Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-131/2023 05.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə ailəli, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Mehmandarov küçəsi, ev 43-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq övladı, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021ci il tarixli, 2(067)-159/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 4930 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslə on yeddi yaşında olarkən münasibətdə olmuş, zərərçəkmiş şəxs ondan istifadə edərək onun dostu ilə də münasibətdə olmuşdur. Zərərçəkmiş şəxsin uşağı, yəni saxlanılması üçün aliment ödəməli olduğu Məhəmməd Əlimuradov onun uşağı deyildir. Bu səbəbdən də o, onun olmayan uşağa görə aliment ödəmir. Onunla zərərçəkmiş şəxsin arasında hətta rəsmi nikah da olmamışdır. Həmçinin bildirdi ki, o, məhkəmənin qeyd olunan qətnaməsi ilə bağlı şikayət etmiş, lakin şikayəti təmin edilməmişdir. O, atalığın müəyyən edilməsi üçün müraciət etməmişdir. Onun zərərçəkmişə aliment ödəməsi ilə bağlı olan qətnamədən, həmin qətnamənin icra sənədindən məlumatı olmamışdır. Belə ki, o, həmin qətnamə qəbul edilərkən, qətnamənin icrası ilə bağlı ünvanına bildirişlər göndəriləndə idman yarışında, daha sonra isə Bakı şəhərində olmuş, eyni ünvanda yaşadığı anası isə tez-tez qonşuya və digər yerlərə getdiyindən, icra şöbəsindən hər hansı məktubun onların ünvanına gəlməsindən xəbərləri olmamışdır. O, 2022-ci ilin mart ayında İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə aliment borcunu ödəmədiyi üçün cəlb edilmişdir. Onun zərərçəkmiş şəxsə qətnamə üzrə aliment ödəməli olduğundan məlumatı olmuşdur. Lakin o, zərərçəkmişin həmin uşağı onun uşağı olmadığından alimentlə bağlı heç bir ödəniş etməmiş və ödəmək fikri yoxdur. Onun himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdikləri yalandır. O, təqsirləndirilən şəxslə tanış olanda sonuncunun on səkkiz yaşı olmuşdur. Onun uşağı təqsirləndirilən şəxslə birgə münasibəti nəticəsində doğulmuşdur. Təqsirləndirilən şəxs üzərindən öhdəliyi atmaq üçün DNT analizlərindən, məhkəmə proseslərindən yayınmış, ona böhtanlar ataraq aliment ödəməkdən boyun qaçırmışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs uşaq doğulandan heç vaxt uşağını görməyə gəlməmiş, uşağın saxlanılması üçün heç bir köməklik etməmişdir. O, hamilə olanda da təqsirləndirilən şəxsin valideynləri onlara gəlmiş, həmin vaxtlarda onların birgə fotoşəkilləri də mövcuddur. O öz təşəbbüsü ilə atalığın müəyyən edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmiş, bu barədə məhkəmə qərarı da var, təqsirləndirilən şəxs isə həmin mülki proses zamanı DNT analizi verməkdən yayınmışdır. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda, barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq övladı, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021ci il tarixli, 2(067)-159/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 4930 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)- 159/2021 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs hər ay 170 manat sabit məbləğdə aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-159/2021 saylı icra vərəqəsinin və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-159/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 27 may 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-159/2021saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanında olmuşlar, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarın və Xaçmaz RPŞ-nin məktubunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs ünvanında yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilərək axtarış işi açılmış, o, polis tərəfindən keçirilmiş tədbirlər nəticəsində 10 mart 2022-ci ildə saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 10 mart 2022-ci il tarixli izahatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, o, izahatında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-159/2021 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs aliment ödəməli olduğu, aliment borcunun yarandığı barədə məlumatının olmasını, lakin məhkəmənin qeyd olunan qətnaməsi ilə razı olmadığından və həmin uşağın onun uşağı olmamasını hesab etdiyindən alimentlə bağlı heç bir ödəniş etmədiyini, fərdi əməklə məşğul olaraq gündəlik qazancının 16,50 manat olduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 10 mart 2022-ci il tarixli protokolunun və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-536/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-51/2022 saylı qərardadının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-159/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanında olmuşlar, həmin ünvanda tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 03 oktyabr 2022ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs tənbehindən sonra, ona yaranmış aliment borcunu ödəməsi üçün xx.xx.2022ci il tarixədək vaxt verilmiş, həmçinin aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq” Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi 03 oktyabr 2022-ci il tarixli izahatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, o, izahatında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-159/2021 saylı icra sənədi üzrə tələbkara hazıradək heç bir məbləğdə aliment ödəmədiyini, ödəməməsinin səbəbi həmin qətnamə ilə razı olmadığını, həmçinin aliment borcunu ödəməyəcəyi təqdirdə CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağının icra məmuru tərəfindən ona izah edildiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktların surətlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-159/2021 saylı icra sənədi üzrə aliment borcunun ödənişi ilə bağlı icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs mobil telefonu ilə əlaqə saxlamış və borclu bildirmişdir ki, aliment borcundan heç bir ödəniş etməmişdir. İş materiallarında olan “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra sənədini icra edərək tələbkara ödəməli olduğu yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq”ın surətini Təqsirləndirilən şəxs şəxsən qəbul etmişdir. İş materiallarında olan X7 X4 filialının 28 iyul 2022-ci il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Əlipaşayev X2 elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 14 sentyabr 2020-ci il tarixdən işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Zərərçəkmiş şəxs Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(067)-159/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il təvəllüdlü olmaqla X8 adında bir azyaşlı uşağı var. (uşağın anası X9) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir azyaşlı uşağının (Sevgi Əlipaşayeva) olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin 2021-ci ildə qəbul edilərək icraata başlanılmış məhkəmənin qətnaməsi ilə bağlı icra sənədi üzrə tələbkara hazıradək heç bir məbləğdə aliment ödəməməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-131/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-131/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver