Məhkəmə qərarları › İş №1(067)-129/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-129/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-129/2025 11.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əməllərində cinayətlərin (sadə) residivi olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 29 may 2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 29 may 2024-cü il tarixdən hesablanmaqla 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 26 oktyabr 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 26 mart 2025-ci il tarixdə, saat 23:04-23:17 müddətində Xaçmaz şəhəri, O.Daşdəmirov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki ağ rəngli gödəkçənin sol yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən 02 ədəd sellofan, 01 ədəd kağız olmaqla, cəmi 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,284 qram, 0,308 qram və 0,102 qram olmaqla ümumi təmiz çəkisi 0,694 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun vərəm xəstəliyi olduğundan Xaçmaz şəhərində ağciyər dispanserində qeydiyyatda olmaqla stasionar müalicə alır. O, həmin xəstəxanadan çıxaraq yaşadığı evə gedərkən Xaçmaz şəhərində yerləşən 6 saylı orta məktəbin yaxınlığında yerdə olan siqaret qutusunu götürərək baxdıqda içərisində metamfetamin olduğunu görmüş və götürərək özündə saxlamışdır. O, həmin psixotrop maddəni tapdıqdan sonra evə getməyərək geri qayıtmağa başlamış, həmin maddənin bir hissəsini özünün istifadəsi üçün digər bükümə ayırmış, qalan hissəsini isə tapdığı yerə qayıdaraq gizlətmək istəmişdir. Belə ki, o, həmin metamfetaminin hamısını üzərində saxlamaq istəməmişdir ki, xəstəxanda, evdə kimsə görmüş olar, qalan hissəsini tapdığı yerdə gizlətmək istəmişdir ki, hər dəfə gedərək oradan götürüb istifadə etsin. O, tapdığı metamfetamini gizlətmək üçün geri qayıdanda polis əməkdaşları videoçəkiliş aparmaqla ona yaxınlaşaraq saxlamışlar və o, taparaq üzərində saxladığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin bildirdi ki, onun tapdığı siqaret qutusunun içərisindəki metamfetamin iki sellofan bükümdə olmuş, həmin bükümlərdən bir büküm də o özü ayırmışdır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və heç bir yerdə işləmir. Artıq uzun müddətdir ki, narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edirmiş. Belə ki, narkotik vasitə və pixotrop maddələrdən istifadə etməyinində səbəbi bədənindəki ağrılardır. Onlardan istifadə etdikdə bədənindəki ağrılar azalırmış. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında təkbaşına Xaçmaz şəhəri, İ.Məmmədov küçəsində gəzən zaman yerdən 01 ədəd “Sobranie” markalı siqaret qutusu tapmış, həmin siqaret qutusu ona maraqlı gəldiyinə görə qutunu götürərək içərisinə baxmışdır. İçərisinə baxdıqda içərisində 03 ədəd büküm olmasını aşkar etmişdir. Həmin bükümlərə baxdıqda isə hər birinin içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü də psixotrop maddələrdən istifadə etdiyinə görə bükümləri elə olduğu kimi siqaret qutusunun içərisinə qoyaraq özünə götürmüşdür. Bükümləri də üzərinə qoymaqda məqsədi o imiş ki, ürəyi istədiyi vaxt onlardan istifadə edə bilsin. Həmin günü saat 23 radələrində Xaçmaz şəhəri, O.Daşdəmirov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin yaxınlığından keçən zaman mülki geyimli 3 polis əməkdaşı ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələri qanunsuz olaraq əldə etməyi, saxlamağı və daşınmasında şübhəli olduğunu bildirmişlər. Və ona sual vermişlər ki, üzərində qanunla qadağan olunan hər hansısa bir qanunsuz əşya varmı. O da buna görə əynindəki gödəkçənin sol yan cibində olan “Sobranie” markalı siqaret qutusunu polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşlarına həmin siqaret qutusunu təqdim etdikdən sonra da o, polis əməkdaşlarına qutunun içərisində psixotrop maddə olduğunu söyləmişdir. Ardınca isə polis əməkdaşları həmin siqaret qutusuna baxış keçirdikdə siqaret qutusunun içərisindən İ.Məmmədov küçəsində tapdığı 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən ondan həmin bükümün içərisində nə olduğu soruşulanda o, polis əməkdaşlarına içərisində psixotrop maddə metamfetamin olduğunu və bükümləri yerdən tapdığını söyləmişdir. Ardınca isə hər 3 büküm elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi ayrı-ayrılıqda 0,31 qram, 0,36 qram və 0,35 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları onu saxlayan zaman hüquqlarını da ətraflı olaraq izah etmiş və bu barədə bildiriş də vermişlər. Ardınca isə üzərindən aşkar olunan 3 ədəd büküm ağ rəngli zərfə qoyularaq möhürlənməklə və tərəflərindən imzalanmaqla götürülmüşdür. Polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq əsginas, sağ yan cibindən 01 ədəd özünə məxsus “Samsung A 14” markalı mobil telefon və şalvarının arxa sağ cibindən isə içərisində bank kartı və şəxsiyyət vəsiqəsi olan 01 ədəd özünə məxsus pul qabı aşkar edilmişdir. Həmin əşyaların hər biri də yoxlanışdan sonra özünə qaytarılmışdır. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Şöbədə olan zaman onun və onu polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakı ilə üzərindən çıxan psixotrop maddələrin olduğu zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirilmiş, baxış keçirildikdən sonra isə həmin bükümlər yenidən ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə polis əməkdaşları tərəfindən yaxalanan zaman bütün proses videogörüntüyə alınmış, şöbəyə gətirildikdən sonra da həmin video qeydlərin olduğu 1 ədəd “DVD” disk də təhqiqatçıya təqdim edilmiş və təhqiqatçı tərəfindən də həmin diskə baxış keçirilmişdir. Ardınca isə təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məlumat daxil olduğundan bu səbəbdən də Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək haqqında qərar qəbul etmişdir. Buna görə də 26 mart 2025-ci il tarixdə, saat 23:04-də o və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, O.Daşdəmirov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlamışlar. O və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddə olduğunu bildirmiş və gödəkçəsinin sol yan cibində olan “Sobranie” markalı 01 ədəd siqaret qutusunu könüllü şəkildə onlara təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirən zaman qutunun içərisindən 02 ədəd sellofan və 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində "daş”, yəni psixotrop maddə olduğunu, onu həmin günü səhər saatlarında tapdığını və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman çəkilərinin 0,31 qram, 0,35 qram və 0,36 qram olması müəyyən edilmişdir. Daha sonra isə onun tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Ardınca isə aşkar edilmiş kütlələr onun tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmaqla götürülmüşdür. Bundan əlavə, yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq pul əsginası, şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A14” markalı mobil telefonu və şalvarının arxa sağ cibindən isə içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və bank kartı olan pul qabı aşkar olunmuşdur. Yoxlanışdan sonra da 01 ədəd 5 manatlıq pul əsginası, 01 ədəd “Samsung A14” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman Təqsirləndirilən şəxs, sonuncunun üzərindən aşkar edilmiş bükümlərin içərisində olduğu zərfi və tutulan zaman videogörüntülərin olduğu 1 ədəd “DVD” formatlı diski təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və onların iştirakı ilə təhqiqatçıya təqdim etdikləri zərfə baxış keçirilmiş, bundan əlavə, Təqsirləndirilən şəxs saxlanması zamanı qeydə alınan videogörüntülərin olduğu diskə də baxış keçirilmişdir. Ardınca isə Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. O, Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən müəyyən edilir ki, o, şahid Təhmin Aslanovun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 26 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin əməliyyat-axtarış tədbirinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə, saat 23:04-də Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və Şahid2 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq üstü yoxlanılmış, yoxlanış aparılarkən Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusundan hər büküm ayrı-ayrılıqda 0,31 qram, 0,35 qram və 0,36 qram təşkil etməklə üç büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri əməliyyat müvəkkili Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 26 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, 26 mart 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X2 “01” ədəd kağız zərf təqdim edilərək həmin zərfin içərisində olan “02” ədəd sellofan və “01” ədəd kağız bükümün Təqsirləndirilən şəxs götürüldüyünü və həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Şahid2 sözləri yazılaraq imza edilmişdir və zərf möhürlənmişdir. Zərf qayçı ilə üst hissədən kəsilərək içərisinəbaxılmış və içərisində “03” ədəd büküm olması aşkar edilmişdir. Bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan “03” ədəd büküm ona məxsusdur, içərisində psixotrop maddə olan metamfetamin kütləsi var, metamfetamin kütləsini gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan “03” ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunmuş 01 ədəd “DVD” diskə baxılmış, bu zaman əməliyyat-axtarış tədbirinin əvvəldən sonadək videogörüntü ilə fasiləsiz qeydə alınması müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 28 mart 2025-ci il tarixli, 5(067)- 88/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirinin keçirilməsi haqqında 26 mart 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional bölməsinin 27 mart 2025-ci il tarixli, 20/129 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə” yazısı və imzalar olan zərfdəki üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qram, 0,308 qram və 0,102 qram olmaqla ümumi təmiz çəkisi 0,694 qram olan ağ rəngli kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin psixotrop maddəsindən tədqiqata cəmi 0,09 qram sərf edildikdən sonra qalıq 0,604 qram təşkil etmişdir. İş materiallarında olan 30 mart 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,694 qram təşkil etmiş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,604 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 19 may 2025-ci il tarixli, 2915 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək, eləcə də kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 12 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsin üstünün yoxlanılmasının videoçəkilişi köçürülmüş DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,694 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, həmin Qərarın 5.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.15-ci bəndində bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da müayinəyə dair Məlumatdan, habelə həmin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məhkəməyə daxil olmuş 28 yanvar 2026-cı il tarixli cavab məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əlillik vəziyyəti sonuncu dəfə X1 E00302964KVF nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq, xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət həmin Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasına aid deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində 19 dekabr 2025-ci il tarixli Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmiş, eyni zamanda, müdafiəçisi Təqsirləndirilən şəxs barəsində qeyd olunan amnistiya qərarının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsiri altına düşməklə, o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, əməllərində cinayətlərin sadə residivi halı vardır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 1(067)- 129/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,604 qram təşkil edən metamfetamin psixotrop maddəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci (1.15) bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,604 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar