Məhkəmə qərarları › İş №1(067)-128/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-128/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-128/2025 16.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1982-ci ildə Xaçmaz rayonu, Qobu- Qıraq anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonu, Qobu-Qıraq kəndində qeydiyyatda olan və yaşamış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-17/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 X5 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 115,00 manat olmaqla cəmi 230,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)-126/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8040,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin qərəzli olaraq icra etməməsi iş üzrə toplanmış aşağıdakı sübutlarda öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, o, Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızı ilə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2012-ci il təvəllüdlü Seyidəliyeva Yağmur və xx.xx.2016-cı il təvəllüdlü Seyidəliyeva Xanım adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Qönçə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)-126/2020 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 115.00 manat olmaqla, cəmi 230,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Şirəliyeva (Seydiəliyeva) Qönçə Rasim qızına verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 15 gün müddətində həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarına əsasən ona məxsus Xaçmaz rayonu, Qobu-Qıraq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmuş, həmin torpaq sahəsi hərrac yolu ilə 3000,00 manata satılaraq vəsait tələbkar Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızının hesabına ödənilmişdir. Sonradan Xaçmaz rayonu ərazisində oğurluq hadisəsi törətdiyi üçün polis əməkdaşları tərəfindən tutulmuş və Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmişdir. Azadlıqda olduğu müddətdə fərdi əməklə yəni fəhləliklə məşğul olmaqla aylıq 350-400 manat məbləğində qazanc əldə edib. Maddi imkanının zəif olması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. Hal-hazırda o oğurluq cinayətini törətdiyinə görə həbsdə saxlanılır və tələbkara heç bir ödəniş edə bilmir. Azadlığa çıxan kimi tələbkara olan aliment borcunu tam şəkildə ödəməyə çalışacaqdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2012-ci il təvəllüdlü Seyidəliyeva Yağmur və xx.xx.2016-cı il təvəllüdlü Seyidəliyeva Xanım adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Cavid uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)-126/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 115,00 manat olmaqla, cəmi 230,00 manat məbləğində sabit alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olub, yəni müxtəlif tikintilərdə usta kimi işləyib, aylıq 1000,00-1500,00 manat qazanc əldə edib, lakin qazancını özünə xərcləyib, uşaqların saxlanması üçün ona maddi yardım göstərməyib. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin inzibati xəta barədə qərarı ilə inzibati qaydada 15 gün müddətində həbs olunmuşdur. Görülmüş icra tədbirləri nəticəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxsa məxsus Xaçmaz rayonu, Qobu-Qıraq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmuş, həmin torpaq sahəsi hərrac yolu ilə 3000,00 manata satılaraq vəsait onun hesabına ödənilmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)-126/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 115,00 manat olmaqla, cəmi 230,00 manat məbləğində sabit alimentin tutularaq tələbkar Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızının xeyrinə ödəməmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 'qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8040,00 manat məbləğində, aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Görülmüş icra tədbirləri nəticəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonu, Qobu-Qıraq kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmuş, həmin torpaq sahəsi hərrac yolu ilə 3000,00 manata satılaraq vəsait tələbkar Şirəliyeva (Seyidəliyeva) Qönçə Rasim qızının hesabına ödənilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə başqa ödəniş etməmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8040,00 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar Şirəliyeva (Seyidəliyeva) X9 Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir.Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş əlavə tədbirlər nəticə verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta barədə qərarından, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqda olduğu müddətdə fərdi əməklə məşğul olmaqla aylıq qazanc əldə etməsinə baxmayaraq barəsində çıxarılmış, Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)- 126/2020 saylı qətnaməsi üzrə övladlarının saxlanması üçün ödəniş etməmiş, eyni zamanda uşaqların saxlanması üçün əməli tədbirlər yerinə yetirməmişdir. Bütün bunlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək imkanına malik olsa da, uzun müddət ərzində qərəzli olaraq qətnamədə göstərilən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2023ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2. 3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 1(067)-17/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 cü maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 X4 daxil olmuş xasiyyətnaməyə əsasən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə müsbət xarakterizə olunduğu bildirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024- cü il tarixli, 1(067)-17/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(067)-17/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir və xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə, dərhal məhkəmə iclas zalında həbsə alınmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunacaq cəzadan çıxılmalıdır. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunduğundan, onun həbsetmənin əvvəli Xaçmaz rayon məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 1(027)-17/2024 saylı hökmünə əsasən 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilmədiyindən, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda Xaçmaz rayon məhkəməsinin 1(067)-17/2024 saylı 14 fevral 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəza çəkmə müəssisəsində saxlanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 1(067)-17/2024 saylı 14 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli, 1(067)-17/2024 saylı cinayət işi üzrə 18 fevral 2023-cü ildən 20 fevral 2023-cü ilədək həbsdə saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Xaçmaz rayon məhkəməsinin 1(067)-17/2024 saylı 14 fevral 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəza çəkmə müəssisəsində saxlanması nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar