araşdırma aparılmasından ötrü icraata qəbul edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 20) və “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 46-48) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində saxlanılmışdır (tutulmuşdur). - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” (cild 01, vərəq 28) qərardan müəyyən edilir ki, 19 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” (cild 01, 36) vərəq qərardan müəyyən edilir ki, 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən (cild 01, iş vərəq 60-63) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin evin qara rənglə boyanmış qapısını göstərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həmin mənzilə evin sahibi Zərərçəkmiş şəxsla birlikdə daxil olmuşdur. Bundan sonra onlar daxil olmuşlar, buz zaman Təqsirləndirilən şəxs girişdən sol tərəfdə yerləşən yataq otağını göstərərək bildirmişdir ki, Zərərçəkmiş şəxs otaqdan hamama girəndən sonra o, evdə başqa heç kimin olmasından istifadə edib həmin otaqdakı taxtın döşəyini qaldırıb altında olan qızıl sepi oğurlamışdır. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 64) müəyyən edilir ki, Zərərçəkmiş şəxs dəymiş ümumi maddi ziyanın hesablanmasında zərərçəkmiş şəxsin ifadəsinə istinad edilməli və vurulmuş ziyanın ümumi miqdarının 5000 (beş min) manat olması nəzərə alınmalıdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 53) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 53) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 52) müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Videoçəkilişlə keçirilən məhkəmə iclas zalında Təqsirləndirilən şəxs təqdim edərək iş materiallarına əlavə olunmuş vətənin ərazi bütövlüyü uğrunda gedən ikinci Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyini sübut edən bir sıra vəsiqələrin surətlərindən müəyyən edilir ki, Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən M/V 110084 nömrəli, Füzulinin azad olunmasına görə l-13712 nömrəli, Cəbrayılın azad olunmasına görə l-22597 nömrəli, Xocavəndin azad olunmasına görə l- 7847 nömrəli, Vətən müharibəsi iştirakçısı l-78366 nömrəli medallarına dair vəsiqələrinin surətlərini təqdim etmişdir. - Zərərçəkmiş şəxs məhkməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığın qeyd edərək göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödəməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, vətənin ərazi bütövlüyü uğrunda gedən ikinci Qarabağ müharibəsi veteranı olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını müsbət səciyyələndirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 (iki) gün müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanılma müddəti, yəni cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə dəymiş maddi ziyanın ödənildiyi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X3 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar