Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-130/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əməlində cinayətlərin təhlükəli residivi olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 31 yanvar 2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 14 iyun 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 mart 2025-ci il tarixdə saat 02:49-02.59 müddətində Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki boz rəngli idman gödəkcəsinin sol iç cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,320 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvəllər iki dəfə məhkum olunmuşdur və hər iki dəfəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İlk dəfə cəza çəkmə müəssisəsində olarkən narkotik vasitədən istifadə etməyə başlamışdır. Ondan sonra aludəçisi olub və hər dəfə narkotik vasitədən istifadə edir. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədikdə, bədənində ağrıları başlayır. Onlardan istifadə etdikdə bədənindəki ağrılar azalır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında təkbaşına Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “uşaq baxçasının” yaxınlığından keçən zaman yerdən 01 ədəd “Prima” markalı siqaret qutusunu tapmış, həmin siqaret qutusu maraqlı gəldiyinə görə onu götürərək içərisinə baxmışdır. İçərisinə baxdıqda isə içərisində 01 ədəd büküm olmasını aşkar etmiş, həmin bükümə baxdıqda isə içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü də psixotrop maddələrdən istifadə etdiyinə görə onu elə olduğu kimi siqaret qutusunun içərisinə qoyaraq özünə götürmüşdür. 26 mart 2025-ci il tarixindən 27 mart 2025-ci il tarixinə keçən gecə saat 02 radələrində ürəyi şirniyyat istədiyinə görə yaşadığı evdən təkbaşına çıxaraq mağazaya doğru getməyə başlamışdır. Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin yaxınlığından keçən zaman mülki geyimli 3 polis əməkdaşı ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələri qanunsuz olaraq əldə etməyi, saxlamağı və daşınmasında şübhəli olduğunu bildirmişlər. Və ona sual vermişlər ki, üzərində qanunla qadağan olunan hər hansısa bir qanunsuz əşya varmı. O da buna görə əynindəki gödəkcənin sol iç cibində olan “Prima” markalı siqaret qutusunu polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşlarına həmin siqaret qutusunu təqdim etdikdən sonra da o, polis əməkdaşlarına içərisində psixotrop maddə olduğunu söyləmişdir. Ardınca isə polis əməkdaşları həmin siqaret qutusuna baxış keçirdikdə siqaret qutusunun içərisindən H.Z.Tağıyev küçəsində tapdığı 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən ondan həmin bükümün içərisində nə olduğu soruşulanda o, polis əməkdaşlarına içərisində psixotrop maddə metamfetamin olduğunu və bükümü yerdən tapdığını söyləmişdir. Ardınca isə həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Bundan əlavə qeyd edir ki, polis əməkdaşları onu saxlayan zaman hüquqlarını da ətraflı olaraq izah edilmiş və bu barədə bildiriş də ona verilmişdir. Ardınca isə üzərindən aşkar olunan 1 ədəd büküm ağ rəngli zərfə qoyularaq möhürlənməklə və tərəflərindən imzalanmaqla götürülmüşdür. Bundan əlavə qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman gödəkcənin sol iç cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini də polis əməkdaşlarına təqdim etmişdir. Daha sonradan onun şəxsiyyət vəsiqəsi və siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyinə görə onun özünə qaytarılmışdır. Bundan əlavə qeyd edir ki, yaxalanan və polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman polis əməkdaşlarından biri bütün prosesi mobil telefon vasitəsilə qeydə alırmış. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Şöbədə olan zaman onun və onu polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakı ilə üzərindən çıxan psixotrop maddənin olduğu zərfə təhqiqatçı tərəfindən yenidən baxış keçirilmiş, baxış keçirildikdən sonra isə həmin büküm yenidən ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə yaxalanan zaman qeydə alınan görüntülərin olduğu 01 ədəd “DVD” diski də təhqiqatçıya təqdim olunmuş və sonuncu həmin diskə baxış keçirmişdir. Ardınca isə təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda ona qarşı humanistlik edilməsini, mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə ona dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də Təqsirləndirilən şəxs saxlamaq haqqında qərar qəbul etmişdir. Buna görə də 27 mart 2025-ci il tarixdə saat 02:49-da Xaçmaz RPŞ-nin CAB-ın Axtarış Üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə Elmarı Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq əvvəl hər biri özünü Elmara təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Ardınca isə o, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində narkotik tərkibli maddə olduğunu bildirmiş və əynindəki idman gödəkcəsinin sol iç cibindən “Prima” markalı 01 ədəd siqaret qutusunu və özünə məxsus şəxsiyyət vəsiqəsini könüllü şəkildə ona təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirən zaman içərisində falqaya bükülmüş 01 ədəd bükümün olmasını görmüş, Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin şüşə, yəni psixotrop maddə olduğunu, onu “bağçanın” həyətində tapdığını və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zanian çəkisinin 0,57 qram olması müəyyən edilmiş, ardınca isə aşkar edilmiş kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmaqla baxış yekunlaşmışdır. Bundan əlavə yoxlanışdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusu və özünə məxsus şxəsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmış, ardınca isə Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman Təqsirləndirilən şəxs və onların iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün olduğu zərfə baxış keçirilmiş, baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən büküm yenidən ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs yaxalanması zamanı qeydə alınan görüntülərin olduğu 01 ədəd “DVD” diski də təhqiqatçıya təqdim edilmiş və təhqiqatçı tərəfindən həmin diskə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra da təhqiqalçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla o, müdafiəçi ilə təmin olunmuş və şübhafi şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt-Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2025-ci il tarixli, 20/130 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Məhkəmə - Narkoloji Ekspertizasının 01 may 2025-ci il tarixli 2508 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə 27 mart 2025-ci il tarixdə yoxlanış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə 24 aprel 2025- ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilməsinin və üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk və 01 ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən 29 mart 2025-ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan DİN-nin BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.5 və 66.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bundan başqa, o, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Tələbnamədən və cinayət qanununun qeyd edilən normalarından belə nəticə çıxır ki, Təqsirləndirilən şəxs əməli cinayətləri təhlükəli residivi sayılır, ona görə o, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.5 və 66.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına, daha sonra Quba Rayon Məhkəməsinin 31 yanvar 2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 14 iyun 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 mart 2025-ci il tarixdə saat 02:49-02.59 müddətində Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki boz rəngli idman gödəkcəsinin sol iç cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,320 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, əməlində cinayətlərin təhlükəli residivi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 27 mart 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməsi haqqında 28 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il saat 03:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2025-ci il tarixdə saat 17:30-da barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 19 avqsut 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,270 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2025-ci ildən 28 mart 2025-ci ilədək həbsdə saxlandığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən 19 avqust 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,270 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-130/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-130/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver