Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-131/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Quba rayonunun Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Quba rayonunun Barlı kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən xəstəxananın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun ağız nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Quba rayonunun Barlı kəndində valideynləri ilə birlikdə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Belə ki, Sahib onun əvvəllər qeyrirəsmi yaşadığı Arzu Əşrəfova ilə rəsmi nikaha daxil olmuşdur. O, Arzu ilə yaşadığı müddət ərzində Xaçmaz şəhərində icarəyə kafe almış və sonuncu ilə birlikdə həmin kafeni işlətmişlər. Həmin kafenin təmirini özü etmiş və çatışmayan əşyaları da almışdır. Arzu ilə ayrılmamışdan əvvəl aralarında söz-söhbət olmuş və o, həmin kafedən çıxmışdır. Lakin Arzuya demişdir ki, kafeyə aldığı əşyaları müvəqqəti işlətsin, sonra gəlib aparacaqdır. Bir müddət sonra Sahib onun yanına gələrək Arzu ilə ailə qurmaq istədiyini bildirmiş, o da buna etiraz etməmiş, Arzu ilə heç bir münasibətinin olmadığını demişdir. 2020-ci ilin iyul ayının əvvəllərində o, kafeyə getmişdir ki, özünə aid əşyaları götürsün. Lakin Arzu həmin əşyaları ona verməmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış və Arzu ondan DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, həmçinin Xaçmaz rayon prokurorluğuna da şikayət ərizəsi yazmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18-19 radələrində o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə piyada xəstəxananın qarşısı ilə gedərkən Sahib ona rast gəlmiş və onunla görüşüb bir az söhbət etdikdən sonra bildirmişdir ki, Arzu prokurorluğa ondan yazdığı şikayət ərizəsini geri götürmüş, yəni ondan heç bir şikayəti yoxdur. O da Sahibə demişdir ki, əgər ondan Arzu şikayət edibsə, sonuncuya desin ki, kafeyə getməsin, o, əşyalarını götürdükdən sonra kafeyə gedə bilər. Bu sözündən sonra Sahib onunla kobud danışmış və aralarında sözlü mübahisə yarandığından Sahib onun ünvanına nalayiq sözlər işlətmişdir. Bu səbəbdən o, Sahibin ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, zərbədən ağzı qanamış və ona 102 xidmətinə zəng edəcəyini deyərək oradan çıxıb getmişdir. Hadisə zamanı ətrafda keçib gedən şəxslər olmuş, lakin yanlarına kimsə yığışmamış, ola bilsin ki, həmin şəxslərdən kimlərsə onun zərərçəkmişi vurduğunu görmüş olsun, lakin kiminsə bunu gördüyünü bilməmiş, əvvəlcə aralarında sakit söhbət etmişlər, zərərçəkmiş şəxs onun sözündən xoşu gəlmədiyi zaman onun ünvanına kobud sözlər deyən an o bir dəfə olmaqla yumruqla zərərçəkmişin ağız nahiyəsindən vurub çıxıb getmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xaçmaz rayonunun Gəncəli kəndində qeydiyyatda olsa da, Xaçmaz şəhəri, Şəfəq küçəsi ev 54-də arvadı Şahid ilə birlikdə yaşayır. O, Arzu ilə evlənməmişdən əvvəl sonuncu Təqsirləndirilən şəxsla, yəni təqsirləndirilən şəxslə qeyri-rəsmi yaşamışdır. Arzu ilə Rəşad birlikdə yaşadıqları müddətdə Xaçmaz şəhərində kafe icarəyə götürüb işlətmiş, ayrılandan sonra kafeni işlətməmişlər. O, kafenin sahibi ilə danışıb özü icarəyə götürmüş və Arzu ilə birlikdə işlətməyə başlamışdır. O, kafeni icarəyə götürüb işlətməyə başlayanda bu, Rəşadın xoşuna gəlməmiş və bir neçə dəfə kafeyə gəlib Arzu ilə mübahisə etmişdir. Belə ki, Rəşad kafeyə aldığı bəzi əşyaları gəlib götürmək istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə gedərkən xəstəxananın yaxınlığında Rəşad onunla üz-üzə gəlmişdir. Onlar görüşmüş və söhbət əsnasında o, Rəşada gəlib kafedən əşyalarını aparmasını demişdir. Rəşad ona demişdir ki, Arzu onun barəsində harasa şikayət edib və sonuncunun ünvanına söyüş söymüşdür. O, Arzunu söydüyü üçün Rəşada iradını bildirəndə sonuncu bir az da ona yaxınlaşıb qəfil olaraq ağız nahiyəsindən yumruqla bir dəfə zərbə vurmuşdur. Zərbədən onun dişi çıxmış və dodağı qanamışdır. Rəşad onun dodağının qanadığını görüb çıxıb getmişdir. O da DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və daha sonra Xaçmaz RPŞ-nə gedib şikayət ərizəsi yazmışdır. Hadisə zamanı yanlarından keçib gedən şəxslər olmuş, lakin heç kim onların ətrafına yığışmamış, ola bilsin ki, təqsirləndirilən şəxsin onu vurmasını kimsə görüb, lakin kimsənin gördüyünü hiss etməmişdir. Təqsirləndirilən şəxslə əvvəllər tanıdığı və aralarında münaqişə baş verməmiş biri kimi söhbətləşmiş, söhbət əsnasında təqsirləndirilən şəxs onun arvadı Arzunun ünvanına söyüş işlətmiş, onun da bu söyüşə irad bildirməsindən sonra təqsirləndirilən şəxs qəflətən bir dəfə yumruq zərbəsi ilə onu vuraraq çıxıb getmişdir. Təqsirləndirilən şəxslə barışmamışlar. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, Şəfəq küçəsi ev 54-də ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə onun əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışıdır. Hal-hazırda Rəşadla heç bir münasibəti yoxdur. Rəşadla birgə yaşadığı vaxt onlar Xaçmaz şəhərində bir kafeni icarəyə götürüb işlətmişlər. Kafeni işlədərkən Rəşad kafe üçün bir neçə əşya almışdır. O, Rəşadla ayrılandan sonra Sahiblə ailə qurduğundan Rəşad onunla yola getməmiş və bir neçə dəfə kafeyə gəlib onunla söz-söhbət yaratdığından sonuncu barəsində əvvəllər polis şöbəsinə də şikayət etmişdir. Lakin sonradan Rəşad ona demişdir ki, gəlib kafedən özünə aid əşyaları götürəcəkdir. Rəşad gəlmədiyi üçün o şikayət etmişdir ki, gəlib əşyalarını aparsın, bununla bağlı hətta Sahib də Rəşada demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində o, evdə olan zaman əri Sahib evə gəlmiş və o görmüşdür ki, sonuncunun köynəyində qan ləkələri var. O, Sahibdən nə baş verdiyini soruşduqda sonuncu ona demişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada yol gedən zaman Rəşadla rastlaşmış və söhbət əsnasında sonuncu onun ünvanına söyüş işlətdiyi üçün iradını bildirəndə Rəşad qəfil olaraq ağız nahiyəsinə bir yumruq vurmuşdur. Zərbədən Sahibin iki dişi sınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 1677 №-li raportdan müəyyən edilir ki, həmin tarixdə saat 19:11 radələrində iş üzrə Zərərçəkmiş şəxs 055 ***-**-** saylı mobil telefon nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz rayon xəstəxanasının qarşısında Rəşad adlı şəxs tərəfindən döyüldüyü barədə məlumat vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şifahi ərizə protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində tanıdığı, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində onu ağız nahiyəsindən yumruqla vurduğunu bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxxxxx 2020-cu il tarixli, 514 №-li ekspert rəyindən müəyyən edilir ki, 1988-ci il təvəllüdlü, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasına qansızma, üst çənədə sağ mərkəzi kəsici dişin və yan kəsici dişin, sol mərkəzi dişin travmatik çıxışı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 5%-ə qədərinin dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Tapşırıq”dan və ona cavabdan müəyyən edilir ki, hazırkı iş üzrə cinayət hadisəsini görə biləcək şahid dairəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunması mümkün olmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini və hazırkı cinayət işi üzrə digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarının 3cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən xəstəxananın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun ağız nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarına əlavə edilmiş hökmün surətindən və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(027)-102/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində olan Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(027)-102/2017 saylı hökmü xx.xx.2017-ci il tarixdə həmin İcra şöbəsinin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin olunmuş islah işləri cəzasını hazırkı tarixədək çəkməmişdir. İş materiallarında olan Quba rayon İH başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallarkimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(027)-102/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunmuş, hal-hazıradək cəzasını çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarına əlavə edilmiş Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(027)- 102/2017 saylı hökmündən və Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə islah işləri cəzası hal-hazıradək çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3.1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.3.1-ci maddələrinə uyğun olaraq Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(027)-102/2017 saylı hökmü ilə ona təyin edilmiş 06 (altı) ay müddətinə islah işləri cəzasının hazırkı günədək çəkilməmiş qalan 06 (altı) ay müddətini azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə islah işləri cəzasının iki günü bərabər tutulmaqla hazırkı hökm üzrə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.3.1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(027)-102/2017 saylı hökmü ilə təyin olunmuş və hazırkı günədək çəkilməmiş qalan 06 (altı) ay müddətə islah işləri cəzası azadlığın məhdudlaşdırılmasının bir gününə islah işləri cəzasının iki günü bərabər tutulmaqla hazırkı hökm üzrə ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-131/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-131/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver