Məhkəmə qərarları › İş №1(067)-129/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-129/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-129/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsi ev 105-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 saylı evin həyətyanı torpaq sahəsində çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib xeyli miqdarda, yəni 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 310 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ev 105-də yaşayır. Təxminən 6-7 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin iyun ayının əvvəllərində özündə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkərkən içərisində çətənə bitkisi toxumları olduğunu görmüş və həmin toxumları atmayaraq yaşadığı evlə hasar arasında olan boş yerə səpmişdir. Təxminən 7-8 gün keçdikdən sonra baxanda görmüşdür ki, səpdiyi çətənə toxumlarından beşi cücərib. O həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərmiş, yəni diblərinə su tökmüşdür. Sonrakı günlərdə də o, əkdiyi çətənə bitkilərinə hər gün baxaraq diblərinə su tökmüşdür. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o olmuşdur ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istehlak etməsi üçün qurudulmuş marixuana əldə etsin. Əkdiyi çətənə bitkiləri sonrakı günlərdə böyüyərək təxminən 35-80 sm hündürlükdə olmuşlar. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində evdə olduğu zaman yaşadığı evin həyətinə polis əməkdaşları gəlmiş və xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkibbecərməsi barədə məlumat olduğunu deyərək həyətinə video çəkilişlə baxış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşlarına yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmiş və onların yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmələrinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun və özünü aqronom kimi təqdim edən şəxsin iştirakı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkilişlə baxış keçirmişlər. Baxış keçirilən zaman yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-yetişdirdiyi 05 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu və bitkilərin dibinə su tökülərək qulluq göstərildiyini bildirmişdir. O da aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həqiqətən də həmin bitkilər narkotik tərkibli çətənə bitkisidir və həmin bitkiləri gələcəkdə özünün istifadə etməsi məqsədi ilə əkib-becərmişdir. Bundan sonra polis əməkdaşları onun və aqronomun iştirakı ilə protokol tərtib etmiş və çətənə bitkilərini tək-tək kökündən çıxararaq qara rəngli torbada qablaşdırmışlar. O da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və içərisində çətənə bitkiləri olan qara rəngli torbanın üzərinə yapışdırılmış kağızın üzərinə imza etmişdir. O heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış, yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərindən isə gələcəkdə yığıb qurudaraq özünün istehlak etməsi üçün qurudulmuş marixuana əldə etmək istəmişdir. Ona elə gəlir ki, yaşadığı evin həyətində çətənə bitkisi əkib-yetişdirməsini əvvəlcədən görən və bu barədə məlumatı olan olmamışdır. O, əkdiyi çətənə bitkilərinin yarpaqlarından özü istifadə etmiş, ancaq istifadə məqsədi ilə başqa heç kimə verməmişdir. Yaşadığı evin həyətində çətənə bitkiləri əkib-yetişdirməsi ilə bağlı ona heç kim tapşırıq verməmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olduğunun, ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının, hərbi xidmətdə döyüş bölgəsində olmaqla döyüşlərdə iştirak etməsinin nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 nömrəli evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olundundan sonra onun, Şahid1, PPXB-nin komandiri Şahid2 və TB-nin təhqiqatçısı Əhməd Muradovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması X3a həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra saat 16 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 nömrəli evə getmişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edib yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat olduğu, videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və X3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncudan həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş, etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitki əkmişdirsə özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərdiyini etiraf edərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmələrinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində hasarla yaşayış evi arasında olan boş ərazidə, hasara yaxın yerdə təxminən 35-80 sm hündürlükdə 05 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 aşkar olunmuş bitkiləri nəzərdən keçirdikdən sonra bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir və bitkilərin dibinə su tökülərək qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs da aqronomun dediklərini təsdiq edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu və gələcəkdə istehlak etməsi məqsədi ilə özünün əkib-yetişdirdiyini bildirmişdir. Həmin çətənə bitkiləri Təqsirləndirilən şəxs iştirakı ilə bir-bir kökündən çıxarılıb bir ədəd qara rəngli torbanın içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola və bitkilərin qablaşdırıldığı torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntülərini əvvəldən axıra kimi əməliyyat müvəkkili Şahid1 videoçəkiliş vasitəsi ilə qeydə almışdır. Məhkəmə istintaqı zamanı ifadələri elan edilərək tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələrindən müəyyən edilmişdir ki, onlar Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi ev 7-də yaşayır. Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil İstismar İdarəsində aqronom işləyir. xx xxxx 2020-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Əhməd Muradov tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri izah olunmuşdur. X2 Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 saylı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O etiraz etməmiş və həmin gün saat 16 radələrində o, X3, NMQ-nun əməliyyat müvəkkili Şahid1, PPXB-nün komandiri Şahid2, polis nəfəri Şahid3 birlikdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 nömrəli evə getmişlər. Qapını açan şəxs adının Arastun olduğunu bildirmiş və polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs, yəni iş üzrə təqsirləndirilən şəxsə təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ondan həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitki əkmişdirsə özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf edərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində hasarla yaşayış evi arasında olan boş ərazidə, hasara yaxın yerdə təxminən 35-80 sm hündürlükdə 05 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunmuşdur. X2 təklif etmişdir ki, aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların hansı növ bitkilərə aid olmasını və onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etsin. O həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilərin diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərilmişdir. Bu barədə polis əməkdaşlarına bildirdikdən sonra Təqsirləndirilən şəxs da onun dediklərini təsdiq edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu və gələcəkdə istehlak etməsi məqsədi ilə özünün əkib-yetişdirdiyini bildirmişdir. Həmin çətənə bitkilərini o, Təqsirləndirilən şəxs da iştirakı ilə bir-bir kökündən çıxarmışdır. Sonra çətənə bitkiləri qara rəngli torbanın içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və içərisində çətənə bitkiləri olan torbanın üzərinə yapışdırılmış kağızın üzərinə imza etmişdir. Bundan sonra o, həmin bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri isə əməliyyat müvəkkili tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd CD diskə kompyuter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Əhməd Muradovun, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin komandiri Şahid2, PPXB-nin polis nəfəri Şahid3 və Xaçmaz Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 saylı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl təqsirləndirilən şəxsə təklif olunmuşdur ki, həyətində qanunsuz olaraq narkotik tərkibli bitki əkmişdirsə özü könüllü olaraq təqdim etsin, o, etiraf edərək həmin bitkilərin yerini göstərmək üçün evin həyətinə daxil olunmuş və hasarla evin arasında olan boş ərazidə hasara yaxın yerdə çətənə bitkilərinə oxşar birkilərin olması müəyyən edilmişdir. Aqronom Şahid4 həmin bitkiləri nəzərdən keçirərək, sayıb 05 ədəd olduğunu, onlara aqrotexniki qulluq edildiyini bildirmişdir. Təhqiqatçı təqsirləndirilən şəxsdən əkilmiş həmin beş ədəd bitkini onun əkib-əkmədiyini soruşmuş, sonuncu “əkmisiz deyəndə, tumları atmışam cücərib” deyərək cavab vermişdir. Təhqiqatçı təqsirləndirilən şəxsən həmin bitkiləri hansı məqsədlə əkdiyini soruşmuş, sonuncu özünün istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən həmin bitkiləri əkməsindən ailə üzvlərinin xəbəri olub-olmaması soruşulduqda o heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra aqronom tərəfindən 05 ədəd həmin bitki bir-bir kökündən çıxarılaraq götürülmüş və qablaşdırılmışdır. İş materiallarında olan baxış və götürmədə iştirak etmiş aqronom-mütəxəssisin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 05 ədəd çətənə bitkisi suvarılmaqla, aqrotexniki qulluq edilməklə becərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/380 №-li rəyindən müəyyən edilir ki: Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı…evin həyətyanı sahəsinə baxış keçirilən zaman...” sözləri yazılmış qara rəngli bağlamada 05 (beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 310,0 qram, ölçüləri 34 sm, 57 sm, 60 sm, 77 sm və 79 sm olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; -təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (tədqiqata hər bir çətənə bitkisindən 0,05 qram olmaqla, cəmi 0,25 qram sərf edilmiş, qalıq 309,75 qram təşkil etmişdir) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maddi sübutun tanınması barədə və xx xxxxxx 2020-ci il tarixli sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 05 ədəd, (qurudulmayan halda) 310 qram çəkidə olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra həmin 05 ədəd, 309,75 qram çəkidə çətənə bitkisi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 2160 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini, həmçinin baxış keçirilməsinin görüntülərinin qeydə alındığı CD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 05 ədəd olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105 saylı evin həyətyanı torpaq sahəsində çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib xeyli miqdarda, yəni 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 310 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İH başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2006cı il, 2008-ci il və 2017-ci ildə anadan olmuş üç övladı var. İş materiallarında olan Xaçmaz rayon İH başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan hərbi biletin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hərbi xidmətini döyüş bölgəsində yerləşən hərbi hissədə keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, evli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, hərbi xidmətini döyüş bölgəsində keçməsini cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzanın icrasına nəzarət iş üzrə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 2160 №-li ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan sübutlara dair qərarlardan, Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 05 ədəd çətənə bitkisi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 05 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 05 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar