Məhkəmə qərarları › İş №1(067)-130/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-130/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-130/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində kirayədə yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 60 nömrəli evdə plastmas stəkanlarda 7 ədəd, dibçəkdə isə bir ədəd çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib xeyli miqdarda, yəni 8 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi şitillərini kultivasiya etmiş, 15 aprel 2021-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən kirayədə yaşadığı evə saat 04:00-05:40 müddətində baxış keçirilərkən 2,093 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləri aşkar edilərək götürülmüş, bununlada o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayır. O, 2003-cü ildə Xaçmaz şəhərində yaşayan X3 ilə evlənmişdir. Aytənlə olan nigahından 2005-ci il təvəllüdlü Fərqanə adlı qızı və 2008-ci il təvəllüdlü Təbriz adlı oğlu var. Aytənlə evləndiyi vaxtdan bu günədək onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndində olan onun ata evində yaşayırlar. 2019-cu ildə o, Xaçmaz və Şabran rayonları ərazisində yerləşən kafe və restoranlara pivə paylamışdır. 2019-cu ilin sentyabr ayında Şabran rayonu. Ağalıq kəndi ərazisində yerləşən kafeyə gedib pivə verərkən həmin kafedə işləyən Bahar adlı qızla tanış olmuşdur. Baharla söhbət edərkən sonuncu atasının və anasının olmadığını və tək yaşadığını bildirmişdir. Bir müddət keçdikdən sonra isə Bahar ona demişdir ki, xəstədir, özünü çox narahat hiss edir. Bahara yazığı gəldiyi üçün qərara gəlmişdir ki. Xaçmaz şəhərində kirayə ev tutub Baharı həmin evə gətirsin. O, ev alqı-satqısı ilə məşğul olan Kamranın yanma gəlib kirayə ev lazım olduğunu bildirmiş, bir neçə gün keçdikdən sonra isə Kamran ona zəng vurub demişdir ki, Xaçmaz şəhəri. Sabir küçəsi, 60 nömrəli evi kirayə verirlər. O, ev sahibi ilə görüşüb söhbət edərək Sabir küçəsində olan evi ayı 150 manat olmaqla kirayə götürmüş və Şabran rayonu, Ağalıq kəndinə gedib Baharı Xaçmaz şəhərinə kirayə götürdüyü evə gətirmişdir. Həmin vaxtdan sonra Bahar heç bir yerdə işləməmiş və onlar qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşamışlar. O, gündüzlər Baharın yanma gəlmiş, axşamlar isə qayıdıb Qaraqurtlu kəndinə öz evinə getmişdir. Bahar onun evli olduğunu bilmiş, ancaq o, arvadı Aytənə Baharla ər- arvad münasibətində olmağını deməmiş və onun özünündə bundan məlumatı olmamışdır. Baharla tanışlığından bir ilə yaxın vaxt keçdikdən sonra arvadı Aytən onun Baharla olan münasibətini bilib narazılıq etsədə o, yenədə onunla bir yerdə yaşamaqda davam etmişdir. 2020-ci ilin iyul ayında o, Baharın hamilə olduğunu bilmiş, bu səbəbdən də bəzi günlərdə gecələr Qaraqurtlu kəndində olan evinə getməyib Baharın yanında qalmışdır. 17 fevral 2021-ci ildə hamiləliklə bağlı Baharın ağrıları olduğu üçün o, onu Quba RMX-na aparmış və həmin gün Quba RMX-da Bahar bir qız uşağı dünyaya gətirmişdir. İki gün keçdikdən sonra o, Baharı xəstəxanadan çıxarıb Xaçmaz şəhəri, Sabir küçəsi, 60 nömrəli evə gətirmişdir. Qızı anadan olduqdan sonra Bahar demişdir ki, o, evinə getməyib onun yanında qalsın. Bahara bunun mümkün olmadığını bildirdikdə isə o, səbəbsiz yerə onunla mübahisə etmiş, bu səbəbdən də sonrakı aylarda onlar qızlarma ad qoya bilməmişlər. 2021-ci ilin fevral ayının axırlarında o, Qaraqurtlu kəndində dəmir yolunun kənarı ilə gedərkən orada olan ağacın budaqlarının arasında bir ədəd kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində çətənə bitkisi toxumları var. Özüdə aradabir narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurub çəkdiyi üçün marixuananı və çətənə bitkisi toxumlarını tanımışdır. O, tapdığı çətənə bitkisi toxumlarını atmayaraq cibinə qoyub Baharla kirayədə yaşadığı evə gətirmiş, sonrakı günlərdə tapdığı çətənə toxumlarını Baharla kirayədə yaşadığı Sabir küçəsi, 60 nömrəli evdə saxlamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində qərara gəlmişdir ki, tapdığı çətənə toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, gül mağazasından torpaq və plastmas stəkanlar alıb kirayə qaldığı evə gətirmiş və evdə plastmas stəkanları torpaqla doldurduqdan sonra özündə olan çətənə toxumlarının 11 ədədini plastmas stəkanlarda, bir ədədini isə dibçəkdə əkərək plastmas stəkanları otaqda olan şkafın üstünə, dibçəyi isə dəhlizin pəncərəsinə qoymuşdur. Bahar əkdiyi toxumların nə olduğunu soruşmuş, o, da yalandan ona demişdir ki, gül toxumlarıdır. Bahar ona inandığı üçün başqa heç bir söz deməmişdir. Həmin gün və sonrakı günlərdə əkdiyi çətənə toxumlarına özü su tökərək qulluq göstərmişdir. Təxminən 5-6 gün keçdikdən sonra baxanda görmüşdür ki, plastmas stəkanlarda və dibçəkdə əkdiyi çətənə toxumlarının 8 ədədi cücərib. Bir neçə gün keçdikdən sonra plastmas stəkanlarda əkdiyi qalan 4 ədəd çətənə toxumlarıda cücərmiş və o, aradabir əkdiyi çətənə bitkisi şitillərinin diblərinə su tökərək qulluq göstərmişdir. Əkdiyi çətənə bitkisinin şitillərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkisinin şitilləri böyüyərək 8 ədədi 4-6 sm hündürlükdə olmuş, 4 ədədi isə təzə cücərmişdir. 14 aprel 2021-ci il tarixdə o, Baharın razılığı ilə qızını Qaraqurtlu kəndinə yaşadığı evə aparmışdır. Baharla razılaşmışlar ki, uşaq bir neçə gün onun Qaraqurtlu kəndində olan evində qalsın. Ancaq uşağı gətirdiyi vaxtdan təxminən bir saata yaxın vaxt keçdikdən sonra Bahar tez-tez ona zəng vurub demişdir ki, uşağı evə gətirsin. O, məcbur olub uşağı aparıb Baharın özünə vermişdir. Həmin vaxt Baharla arasında mübahisə yaranmış və o, əsəbləşib iki-üç dəfə sillə ilə Baharın sifətinə vurmuşdur. Sonra sakitçilik yaranmış və o, evdən çıxıb getmişdir. Bir qədər keçdikdən sonra Bahar zəng vurub ona demişdir ki, onun barəsində polisə şikayət etmişdir. O, Bahara inanmamış və qayıdıb kirayə yaşadığı Sabir küçəsi, 60 nömrəli evə gəlmişdir. Qapını açmaq istəyəndə görmüşdür ki. Bahar qapını arxadan bağlayıb. O, qışqıraraq Baharı çağırıb qapını açmasını bildirsədə Bahar qapını açmamış və o, gedib bir neçə dəqiqə küçədə gəzdikdən sonra qayıdıb gələndə ona polis əməkdaşları yaxınlaşmışlar. Həmin vaxt bilmişdir ki. Bahar polis əməkdaşlarına onun evdə narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat vermişdir. Polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra vdieoçəkilişlə kirayədə yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər və ona hüquq və vəzifələri izah olunduqdan sonra kirayədə yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, o, da etirazı olmadığını bildirərək kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşlarını baxış keçirmələri üçün evə dəvət etmişdir. Evə daxil olduqdan sonra o, plastmas stəkanlarda və dibçəkdə əkdiyi çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs bitkiləri nəzərdən keçirdikdən sonra narkotik tərkibli çtənə bitkisinin şitilləri olduğunu, bitkilərin diblərinə su tökülərək qulluq göstərildiyini bildirmişdir. O. da aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkisinin şitilləridir və həmin bitkiləri gələcəkdə özünün istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. Bundan sonra polis əməkdaşları onun və aqronomun iştirakı ilə protokol tərtib etmişlər və kirayədə yaşadığı evdə aşkar olunmuş plastmas sətəkanlarda əkdiyi çətənə bitkisinin şitillərini bir ədəd karton qutuda, dibçəkdə və digər üç ədəd plastmas stəkanda əkdiyi çətənə bitkisinin şitillərini və evdə olan torpağı ayrı-ayrılıqda iki ədəd polietilen torbada, çətənə bitkisi toxumlarını isə «Kent» siqaret qutusunun içərisinə qoyaraq ağ rəngli kağız paketdə qablaşdırmışlar. O, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və içərisində plastmas stəkanlarda, dibçəkdə əkdiyi çətənə bitkisinin şitilləri, torpaq və çətənə toxumları olan karton qutunun, polietilen torbaların üzərlərinə yapışdırılmış kağızın və kağız paketin üzərinə imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimədə narkotik vasitə satmamışdır. Plastmas sətəkanlarda və dibçəkdə əkdiyi çətənə bitkisinin şitillərini isə gələcəkdə yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etmək istəmişdir. Kirayədə yaşadığı evdə çətənə bitkiləri əkdiyini Bahar görmüşdür. Ancaq o, əkdiyi bitkilərin narkotik təkibli bitkilər olmasını əvvəllər Bahara deməmişdir. Plastmas stəkanlarda və dibçəkdə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını Baharın nə vaxt bilməsindən onun məlumatı yoxdur. Kirayədə yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 60 nömrəli evdə əkib-yetişdirdiyi çətənə bitkisinin şitillərinə Bahar heç vaxt qulluq göstərməmişdir. Kirayədə qadıqları ev iki otaqlıdır. Otaqlardan birində Bahar qalmış, digər otağı isə o, istifadə etmişdir. Çətənə bitkilərimdə həmin otağa qoymuşdur. Bahar demək olarkı onun çətənə bitkilərini qoyduğu otağa daxil olmurdu. Kirayədə yaşadığı Xaçmaz şəhəri. Sabir küçəsi, 60 nömrəli evdə əkdiyi çətənə bitkilərini əkib yetişdirməyi ona heç kim tapşırmamışdır. Həmin çətənə bitkilərini əkmişdir ki, gələcəkdə yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Kirayədə yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 60 nömrəli ev İntiqam adlı şəxsə məxsusdur. İntiqam həmin evi ona kirayə verdikdən sonra heç vaxt ora gəlməmiş və onun çətənə bitkiləri əkməyindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir. 14 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 60-da kirayədə yaşayan Şahid6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək əri Pərvizin onu döyməsi və uşağını ondan zorla alması barədə məlumat vermişdir. Həmin məlumatla əlaqədar X10 Şahid6 zəng vurub əlaqə saxlayarkən Bahar əri Pərvizin onu döyəndən sonra qapını bağlayıb getməsini və Pərvizin evdə dibçəklərə narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Şahid6 verdiyi məlumatla əlaqədar onun kirayədə yaşadığı evə keçiriləcək baxışda iştirak etməsi üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 mütəxəssis qismində dəvət edildikdən sonra 15 aprel 2021-ci il tarixdə təxminən saat 03:30 radələrində o, X10, CAB-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4 və aqronom Şahid5 birlikdə Şahid6 kirayədə yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 60 nömrəli evə getmişlər. Şahid6 əri Pərvizin qapını bağladığını bildirərək qapını açmamış və onlar Təqsirləndirilən şəxs Sabir küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. X10 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib- becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun kirayədə yaşadığı evə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etmiş. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və özündə olan açarla kirayədə yaşadığı evin qapısını açıb onları evə dəvət etmişdir. Evə daxil olduqdan sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki. kirayədə yaşadığı evdə narkotik vasitə vardırsa özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə narkotik vasitə olduğunu bildirərək otağa daxil olub şkafın üstündə olan sininin içərisinə düzülmüş plastmas stəkanlarda əkilmiş bitki şitillərini göstərmiş, X10 sininin içərisinə düzülmüş stəkanları götürüb otaqda olan stolun üstünə qoymuş və baxanda görmüşlər ki, stəkanlardan doqquzunda bitki şitilləri əkilib, qalan stəkanların içərisinə isə torpaq doldurulub. X10 Təqsirləndirilən şəxs daha harada narkotik vasitə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin otaqda şkafın üstündə olan torpaqla dolu beş ədəd plastmas stəkanları göstərmiş və onlar baxanda görmüşlər ki, həmin stəkanlardan ikisində bitki şitilləri əkilib. X10 həmin plastmas stəkanlarıda digər plastmas stəkanların yanma qoyduqdan sonra dəhlizin pəncərəsinə qoyulmuş dibçəkdə də bir ədəd bitki şitili əkildiyi müəyyən edilmiş və həmin dibçəkdə X10 tərəfindən götürülərək otaqda olan stolun üstünə qoyulmuşdur. X10 Təqsirləndirilən şəxs plastmas stəkanlarda və dibçəkdə əkdiyi bitki şitillərinin nə olduğunu və nə məqsədlə əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «xaşxaşdır, nəşə tumudu» deməklə cavab verərək öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid5 plastmas stəkanlarda və dibçəkdə əkilmiş bitki şitillərini nəzərdən keçirdikdən sonra onların narkotik tərkibli çtənə bitkisi şitilləri olduğunu, bitkilərin diblərinə su tökülərək qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə olan plastmas stəkanlarda və dibçəkdə əkilmiş bitki şitilləri təxminən 4-6 sm hündürlükdə olmuşlar. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə aşkar olunmuş 23 ədəd plastmas stəkanlar bir ədəd karton qutunun, bir ədəd dibçək, üç ədəd plastmas stəkanlar və sellofan torbada olan torpaq ayrı-ayrılıqda iki ədəd polietilen torbanın, kağız bükümdə olan bitki toxumları isə «Kent» siqaret qutusunda kağız paketin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola, karton qutunun, polietilen torbaların üzərinə yapışdırılan kağızın və paketin üstünə imza etmişlər. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Xaçmaz rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid4 şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 7-də yaşayır. Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil İstismar İdarəsində aqronom işləyir. 15 aprel 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olundum və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Əli Almazov tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri izah olunmuşdur. X5 Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 60 nömrəli evdə narkotik tərkibli çətənə bitkilərinin əkilib- yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evə baxış keçirmək istədiklərini bildirib onunda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O. etiraz etməmiş və həmin gün saat 03:30 radələrində o, X10, C'AB- nin rəisi Şahid1, əməliyyat müvəkkilləri Şahid2, NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4 birlikdə Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 60 nömrəli evə getmişlər. Evdə olan qadın əri Pərvizin qapını bağladığını bildirərək qapını açmamış və polis əməkdaşları Sabir küçəsində olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxs adının Pərviz olduğunu, Sabir küçəsi, 60 nömrəli evdə kirayədə yaşadığını bildirmişdir. X10 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkibbecərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun kirayədə yaşadığı evə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və özündə olan açarla kirayədə yaşadığı evin qapısını açıb onları evə dəvət etmişdir. Evə daxil olduqdan sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki, kirayədə yaşadığı evdə narkotik vasitə vardırsa özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə narkotik vasitə olduğunu bildirərək otağa daxil olub şkafın üstündə olan sininin içərisinə düzülmüş plastmas stəkanlarda əkilmiş bitki şitillərini göstərmiş, X10 sininin içərisinə düzülmüş stəkanları götürüb otaqda olan stolun üstünə qoymuş və baxanda görmüşdür ki, stəkanlardan doqquzunda narkotik tərkibli çətənə bitkisi şitilləri əkilib, qalan stəkanların içərisinə isə torpaq doldurulub. X10 Təqsirləndirilən şəxs daha harada narkotik vasitə olduğunu soruşmuş. Təqsirləndirilən şəxs həmin otaqda şkafın üstündə olan torpaqla dolu beş ədəd plastmas stəkanları göstərmiş və baxanda görmüşdür ki, həmin stəkanlardan ikisində narkotik təkibli çətənə bitkisi şitilləri əkilib. X10 həmin plastmas stəkanlarıda digər plastmas stəkanların yanma qoyduqdan sonra dəhlizin pəncərəsinə qoyulmuş dibçəkdə də bir ədəd bitki şitili əkildiyi müəyyən edilmiş və həmin dibçəkdə X10 tərəfindən götürülərək otaqda olan stolun üstünə qoyulmuşdur. O, baxanda görmüşdür ki, dibçəkdə əkilmiş bitki şitilidə narkotik tərkibli çətənə bitkisi şitilidir. X10 Təqsirləndirilən şəxs plastmas stəkanlarda və dibçəkdə əkdiyi bitki şitillərinin nə olduğunu və nə məqsədlə əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «xaşxaşdır, nəşə tumudu» deməklə cavab verərək öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə olan plastmas stəkanlarda və dibçəkdə əkilmiş bitki şitilləri təxminən 4-6 sm hündürlükdə olmuşdur. O. həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirib polis əməkdaşlarına bildirmişdir ki, plastmas stəkanlarda və dibçəkdə əkilmiş bitki şitilləri narkotik tərkibli çtənə bitkisi şitilləridir, bitkilərin diblərinə su tökülərək qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə aşkar olunmuş 23 ədəd plastmas stəkanlar bir ədəd karton qutunun, bir ədəd dibçək, üç ədəd plastmas stəkanlar və sellofan torbada olan torpaq ayrı-ayrılıqda iki ədəd polietilen torbanın, kağız bükümdə olan bitki toxumları isə «Kent» siqaret qutusunda kağız paketin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra o, da protokola, karton qutunun, polietilen torbaların üzərinə yapışdırılan kağızın və paketin üstünə imza etmişdir. Bundan sonra o, həmin bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilibyetişdirilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsinin görüntüləri isə əməliyyat müvəkkili Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 göstərdi ki, o, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 60-da kirayədə yaşayır. O, 2019-cu ildə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən kafedə masa xidmətçisi işləmiş, Pərvizdə işlədiyi kafeyə pivə gətirib vermişdir. 2019-cu ilin iyun və ya iyul ayı olardı Pərviz ondan xoşu gəldiyini bildirərək təklif etmişdir ki, qeyri-rəsmi olsada onunla evlənsin. Pərvizin evli olduğunu bildiyi üçün əvvəlcə onunla razılaşmamış, ancaq sonradan o, Pərvizlə razılaşmış və sonuncu ona demişdir ki. Xaçmaz şəhərində kirayə ev götürmüşdür, o, Xaçmaz şəhərinə gəlib onun kirayə tutduğu evdə yaşasın. O, etiraz etməmiş və 2019-cu ilin avqust ayının əvvəllərində Pərviz onu Xaçmaz şəhərinə gətirmiş və həmin vaxtdan da o. Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi. 60 nömrəli evdə yaşamışdır. Xaçmaz şəhərinə gəldikdən sonra o, heç bir yerdə işləməmiş və Pərvizlə qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşamışlar. Pərviz gündüzlər onun yanına gəlmiş, axşamlar isə qayıdıb Qaraqurtlu kəndinə öz evinə getmişdir. 2020-ci ilin iyul ayında o, hamilə olduğunu bilib bu barədə Pərvizə bildirmiş, həmin vaxtdan sonra Pərviz bəzi günlərdə gecələri öz evinə getməyib onun yanında qalmışdır. Evin giriş qapısının açarının biri onda, biri isə Pərvizdə olmuşdur. Pərviz evdən çıxıb gedəndə o, ona demişdir ki, qapını bağlayıb getsin. Ətrafda içkiyə meyilli insanlar yaşadığı üçün o, qorxmuş, ona görə də Pərvizə demişdir ki, özü evdə olmayanda qapını açıq qoymasın, özündə açar var, ehtiyac olarsa özündə olan açarla qapını arxadan açar. 17 fevral 2021-ci ildə hamiləliklə bağlı ağrıları olduğu üçün Pərviz onu Quba RMX- na aparmış və həmin gün o, Quba RMX-da bir qız uşağı dünyaya gətirmişdir. Qızı anadan olduqdan iki gün sonra Pərviz onu xəstəxanadan çıxarıb Xaçmaz şəhəri. Sabir küçəsi, 60 nömrəli evə gətirmişdir. Qızı anadan olduqdan sonra müxtəlif səbəblərdən Pərvizlə aralarında mübahisə olmuş, ancaq buna baxmayaraq Pərviz yenədə hər gün onun yanma gəlib getmişdir. 2021-ci ilin aprel ayının əvvəlləri olardı Pərviz kirayədə yaşadıqları evə sellofan torbalarda torpaq və plastmas stəkanlar gətirmişdir. Pərvizdən nə etdiyini soruşduqda demişdir ki, özündə gül toxumları var, həmin gül toxumlarını plastmas stəkanlarda əkəcəkdir. O, Pərvizə inanmış və sonuncu gətirdiyi torpağı plastmas stəkanlara doldurduqdan sonra özündə olan toxumların bir neçəsini plastmas stəkanlarda əkərək aparıb öz otağına qoymuşdur. Həmin otaqdan ancaq Pərviz istifadə etmiş, o, özü isə həmin otağa daxil olmamışdır. 14 aprel 2021-ci il tarixdə Pərviz onun razılığı ilə qızını Qaraqurtlu kəndinə yaşadığı evə aparmışdır. Pərviz uşağı qaytarıb gətirmədiyi üçün o, Pərvizə zəng vurub demişdir ki, uşağı evə gətirsin. Bir qədər keçdikdən sonra Pərviz uşağı onun yanma gətirmişdir. Pərvizə uşağı gec gətirməsi ilə bağlı narazılığını bildirmiş və onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Pərviz bir neçə dəfə şillə ilə onun sifətinə vurmuş və evdən çıxıb qapını bağlayaraq getmişdir. Pərviz evdən gedəndən sonra o, əsəbi oluduğu üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Pərvizin onu döyməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra Pərvizin plastmas stəkanları qoyduğu otağa daxil olub baxanda görmüşdür ki, stəkanların bir neçəsində bitki şitilləri var. Pərvizin narkotik vasitədən istifadə etməsini bildiyi üçün onun plastmas stəkanlarda yetişdirdiyi bitki şitillərinin narkotik tərkibli bitki olmasından şübhələnmişdir. 15 aprel 2021-ci il tarixdə gecə saatlarında mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs Xaçmaz RPŞ-nin əməkdaşı olduğunu, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurması ilə bağlı yaşadığı ünvana gəlmək istədiyini bildirərək harada yaşadığını soruşmuşdur. O, da polis əməkdaşına yaşadığı ünvanı bildirərək demişdir ki, Pərviz evdə olan plastmas stəkanlarda bitki toxumları əkmişdir, ona elə gəlir ki, onun əkdiyi narkotik təkibli bitki toxumlarıdır. Bir qədər keçdikdən sonra yaşadığı evin qapısı döyülmüş və o, yaxınlaşıb qapını döyənin kim olduğunu soruşduqda həmin şəxs polis əməkdaşı olduğunu bildirərək demişdir ki, qapını açsın. Pərviz evdə olmadığı üçün o, qapını açmayıb onlara demişdir ki, Pərviz qapını bağlayıb getmişdir, onun özündə isə açar yoxdur. Telefonla danışarkən polis əməkdaşına Pərvizin evdə narkotik tərkibli bitki əkməsi barədə bildirmişdir, ona görə də istəməmişdir ki, Pərviz olmadan polis əməkdaşları içəri daxil olsunlar. Bir müddət keçdikdən sonra polis əməkdaşları Pərvizi tapıb gətirmişlər və sonuncu özü qapını açıb polis əməkdaşları ilə birlikdə içəri daxil olmuşdur. Polis əməkdaşları videoçəkilişlə kirayədə yaşadığı evə baxış keçirmişlər və Pərvizin plastmas stəkanlarda əkdiyi bitki şitillərini qablaşdıraraq götürmüşlər. Pərvizin plastmas stəkanlarda əkdiyi bitki toxumlarına o, özü heç vaxt qulluq göstərməmişdir. Pərviz ona demişdir ki, əkdiyi bitki toxumları gül toxumlarıdır. Pərviz plastmas sətəkanlarda əkdiyi bitki toxumlarını öz otağına qoymuşdur, o, isə həmin otağa daxil olmamışdır. Pəvizin dibçəkdə çətənə toxumu əkməsindən isə onun ümumiyyətlə məlumatı olmamışdır. Pərviz heç vaxt onun istəmədiyi halda qapını üstünə bağlayıb getməmiş və onun harasa getməsinə mane olmamışdır. Onun özündə də açar olduğu üçün Pərviz evdən çıxıb gedərkən qapını özündə olan açarla bağlayıb getmişdir. Lazım olan halda o, özündə olan açarla qapını aça bilərdi. 14 aprel 2021- ci il tarixdə kirayədə yaşadığı evdə aralarında olan mübahisə zamanı Pərviz sillə ilə onun sifətinə vursada ona heç bir bədən xəsarəti yetirməmişdir. Onun Pərvizdən heç bir şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 16 aprel 2021-ci il tarixli 7/350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs evdə otaqda...23 (iyirmi üç) ədəd ...»yazıları və imzalar olan karton qutudakı ümumi sayı 23 (iyirmi üç) ədəd ağ rəngli plastmas stəkanda torpağın içərisində ümumi sayı doqquz ədəd, sayı 05 (beş) ədəd uzunluqları 4-6 sm olmaqla yaş vəziyyətdə ümumi çəkisi-1,112 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Qalan 04 (dörd) ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs evindən...bir ədəd dibçəkdə...3 ədəd qabda...» yazıları və imzalar olan yaşıl rəngli polietilen bağlamadakı 03 (üç) ədəd tünd qəhvəyi rəngli plastmas stəkanda torpaqda uzunluqları 4-6 sm olmaqla sayı 02 (iki) ədəd və bir ədəd dibçəkdə sayı 01 (bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 0,981 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs evindən...göy paketdə...» yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı torpaq nümunəsində çətənə (kannabis) bitkisinin şitilləri və toxumları yoxdur. Tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs...yazısı və imzalar olan kağız paketdəki «Kent» adlı siqaret qutusunda bir ədəd kağız bükümdə ümumi sayı 12 (on iki) ədəd bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 18 iyun 2021-ci il tarixli 1963 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış keçirilməsi haqqında 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 60 nömrəli evə baxış keçirilərkən 11 ədəd plastmas stəkanlarda və bir ədəd dibçəkdə əklilmiş 08 ədəd çətənə (kannabis) bitkisinin şitilləri, 04 ədəd bitki nümunələri, bir ədəd kağız bükümdə isə 12 ədəd çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayonu, Qaraçı kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir. Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində kirayədə yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 60 nömrəli evdə plastmas stəkanlarda 7 ədəd, dibçəkdə isə bir ədəd çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib xeyli miqdarda, yəni 8 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi şitillərini kultivasiya etmiş, 15 aprel 2021-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən kirayədə yaşadığı evə saat 04:00-05:40 müddətində baxış keçirilərkən 2,093 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləri aşkar edilərək götürülmüş, bununlada o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarın 1.16. bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. İş materiallarında olan Elekton məhkəmə məlumat sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 01 avqust 2005-ci il təvəllüdlü X6 və 19 aprel 2008-ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan övladları var, cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə (vəsatət) vermişdir. Buna görə də “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1.1-1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi 60 nömrəli evdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,933 qram olan 08 ədəd çətənə (kannabis) bitkisinin ştilləri, 04 ədəd bitki nümunələri və 12 ədəd çətənə (kannabis) bitkisinin toxumları məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 78 manat 82 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qərara aldı: “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi 60 nömrəli evdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,933 qram olan 08 ədəd çətənə (kannabis) bitkisinin ştilləri, 04 ədəd bitki nümunələri və 12 ədəd çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 78 manat 82 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar